Məşhur ailədən olan sevgili, dondurma üçün ağlayan aktyor, Yaşar Nurinin gecə qonaqlığı...– Xalq artisti xatirələrini açıb-tökdü
10-03-2021, 07:57
Vaxtından da yarım saat tez gəlmişdi vədələşdiyimiz yerə. Deyir, gecikməyi sevmirəm. Bilirəm, bunu gənc aktyor kimi teatrda işləməyə başladığı vaxtlardan mənimsəyib. Özündən böyük sənətkarlardan öyrənib ki, məşqə vaxtından da tez gəlib, obraza köklənməlisən, yoxsa səndən aktyor olmayacaq.
Köhnə sənətkarlardandır – bəlkə bu ifadə bir az qulağa yatımlı alınmır, amma səhnədə, kinoda korifeylərlə işləyib, dərs alıb korifeyləşən sənətkarı başqa necə dəqiq ifadə etmək olar ki, onun içində bu sadaladıqlarım hamısı olsun. Xalq artisti Rafiq Əzimovdur Lent.az-ın həmsöhbəti.
Bir ildir teatrsız qalmışıq. Aktyor üçün bu böyük itkidir. İki ay evdən çölə qətiyyən çıxmadım, sonra oğlum gəldi, oğurladı məni apardı Mərdəkana bağa, dörd ay orda qaldım. Sonra gözlərimdə problem yarandı, kitab oxuya bilmədim, getdim həkimə, məlum oldu mirvari suyu gəlib, əməliyyat olundu - əvvəl biri, sonra o birisi, indi elə bil gözlərimə işıq gəlib. Yaş 83-dür. Bu gün teatrdan uzaq qalmaq çox çətindir. Evdə başım bir az qarışır. İki oğlum var, dörd də oğlan nəvəm. Qızım yoxdur deyə bilmərəm, gəlinlərim qızlarımdır. Mehriban yaşayırıq.
Uşaqlıq
Bakıda doğulmuşam, uşaqlığım çətin keçib. 1938-ci il təvəllüdəm. Müharibə başlayanda üç yaşım vardı. Atam yollandı müharibəyə, anam çarşablı evdar qadın işləməyə məcbur oldu. İki qardaş demək olar ki, xalamgildə keçib uşaqlıq illərimiz. Anam Sabunçuda işləyirdi, bizi də qoyurdu elə orda yaşayan xalamın yanına. İşdən gələrdi ora, bir də şəhərə qayıtmazdıq ki, sabah yenə o məsafəni qət etməyək. Bakıda Vidadi küçəsində olurduq özümüz, Qurban Pirimovun evindən bir az o tərəfə, Qəmər Almaszadə ilə qonşuluqda. Əliağa Kürçaylı üzbəüzdə kirayədə yaşayırdı.
Atam müharibədən 1947-ci ildə gəlib. Müharibə qurtarmışdı. Atam gəlib çıxmırdı. Anamın gözü yollarda. Bilmədi neynəsin, bir qoca falabaxan vardı, noxudla baxırdı, onu çağırdı. Qadın yaxasından bir torba çıxardıb noxudları töküb yerlərini o tərəf bu tərəfə dəyişdi və dedi ki, bir həftə sonra saat 12-də evinizdə şadyanalıq olacaq.
Həmin deyilən vaxtda bir də baxdıq ki, evimiz aşağıda idi, yuxarıdan pilləkən düşürdü məhəlləyə tərəf, atam əsgər paltarında çiynində heybəsi pilləkənləri düşür.
Məhəlləmiz bir az şuluq idi, məni onlardan uzaqlaşdıran dram dərnəyi oldu. Anam da zəhmli qadın idi, qoymazdı məhəllə şuluqlarına qoşulam.
1 nömrəli məktəbdə oxumuşam ibtidaini, sonra 199-da, onilliyi 44 nömrəli məktəbdə başa vurmuşam. Uşaq dram dərnəyinə, böyüklər üçün dram dərnəyinə, arada da tar dərnəyinə getmişəm. Yaxşı tar çalırdım, sonralar “Vaqif” tamaşasında Vidadi rolunda səhnədə canlı tar ifa etmişəm. İndi barmaqlarım tutmur, çala bilmirəm. Kamança ifaçısı Ağacəbrayılın atası Ağasalehdən öyrənmişdim tarı, gözəl insan idi. Opera teatrının səhnəsində dərnək üzvləri ilə birlikdə canlı konsertlə çıxış etmişdik.
Dram dərnəyinə isə Əli Qurbanov rəhbərlik edirdi. Böyüklər üçün dram dərnəyinin rəhbəri isə Lütfi Məmmədbəyov idi.
Gənclik
Aktyor olmaq istəyirdim, atam, anam icazə vermirdi. Əmim oğlu vardı - Cəbrayıl Əzimov, rəssam idi. Gəldim ona dedim ki, atamı yola gətir, icazə versin aktyor olmağıma. Dedi, sənin qabında bir şey varsa, mən onları razı salaram. Amma sən get kinostudiyada yaşıl “Moskviç”i olan Tofiq adlı oğlan var, onun yanına. O desə ki, səndən aktyor olar, demək işlər düzəlib.
