Tanrı - Azərbaycan Atabəglər Ailəsinin adıdır
31-12-2020, 14:37
Tanrı haqqında bu günə qədər çox kitab və məqalələrin yazılmasına baxmayaraq, O hələ də insanlar üçün sirr olaraq qalır. Bu sirlərin səbəbi Tanrı rəmzinin çox geniş mənalarla və mürəkkəb proseslərlə bağlı olmasıdır. Buna görə də bu məqaləni sadə dildə, ümumi sözlərlə yazmaq qərarına gəldim.
Son dövr araşdırmalarından çıxan nəticəyə görə, müqəddəs yazılarda qeyd olunan hadisələr baş verməmişdir. Başqa sözlə, müasir alimlərə görə müqəddəs kitablarda yazılanlar nağıl, fantaziyadır. Belə çıxır ki, qədim müdriklər nağıl, rəvayətlər uydurmaqla məşğul olmuşlar. Bu isə onları yazanların "müdrik" adına heç uyğun gəlmir. Müdriklər isə əksinə, adi insanlara, İlahi sirləri dərk etmək qabiliyyəti olmayan insan kimi baxmışlar. Onlara görə, Allah iki növ insan yaratmışdır ki, bunlar da göy və yer insanıdır. Göy insanını Allah, Öz bənzəri və obrazı ilə yaratdığı üçün onlar ölümsüzlər nəslidir. Yer insanlarını isə göy insanları yaratmışlar və onlar ölümlüdürlər. Müdriklərə görə, bütün qədim yazılar məhz göy insanlarına və Allaha aiddir. Yer insanını heyvani qüvvələr idarə etdiyi üçün, onlar heyvani insan sayılmış və yazılarda qeyd olunmağa layiq görülməmişlər. Kardinal Qoziyə görə isə müqəddəs kitabları (Əhdi-Ətiqi) xalqa oxumağa belə vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir. Bu haqda biz "Истина о небесных и земных людях" adlı məqaləmizdə geniş izah vermişik. Ortaya belə bir sual çıxır: kim haqlıdır və ya hansı məntiq düzgündür? Müqəddəs yazıları fantaziya sayan müasir alimlər və ya adi insanları heyvanla eyniləşdirən qədim müdriklər? Bu suala cavab vermək üçün biz qədim müdriklərin məntiqini tam dərk etməliyik. Bunun üçünsə, müqəddəs kitablara müraciət etmək vacibdir.
Quranda ən ali elm kimi Süleyman peyğəmbərin "Quş dili", ən ali insanlar kimi isə İsrail oğulları təqdim olunur. Avropada "Quş dili" kral və zadəganların xüsusi dili kimi qeyd olunur və Gel oğullarına (Qulyard) aid edilir. İmadəddin Nəsimi "Quş dili"ni hürufilik sayır. Bu dildə samitlər rəmz sayılır və xüsusi məna ifadə edir. Yəhudilər bu dili aramey və ya tarqum adlandırırlar və bu da bizlərə mar-amorey, yəni Midiya şad-bəglərinin (seyid-bəg) “tərikə yolu” kimi tanışdır. Deməli, qədim müdriklərin "Quş dili" - sufi-batin elmidir. Bu elm haqqında müəllifi olduğum "Batini-Quran" kitabında və çoxsaylı elmi məqalələrdə geniş məlumatlar verilir. Bu məqalədə isə, yazılarımdan çıxan ümumi nəticəni qeyd etməyə çalışacağam.
Qədim müdriklərin məntiqinə görə, bütün yazılar Allaha və Onun Özünə qulluq üçün seçdiyi seçilmişlərə, yəni padşahlar və peyğəmbərlər nəsli olan göy insanlarına aiddir. Sufi-batinilər Allah dedikdə - əvvəldə gələn Ra-Amon (Rəhman) Allahı və axırda gələcək Mehdini nəzərdə tuturlar. Əvvəldə gələn və Ra-Amon kimi tanıdığımız Allah - qədim Misir yazılarında firon (pir/pirao) Təkdüz Əman kimi keçən, Kitabi Dədə Qorqudda isə Bəkdüz Əman adlandırılan Türk bəginin ölümsüzlük qazanmış ruhudur. Ölümsüzlük qazanmış bu ruh haqda daha çox məlumat əldə etmək üçün bir az da əvvəllərə qayıdaq.
