Türk Tanrısı və Onun ağlasığmaz sirləri
23-02-2021, 19:04
Tanrı, Allah haqqında çox kitablar yazılmasına baxmayaraq, bu günə qədər insanlar Onun əsl mahiyyəti haqqında konkret heç nə bilmirlər. Bunun əsas səbəbi qədim yazıların düzgün qəbul edilməməsidir. Qədim müdriklərə görə, yazılar ikili mənada, yəni zahiri və batini mənada yazılmışdır. Bu günkü insanlar yazıların birbaşa, hərfi mənalarını əsas götürüblər ki, bu da yanlışdır. Çünki, müdriklərin məntiqinə görə, əsas məna bilavasitə Allahla bağlı olan batini mənadır. Biz, qədim yazıların rəmzi, yəni batini mənalarına görə Tanrı, Allah sözlərinə elmi izah verəcəyik. Qeyd edək ki, bu günə qədər heç kim yazıların batini mənalarını açmamışdır və biz ilk dəfə bu məntiqlə gizli qalmış sirlərə aydınlıq gətirəcəyik. Quranda bu məntiq ən kamil elm kimi təqdim edilir və Süleyman peyğəmbərə verilmiş “Quş dili” adlandırılır.
Qədim mənbələrə görə, Allah iki növ insan yaratmışdır ki, bunlar da ölümsüz göy insanları və ölümlü yer insanlarıdır. Müdriklər yer insanlarını heyvana bərabər tutmuş və onları yazılarda qeyd olunmağa layiq görməmişlər. Başqa sözlə, müdriklərin məntiqinə görə adi insanların qədim yazılara heç bir aidiyyəti yoxdur (Məqalə: “Истина о небесных и земных людях”, sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Göy insanları deyəndə isə müdriklər – “şahlığı göydən endirilmiş” kuti/qutilər nəslini nəzərdə tuturdular ki, bizlərə bu rəmzlər - xud, xett, qot və s. kimi də tanışdır. Türk mənbələrində kuti rəmzi “Kuday” kimi də yazılıb, Allaha və Dədə Qorquda aid edilir. Kitabi Dədə Qorqudda bu rəmz – “xud möminlər” kimi də keçir. Qorqud rəmzinin özü Qor-xuda mənasında Qor Allahı deməkdir və o qədim Misir Allahı hesab olunur.
Qurana görə, Allah Xud peyğəmbəri əl-Əhqaf dağında yaşayan Ad nəslinə göndərmişdir. Sufi-batin məntiqində Əhqaf rəmzi Qaf rəmzi ilə eyni mənalıdır ki, A. A. Bakıxanovun “Gülistani İrəm” kitabına görə Qaf dağı elə Qafqaz dağlarıdır və bura div və pərilərin məskənidir. Deməli, xud/kuti möminləri Qaf dağındakı Ad nəsli ilə bağlıdır. Qədim Misir yazılarında kuti rəmzi ilə eyni mənalı xat rəmzi, Ad oğlu Şəddadın tikdiyi sütunlar şəhəri olan İrəm cənnətinə aid edilir. Biz, “Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər” adlı məqaləmizdə Ad oğlu Şəddadın - Azəri türklərinin şad bəgləri, yəni seyid-bəglər nəsli olmasını elmi sübut etmişik (Sayt: https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html). Başqa sözlə, “şahlığı göydən endirilən” kuti/xud nəsli - cənnət əhli olan müqəddəslər nəslidir.
Lakin qədim Misir yazılarında xat rəmzi həm də ürəyin yerləşdiyi ərazi, yəni ürək ətrafı qab, çanta - bədən deməkdir. Misirşünas alim U. Bac bildirir ki, çürüməyə məruz qalan fiziki bədən xat adlanır və məhz onu mumyalaşdırmadan sonra məqbərəyə qoyurdular. Hətta Osirisin belə bədəni olmuşdur. Belə çıxır ki, kuti/xat dedikdə, öləndən sonra Osiris Allahına çevrilmiş göy insanlarının fiziki bədıni nəzərdə tutulur.
