Zəngin Azərbaycan mədəniyyəti xalqın vizit kartıdır - İsrafil Kərimov yazır
7-01-2021, 09:50
Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhvəsini vermiş nadir ölkələrdəndir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur.
Ümummilli Lider daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, ədəbiyyatı, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillərin taleyini düşündüyünə görə doğma Azərbaycanı üçün möhkəm baza formalaşdırıb. Ulu öndər tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir.
Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsində də məqsəd Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdır.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq anadan olmasının 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Nizami yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyev eyni zamanda varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqətlə yanaşmışdır. Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqlar arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan Azərbaycan dilinin xalqımızın elmi,
bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur.
Ulu öndər Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğısını eyni məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.
Ana dilimizin yad təsirlərdən qorunması naminə aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinə başqa millətlər tərəfindən də maraq göstərilir. Fərmanda qeyd olunduğu kimi, bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədərdir.
2020-ci il müasir Azərbaycan tarixinə “Zəfər ili” kimi həkk edildi. 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımız azad edildi. Hazırda Erməni vandalları tərəfindən dağıdılan şəhər, qəsəbə və kəndlərimizin bərpası ilə bağlı böyük işlərə başlanılıb.
Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərdən, dini, tarixi abidələrimizi dağıtmalarından, məscidlərimizdə donuz saxlayaraq ümumilikdə müsəlmanları təhqir etmələrindən bəhs edərək bu əminliyi ifadə etmişdir ki, ermənilər bu əməllərinə görə beynəlxalq hüquq çərçivəsində cəzalandırılacaq, bütün ərazilərimiz, o cümlədən Qarabağın incisi olan Şuşamız əvvəlki simasına qayıdacaq.
Ölkə Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşa "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb. Dövlətimizin başçısı bildirib ki, Şuşada Vaqif poeziya günləri, “Xarı bülbül” festivalı bərpa edilməlidir.
Prezident İlham Əliyev 44 günlük müharibə dövründə xarici mediaya müsahibələrində işğaldan azad edilmiş ərazilərlə bağlı danışarkən "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" fikirləri ilə bir çox məqamlara aydınlıq gətirmişdir. Şuşa azad edildi, ölkə başçısı bu müjdəni xalqımıza çatdırarkən qürur hissi ilə bildirmişdir ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Artıq bu gün quruculuq, bərpa işləri həyata keçirilir. Çox yaxın zamanlarda Şuşamızın, bütün işğaldan azad edilmiş ərazilərimizin əvvəlki simasına qayıtdığını görəcək, Qarabağlı Azərbaycanımızla qürur duyacağıq.
Milli-mənəvi dəyərlərimizə, tariximizə, ədəbiyyatımıza, dilimizə və dinimizə bağlılığımız ruhunda Azərbaycanın işğaldan azad edilmiş əraziləri
də yaxın zamanlarda müxtəlif sivilizasiyalararası və dinlərarası dialoqların keçirilməsi üçün ideal məkan kimi seçiləcək. Bu baxımdan Azərbaycanın beynəlxalq aləmdə ənənələri olan ölkə kimi tanınması və nüfuz qazanması da təsadüfi deyil.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az