Gün var əsrə bərabər və ya müharibələr tarixi: 38 dəqiqə, 44 gün, 335 il...
26-02-2021, 09:19
Bəzən qısa müddətə böyük zəfərlər qazanılıb, bəzən isə onilliklər boyu axıdılan qandan kimsə fayda götürə bilməyib
Tarix boyu sərhədləri dəyişən, quruluşları dağıdan, yeni xəritələr cızan iki yol mövcud olub: Hərb yolu, diplomatik yol. Hərb hər zaman aktualdır. Diplomatiya isə güclülərin zəiflər üzərində hədə, təhdid, məcburermə funksiyasına çevrilən yol kimi xarakterizə edilirdi.
Müharibələr bütün dövrlərdə uzunmüddətli və qısamüddətli olub. Uzun çəkən müharibələr, əsasən hansısa ərazi uğrunda böyük güclərin müharibəsidir. Bu müharibələrdə nadir hallarda bir tərəf qələbə qazanır. Əksər hallarda hər iki tərəf böyük tələfat verir, nəticə bərabər olur. Qısa müddətdə başa çatan müharibələr isə, əsasən güclü və zəif dövlətlər arasında olur. Güclülər düşmənə sarsıdıcı zərbə vurur və qısa müddətdə mütləq qələbə qazanır.
Geridə qoyduğumuz 44 günlük Vətən müharibəsi də qısa çəkən müharibələrdən sayılır - diplomatiyanın həll edə bilmədiyi, hərb yolu ilə qalib gəlinən müharibə. Biz qələbə qazandıq, torpaq bütünlüyümüzü təmin etdik, 8 rayondan erməniləri tamamilə qovduq.
Bu yazıda tarixdə ən uzun və ən qısa çəkən, eyni zamanda dünyanın, qitələrin xəritəsini dəyişən müharibələrdən bəhs olunacaq.
Qərb-Şərq toqquşmaları
Orta əsrlərdə ilk ən uzun çəkən müharibələr “Xaçlı səfərləri” (“Səlib yürüşləri”) hesb olunur. Bu səfərlər Qərbin Şərqə olan tamahı, işğalçılıq və qarətçilik yürüşləri idi. 1095-ci ildə Roma Papasının verdiyi “xeyir-dua” ilə, 1096-cı ildə yürüşlər başlandı. 1270-ci ilə kimi fasilələrlə davam edən bu yürüşlərin nəticəsində Şərq ölkələrində minlərlə insan həyatını itirdi, yüzlərlə tarixi şəhər dağıdıldı, yandırıldı və tarixə qovuşdu. Mədəniyyət vəhşicəsinə məhv edildi. Zəngin kitabxanalar, dəyərli əşyalar Avropaya daşındı. Beləliklə, Şərq bir də iki əsr sonra dirçələ bildi.
İkinci uzun çəkən müharibə “Yüzillik müharibə” hesab olunur. Bu müharibə İngiltərə ilə Fransa arasında fasilələrlə 100 il davam etdi. 1337-ci ildə zəngin torpaqlar hesab edilən Flandriya uğrunda başlandı. Yüz il ərzində baş verən döyüşlərə quru və dəniz döyüşləri daxil idi. Əvvəllər İngiltərə bir sıra qələbələr qazandı. Lakin XV əsrin əvvəllərində Janna Darkın başlatdığı üsyan, Orlenanın azad olunması nəticəsində əsaslı dönüş yarandı və üstünlük Fransaya keçdi. Müharibənin sonu Fransa üçün dağıntılara, yoxsulluğa və xəzinə boşalmasına gətirib çıxarsa da, onlar ingilisləri tamamilə krallıqdan qovub, xeyli ərazilər əldə edə bildilər. İngiltərədə isə feodal bürokratiyası gücləndi və ölkənin müharibədən tək qazancı isə Kale limanı oldu. Bu, heç bitməyən sonrakı əsrlərdə də ingilis-fransız müharibələrinin əsasını qoyan müharibə idi.
Ən uzunmüddətli müharibə
Bəşər tarixinin ən uzun çəkən müharibəsi 335 il davam edib. Hollandiyada, İspaniyanın II Flipin kralı olduğu Habsburqlar xanədanının həm siyasi, həm də dini gücünə qarşı 17 əyalətin birləşməsi ilə, 1568-ci ildə azadlıq müharibəsi başladı. Bu müharibə o qədər genişləndi ki, 80 il davam etdi və məcrasından çıxdı. Tarixdə bu müharibəyə bəzən “80 illik müharibə” də deyilir.