Gəldim kinostudiyaya, sən demə, bu Tofiq Kazımov imiş. Əmioğlu Cəbrayılla bir məhəllədə böyüyüblər. Mənə çoxlu sual verdi, dram dərnəyindən öyrəndiklərim köməyimə çatdı, gördü hər şeydən xəbərdaram. Dedi, ver sənədlərini instituta.
Cəbrayıl da valideynlərimi razı saldı, atam onun xətrini çox istəyirdi, sözünü yerə salmadı.
Mirzağa Əliyev adına Teatr İnstitutuna qəbul olunanda cəmi 55 nəfər tələbə idik institutda. Kursun rəhbəri Məhərrəm Haşımov idi, rus dramasında rejissor işləyirdi. Dərslərimiz də həmin teatrda keçilirdi.
Teatr
2-ci kursda oxuyanda Moskvada keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı ongünlüyündə dörd tamaşa ilə çıxış etdik. Hamımız tələbə olduğumuzdan tamaşaçılar bizi çox yüksək səviyyədə qarşıladılar. Kursumuzda Həsən Məmmədov, Hacımurad Yegizarov, Elmira Şabanova, Tofiq İsmayılov, Zəyyar Ağayev – bir sözlə, hamısı sonradan böyük sənətkar olacaq adamlar.
Moskvadan qayıdandan sonra Həsənə dedim ki, gedək öz milli teatrımızda işləyək, rus dramasında işləməyəcəyik ki. Gəldik kütləvi səhnələrdə bizə rol verdilər, Adil İsgəndərovun vaxtları idi. Ələsgər Ələkbərov, Mərziyyə Davudova, Fatma Qədiri, Ağasadıq Gəraybəyli kimi nəhənglər işləyirdi həmin vaxt.
Tələbə kimi hər çıxışımıza 80 qəpik pul yazırdılar teatrda. 10 tamaşa oynayırdıq, 8 manat yaxşı pul idi, üstünə gəl təqaüd.
İnstitutu qurtardıq, təyinatımı verdilər işlədiyim teatra. O vaxt bu vaxt, bir gün də olsun başqa teatrda işləməmişəm. İkinci belə aktyor yoxdur.
O vaxt yaşlı aktyorlar gənclərin sənətə münasibətinə çox fikir verirdilər. Hər şey sənətə münasibətdən başlayır.
Kino
Teatra məşqə gedirdim, bir qadın yaxınlaşdı mənə, soruşdu ki, kinoya çəkilmək istəyirsiniz? Gənc aktyora belə sual verilər? Əlbəttə, istəyirəm!
Teatrdan məşqdən çıxıb getdim kinostudiyaya. Həmin qadın məni bir rus rejissora təqdim etdi ki, bu da bizim Əli dayı - obrazın adı ilə. “Mosfilm”in rejissorunun çəkdiyi “Mənim əziz atam” adlı filmdə Əli dayı obrazına çəkildim ilk dəfə.
Viktor Qalyakinin bütün əsərlərini oxudum, bir hekayəsi əsasında filmə çəkilib başa çatınca. Əminə Yusifqızı həmin filmdə həyat yoldaşıma çəkilib. İkimiz də gənc aktyorlar idik. İlk çəkilişə mən iki dənə dəbdə olan “Kəmşirin” çaxırı aldım, Əminə də “Abşeron” tortu. Çəkiliş yerində rejissor bizi filmin qəhrəmanı ilə tanış etdi. Dedi ki, Saşa, tanış ol, Əli dayı gəldi. Saşa üzünü çevirəndə görəm Şurik - Aleksandr Demyanenko. Çox sevindim. Bu da məni görən kimi, əllərini qaldırıb necə - o....- etdisə dedim yəqin məni tanıyıb, qayıtdı ki, “Kəmşirin”, məlum oldu ki, əllərimdəki çaxırı salamlayır. Aldı əlimdən, dərhal açdı, süzdü, tanışlığımız şərəfinə içdik.
Kəmşirinin hesabına yaxşı söhbət yarandı, mən də həm ssenari barədə, həm də oxuduğum əsər barədə fikirlərimi bölüşüb, nəticədə ssenariyə görə yığcam olan obrazıma povestdən bəzi yerlər də əlavə etdirib böyütdüm. Filmdə dörd övladım vardı, üçünü tapmışdılar, dedilər dördüncünü özün tap. Tapdım gətirdim, dedilər bu uşaq kadrda ağlamalıdır. Çox balacadır, bacaracaq? Dedim bacaracaq. Bunu da həvalə etdilər mənə.
Çəkiliş vaxtı dondurmasatan gəlmişdi, o biri uşaqlar gedib dondurma alıb yedilər, gördüm bu balaca da istəyir. Getdim dondurmasatana dedim ki, o gələndə vermə dondurma. Elə də oldu, satıcı ona dondurma satmadı ki, sənə olmaz, uşağa haqsızlıq təsir etdi də, necə yəni hamıya olar mənə yox, başladı ağlamağa. Kadrı çəkdik. Uşaq da mənim böyük oğlum idi, dörd yaşı vardı. Sonradan dedim rejissora.