Digər misirşünas tədqiqatçı Bruqş, kuti/xat rəmzini kiti/xettim kimi yazır və bildirir ki, onlar - Xanaanda yaranmış Ruten adlı “Vahid əsilli xalqların Böyük Birliyi”nə daxil idilər. Bruqşa görə bu xalqları, möhkəmləndirilmiş şəhərdə oturmuş kiçik şahlar idarə edirdi. Mənbələrdə rutenlilər - qall, yəni gel tayfaları adlandırılır. Ruten - aşağı və yuxarı torpaqlardan ibarət olmuşdu və Amorrey torpağı, Oront və Kadeşlə bağlı idi (Г. В. Носовский, А. Т. Фоменко, “Империя”, М., 2000, стр. 586, 587, 589). Bruqşun yazdığından belə çıxır ki, şahlığı göydən endirilmiş kuti/xet xalqı - Xanaanda yaranmış və Ruten adlı “Vahid əsilli xalqların Böyük Birliyi” ilə bağlıdır.
Qədim Misir mənbələrindəki Ruten (RTN) rəmzi, digər yerlərdə Allah mənasını verən Neter (NTR), Oront (RNT) rəmzi kimi də yazılır. Batini mənada Neter – “Nut göylərindəki Ra Allahı” deməkdir və bu rəmz bizim Tanrı (TNR) sözü ilə eyni mənalıdır. Belə çıxır ki, qədim Misir Allahı və bizim Tanrımız - aşağı və yuxarı torpaqlarda yaşayan kuti/xudalardır. Onlar, “Vahid əsilli xalqların Böyük Birliyi”ni yaratmış kiçik şahlardır və möhkəmləndirilmiş şəhərdə oturmuşlar. Kitabı Dədə Qorqudda aşağı və yuxarı torpaqlar - İç və Taş Oğuz eli adlandırılır ki, biz bu haqda “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləmizdə geniş izah vermişik (Sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1). Burada İç və Taş Oğuz eli – “El içində El” mənasında olan Assur eli, Assur aləmi adlanır. Assur/Aşşur isə qədim Misirin Asar, yəni Osiris Allahıdır. Belə çıxır ki, qədim Misirdə Neter/Ruten dedikdə - iki dünyanı, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasını özündə birləşdirən Asar/Osiris Tanrısı nəzərdə tutulur. Bu rəmzləri tam anlamaq üçün qədim Misirin Osiris Allahının yaradılışına nəzər salmaq vacibdir.
Dünyanın yaradılışının Geliopol (Gel şəhəri) variantına görə, “Dünya” - bir-birini əvəzləyən yaranışlardan törəmişdir. İlkin Nun sularının ortasında təpəyə, adı – “Hər şey” mənasını verən ali Atum yüksəlir. Atum öz-özündən Şu və Tefnut cütlüyünü yaradır və onlardan ikinci cütlük olan – Qeb və Nut, yəni Yer və Göy yaranır. Daha sonra Qeb və Nut: Osiris (Oziri), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum adlanan “Enneadanın böyük doqquz Allahı” yaranır ki, buna “Ane şəhərində olan böyük doqquzluq” da deyirlər. Bizlərə bu doqquzluq – “Doqquz Oğuz” kimi də tanışdır. Bu isə o deməkdir ki, Misir mənbələrində Nefer/Ruten, Asar/Osiris və s. Allahları dedikdə - kosmik ölçülü Atum Allahı nəzərdə tutulmalıdır. Bu kosmik insanın obrazı və bənzəri kimi isə, göy insanları olan kuti/xudalar nəsli yaradılmışdır.