1608-ci ildə bir neçə dövlət birləşərək protestant birliyi yaratdı. Onlar katolik olan Müqəddəs Roma İmperiyasına qarşı birləşdilər. Nəticədə 1618-ci ildən etibarən Avropada ilk böyük dini məzhəb savaşı olan “30 illik müharibə” başlandı. Bu müharibə də “80 illik müharibə”nin tərkibinə daxil oldu. 1648-ci ildə həm “80 illik müharibə”, həm də “30 illik müharibə” sona çatdı və “Vestifalya” müqaviləsi bağlandı. Milyonlarla insan itkisinə səbəb olan müharibənin nəticəsi olaraq Müqəddəs Roma İmperiyası zəiflədi, Fransa və İsveç yeni torpaqlar əldə etdi. İspaniya xəzinəsi boşaldı və krallıq zəiflədi. Bu sülh müqaviləsi Avropada müasir diplomatiyanın əsasını qoyan hadisə oldu.
Sülh müqaviləsinin bağlanmasına baxmayaraq, Hollandiya yenə də dinc dayanmırdı və Silli adaları ilə müharibələri davam etdirirdi. 1651-ci ildən rəsmi olaraq Silliyə qarşı torpaq iddiası irəli sürdü. Bu iddialar, qarşılıqlı çəkişmələr 335 il çəkdi. Həm də müharibənin maraqlı tərəfi o idi ki, burada insan tələfatı olmadı. Daim siyasi müharibə, torpaq tələbi, dini anlaşmazlıqlar üzərində çəkişmələr davam edirdi.
Nəhayət, 1985-ci ildə Silli adaları konseyi sədri Londondakı Niderland səfirinə məktub yazaraq, artıq bu siyasi müharibəyə son vermək və barışmaq istədiklərini bildirdi. Səfir Rein Jonkler də cavabında Silli və Niderland arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini bildirdi. Beləliklə iki tərəf arasında, Böyük Britaniyanın da iştirakı ilə danışıqlar başlandı və müqavilə bağlandı. 1986-cı ildə razılığa gəlindi və 1987-ci ildə bağlanan yekun müqavilə ilə 335 il çəkən siyasi və torpaq üstünlüyü uğrunda gedən müharibə şəraiti sona çatdı.
İngilis hegemonluğu
Tarixin ən maraqla araşdırılan müharibələrindən biri də “Yeddi illik müharibə”dir. 1756-1763-cü illəri əhatə edir. Bu, Avropada hegemonluq və yeni müstəmləkələr ələ keçirmək uğrunda yarış idi. Müharibənin əsas tərəfi dənizlərdə güclü olan İngiltərə idi. İngiltərə dənizdə hərbi donanma üstünlüyünü qoruyarkən, quruda isə müttəfiqi Prussiyaya güvənirdi. Bu müttəfiqliyə alternativ qüvvə isə, Ost-Hind şirkətindən öz müstəmləkələrini qorumaq istəyən Fransa, onun dəstək verdiyi və Avropanın mərkəzində hegemon dövlətə çevrilmək istəyən Avstrya, qərbdə Prussiyanın təsirini azaltmaq və yeni torpaqlar əldə etmək istəyən Rusiya, əlavə olaraq İspaniya və İsveç müttəfiqliyi vardı.
Müharibələrin gedişində İngiltərə qarşı tərəfi dənizlərdə blokadaya salırdı. Saksoniyaya hücum etməklə “Vestifalya” sülhünü pozan Prussiya bəzi müharibələrdə qələbə qazanırdı. Lakin Prussiyanın quruda bir sıra ciddi məğlubiyyətləri Avstriya ilə Rusiyanın müqavilə bağlamaları ilə yekunlaşdı. Ən əsas müharibə Fransa və İngiltərə arasında gedirdi. Dənizlərdə Fransa donanmasını ağır məğlubiyyətə uğradan İngiltərə “7 illik müharibə”nin qalibi oldu. 1763-cü ildə Parisdə bağlanan sülh müqaviləsinə görə, İngiltərə Fransadan Kanadanı, Floridanı, Luiziyananın bir hissəsini və Hindistandakı fransız mülklərini aldı. Avropada da əsas söz sahibi İngiltərə oldu. Fransanın bu müharibədə ağır hərbi və diplomatik məğlubiyyəti bir neçə il sonra başayacaq Böyük Fransa İnqilabına zəmin yaratdı.
Qurtuluş savaşı
Üç il davam edən qurtuluş savaşı (1919-1922) - Mustafa Kamal Paşanın başlatdığı, ölkəsi əsir olan bütün xalqlara güc, ilham verən Anadolu hərəkatları. Birinci Dünya müharibəsi (1914-1918) üç imperiyaya son qoyub, yeni dünya düzəninin qurulduğu ən böyük keçid dövrü oldu. Yekun olaraq bağlanan “Versal” sülhünə görə, bütün xalqlara dövlət qurmaq üçün şərait yaradılarkən, nədənsə Osmanlıda yaşayan türklərə hər hansı bir dövlət yaradılmasından söhbət getmirdi. Əksinə, onlar İngiltərə və Fransanın mandat dövlətlərinin tərkibində əriyib itəcəkdilər.