Oynadığım film Bakı həyatından bəhs edirdi. Obrazım Əli dayı isə Rasim, Rafiz İsmayılov qardaşlarının atalarının prototipi idi. Rafiz indiyə kimi də mənə “papaşa” deyir.
Bununla da ardıcıl çəkildim – “7 oğul istərəm”, “Xatirələr sahili”, “Qızıl qaz”, “Ad günü”, “Arxadan vurulan zərbə” və sair. Hələlik sonuncu rolum Rüfət Həsənovun “Daxildəki ada” filmində Ənvər roludur. Mərdəkanda bağda olub çəkilişlər, onun öz bağında, mən də Mərdəkanda olurdum elə. İnternetdə gördüm ki, bu film Serbiyada festivalda 49 ölkə arasında birinci yeri tutub. Sevindim, çox sevindim ki, kinomuz uçurumdan çıxır.
Evlilik
Yoldaşım məşhur ailədəndir. Sonradan bildim bunu. Bir institutda oxuyurduq, o mədəni-maarif fakültəsində, məndən iki kurs aşağıda təhsil alırdı. Hamıdan seçilən görkəmi vardı. Dərslərə başımız çox qarışırdı, çox məşğul idik, qızla görüşməyə vaxt yox idi. Bir dostun ad günündə rastlaşdıq. Sonra yeni il şənliyində təsadüfən görüşdük. Sonra artıq mən bu qızı institutda özüm tapdım. Nigardı adı, Əsgərağa Goraninin nəvəsidir. 1873-cü ildə teatrın əsası qoyulan “Lənkəran xanının vəziri” tamaşasında Teymur ağanı oynayıb. Nəcəf bəy Vəzirov, Əliqulu Qəmküsarla tərəf müqabili olublar. İlk teatr tamaşasında rastlaşdıq.
1964-cü ildə “Səadət” sarayında toyumuz oldu. Barat xanım Şəkinskayanın toyumuzda bizə hədiyyə etdiyi büllur vaz hələ də evimizin bəzəyidir. Qızı Solmaz da tələbə yoldaşımız idi. Qonaqlara baxın e, Əliağa Ağayev, Lütfi Məmmədbəyov, Həsən Məmmədov, Kamil Qubuşov, daha kimlər. Hayıf ki, Qürbət Qurbanov məni aldatdı ki, şəkilləri mən çəkəcəm, rəhmətlik gəlmədi, nəticədə toydan şəkillərimiz olmadı.
Gülağa Məmmədov öz dəstəsi ilə toyu oxuyurdu. İlk dəfə türk mahnılarını Gülağa oxuyub Azərbaycanda, bizim toyda da oxuyurdu.
İçərişəhərdə Məmmədəlinin kababçısından bir az yuxarıda yaşayırdıq ailəlikcə, iki dar otaqda. Şahmar Ələkbərovla bir həyətdə olurduq. Şahmarın əkiz qızları da orda dünyaya gəlib.
Cəmi 4 il idi teatrda işləyirdim, bəxtim gətirdi, mənə ikiotaqlı mənzil verdilər, 4-cü mikrorayonda. Rəhilə Mirzəyeva imtina elədi ki, mikrorayon uzaqdır, getdim Tofiq Kazımovdan xahiş etdim, dedi mümkün qədər çalışacam alınsın, alındı. Komsomol fəalı kimi verdilər mənə, o vaxt komsomolun hörmətli vaxtları idi. Məmmmədrza Şeyxzamanovla, Leyla Bədirbəyli ilə məsləhətləşib, deyiblər ki, gənc ailədir, verilsin ona.
Sonra 9-cu mikrorayonda üç otaq verdi mənə dövlətimiz. Son vaxtlar da sağ olsun, prezidentimiz yeni ev verdi mənə Yasamaldan. Hazırda orda yaşayıram. Yayda Mərdəkana bağa gedirik. Kiçik oğlum İsmayıllıda da ev tikib. Hərdən yayda ora da gedirik. Oğlanlarımı da yerbəyer etmişəm, Allah hamıya qismət etsin.
9-cu mikrorayonda yaşayanda Səməndər Rzayevlə, Yaşar Nuri ilə, Əliabbas Qədirovla qonşu idik.
Məzəli əhvalat
Bir dəfə usta suyu açıq qoyub, axıtmışdı Yaşarın təzə təmir edilmiş evinə. Dedim, Yaşar bizi öldürəcək. Bir az keçdi, gecə vaxtıdır, qapı döyüldü, baxdım ki, Yaşar. Dedim qırğın başlayacaq. Açdım qapını gördüm Yaşar əlində sinidə şampan, meyvə. Dedim Yaşar, söyəcəksən məni? Qayıtdı ki, yox, alə, qonşu qonşunun başına su axıtmadı day bu qonşuluğun nə ləzzəti, gəldim bunu qeyd edək.
Belə əhvalatlar çox olub həyatımızda. Deyirlər, bunlardan kitab yaz, deyirəm indi kitab oxuyan var bəyəm...lent.az