"Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar"

13-04-2021, 20:01           
"Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar"
Haqq elmində bu aləm bir surət imiş ancaq,

O surətdə bu Adəm bir nöqtə imiş ancaq.

O nöqtənin içində gizli neçə min dərya,

Bu aləm o dəryadan bir damla imiş ancaq

Adəmliyin kim tapsa bil ki odur Adəm,

Yoxsa görünən surət bir kölgə imiş ancaq.

Hz. Niyazi Misri (17 əsr)



Texnologiyanın böyük sürətlə inkişafına baxmayaraq bəzi insanlar hələ də meymundan əmələ gəlmələrini düşünürlər. Onların Darvin nəzəriyyəsinin hələ də qüvvədə qalmasına baxmayaraq, özlərinin kamil insan olmalarına tam əmindirlər. Qədim müdriklərin, yəni sufilərin məntiqində kamil insan - yaradılışını bilmək və Allahını tanımaq hesab olunurdu ki, bu günkü insanlar bu haqda heç nə bilmirlər. Buna görə də müasir dövrümüz sufi məntiqində "cahiliyyə dövrü" hesab olunur. Bəs həqiqət necədir, elm nədir? İnsanlar nələri bilmirlər? Bu məqalədə biz bu məsələlərə sufi-batin məntiqi ilə, yəni qədim müdriklərin "gözü" ilə baxacağıq.

Bildiyimiz kimi imam Əli demişdir: "Elm bir nöqtə idi, cahillər onu çoxaldılar". Yazılanlara görə, İmam Əli İlahi sirləri, yəni batin elmini bilən kamil insan olmuşdu və buna görə də peyğəmbərimiz - "Mən elm şəhəriyəm, Əli onun qapısıdır" demişdi. Başqa sözlə, yalnız imam Əlinin elmi ilə peyğəmbər həqiqətlərini dərk etmək mümkündür. Deyilənə görə İmam Əli "nöqtə" ilə bağlı bildirmişdir ki, “Quran Fatihədən, Fatihə Bəsmələdən, Bəsmələ “Bə” hərfindən ibarətdir və mən də o "Bə" hərfinin altındakı nöqtəyəm". Batini məntiqdə Bə (Ba) - qədim Misir fironu (pir) Amonun göydə Ra-Amon Allahına çevrilərək ölümsüzlük qazanmış ruhudur. Deməli, imam Əli göydəki Ra-Amon/Rəhman Allahın ruhu ilə bağlıdır. Başqa sözlə, həqiqi elm imam Əlidən başlayan vahid elmdir və bu elmi cahillər çoxaltmışlar. Bu elmin nə məna kəsb etdiyini anlamaq üçün müqəddəs yazıların batini mənalarına nəzər salaq.

Ba rəmzi müqəddəs Tövratın və Quranın ilk rəmzləridir. Tövrat - "Əvvəlcə Allah göyü və yeri yaratdı" cümləsindən başlanır ki, burada ilk söz "əvvəlcə" mənasını verən "Bereşit" rəmzidir. Yəhudi müdriklərinə görə "Bereşit" rəmzi bütün Tövratın mahiyyətidir. Bu kitabda "Əvvəlcə Allah yaratdı" ifadəsi - "Bereşit bara Elohim" rəmzləri ilə verilir və burada Elohim (İlah-Om) - Allah, "bara" (BR) rəmzi isə "yox yerdən var etmək" mənasındadır. Bereşit rəmzi Be-reşit kimi açılır ki, buradakı reşit - əvvəl deməkdir. Ba rəmzi yəhudi əlifbasında ikinci - bet hərfidir. Üç tərəfi bağlı, sol tərəfi açıq olan bu hərfin ortasında nöqtə (בּ) olanda "B", yəni ba kimi oxunur. Batini mənada bet hərfi beyt, yəni ev deməkdir ki, bu da göydəki ev anlamında yəhudilərin El Allahına aiddir. El (İlu) rəmzi isə Əli rəmzi ilə eyni mənalıdır. İmam Əli özünü Ba-nın altındakı nöqtə adlandırır ki, yəhudi əlifbasında bu nöqtə bet-in, yəni beytin içindədir. Deməli, imam Əli obrazı yaranış zamanı Allahın göydəki beytinin içində yaradılmışdır. Digər tərəfdən, bet hərfi rəqəm hesabında iki deməkdir və bu mənada Bereşit rəmzi Bet-reşit, yəni iki əvvəl, iki başlanğıc, iki yaradılış mənasını verir. Reşit rəmzi batini mənada Ra və Şit rəmzlərindən ibarətdir. Ba-Ra-Şit rəmzlərini yaxşı anlamaq üçün eyni zamanda Qurana da nəzər salmaq lazımdır.