Araşdırmaçı alim Devid Rol Atum Allahının Adəmlə eynilyini bildirir. İslam dahisi Mühiddin ibn Ərəbi və digər sufilər də Adəmi - Haqq, yəni Allah adlandırırlar. Belə çıxır ki, kosmik ölçülü Atum Allahı elə müsəlmanların da Allahıdır. Şumerdə bu böyük insan Luqal (LQ-L) kimi qeyd olunur ki, sufi-batini mənada bu rəmz “İlahi-El” anlamındadır. İslamda eyni mənalı “El-İlahi” rəmzi də Allah deməkdir. Başqa sözlə, müsəlmanların da Allahı – nəhəng insan olan Atum Allahıdır.
Bütün bunlardan çıxan nəticə odur ki, qədim Misirdə Allah dedikdə - öz kosmik bədənində iki dünyanı birləşdirən Atum/Adəm və ya Asar/Osiris Allahı nəzərdə tutulurdu və bu iki dünyaları da Onun İç və Taş Oğuz bəgləri idarə edirdi. Mənbələrdə məhz onlar – “Vahid əsilli xalqların Böyük Birliyi” adlanırdı.
İslamda vahid əsilli, yəni eyni kökdən olan xalq dedikdə, “bir anadan doğulan” mənasını verən “ümmət” kəlməsi yada düşür. Sufi-batin elmində ümmət (MMT) rəmzi tamam (TMM) və Atum (TM) rəmzləri ilə eynidir. Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında “tamam” rəmzi - “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” cümləsində, göydəki İç elin adı kimi keçir.
Deməli, ümmət dedikdə Oğuz elinin bəgləri, yəni – “Vahid əsilli xalqların Böyük Birliyi” nəzərdə tutulmalıdır. “Vahid əsilli” dedikdə isə onların, kosmik insan Atumun obrazı və bənzəri kimi yaradılması (nüsxələnməsi) nəzərdə tutulur. Dlgər tərəfdən, bu həm də o deməkdir ki, İlahi nurla, göylərlə bağlı olan Oğuz xaqan - Atum Allahının, yəni kosmik insanın obrazıdır. Onun xaqan/hakan titulu da Haq sözündən yaranmışdır ki, bizlərdə Allah mənasını verən bu rəmz qədim Misirdə (Xek) - şahı, maqı, cadugəri və eyni zamanda cadunun özünü bildirirdi. Batini mənada bu rəmz – iki dünyanın Ağası, yəni həyat enerjisi (ilkin materiya) mənasında Allah fikrini ifadə edir. Haq rəmzi eyni zamanda - yəhudilərdə “Hayah” (היה) kimi yazılaraq Həyya, yəni həyat mənasını verən rəmzlə də eyni mənalıdır.
Quran yazır: “İnsanlar bir ümmət idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq göndərdi, aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi və insanlar bununla da ayrıldılar” (Quran, 2:213). Burada, “insanlar bir ümmət idilər” ifadəsinin batini mənası – “Atum Allahının daxilindəki İç və Taş Oğuz bəgləri eyni kökdən idilər” anlamındadır. Bu ifadə Quranda “Kanen nasu ummeten” rəmzləri ilə verilib və buradakı “kanen” rəmzi batini mənada Kənan eli, yəni Xanaan deməkdir. Biz yuxarıda, Bruqşun qədim Misir yazılarından gətirdiyi sitatda - Xanaanda “Vahid əsilli xalqların Böyük Birliyi”nin yaradılması və onun Ruten adlandırılmasını yazdıq. Belə çıxır ki, Qurandakı – “Kanen nasu ummeten” ifadəsi elə “Xanaanda Vahid əsilli xalqların Böyük Birliyi yaradıldı” deməkdir. Digər tərəfdən, “Kanen nasu ummeten” rəmzinin daha dərin batini mənası – “Kün issi Atum” fikrini ifadə edir ki, bu da – “Göylərin ruhu Atum var olsun!” əmri deməkdir. Tövratda bu əmr, yaradılışın üçüncü günü Allahın verdiyi – “Sular göylərin altında bir yerə yığışıb, görünən quru olsun!” əmridir və bu əmrdən sonra göydə dirilik suyundan, yəni ilkin materiyadan kosmik insan var olmuşdu. Tövratın mistik-alleqorik şərhi olan Zoarda (Kabbala) bu əmr Adam-Elionun yaranmasına aid edilir və bu əmrdən sonra göydə nəhəng Adəm-Eli, yəni Atum dünyası yaranmışdı. Bu isə o deməkdir ki, Xanaanda yaradılan və Ruten, yəni Tanrı adlanan “Vahid əsilli xalqların Böyük Birliyi” elə Adəm-Elidir və qədim Misirdə bu el - Atum Allahı adlanırdı.