Lakin Kiçik Asiyada Osmanlının ölüm fərmanı olan “Sevr” müqaviləsini yerlə yeksan edən böyük qurtuluş savaşı başlandı. Anadolu türkləri dünyaya qarşı savaşaraq öz ölkələrinin bir hissəsini bərpa edib, yeni dövlət qurdular. Nəticə olaraq dünya düzəninin xəritəsi yenidən dəyişdirildi. Bu, XX əsr tarixində müharibələrdən sonra nəticə ilə barışmayıb, öz haqqını alan böyük millət davası kimi tarixə düşdü.
Cəmi 38 dəqiqə...
Tarixdə uzunmüddətli müharibələr kimi, qısa müddət çəkən müharibələr də olub. Onlardan ən qısa çəkəni Böyük Britaniya və Zənzibar arasında olmuşdu. Müharibə 27 avqust 1896-cı ildə başlandı. Səbəb Birləşmiş Krallığın təyin etdiyi Sultan Həmad Tuvavini öldürərək hakimiyyəti ələ alan Sultan Xalidin ingilislərə tabe olmaması idi. İngilis komandan müharibə əmrini səhər 09:02-də verdi. Dənizdən topların atəş açması ilə başlanan döyüşlər, 09:40-da başa çatdı. Hakimiyyətin təhvil alınması prosesi ilə birlikdə 1.5 saat çəkdi. Müharibəyə qatılan 700 zənzibarlı hərbçidən 500-ü öldürüldü. Sultan Xalid isə qaçdı. Sonradan onun fərqli yollarla Almaniyaya mühacirət etdiyi bildirildi.
İsrail ərəblərə qarşı
İkinci qısa müharibə “Altı günlük müharibə”dir. 1967-ci ilin 5 iyun tarixində başlandı və 6 gün davam etdi. Bu, İsraillə Ərəb Birliyi arasında gedən müharibə idi. Birlik SSRİ-nin dəstəyi ilə silahlanmışdı və özünü müharibəyə hazır hiss edirdi. Hətta, Misir Prezidenti Camal Əbdül Nasir müharibə başlamazdan qabaq demişdi ki, “yəhudilər bizi müharibə ilə qorxudurlar, biz isə onlara deyirik: Əhlən və səhlən (Xoş gəlmisiniz)”. Hətta, daha bir açıqlamasında müharibə başlayarsa, İsraili yox edəcəklərini demişdi.
ABŞ və SSRİ hər iki tərəfi müharibədən çəkindirməyə çalışsa da, nəticə olmadı. Döyüşü İsrail başladı və ilk olaraq Misir, Suriya və İordaniya aerodromlarını bombalayaraq, bütün döyüş təyyarələrini sıradan çıxardı. Dünya şokda idi. Daha əvvəl bu şok Almaniya SSRİ aerodromlarını bombalayanda baş vermişdi. 6 gün ərzində Səudiyyə Ərəbistanı, Yəmən, Küveyt və digər ərəb ölkələri də İsrailə müharibə elan etdi. ABŞ tərəfsizliyini elan edərkən, SSRİ İsraillə diplomatik əlaqələri kəsdi.
“Altı günlük müharibə” İsrailin tam qələbəsi ilə başa çatdı. Müharibənin nəticələri bu günədək qüvvədədir. Qüds İsrailin oldu, pan-ərəbizm birdəfəlik çökdü. İsrail bölgədə rəqibsiz güc oldu və torpaqlarını dördqat artırdı. Qəzza, Sinay yarımadası, Golan təpələri, Qüds torpaqları İsrailin nəzarətinə keçdi. İsrail qalib idi və heç kim onu mühakimə etmədi.
Üçüncü qısamüddətli müharibə 1971-ci ildə Hindistan ilə Pakistan arasında baş vermişdi. 3 dekabr tarixində başlanan müharibə 13 gün davam etmişdi. Buna tarixdə üçüncü Hindistan-Pakistan müharibəsi də deyilir. Müharibəni Pakistan başlayır və Hindistanın hərbi bazalarını bombalayır. “Çingizxan əməliyyatı” adlanan bu əməliyyatda Hindistana müəyyən qədər zərər verir, lakin onlar səfərbərlik elan edərək genişmiqyaslı döyüşlərə başlayırlar. Partizan hərəkatları hindliləri irəli aparır. 17 dekabrda Pakistan təslim olur və müqavilə bağlanır.
Döyüşün nəticəsində Banqladeş dövləti öz müstəqilliyini elan etdi. Pakistan Prezidenti Yəhya xan xalqından üzr istəyərək istefa verdi və növbəti il hər üç dövlət arasında qarşılıqlı anlaşma əldə edilərək dostluq və sülh müqaviləsi bağlandı. Dünya xəritəsində yeni dövlət doğuldu.ayna.az
Müəllif: Şəhla Cabbarlı