Ağ Evin ən qeyri-adi sahibəsi – Melaniya Trampın sirlə dolu həyatı
14-01-2021, 09:58
ABŞ-ın Birinci xanımı Melaniya Tramp keçmiş həyatına qayıtmağı arzulayır. Dörd il Vaşinqtonda yaşadıqdan sonra Floridaya - əvvəlki adi həyatına qayıtmağı səbirsizliklə gözləyir. İddiaya görə, Donald Tramp 2020-ci ilin noyabrında keçirilən seçkidə məğlubiyyətinə etiraz edəndə, həyat yoldaşı onu ancaq ictimaiyyət qarşısında dəstəkləyib. Əslində isə ərinin məğlubiyyətinə çox sevinir. Prezident tutduğu vəzifədə necə qalacağını düşündüyü vaxt xanımının qarderobunda yır-yığış etdiyi, Mar-a-Laqodakı ailə iqamətgahına nə aparacağına qərar verməyə çalışdığı iddia olunur.
“İvananın narahatlığı”
Milyarderin həyat yoldaşı və keçmiş model Melaniya Trampın istədiyi son şey ABŞ-ın birinci xanımı olmaqdı. Bununla yanaşı, ərinin 2016-cı il seçkisində iştirak etmək qərarını təsir edən də o idi. İnsayderlərə görə, həmin vaxt ərinə “Ya qaç, ya da qaçma”, - deyən də Melaniya idi. Əlbəttə zəngin iş adamı, yəni Tramp onsuz da uzun müddətdir özünü dövlət başçısı kimi sınamağı düşünürdü. Melaniya isə liderliyin ərinin qanında olduğunu və əgər cəhd etməsə, xoşbəxt olmayacağını anlayırdı.
Trampın 1990-cı ildə boşandığı ilk həyat yoldaşı İvana Donald və Melaniyanın gələcəyi haqqında bunu demişdi: “Problem, üçüncü arvadı ilə edəcəyi şeydir. Çünki o, danışa bilmir, nitq söyləyə bilmir, tədbirlərə qatılmır və göründüyü kimi, bütün bunlarda iştirak etmək istəmir”.
Sona qədər hazırlaşılmayan rol
Melaniya Tramp Sloveniyadandır, Amerika vətəndaşlığını 14 il əvvəl alıb. ABŞ tarixində Ağ Evin yerli olmayan ilk sahibəsidir. İnsayderlər əmindirlər ki, o, ölkənin birinci xanımı roluna sona qədər hazırlaşmamışdı. Çünki bunu istəmirdi və heç Trampın qalib gələcəyini də düşünməzdi. Hər vasitə ilə bunun qarşısını almaq istəyirdi. Melaniya ilə əlaqəli şəxslərdən biri deyirdi ki, 2017-ci ildə prezident Vaşinqtondakı iqamətgahına köçdükdə belə, o, Floridada oğlu Barronun tədris ilinin bitməsini gözləyərək tələsmədi.
İlk gündən Melaniyanın Vaşinqtondakı həyatı sirlər və söz-söhbətlərlə əhatə olunmuşdu. O, sələflərindən daha az ictimaiyyət qarşısında göründü və ictimai işlərlə məşğul olmadı. Eyni zamanda, şəxsi sosial layihəsinin başlanması (birinci xanımların hər birinin belə bir proqramı var) uzun müddət təxirə salındı. Nəticədə, uşaq zorakılığına və narkotikə qarşı mübarizə məqsədi daşıyan “Be Best” (“Ən yaxşı olmaq”) təşəbbüsünə az diqqət yetirildi.