Digər tərəfdən, Qurandakı – “İnsanlar bir ümmət idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq göndərdi, aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi və insanlar bununla da ayrıldılar” fikri onu bildirir ki, burada söhbət şərqdən gəlib, Xaldeyanın Sennaar çöllərində (Sünik göylərində) Babil qülləsini tikmiş ilk insanlardan gedir. Hamısının peyğəmbər olduğu bu toplum isə məhz Qalın Oğuz bəgləridir ki, Kitabi Dədə Qorqudda onlar – “Dünya mənim” deyən bəg-ərənlər adlandırılır. Belə çıxır ki, bu peyğəmbər bəglər həm də dünyanın sahibləri olan qədim Misirin Asar/Osiris Allahlarıdır.
Bruqşun tərcüməsinə görə, Neter/Tanrı adlanan Qalın Oğuz elini, möhkəmləndirilmiş şəhərdə oturmuş kiçik şahlar idarə edir. Kitab və məqalələrimizdə biz göstərmişik ki, mənbələrdə “möhkəmləndirilmiş şəhər” dedikdə Dərbənd şəhəri nəzərdə tutulur (Məqalə: “Великая тайна иудаизма и иудеев Хазарии”, sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html). Dərbənd şəhərinin digər adları isə mətnlərdə “Əl-Bab” (Qapı), “Bab əl- Əbvab” (Qapılar qapısı) və s. kimi keçir ki, Əl-Bab rəmzi həm də “Allahın qapısı” mənasını verən Babil rəmzidir. Bu isə o deməkdir ki, Oğuz bəgləri Babil qülləsini tikmiş, öləndən sonra isə ruhları, göylərdə ölümsüz Asar/Osiris Allahlarına çevrilmişdir.
Qədim Misir yazılarında Babil qülləsi - ölənlərin ruhlarının mühakimə olunduğu yer kimi göstərilir. Mətnlərin birində Esagilə gələn Tabi-utul-Enlil deyir: “Mən türbəyə düşmüşdüm ki, yenidən Babilə qayıtdım. “Bərəkət qapısı”nda mənə bərəkət verildi. “Böyük qoruyucu ruhun qapısı”nda mənim gözətçi ruhum mənə yaxınlaşdı. “Mərhəmət qapısı”nda mən mərhəmət gördüm. “Həyat qapısı”nda mənə həyat verildi. “Günəşin çıxdığı qapı”da mən yaşayanlar sırasına daxil oldum. “Əlamət görünmə qapısı”nda mənim əlamətlərim üzə çıxdı. “Günahlardan qurtulma qapısı”nda mən günahlardan təmizləndim. “Sorğu qapısı”nda məndən sorğu soruldu. “Ah-zardan qurtulma qapısı”nda mən ah-zardan azad olundum. “Su ilə təmizlənmə qapısı”nda mən təmizləndim. “Mərhəmət qapısı”nda mən Mardukun qarşısında durdum. “Qüdrət tökülmə qapısı”nda mən Sarpanitin ayağından öpdüm” və s. (Б. А. Тураев, История древнего востока, Л., 1935, том I, стр. 142). Bu o deməkdir ki, Babil qapısı - ölənlərin ruhunun mühakimə olduğu məhkəmənin qapısıdır və qədim Misir mənbələrinə görə, burada ruhları 42 hakim mühakimə edirdi. Başqa sözlə, möhkəmləndirilmiş şəhərdə oturmuş və ölənləri mühakimə edən hakimlər - Vahid əsilli xalqların