Qurandakı cənnət - göydəki İç Oğuz elidir
7-01-2021, 16:46
Bu gün bəzi din təbliğatçıları Quranda yazılanların birbaşa mənalarını yanlış şərh edirlər ki, bu da müqəddəs kitabımızın mənasız fikirlər yığımı olması nəticəsinə gətirib çıxarır. İnsanlarımız birdəfəlik anlamalıdırlar ki, Quran - rəmzlərdən ibarət müqəddəs kitabdır və orada yazılanlar da Allahın Azərbaycan göylərində yaratdığı cənnətlə bağlıdır. Müasir insanların bu yaradılışdan ümumiyyətlə xəbəri olmadığı üçün, "ərəb dilini" bilənlər ekspert kimi çıxış edib, insanları çaşdırırlar. Nəticədə isə insanlar müqəddəs Qurana cəfəng yazılar toplusu kimi baxmağa başlayır və dinimizə olan inam azalır. Əslində isə Quranın əsl mənaları onun batini mənalarıdır və bu mənada Quran - Azəri Atabəglər Ailəsinin göydə yaratdıqları cənnətə, yəni İç Oğuza həsr olunmuş müqəddəs kitabdır. Onun müqəddəsliyi də ilkin materiyanın səs qüvvəsi ilə, yəni Fərabinin "fəal ağıl" adlandırdığı ali idrakla vəhdətdə olmasıdır. Qurandakı hər bir rəmz, yəni səs-söz, ilkin materiyanın "fəal ağlına" təsir etmə gücünə malik olmuşdur. Çünki yaradılış zamanı əcdadımız pir Əman, Yafət (qəd. Misir. Pta/Ptah) adı ilə ilkin materiyanın adından çıxış etmiş və onu Öz sözünə və ağlına tabe etmişdir. Məhz bundan sonra pir Əman, söz, fikir və teurqiya vasitəsi ilə yaradılışa başlamışdır. Əhdi-Cədiddəki İoannın kitabında - "Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi" ifadəsi də bu mənada pir Əmana və onun sözlərinə aiddir. Pir Əman, İlkin materiyanın fəal ağlını "hərəkətə gətirib", heyvana bənzər ilk insanların "əzabkeş" ağlına "axıdaraq", onu düşünən insana çevirmişdir. Göydəki cənnət, insan və s. bütün yaradılışlar haqqında informasiyalar da Quranda rəmzlərlə verilmişdir. Mən, "Assuriya – qədim Azərbaycan ölkəsidir" adlı məqaləmdə İç Oğuz cənnətinin yaradılış texnologiyası haqqında ümumi məlumat vermişəm.
Sufi dahilərindən olan İbn Ərəbiyə görə İslam dininin yaşı üç min ildən çoxdur və İbrahim, Yaqub və s. peyğəmbərlər də müsəlman olmuşlar: «Böyük Allah demişdir: Bu Dini İbrahim, oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün Din seçdi: müsəlman olaraq ölün» - yəni Ona tabe olaraq». Burada ölümün xüsusi nəzərə çatdırılması, dinin bilavasitə öləndən sonrakı həyat üçün vacibliyi mənasındadır. Ərəbi xüsusi nəzərə çatdırır ki, burada Din – «əlif» və «lam» səsləri ilə qeyd olunmuşdur ki, bu da - Əl, yəni El – «Göydəki el», «ruhlar dünyası» deməkdir. Böyük Allahın dediyi - «Allahda olan bu Din – İslamdır» (Quran 3:19) ifadəsi isə «Allahda olan bu dünya – İssi-Aləmdir», yəni «Göydəki aləm - (Amon) Allahın ruhundadır» fikrini ifadə edir. İslam rəmzi – “İssi-Aləm”, yəni göydəki ruhlar aləmi mənasındadır. Başqa sözlə, Böyük Allahın İslam Dinini İbrahim oğullarına və Yaquba vəsiyyət etməsi, bu Ədn/Din cənnətini axirətdə Yaqubun Yabqu, yəni bəglər nəsinə verməsi anlamındadır.