Çılpaq poza verən yeganə birinci xanım
Dörd il mediada onun davranışları, geyimləri, zövqü, kütlə qarşısında danışıq tərzi müzakirə edildi və qınanıldı. O, əvvəlki birinci xanım Mişel Obamanın çıxışlarını plagiat etməkdə günahlandırıldı. Mediaya və jurnalistlərə nifrət etdiyinə və qəsdən onlardan qaçdığına inanılırdı. Üstəgəl, modellik keçmişi, çılpaq poza verən yeganə birinci xanım olmasına baxmayaraq. Melaniya Trampın birinci xanımın vəzifələrindən həddindən artıq narazılıq etməsi ilə bağlı şayiələr ictimaiyyət qarşısında əlini birdən ərinin əlindən çəkəndə, kameralar qarşısında sərt və qeyri-təbii davranışlar sərgiləyəndə, narazı bir üzlə oturduğu görüntülərlə təsdiqləndi. Əlbəttə bu qeyri-ixtiyari davranışların bir çox səbəbi var idi: mediadan davamlı təzyiqlər, internetdə qınanma, ərinin seks qalmaqalları...
Sui-qəsd nəzəriyyələri
Sosial şəbəkələrdə sui-qəsd nəzəriyyələri belə ortaya çıxdı, həmin iddiaya görə, Melaniyanın yerinə onun oxşarı ictimaiyyət qarşısına çıxarılır. Bəziləri Melaniya Trampın öldüyünə inanır. İlk dəfə bu cür fərziyyələr 2017-ci ilin oktyabrında ortaya çıxdı. Sonra “The Guardian”nın səhifələrində həyat yoldaşının prezidentdən ayrıldığı və onu dublyorunun əvəz etdiyi iddia olundu. Dəlil olaraq, həqiqi birinci xanımın və dövlət başçısının yanında olan qadının xarici görünüşlərində iddia olunan fərqlər göstərildi.
Növbəti dəfə 2018-ci ilin may ayında Melaniya xəstəxanada olarkən bu cür nəzəriyyələri sevənlər fəallaşdılar. Beş həftə ərzində onu heç kim görmədi və Ağ Ev birinci xanımın yoxluğuna münasibət bildirmədi. Üstəlik, Tramp bir dəfə arvadının harada olduğu barədə bir sualı cavablandırarkən, indi onlara pəncərədən baxdığını söylədi. 2020-ci ilin oktyabrında – seçkilərdən öncə mitinqlər və kampaniya zamanı da “ehtiyat Melaniya” ilə bağlı yeni söz-söhbətlər yayıldı. “Fərqli burnu olan bir qadın” Trampın yanında görünməyə başladı. Ancaq Ağ Ev “Melaniyanın oxşarı” barədə şayiələri rədd etdi.
Azadlığın şirin dadı
Bu qədər səs-küydən sonra ailə üzvlərindən biri mətbuata Melaniyanın əhval-ruhiyyəsi haqda bunu dedi: “O, yalnız evə getmək istəyir”. 2024-cü ildə ərinin yenidən seçilməsinə istiqamətli cəhdinə gəlincə, cavab bəlli idi: “Çətin ki... təkrarlamaq istəmir”.
Keçmiş modelin yaxınlarının dediklərinə görə, Melaniya üçün Floridadakı evi daha doğmadır, nəinki Eğ Ev. Şayiələrə görə, Ağ Evdəki xüsusi otaqların dizaynı üçün 2017-ci ildə Tramp tərəfindən işə götürülən dizayner Tam Kannaliham artıq 2020-ci ilin sonunda Palm-Biçdəki evdə tam sürətlə işləməyə başlamışdı. Evi yanvar ayında ər-arvadın qayıtması üçün hazırlayırdı. Mənbələrə görə, Mar-a-Laqoda evlərində dizaynerlə yanaşı, keçmiş prezidentin ailəsini qoruyacaq gizli xidmət zabitləri də var. Amma Melaniya Tramp 2017-ci ildə olduğu kimi, əvvəlcə oğlunun dərs ili bitənə qədər gözləyə bilər və köçməyə tələsməz.