Böyük Birliyinin şahlarıdır. Biz, “Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı” adlı məqaləmizdə göstərdik ki, qədim Misirin ruhlar dünyasının 42 hakimi dedikdə - 10 səs hüququ ilə bütün Allahların Atası və Ağası adlandırılan Ra-Amon Allahı və digər 32 Allah nəzərdə tutulmalıdır (Sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html). Deməli, buradakı 32-lər və Ra Allahı birlikdə ölülər dünyasının 42 hakimləridir və onlar Babil qülləsinin girişində insan ruhlarını mühakimə edib, onların cənnətə, cəhənnəmə düşmənlərinə qərar verirdilər. Başqa sözlə, “Vahid əsilli xalqların Böyük Birliyi” dedikdə - Azərbaycan Atabəglər Ailəsinin 33 bəgdən ibarət müqəddəs pirləri nəzərdə tutulmalıdır. Otuz üç müqəddəsdən ibarət bu Atabəglər Ailəsi İslamda - “Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə” və s. adlanır və onlar İslam dininin bütün dövrlərində xüsusi vəzifə yerinə yetirən müdriklər hesab olmuşlar.
Bütün bunlardan belə çıxır ki, Tanrı, Allah dedikdə qədim insanlar - göydə kosmik ölçülü işıq insanını, yəni Atum/Adəmi və onun daxilindəki Qeyb aləmində ölümsüzlük qazanmış 33 müqəddəsin ruhlarını nəzərdə tuturdular. Məhz bu İç Oğuz və Taş Oğuz bəgləri mənbələrdə “Vahid əsilli xalqların Böyük Birliyi” adlanırdı.
Kitabı Dədə Qorqudda İç Oğuz bəgləri əzrail (ZRL) obrazında təqdim edilir və bu rəmz batinilərdə Azər-Eli (ZRL), yəni Asar/Osiris Allahlarının Eli deməkdir. Qədim Misir mənbələrində bütün Allahların Atası və Ağası adlanan Təktiz Amon, Kitabi Dədə Qorqudda – “varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bəkdüz (Bügdüz) Əmən” adlanır. Pir Əmənın bığının qanlı olması, Onun Atum dünyasını və s. yaratdığı zaman kəsdiyi milyonlarla qurbanlara işarədir.
Pir Əmənın yaratdığı Atum dünyası Türk mənbələrində Göytürk xaqanlığı kimi keçir. Bu xaqanlıq İç Oğuzda zühur etdiyi üçün, Əmənın qurbangahda yaratdığı bu İç (“Ç”) dünyası mənbələrdə “Çin” (ÇN) ölkəsi kimi məlumdur. Onun “Kitay” adlanması da, onu yaradanların kuti, yəni xudalar olması ilə bağlıdır. Çin mənbələrində bu xaqan - Göy xanı, Tyan Qexan, Tenqri xaqan da adlanır. Tenqri rəmzi sufi-batinilərdə - “Nut göylərinin Qor Allahı” mənasını verir və buradakı Qor, yəni Hor rəmzi – “Hü ilkin materiyasından yaradılmış Ra günəşi” deməkdir. Məna etibarilə Qor rəmzi elə Ra günəş Allahı deməkdir. Başqa sözlə, Tanrı sözü ilə Tenqri sözü eyni mənalıdır və Ruten (Nefer/Tanrı) adlanan “Vahid əsilli xalqların Böyük Birliyi” elə Türk xaqanının Tenqri xaqanlığıdlr.