Yazdığımız kimi Quran Fatihədən, Fatihə Bəsmələdən, Bəsmələ isə ba hərfindən ibarətdir ki, bu da Quranın mahiyyətinin ba ilə bağlı olması deməkdir. Ba-dan başlanan Bereşit də Tövratın mahiyyətidir. Batini mənada "Bismillah Rəhmani Rəhim" rəmzi - "Ba Allahın ismi Rəhman və Rəhimdir" fikrini ifadə edir. Burada Rəhman - əvvəldə gələn günəş Allahı Ra-Amon, Rəhim isə axirətdə gələcək Mehdi mənasındadır və biz bu haqda kitab və məqalələrimizdə yazmışıq (Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Rəhim rəmzi Ra-Qam mənasında Mehdinin qam-şamanlıqla, yəni ekstatk durumla bağlı olmasına işarədir. Quranda RaQam rəmzi Raqim əhli kimi keçir və Mağara surəsindəki mağara ilə əlaqələndırilir və biz aşağıda mağara rəmzinə qayıdacağıq. RaQam (R-QM) rəmzi batinilərdə eyni zamanda QamƏr (QM-R) kimi oxunur ki, bu da Mehdinin - axirətdə günəş Allahının yerinə gələcək ay Allahı mənasında olması deməkdir. Deməli, Ba Allahı dedikdə burada da iki yaranış, iki başlanğıc nəzərdə tutulur və bunlar bilavasitə Ra günəş Allahı ilə bağlıdır. Tövratda da Bereşit rəmzində olan Ba Allahı - Ra və Şit rəmzlərindən ibarətdir ki, burada əvvəldə gələn Ra - günəş Allahı olan Ra-Amon/Rəhman, Şit rəmzi isə axirətdə gələcək və Rəhim mənasında olan Moşiahı, yəni Mehdini bildirir. Başqa sözlə, Bereşit dedikdə sufi-batinilər günəş Allahı olan Ra-nı və ay Allahı olan Şiti nəzərdə tuturlar.

Bereşit rəmzi həm də Bere-Şit kimi oxunur ki, biz yuxarıda bere/bara (BR) rəmzinin birbaşa mənada - "yox yerdən var edən" mənasında olmasını yazdıq. Qədim Misirdə bara rəmzi - firon Amonun ba ruhunun, onun teurqiya vasitəsi ilə göydə yaratdığı Ra diski/şarı ilə birləşməsini bildirirdi ki, bu da elə Amon-Ra (Ra-Amon) deməkdir. Deməli, batini mənada Bereşit həm də AmonRa-Şit deməkdir.

Tövratda Şit - Adəm və Həvvanın, Habil və Qabildən sonra üçüncü oğlu hesab olunur və mənbələrdə o Sif kimi də keçir. Mətnlərə görə Adəm oğullarından yalnız o atasının bənzəri və obrazı kimi yaradılmışdır. Adəmin özündən elm öyrənən Şit/Sif - İlahı müdrikliyin qoruyucusu və "insaniyyətin ürəyi" hesab olunurdu.