Qeyri-adi ər
Əlbəttə indi Palm-Biçdə olsa belə, həyatı əvvəlki kimi olmayacaq. O, ərinin hakimiyyətdən getməsindən sonra sakit bir həyat sürəcək, xatirələrini yazacaq və ya yağlı boya rəsmləri çəkməklə məşğul olacaq keçmiş prezident olmayacağını başa düşür. Melaniyanın özü də “radardan” tamamilə yayınmaq niyyətində deyil. Dostlarının jurnalistlərə dediyi kimi, o, artıq gələcək layihələri, xüsusən də bir çox əvvəlki birinci xanımlar kimi kitab yazmaq haqda düşünür. Məsələn, Mişel Obamanın memuarı artıq bestseller olub, Lora Buş da Ağ Evdəki həyat xatirələri haqda yazıb. Düzdür, mətn yazmaq xanım Trampı çox cəlb etmir, buna görə də, yəqin ki, fotolardan ibarət olacaq kitab Ağ Evin qonaqpərvərlik tarixinə və ya birinci xanımın iştirak etdiyi layihələrdən bəhs edəcək.
Gələcəklə bağlı planlar
Mənbələr Melaniyanın Büdcə İdarəsindən keçmiş birinci xanımın vergi mükəlləfiyyətlərinə görə, pul almaq hüququna sahib olub-olmadığını soruşduğunu bildiriblər. Ancaq keçmiş prezidentlərin arvadları ildə yalnız 20 min dollar təqaüdə arxalana bilər və hətta dul qaldıqları təqdirdə də. Büdcə İdarəsinə edilən müraciət Melaniyanın Ağ Evdən ayrıldıqdan sonra ictimai fəaliyyətlərinə davam etmək istəyi ilə əlaqəli ola bilər. Mənbələrdən biri xanım Trampın “Ən yaxşı olmaq” layihəsi ilə vidalaşmaq niyyətində olmadığını təsdiqləyib. Lakin bunun Ağ Evdən çıxan kimi unudulacağına inananların sayı da kifayət qədərdir. Təsadüfi deyil ki, birinci xanımın ofisi müasir ABŞ tarixindəki ən kiçik (cəmi 12 işçi) ofisdir. Yenə də onu təmin edir, ötən ilin sonlarında isə Melaniya Tramp işə həvəsli görünürdü. Seçkidən sonra Ağ Evin Milad bəzəkləri ilə bəzədilməsində fəal iştirak etdi. Dekabr ayında birinci xanımın rəhbərliyi altında iqamətgahın tennis kortunun təmiri də başa çatdı.
Ağ Evdəki həyat haqqında üç kitab yazan jurnalist Keyt Andersen Brauer qeyd edir: “Melaniyanın trendləri müəyyən edən həyatına qayıdacağını düşürəm və bu onun haqqıdır, amma bir kitab yazsaydı, yaxşı pul qazanardı. Nensi Reyqanın “Mənim növbəm” kimi bir kitab yazsaydı, yaxşı nəticə verərdi. Bəzən çox səmimi danışdığını nəzərə alaraq, bunun öhdəsindən ən yaxşı şəkildə gələ bilər”.
Mümkün qədər az şey etmək
Əksər amerikalı birinci xanımın dörd ildir etdiklərini heç vaxt anlaya bilməyib, çünki təşəbbüslərinin heç bir nəticə ilə yadda qalmadığına inanır. Melaniyanın strategiyası “mümkün qədər az şey etmək” kimi görünürdü. Melaniya Tramp atipik bir birinci xanım idi və çox güman ki, Ağ Evin qeyri-adi keçmiş sahibəsi olacaq. Çətin ki, həyatını bir çox sələfi kimi ərinin fondunda və ya kitabxanasında işləyərək keçirəcək və ya Amerika cəmiyyətinin xeyrinə xidmət edəcək. Ölkənin əsas xanımı olmaq yükünü çiyinlərindən atdığına görə, nəhayət əvvəlki həyatına qayıda bilər: bir gəncin anası və nüfuzlu bir ərin arvadı...