Sufi-batinilərə görə, 5514 il əvvələ qədər ilk insanlar dərindən düşünmə qabiliyyətinə malik deyildilər. Mənbələr, onların simaları naməlum olduğu üçün onları "üzü niqablı" göstərir. Bu ilk varlıqlardan birinin ruhu təsadüf nəticəsində ilkin materiyaya daxil olur. İlkin materiya hər şeyi yaradan substansiyadır və biz bu ünsürü İlahi od, dirilik suyu, həyat enerjisi və s. kimi tanıyırıq. Sufilər onu "Hü", yəhudilər isə Eloah (İlah) adlandırırlar. İlkin materiya informasiya şüalandırır və bu informasiyaları qəbul edə bilən insan, kainatın yaradılışından tutmuş, varlıqların yaranma texnologiyasınadək bütün sirlərini dərk edir. O, artıq istədiyi çanlı varlığı yaratma üsulunu və hətta ölümsüzlük qazanmağın yollarını da tam anlayır. Sufi-batinilərdə bu vəziyyət - sufizmin (Türkün) tərikə yolunun Bəqa fazası adlanır. Bəqa səviyyəsinə, yəni bəglik məqamına daxil olan bu ilk insan, sonradan özünü Türk şad-bəglərinin əcdadı pir Əman adlandırır. Deməli, əcdadımız (Cəddimiz) Bəkdüz Əmana qədər ilkin materiyaya heç kim daxil olmamış və günəş sistemində təxminən 14 milyard il "sükut" hökm sürmüşdür. İlkin materiyanın sirlərini tam dərk edən pir Əman (firon Amon) ölümsüzlük qazanmaq və dünyanı idarə etmək üçün, göydə insan formasında ruhlar dünyası yaratmaq qərarına gəlir. Göylərin sükutunu, rəmzi mənada "bakirəliyini" pozmuş pir Əman onu, canlı varlıq yaradan, yəni doğan qadına bənzədir. Göylərdə, yəni ilkin materiyada bir şey yaratmaq üçün onun qanunlarını - maqiyanı, teurqiyanı kamil bilmək lazımdır. Çünki göylərin qumu, sementi və suyu - söz, fikir, əməldir. Yalnız bunlar və teurqiya prosesləri ilə ilkin materiyada canlı varlıq yaratmaq mümkündür.
Yazdığımız kimi pir Əman, ilkin materiyanı qadın, öz ruhunu isə kişi kimi rəmzləndirib, onunla rəmzli olaraq "izdivaca" girir. Pir Əmanın ruhunun ilkin materiya ilə "izdivaclndan", yəni müxtəlif teurqiya proseslərindən göydə insan formasında kosmik varlıq (Adəm) və onun daxilində ruhlar dünyası yaranır. Bu işdə ona kömək üçün O, öz qəbiləsinin 32 nümayəndəsinə də Bəqa səviyyəsinə daxil olmanın və tam kamilləşmənin yollarını öyrədir. Beləliklə 33 tərikə yolunu gedən Türk müdriki kosmosu dəyişməyə başlayılar. Göyləri, yəni Xaosu maqiya, teurqiya ilə ram edən Bəkdüz Əmanın obrazı mənbələrdə Oğuz xaqan kimi də qeyd olunur.
İlkin materiyanı özünə tabe etmək üçün pir Əman, əvvəlcə ondan, öz başının və əlinin kölgəsi mənasında Ra günəş diskini, şarını yaradır. Onun vasitəsi ilə isə, Özünün göylərə düşmüş kölgəsini qurban ruhları ilə "dolduraraq", göydə kosmik insan formasında kölgəsini yaradır. Bu nəhəng insanın ayağı yerdə, başı isə ulduzlarda təsəvvür olunur ki, onun yerdəki hissəsi Taş Oğuz, göydəki hissəsi isə İc Oğuz, yəni ruhlar dünyası, cənnət adlandırılır. Qədim Misirdə bu insan Atum Allahı, digər mənbələrdə Adəm, Midiya, Luqal, Kəlam və s. kimi də keçir. Bütün qədim mənbələrdə Tanrı, Allah dedikdə məhz bu kosmik insan nəzərdə tutulur. Bu kosmik insan yerdəki fiziki dünyamızı və göydəki ruhlar dünyasını "öz bədənində" birləşdirir. Yerdəki dünyamız mənbələrdə Aşağı Misir, Aşağı Geliopol və s., göydəki ruhlar dünyası isə Yuxarı Misir, Yuxarı Geliopol və s. kimi də qeyd olunur. Bu yaradılış nəticəsində, göy insanları adlandırılan müqəddəslər nəsli öləndən sonra, ruhları göydəki dünyaya qalxıb, oradakı cənnətdə həyatlarını davam etdirirlər.