Gül-Təkinin kiçik abidəsində Göytürk xaqanlığı haqqında deyilir: “Göyəbənzər, Göydə yaranmış müdrik Türk xaqanı. İndi mən [şahlıq taxtında] əyləşdim... mənə ittifaq tayfalar [və] xalqlar, sağda [duran] şad-apıt bəgləri, solda [duran] tarxan [və] əmr gözləyənlər… və s.”. Bu abidədə sağda duran bəglərin şad-Apıt (Pta/Ptah) adlanması, Yafətin şad bəglərinin göydəki Tanrı elində Asar/Osiris Allahları mənasında olması anlamındadır. Kitabi Dədə Qorqudda və digər Türk abidələrində də bəglər - sağ, sol və xas bəglərə bölünür. Bartold yazır ki, oğuzların sağ boyu, türklərin “onq” [NQ] sözü əvəzinə, xüsusi söz olan “saq” sözü ilə adlanırdı. “Onq” rəmzi Kitabi Dədə Qorqudda inaq [NQ] kimi yazılaraq bəglərə aid edilir. Erməni mənbələrində inaq/inoq [NQ] rəmzi inoki kimi yazılır və zahidlərin “Böyük səhranın qardaşlığı” cəmiyyətinin üzvləri mənasındadır. İnokilərin, Sünikin Taron qavarında yerləşən Lazarın monastırı isə mənbələrdə - “mələklərin yaşadığı məkan və müqəddəs səhra” adlanır. Arakel Təbrizlinin yazılarından belə çıxır ki, öldükdən sonra paronterlərin, yəni fironların ruhları, adlarını və qiyafələrini dəyişərək - insan səsinin eşidilmədiyi bu müqəddəs səhraya köçürlər.
Bura düşən ruh yalnız bu səhrada yaşaya bilir. Səhradan çıxanda isə ruh - sudan çölə atılmış balıq kimi ölümə yaxın olur, boğulur və yalnız ora qayıdanda dirilir (А. Даврижеци, “Книга историй”, М.,1973, böl.24,51). Başqa sözlə, sağ tərəf - Sünik göylərindəki ruhlar dünyasını, yəni yuxarı Ruteni, İç Oğuz elini bildirir. Qədim Misir mətnlərinə görə, Osiris Allahı - dünyanın sağ tərəfində doğulur və sol tərəfində ölür.
Mogilyan və Gültəkin abidələrinin ilk sətirlərində Türk xanı özünü – “Mən Tanrı tək, Tanrı yaratmış bilici Türk xanı... Mən Tanrı tək Göydə yaranmış bilici Türk xanı” adlandırır ki, bu da onun göydə, yəni sağ tərəfində doğulmuş Allah obrazında olması deməkdir. “Vahid əsilli xalqların Böyük Birliyi” isə, sağda və solda duran, yəni göydə və yerdə olan bəglərdir. Bu mənbələrdə pir Əmənın adı Bumın kimi keçir ki, bu rəmz də Ba-Əmən deməkdir. Biz kitab və məqalələrimizdə göstərmişik ki, “Ba” rəmzi qədim Misirdə pir/firon Amonun Allaha çevrilmiş ruhunu bildirirdi. İslamda Ba rəmzi Bəsmələ mənasındadır və batinilərdə bu rəmz - Əvvəldə gəlmiş və Axırda gələcək Allaha, yəni Rəhman və Rəhimə aid edilir. Bu o deməkdir ki, Bumın (Ba-Əmən) elə İslamda Billah, Vallah adlanan Ba (Va) Allahıdır.
Türk mənbələrində bildirilir ki, Göytürk xaqanlığının qurucusu Bumın xaqan Yabquluğunu elan etdikdən və El yaratdıqdan (El-etmiş/El-tutmuş) sonra, “İllig Xaqan” adını aldı. Sufi-batinilərdə “İllig” (LLG) rəmzi Allah (LLH) rəmzi ilə eyni mənalıdır və bu o deməkdir ki, İllig Xaqan elə Allah-Xaqan və ya Allah-Haq, Haq-Allah deməkdir.
(Ardı gələn sayda)
Firudin Gilar Bəg
Sadıq Gilarbəyli