Ermənilər hansı yollarla Gürcüstanda təxribat törədirlər?

9-02-2021, 06:26           
Ermənilər hansı yollarla Gürcüstanda təxribat törədirlər?
Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
2021-ci ilin fevralın 4-də - infoteka24.ru [1] saytında ermənilər tərəfindən “Gürcüstanın monastırı David Qarecinin ətrafında yeni ehtiraslar: Bakı ona doğru yol çəkir” adlı təxribat xarakterli məqalə yayımlanmışdır. Həmin təxribat xarakterli məqalədən aydın şəkildə məlum olur ki, ermənilər Azərbaycan tarixçilərinin David Qarecini - Keşikçidağ adlandırması ilə və onu Azərbaycanın daş yaddaşı hesab etməsi ilə barışa bilmirlər. Bu baxımdan ermənilər Keçikçidağ (David Qareci) kompleksinin əslində Qafqaz Albaniyasının tarixinə aid olmasına dair həqiqəti də qəbul edə bilmirlər. Lakin tarixə nəzər saldıqda aydın olur ki, Keşikçidağ abidələr kompleksinin inşa olunduğu yer məhz Qafqaz Albaniyasının inzibati vahidi hesab olunan Kambisena [2] vilayətinin torpaqlarıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Qazax rayonu ərazisində yerləşən Aveydağ, Yuxarı Əskipara, Tatlı məbədləri, o cümlədən, Gürcüstanın ərazisində qalan Çeremi, Areşi Nekreşi, Qurcaani, Poxoraulebi (Telavi rayonu), Dzveli Qavaza (Kvareli rayonu) və s. kimi abidələr də alban xristian mədəniyyətinə aiddirlər.
Gürcüstan ərazisində olduğu kimi Dağlıq Qarabağ ərazisindəki abidələri, o cümlədən müxtəlif tikililəri öz adlarına çıxarmağa cəhd edən ermənilərin - yerkramas.org saytında yayımladıqları [3] “Şuşada ermənilər nə qoyub getmişlər: tarixin xarabalıqları və ya xarabalıqların tarixi” adlı məqalədə Ermənistanın Baş naziri Nikol Paşinyanın etirafı öz əksini tapır. Belə ki, Paşinyanın sözlərinə görə, əhalisinin 90%-i azərbaycanlılardan ibarət olan Şuşanın statusu necə ermənilərə aid ola bilər? Aydın məsələdir ki, Ermənistanın Baş nazirinin dilindən belə bir fikrin səslənməsini ermənilər özlərinə qarşı təhqir hesab edirlər. Ona görə də ermənilər özlərinə haqq qazandırmaq üçün tarixi saxtalaşdırmağa davam edərək heç bir əsası, istinadı olmayan məqalələrlə özlərinə bəraət qazandırır, digər tərəfdən isə təxribat xarakterli fəaliyyətlərə yol verirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev [4] çıxışlarından birində haqlı olaraq qeyd edir: “Əgər Şuşa şəhəri ermənilərindisə, onda onlar nəyə görə bu şəhəri dağıdıblar? Nə üçün tarixi abidələri qoruyub saxlaya bilməmisiniz? Bütün tarixi abidələr yerlə-yeksan edilmişdir. Əgər bu sizin şəhərinizdisə, onda niyə abidələri dağıtmısız? Orada təkcə məscidlərimiz yox bütün binalar dağıdılmışdır”.
Qeyd etmək lazımdır ki, 2018-ci ilin oktyabrında armeniasputnik saytında yayımlanan “Tiflisin erməni izini silin silin: şamlar Gürcüstanın incisini - Şamxoretsos məbədini xilas edəcəkmi?” [5] adlı təxribat xarakterli məqalədə ermənilər Gürcüstanın Tbilisi şəhərində yerləşən, “ermənilərə məxsus olduğunu” iddia etdikləri abidənin dağınıq vəziyyətdə olmasına görə gürcüləri ittiham edirdilər. Bu məqamdan da göründüyü kimi ermənilər əslində özləri həmin abidəni bərbad vəziyyətə salaraq daha sonra günahı gürcülərin üstünə atmağa cəhd göstərirmişlər.
Ermənilər nəinki tarixi abidələri dağıdırlar, monastırlara aid qiymətli əşyaları da qeyri-qanuni şəkildə Ermənistana aparırlar. Buna sübut olaraq Kəlbəcər rayonundakı Xudavəng [6] monastırının qiymətli əşyalarının qeyri-qanuni şəkildə Ermənistana aparılmasını göstərmək olar. Bununla yanaşı, ermənilər 1954-cü ilin Haaqa Konvensiyasını kobud şəkildə pozaraq abidələri saxtalaşdırır, həmin abidələrdən orjinal yazıları silərək, oğurlayaraq mənimsəməyə və onları “erməni abidələri” kimi qələmə verməyə çalışırlar. Buna sübut olaraq, Kəlbəcərdə [7] ermənilərin saxta “tarix” istehsal edən sexinin aşkarlanmasını göstərmək olar. Məlum olmuşdur ki, ermənilər daşların üzərindəki qədim hərfləri, xaç işarələrini ovaraq formaya salır, həmin “tarixi əsərləri” bir müddət sirkə turşusunda saxlayaraq onlara köhnə görünüş verirmişlər. Daha sonra isə ermənilər dünya ictimaiyyətini aldatmaq məqsədilə həmin saxta xaç daşlarını Dağlıq Qarabağ ərazisində basdırırmışlar. Ermənilər bu gün oxşar ssenarini Gürcüstanda da tətbiq edirlər.