Tövratda günəş və ay Allahları böyük və kiçik nursaçan kimi rəmzləndirilmişdir. Bu kitaba görə, yer və göyün yaradılışının dördüncü günü, Allah - iki nursaçan: Böyük nursaçan - gündüz, kiçik nursaçan isə gecə idarə etmək üçün yaradır. Burada böyük nursaçan dedikdə, firon Amon (Ba ruhu) ilə birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş diski (şarı) başa düşülməlidir. Kiçik nursaçan isə ayın, yəni axirətdə günəş Allahı Ra-Amonun yerinə keçən Mehdinin rəmzidir.Yaranışdan sonra kiçik nursaçan, yəni ay Allahının obrazı - axirətədək göy aləmindəki Allahın beytində qalaraq axirəti gözləmişdir.

İslamda, yaradılışının dördüncü günündə yaradılan böyük və kiçik nursaçan - Məhəmməd peyğəmbər və imam Əliyə aid edilir. Hədislərə görə, Məhəmməd peyğəmbər və Əli, Adəmdən əvvəl yaranmış “vahid işığın iki nuru” olmuşlar. Bu İlahi nur, iki toxuma bölünmək, Mühəmməd və Əli şəxsiyyətində təcəssüm etmək üçün müxtəlif dövrləri keçmişdir. Deyilənə görə, Mühəmməd peyğəmbər bildirmişdir ki, “Mən və Əli, Adəmin yaradılmasından 14000 il əvvəl eyni nurdan ibarət idik”, yaxud “Mən və Əli, Adəmin yaradılışından 40000 il əvvəl Allah qarşısında nur olmuşuq”. Digər bir yazıda deyilir: “Adəmin dövründə Əli - Sif olmuşdur… Əli eyni zamanda Simonun obrazında gəlmişdir”. Və yaxud “Qəbul et ki, o Şimun əs-Safa olmuşdur, yəni o Simon-Petrdə, başqa cür desək əfsanəvi həvari (əshabə) Petrdə təcəssüm etmişdir” (L.İ.Klimoviç “İslam” M, 1965, səh.144). Bunlar o deməkdir ki, Bereşit rəmzindəki Şit (Sif) obraz elə axirətdə Ra günəş Allahının yerinə gəlməli olan ay Allahı Əlinin obrazıdır.

Qədim mənbələrdə ay Allahı dedikdə - Harrandan (Hü-Arran) olan Sin nəzərdə tutulur və o mənbələrdəki İl-Amurru (Əli -Əmir), yəni mar-amoreylərin El Allahı ilə eyniləşdirilir. Bu mətnlərdə El-Amurru rəmzinə “Bel-Şad” rəmzi də aid edilir və bu da Midiya şad-bəglərinin, yəni seyid-bəglərinin Allahı mənasındadır. Şit rəmzi özü qədim Misirin suti/set, yəhudilərin isə sad/şad rəmzi kimi Midiya mar-amoreylərinə, yəni miri-seyid bəglərinə aiddir.

Harranın (Arran) ay Allahına aid edilən "Sin" rəmzi, məşhur sufi Cabir ibn Həyyanın “Kitab əl-Məcid” traktatında axirətdə gözlənən İmamı bildirir. Tədqiqatçı Anri Korbenə görə, “Sin - qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi "səyyahlara" İmamın təmiz nurunu göstərənin obrazıdır”. Burada yetim - mürşidsiz qalan və buna baxmayaraq İlahı sirləri dərk edən anlamındadır. Qeyd etmək yerinə düşər ki, ba rəmzi ilə, yəni Rəhman Allahın ruhu ilə başlayan Quranın ən son hərfi də Sin-dir. Sin eyni zamanda Sina/Sion dağıdır və Midiyada bu dağ Süni, yəni Sünik kimi keçir ki, məhz burada müqəddəs atalar, beyt mənasında göydə "səhra" tikmişlər. Buradan isə belə nəticə çıxarmaq olar ki, axirətdə günəş Allahının yerinə gələcək ay Allahı Sin - Süni/Sina dağı ilə bağlı olacaq.