Tarixçi İ. Dyakonovun yazdığına görə, hələ e. ə. VIII əsrə aid Assur yazılarında Midiya, yəni indiki Azərbaycan ərazisində “Şərqin Ərəbi” ölkəsi mövcud olmuşdur (И.Дьяконов, «История Мидии», M.1956, səh.219, 220). “Şərq” rəmzi dahi filosof Şihabəddin Yəhya Sühravərdinin “Şərq” fəlsəfəsində, göyləri və göydəki Mələküt dünyasını, yəni mələklər aləmini bildirir. “Ərəb” (Ereb) rəmzi də Yunan mifologiyasında Xaos (Oğuz rəmzi) mənasında "göydə yaradılmış El" fikrini ifadə edir. Mifologiyada Ərəbin Haron adlı oğlu olmuşdur ki, bu da çoxmənalı Haran/Hü-Ərən/Kəran və s. rəmzləridir. Sufizmdə “ərəb” deyəndə millət yox, bir formada olmuş insanın, dəyişərək digər forma almasını (metamorfoza), yəni ölümündən sonra bədən cildini dəyişib, göylərdə aldığı yeni cildi başa düşülməlidir (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б.,1993, səh.71,72). Buradakı ərəblər isə - cənnətdə ölümsüzlük qazanmış Rəbblər (peyğəmbərlər) mənasındadır ki, qədim Misirdə bu ruhlar "Benu" adlanırdı və bu rəmz də "Nəbi" rəmzi ilə eyni məna verirdi. Nəbi-Eli (NBL) dedikdə isə sufi-batinilər Alban (LBN) elini nəzərdə tuturlar. Ərəb dili də cənnətin "dili", yəni ilkin materiyanın vahid dili anlamındadir. Qurana görə, vəhy zamanı peyğəmbərin ürəyinə Ruhul-Əmin enir və məhz bundan sonra o vəhyləri qəbul etməyə başlayır: “Və həqiqətən bu aləmlərin Rəbbinin göndərdiyidir. Onunla sənin ürəyinə, açıq ərəb dilində Ruhul-Əmin endi ki, sən xəbər gətirənlərdən olasan. O həqiqətən ilkinlərin kitabındadır!” (Quran, 26:192-196). Ruhul-Əmin rəmzi, adından göründüyü kimi, Əminin, yəni qədim Misirin ilk fironu (pir) olan Amonun (Əman) ruhudur və onun enməsi də, Əmanın göndərdiyi informasiyanı peyğəmbərin qəbul etməsi deməkdir ("Vəhy nədir və peyğəmbərlərə necə gəlir", sayt: http://gilarbek.blogspot.com/2013/08/vhy-ndir-v-peygmbrlr-nec-glir.html?m=1). Burada bir daha təkrar etmək vacibdir ki, "ərəb dili" rəmzi mənadadır. Bildiyimiz kimi dil - müəyyən fikrin səslə ifadəsidir və bu səsi qulaq qəbul edib, beyinə ötürür. Ərəb dilini isə, Qurana görə Ruhul Əmin birbaşa ürəyə göndərir ki, ürək sufi-batin elmində ilkin materiya ilə bağlıdır və onun insan bədənindəki toxumu mənasındadır. Başqa sözlə, ərəb dili danışıq dili mənasında yox, rəmzi mənada vəhyi bildirir ki, bu da birbaşa Ra-Əman Allahla bağlıdır. Ra-Əman Allah isə - pir/firon Əmanın ölümsüzlük qazanmış ruhudur.