Qeyd etmək lazımdır ki, ermənilər həmişə olduğu kimi öz çirkin məqsədlərindən ötrü dünyanın hər yerində separatçılığı alovlandırır, dost-qardaş ölkələrin arasına nifaq toxumu səpməyə çalışırlar. Buna misal olaraq 2021-ci ilin fevralın 3-də “Gürcü marşı” [8] adlı ultramillətçi partiyanın nümayəndələrinin Keşikçidağ (David Qareci) məbədinin üzərinə doğru dronu işə salmağa cəhd göstərməsini, eləcə də Gürcüstanın Prezidentinin Antoneli küçəsində yerləşən iqamətgahının yaxınlığında etiraz aksiyası keçirməyə cəhd göstərməsini göstərmək olar. Həmin partiyanın nümayəndələri Prezident Salome Zurabişvilini “xəyanətkar” bəyanatlar verməklə günahlandırmışlar ki həmin əsası olmayan bəyanatlarda da sırf erməni dəsti-xətti görünür. Daha sonra kompleksin yaxınlığında vəziyyət bir qədər mürəkkəbləşmişdir. Nümayişçilərin sözlərinə görə, Prezident Salome Zurabişvilinin Keşikçidağa (David Qareci) getməsindən və tezliklə sərhəd demarkasiyasının başa vurulmasına dair bəyanat verməsindən sonra guya orada Azərbaycan sərhədçiləri peyda olmuşlar. “Gürcü marşı” partiyasının liderlərindən biri Sandro Breqadzenin sözlərinə görə onlar Keşikçidağ məsələsinə görə Prezidentlə şəxsi görüşün keçirilməsini tələb etmişlər. “Əks təqdirdə, Prezidentin yalnız özünü günahlandırması qalır - biz cəhənnəm təşkil edəcəyik, heç kim çıxmayacaq və administrasiyaya getməyəcək, biz girişə mane olacayıq” - deyə Breqadze sözlərinə əlavə etmişdir. Nəticədə aksiyada qarşıdurma baş vermişdir. “Gürcü marşı” partiyasının nümayəndəsi Georgi Qabedava iqamətgahın giriş qapısında zəncir və kilid quraşdırmağa cəhd göstərmişdir ki bu da polisin sərt reaksiyasına səbəb olmuşdur. Nəticədə Qabedava və daha bir şəxs ərazidən polis maşını ilə aparılmışdır. Gürcüstanın DİN-inin verdiyi məlumata əsasən İnzubati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri üzrə aksiyada iki nəfər saxlanılmışdır. Məlum olmuşdur ki, “Gürcü marşı” partiyasının nümayəndələri Gürcüstanla Azərbaycan arasındakı sərhəddəki iki obyekti - Bertubani xanəgahını və Çiçxituri qalası olan monastır kompleksinin ərazisini tam şəkildə çəkə bilmək üçün dron buraxmağa hazırlaşırmışlar. Sərhəd departamentinin əməkdaşları partiya üzvlərinə izah etmişlər ki, qanuna əsasən, pilotsuz uçan aparat vasitəsilə həmin obyektləri sərhəddən 500 metr aralı məsafədən az olmamaq şərtilə çəkmək hüququna malikdirlər. Qaydalara riayət etmədiyinə görə “Gürcü marşı”nın nümayəndələri ilə sərhədçilər arasında mübahisə başlamışdır. Lakin sonda partiya nümayəndələri qaydalara əməl etməli və icazə verilən yerdə dronu işə salmalı olmuşlar.

Ədəbiyyat siyahısı:
1. Новые страсти вокруг грузинского монастыря Давид Гареджи: Баку строит к нему дорогу /04.02.2021/ https://infoteka24.ru/2021/02/04/77484/
2. Keşikçidağda Alban xristian abidələri (arxeoloji materiallar əsasında) /07.11.2017/ http://keshikchidagh-heritage.az/az/content/279
3. Что армяне оставили в Шуши: руины истории или историю руин /05.02.2021/ https://yerkramas.org/article/179395/chto-armyane-ostavili-v-shushi-ruiny-istorii-ili-istoriyu-ruin
4. Ильхам Алиев: «Если Шуша - армянский, то почему армяне разрушили этот город?» /27.01.2021/ https://haqqin.az/news/199948
5. "Стереть армянский след Тбилиси": спасут ли свечи жемчужину Грузии — храм Шамхорецоц? /15.10.2018/ https://ru.armeniasputnik.am/society/20181015/15098942/steret-armyanskij-sled-tbilisi-spasut-li-svechi-zhemchuzhinu-gruzii-hram-shamhorecoc.html
6. Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür - VİDEO /16.11.2020/ https://azvision.az/news/237867/-ermeniler-kelbecerdeki-xudaveng-monastirini-sokur--video-.html
7. Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexi aşkarlandı – FOTOLAR /19.11.2020/ https://bizim.media/az/tehlil/3074/kelbecerde-ermenilerin-tarix-istehsal-eden-sexi-askarlandi-fotolar/
8. «Грузинский марш» пытался запустить дрон в Давид-Гареджи и устроил протест у президента /03.02.2021/ https://www.newsgeorgia.ge/%D0%B3%D1%80%D1%83%D0%B7%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9-%D0%BC%D0%B0%D1%80%D1%88-%D0%BF%D1%8B%D1%82%D0%B0%D0%BB%D1%81%D1%8F-%D0%B7%D0%B0%D0%BF%D1%83%D1%81%D1%82%D0%B8%D1%82%D1%8C/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.