Bütün bunlar o deməkdir ki, əvvəldə (Bereşit) iki obraz yaradılmışdır ki, bu da Ra günəş Allahının və Şit (Sif) ay Allahının obrazlarıdır. Müqəddəs yazılanlara batini məntiqlə yanaşsaq, Tövrat - əvvələ, yəni əvvəldə gələn və hər şeyi yaradan Ra-Amon Allahına (Alfa), Quran isə axıra, yəni axirətdə gələcək Mehdiyə (Omeqa) həsr olunmuş kitabdır. Yaranışdan sonra ay Allahının obrazı beytdə axirəti gözləmişdir ki, bu da nöqtə mənasında imam Əliyə aid edilən ikinci ba ruhudur.

Fransız əsilli islam alimi Şeyx Mişel Valsana görə, imam Əlinin dediyi - "Mən Ba-nın altında nöqtəyəm" fikri, Quranın Kəhf surəsindəki (ayət 82) iki yetimə çatası xəzinə ilə bağlıdır və nöqtə elə bu xəzinədir (Məqalə: "Ba'nın altındaki nokta" sayt: https://www.google.com/amp/s/www.hurriyet.com.tr/amp/yazarlar/musa-dede/banin-altindaki-nokta-29763319). Bu ayədə deyilir: "Divar isə o şəhərdə iki yetim gəncə aid idi. Və onun altında onlara aid sərvət var idi. Ataları əməlisaleh olmuşdu. Rəbbin, onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıkarmalarını istədi".

Bu ayədə "şəhər" sözü "mədinət" rəmzi ilə verilmişdir ki, bu rəmz Mədinə şəhəri mənasında mənbələrdə Mədinət əs-Salam kimi keçir. Mədinə, Mədinət rəmzləri batini mənada Məd-Ane, Məd-Nut rəmzləridir və "Ane (Gel) şəhərindəki Məd", "Nut göyündəki Məd" deməkdir. Məd rəmzi isə həm Midiyanı və həm də onun göylərində yaradılmış Adəmi, yəni qədim Misirin kosmik Atum Allahını bildirir. Deməli, buradakı şəhər - Atum Allahın, Atum dünyasının yaradıldığı qədim Gel şəhəridir. Digər tərəfdən, Mədinət əs-Salam rəmzi mənbələrdə Bağdad şəhərinin rəsmi adı kimi keçir. Qədim Misir mətnlərində Bağdad rəmzi Bexdet kimi qeyd olunur və Teb, yəni Tuba (Mədinə) şəhərinə aid edilir. Bu mətnlərdə Allah, Teb (TB) şəhərini, yəni göydəki beyti (BT) - Bexdetli Qorun şəhəri adlandırır. Bexdet/Bağdad rəmzi isə tərikənin "Bəqa səviyyəsində yaradılmış Duat aləmi" (Baqa-Duat) deməkdir. Buradan belə nəticə çıxarmaq olar ki, ayədə qeyd olunan şəhərdəki divar - Allahın göydəki beyti ilə yerdəki dünyanı ayıran divar mənasındadır.

Şeyx Mişel Valsanın - imam Əlinin dediyi "Mən Ba-nın altında nöqtəyəm" kəlməsini divarın altındakı xəzinə ilə əlaqələndirməsi, ba hərfinin yazılışı ilə də bağlıdır. Belə ki, başda gələndə ba rəmzi şaquli xətlə başlayıb sola dönür ki, bu da divara () bənzəyir. Onun altındakı nöqtə də məhz divarın altındakı xəzinə mənasını verir. Başqa sözlə, Ba-nın altındakı nöqtə, yəni xəzinə - iki dünyanın sərhədi rolunu oynayan divarın altındadır.