Qədim Misir mənbələrində firon Amon (Taktiz/Təkdüz Amon) adlandırılan pir, Kitabi Dədə Qorquddakı Bəkdüz Əman kimi keçir. Məhz O, Xaldeyada, yəni Xelat elində Babil qülləsi tikilib, onun göylərində cənnəti, yəni İç Oğuz elini var etmişdir. Özü də ilkin materiya ilə vəhdətə nail olub, ondan Ra günəş diskini/şarını yaradaraq, onunla birləşib Ra-Amon/Rəhman Allaha çevrilmişdir. Bu haqda mən kitab və məqalələrimdə çox yazmışam. Ra-Amon Allahının digər adı isə Asar, yəni Osiris Allahıdır ki, bizlərə bu rəmz Azər kimi məlumdur. Xelat göylərində ölümsüzlük qazanmış bu Ra-Əman/Azər Allahı Türk mənbələrində Tanrı adlanır ki, "Nut göylərindəki Ra Allah'ı" mənasını verən "Tanrı" rəmzi qədim Misir mənbələrində Neter və Ruten kimi məlumdur. Ruten rəmzi bu mənbələrdə Aşağı və Yuxarı hissələrdən ibarətdir və bu da yerdəki Taş Oğuz və göydəki İç Oğuz eli mənasındadır. Bu Oğuz elinin bəgləri isə bu mənbələrdə "Vahid mənşəli Xalqların Böyük Birliyi" adlanır və bizlərə bu birlik - Azərbaycan Atabəglər Ailəsi kimi tanışdır. Osiris Allahlarının bu birliyi, İslamda 33 müqəddəslərdən ibarət “Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə” və s. adlanır (Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqa", sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html). Ra-Amon Allahına qədim Misir mənbələrində bu mənada "Bütün Allahların Atası və Ağası" deyilir.
Bütün bunlarla onu demək istəyirəm ki, İslam adlanan dini və onun Xelatdakl Xüld cənnətini, Azərbaycan Atabəglər Ailəsinin banisi, Ulu Cəddimiz Ra-Əman Allahı yaratmışdır. Bu gün elimizin pir-bəglər, seyid-şıxlar nəsli çətinə düşəndə Cəddi-peyğəmbəri köməyə çağırır ki, insanlar bu peyğəmbərin indiki Ərəbistandan çıxmış adi insan olduğunu düşünürlər. Adi insan ruhu ölümündən min il sonra heç kimə kömək edə bilməz. Bu absurddur. Sufi-batinilərdə "Məhəmməd" rəmzi Adəm/Atum deməkdir ki, bu da pir Əmanın yaratdığı kosmik işıq insanıdır.
Məşhur sufi Əl Qəzaliyə görə, Məhəmməd peyğəmbər kosmik insandır və kainatın sabitliyi, qayda-qanunu ondan asılıdır. Digər sufi dahisi İbn Ərəbi, Məhəmməd peyğəmbəri və onun nəslini, «ilahi qüvvələri oyadan» adlandırır və bildirir ki, «O cəmiyyət başçısı və insan nəslinin ağası, havadarlıq qapısını açandır - Məhəmməd, öz xüsusi məqamında hökmranlıq qazanmışdır». Ərəbi, Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir və bildirir ki, “dünya tərtibi onunla başlamış və onunla da qurtarmışdır: Adəm - gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu” (Ибн Араби. “Геммы мудрости”, böl.14,16,2,27, sayt: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm). Digər tərəfdən, qədim rəvayətlərə görə, çətinə düşən insanlara Xızır/Hızır peyğəmbər kömək olur ki, rəmzlər elmində bu söz "Hü-Azər", yəni Azər/Asar/Osiris Allahı deməkdir. Şumer mənbələrində də Asar Allahı - "Asar-Luhi" kimi keçir və bu da Asar-İlahi, yəni Osiris Allahı anlamındadır.
Bütün bunlar o deməkdir ki müqəddəs Quran kitabı Ra-Əman/Rəhman Allahın Azərbaycan göylərində yaratdığı cənnətə həsr olunmuşdur ("Основой всех религий является одно космическое событие", sayt: https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1). İslam dini də, Atabəglər Ailəsinə sadiq olan yer insanlarının, onların cənnətində xoşbəxtliyə nail olması üçün onlara verilən şansdır. İslamın, Quranın batini mənalarını bilməyən insanların Qurana şərh verməsi çox böyük səhvdir və bu şərh, müasir insanların İslamdan bir az da uzaqlaşmasına gətirib çıxaracaq.
Firudin Gilar Bəg
Teref.az