Qadınları, uşaqları diri-diri yandırdan macar faşist – 10 il Vorkutada həbsdə yatan, Hindistanda kor olub ölən Aldya-Pap.
1-03-2021, 10:51
“Məhkəmənin mənə qarşı qaldırdığı bütün ittihamları, çoxsaylı şahidlərin ifadələrindəki haqqımda səslənən fikirləri qəbul edirəm. Ancaq söylədiklərinizdə kiçik bir düzəlişə ehtiyac var. Məhv etdiyim dinc əhalinin və sovet hərbçilərinin sayını az göstərmisiniz. Bu rəqəm daha böyükdür. Mən sizdən əfv xahiş edməyəcəyəm, apelyasiya şikayəti də verməyəcəm. Hansı cəzaya layiqəmsə, hökmümü verin. Amma onu da diqqətinizə çatdırmaq istəyirəm ki, bu qırğını, qətliamı mən könüllü, öz arzumla etməmişəm. Mən əsgərəm, general rütbəsində olan əsgər. Əsgər isə özündən yuxarı vəzifəlinin tapşırığını müzakirə etmədən icra etməyə borcludur...”
Bu fikirlər 1947-ci ilin noyabr ayında Ukraynanın Çerniqov şəhərində “Şors” kinoteatrının binasında keçirilən məhkəmə prosesində Macarıstan ordusunun generalı Zoltan Aldya-Papın verdiyi ifadədəndir.
Ukraynanın Çerniqov vilayəti 1941-ci ilin sentyabr ayından 1943-cü ilin sentyabr ayına qədər alman və macar qoşunlarının işğalı altında qalıb. Bu müddət ərzində faşist qoşunları 103 min 600 nəfər dinc əhalini və 25 minə yaxın hərbi əsiri vəhşicəsinə qətlə yetiriblər. Şəhər, qəsəbə və kəndlər qarət edilib. Nisbətən cavan olan şəxslər qul kimi işlədilmək üçün Almaniyaya göndərilib.
Bu amansız qətliamla bağlı müharibədən sonra, 1947-ci ilin 17-25 noyabr tarixlərində Çerniqovda məhkəmə prosesi keçirilib. Məhkəmənin müttəhimlər kürsüsündə 13 nəfər yüksək rütbəli macar hərbçisi və 3 nəfər yüksək vəzifəli alman zabiti əyləşib.
Məhkəmə prosesində ittiham olunanların cinayət əməlləri tam sübuta yetirilib. Proses zamanı o da aydın olub ki, bu şəxslər təkcə Ukrayna ərazisində deyil, həmçinin Belarusiya və Rusiya ərazilərində də bir çox hərbi cinayətlərə başçılıq ediblər.
Hakimin general-leytenant Zoltan Aldya-Papa “nəyə görə bu cinayətləri törədirdiniz” sualına o, çox soyuqqanlıqla cavab verib:
- Biz öz vəzifəmizi yerinə yetirirdik.
- Uşaqları, qadınları, qocaları işgəncə ilə öldürmək, diri-diri yandırmaq sizin vəzifəniz idi? Bu vəzifələr hansı nizamnamədə yazılıb? Hansı əsasla siz bu cinayətləri törətmisiniz?
- Nəzərinizə çatdırmaq və bir daha təkrar etmək istəyirəm ki, bu bizim vəzifə borcumuz idi. Bununla bağlı bizə rəsmi sənəd də təqdim olunmuşdu. Macarstan silahlı qüvvələrinin baş qərargahı tərəfindən mənə, 105-ci diviziyanın komandiri kimi 10 saylı direktiv göndərilmişdi.
Həmin direktivdə alman və macar qoşunlarının ərazidə maneəsiz və rahat dislokasiya olunması üçün istənilən yolla, istənilən vasitə ilə yerli əhalinin, o cümlədən partizan dəstələrinin, girov və əsirlərin məhv edilməsi tapşırığı verilmişdi.
- İstənilən vasitə deyəndə siz nəyi nəzərdə tutursunuz? İnsanları taxta evlərə doldurub diri-diri yandırmağı, yoxsa xəndəklər qazıb onları diri-diri basdırmağı?
- Hər ikisini. Bu, həm vaxt baxımından, həm də silah-sursata qənaət baxımından sərfəli vasitədir. Mən bununla bağlı sizin bütün suallara təkrar-təkrara cavab vermişəm. Növbəti suallarınız cavablandırılmayacaq. Son olaraq etiraf edirəm, mən və mənim komandiri olduğum 105-ci diviziya tərəfindən sovet Ukraynasına olduqca böyük ziyan vurulub. Buna görə də mən özümə haqq qazandırmağa cəhd etməyəcəyəm, sükut elan edib cəzamı gözləyəcəyəm.
İstintaq materiallarında göstərilib ki, təkcə 1-2 mart 1943-cü il tarixlərində, iki gün ərzində Çerniqov vilayətinin Kryukov qəsəbəsində və ona bitişik olan kəndlərdə 6700 nəfər dinc əhali, o cümlədən uşaq, qadın, qoca və 1290 fərdi ev yandırılıb. Bu fakt məhkəmə prosesində öz təsdiqini tapıb.
Daha bir qəsəbədə, Alekseyevkada 24 vevral 1943-cü ildə 700-dən artıq məktəb yaşlı uşaqlar və yaşlı qadınlar köhnə məktəb binasına doldurularaq yandırılıb, vəhşicəsinnə qətlə yetiriliblər. Qəsəbədə yaşayanların mal-qarası, ərzaq ehtiyatları, geyimləri, ev əşyaları əllərindən alınaraq alman və macar qoşunlarının istifadəsinə verilib
Məhkəmə 25 noyabr 1947-ci ildə müttəhimlər kürsüsündə əyləşən 16 nəfər macar və alman cəlladlarına hökm oxuyub. Onların hamısı ən ağır cəzaya, 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Həmin dövrdə ölüm hökmü ləğv olunduğundan bu cəza ən ağır cəza sayılıb.
Cəllad faşistlər cəzalarını Vorkuta düşərgəsində çəkiblər. 1955-ci ildə onlar azadlığa buraxılıb.
General-leytenant Zoltan Aldya-Pap cəzadan azad olunduqdan sonra Macarıstana qayıtmayıb. O, Hindistana mühacirət edib, keşiş kimi fəaliyyət göstərib, xeyriyyəçiliklə məşğul olub. Amma bu geçikmiş xeytiyyəçiliklə o, günahlarını yuya bilməb. Ömrünün son illərində onun gözləri tutulub. Dünya işığına həsrət qalan Zoltan Aldya-Papın, bu qəddar generalın ömrünün sonu böyük əzablar içində keçib və o, 1987-ci ildə ölüb.
İlham Cəmiloğlu.
Teref.az