Bütün bu hadisələr Babil qülləsinin tikildiyi Xaldeyada, yəni Azərbaycanın Xelat elində baş vermişdir. Məhz burada Azərbaycan Atabəgi Sökmən (Sak-Əman/Əmanın-Ruhu), göydəki "Dünya"nı yeddi "günə" yaratmış, sonra "dincəlmişdir" ki, bu da Onun ruhunun sağ qalıb, ərşə yüksəlməsi və burada Ra diski ilə birləşib ölümsüz Ra-Amon (Rəhman) Allaha çevrilməsi mənasındadır. Dünyanın bütün dinləri də, Cəddimiz pir Əmanın Azərbaycan göylərində, öz müqəddəs pir-bəgləri (firon) üçün yaratdığı bu Xüld cənnəti ilə bağlıdır. Ümumiyyətlə "din" dedikdə, pir Əman və onun bu cənnətinə inam başa düşülməlidir. Bu cənnətin qapısı isə Gel/Xelat elindəki Babil qülləsidir ki, Cəddimiz Əman on səs hüququ və 32 müdrikin səsverməsi ilə ora düşmək istəyənləri mühakimə edir. Məhz bundan sonra möminin min il çəkən cənnət həyatına qapı açılır. Bu haqda qədim Misir yazılarında geniş məlumatlar vardır. Orada, Azərbaycan Atabəglər Ailəsi, yəni 33 ölümsüz Allah və onların Babildəki iqamətgahı - "Eyni kökdən olan xalqların Böyük Birliyi" mənasında Ruten adlanır ki, bu da Neter rəmzi kimi Tanrı deməkdir. Başqa sözlə, Tanrı dedikdə - 33 Azəri Atabəgi, yəni Osiris Allahı nəzərdə tutulur. Rutenin Yuxarı və Aşağı hissələrdən ibarət olması və Xunan qülləsi ilə əlaqəsi, bu rəmz altında kosmik insanın nəzərdə tutulması deməkdir. Bu kosmik insan Şumerdə Luqal adlanır ki, bu da "İlahi-El" deməkdir. Bu rəmz isə "El-İlah" kimi oxunduqda Allah mənasını verir. Deməli, İslamın Allahı da elə kosmik insan mənasında olan Luqal və ya Ruten/Tanrıdır. Allahu-Əkbər sözü də Böyük, Nəhəng Allah mənasında bu kosmik insana aiddir.
Dünyanı 5500 il bu Azərbaycan Atabəglər Ailəsi, əzəl yazılara uyğun idarə etmişlər. Bu 33 İlahi varlıqlar, masonlarda olduğu kimi, ruslarda 33 boqatır (Bəg-Adər/Azər), İslamda isə "Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə” və s. adı ilə mömin müqəddəslər sayılır.
Qədim dünyanın yazılı, şifahi ədəbiyyatı və s. bütün mədəni abidələri məhz bizim Cəddimizin yaratdıqlarına həsr olunmuşdur. Çünki bəşəriyyət, insaniyyət - hamının firon Amon kimi tanıdığı pir Əmandan və onun ilkin materiyanı fəthindən başlayır. Məhz O, insan beyninin ilkin materiyaya "çıxışını" təşkil etmiş üçün, beyin qabığına yeni qat əlavə etmiş və insanın ağlını ilkin materiyanın ali idrakına uyğunlaşdırmışdır. Bununla da O, mağaralarda heyvan kimi yaşayan insanlara "ağıl" verib, onları düşünən insana çevirmişdir. Yer üzündəki bütün inkişaf, elm və hər şey, pir Əmanın ilkin materiyadan aldığı informasiyaların hesabına baş vermişdir.
Yaratdığı insanların da taleyini və bütün bəşəriyyətin 7746 illik olacaqlarını, Ra-Amon/Rəhman Allah əvvəlcədən Lövhi-Məhfuz adlanan Sippar yazılarında yazmış və Babil qülləsində qoruyur. Bu yazılara görə, yaradılışdan 5514 il sonra, göydəki kosmik insan (Adəm/Asar/Osiris) işıqda parçalanmalı və onun yerinə ikinci Adəm/Azər Allahı yaranmalıdır. Bu birinci "dünya"nın sonu və ikinci ruhlar dünyasının yaranması prosesidir ki, mənbələrdə bu hadisə Osirisin, Lazarın və s. ölüb dirilməsi kimi də qeyd olunur. Quranda "torpaqların dəyişdirildiyi vaxt" adlanan bu proses, Asar/Osiris oğlu Qorla bağlıdır ki, göydə yaranacaq bu yeni Osiris şahlığı, Rəhman Allah tərəfindən ona vəd edilmişdir. Xristianların İsa adlandırdıqları bu İlahi ruh, ikinci Adəmin/Azərin kosmik bədəninə köçəndən sonra isə yer kürəsində yeni dövr, qızıl əsr başlayacaq ki, dünya yeni nizama qədəm qoyacaq. Cənnətdən qovulmuş Adəm oğullarına yenidən cənnətə düşmə şansı veriləcək və dünyada, qədimdə olduğu kimi haqq-ədalət dövrü başlayacaq. Bütün bu proseslər isə Əhd sandığının açılması və İlahi odun yenidən dünyanı bürüməsindən sonra baş verəcəkdir. Bu, bütün konfliktlərin, xəstəliklərin, kataklizmlərin sonu olacaqdır və bundan sonra təbiət də "sakitləşib", sabit dövrə qədəm qoyacaq. Elm birdən birə tam inkişaf edib, ən kamil səviyyəyə gələcək. Dünya bir mərkəzdən haqq-ədalətlə idarə olunacaq. Heç kim yüz il sağlam ömür sürməmiş ölməyəcək. Hamı eyni səviyyədə xoşbəxt yaşayacaq. İnsanlar min illər bu dövrdə yaşamağı arzulasalar da, bu mümkün olmamışdır. Lakin bizim nəslimizin bu xoşbəxtliyi görmə şansı çox yüksəkdir. İnşaallah, ümid edək ki,biz o günü görəcəyik. Amin.
Firudin Gilar Bəg
Teref.az