Yazılanlardan belə çıxır ki, imam Əli mənasında olan nöqtə Bereşitdə, yəni "dünya"nın yaradılışının əvvəlində göydəki beytin (bet) içində qeyd olunursa, axirətdə bu nöqtə ba hərfinin altına düşür. Bunun səbəbini anlamaq üçün Allahın obrazları materiallaşdırmasının texnologiyasını bilmək vacibdir. Nöqtə, yəni Mehdi obrazı - Allahın əvvəlcədən müəyyənləşdirdiyi zühurdur ki, bu da Onun öz nəzarətində, iradəsi ilə həyata keçir. Batini-Quran kitabında biz göstərmişik ki, Allahın iradəsinin materiallaşması Lövhi Məhfuzda yazılanlara uyğun baş verir və bu yaradılış ardıcıllığı qədim Misir mənbələrində, neoplatonçu Plotində və Əl Qəzalidə eyni formada göstərilir.

Əl Qəzaliyə görə "dünya" üç hissədən, yəni üç aləmdən ibarətdir ki, bu da göydəki mələküt aləmi, yerdəki aləm - mülk və mülkün altındakı mağara - cəbərut aləmidir (Абу Хамид Ал-Газали «Воскрешение наук о вере» М.,80, стр.57, 213). Əl Qəzali bildirir ki, Allahın əmri mələkütlə (göydəki beyt), əmrin ruhla təması, yəni obrazın materiallaşması cəbərut və orada olan lövhi məhfuzla, materiallaşmanın həyata keçməsi isə mülklə bağlıdır Sadə dildə biz bu yaradılışları belə ifadə edə bilərik:

Allah dünyanı yaradanda iki obraz yaratmışdır ki bu da əvvəldə gələn günəş Allahı obrazı və axirətdə onun yerinə keçəcək ay Allahı obrazıdır. Axirətə qədər dünyanı günəş Allahı, yəni hər şeyi yaradan Ra-Amon/Rəhman Allah özü idarə edir. Bu zaman ay obrazı beytdə axirətə qədər qalır. Axirətdə günəş Allahı öz taxtını ay Allahına vermək üçün bu obrazı materiallaşdırır və canlı insana çevirir. Bu zaman beytdə olan ay obrazı (Ba nöqtəsi), mülkün altındakı cəbərut aləminə "enir" və buradakı ruhla birləşir. Materiallaşma isə mülkdə baş tutur ki, bu mülkü Allah özü qoruyur.

Mülk (MLK) rəmzi mənbələrdə eyni mənalı məmalik (MMLK) kimi də yazılır ki, bu da batinilərdə həm malik və həm də onun mülkü kimi oxunur. Mənbələrdə Allahın qoruduğu mülkü – “Məmaliki Məhruseyi Qacar”, yəni Qacarların qorunan mülkü kimi keçir. Numizmatika nümunələrində Allahın mülkü - "MülkəHu" kimi qeyd olunur və Qacarların da daxil olduğu Cəlairilərə, yəni Gelarkünün Alban şahlarına aid edilərək “Xəllədə Mülkəhu”, “Xəllədullah Mülkəhu” kimi yazılır. Xəllədə rəmzi digər mənbələrdə - Babil qülləsinin tikildiyi Xaldeya, Azərbaycan Atabəglər Ailəsinin Xelat eli, Qurandakı Xüld cənnəti və s. kimi də qeyd olunur.

Bütün bunlar o deməkdir ki, imam Əlinin özünü adlandırdığı “Ba-nın altındakı nöqtə” - Allahın mülkünün altındakı cəbərut aləmindədir. Bu aləm mənbələrdə Sokaris, yəni İlahi odun qorunduğu Arsak mağarası, Qades, Aid, Kerti və s. ölüm şahlığı adlanır. Mənbələrə görə bu mağarada yəhudilərin müqəddəs saydığı Əhd sandığı qorunur. Mağara özü də bağlı qutu kimi olduğu üçün mənbələrdə Nuhun sandığı-gəmisi, Musanın səbəti, Osiris tabutu və s. kimi də rəmzləndirilir. Bu sandıqda isə ilkin materiya, yəni sufilərin Hü adlandırdığı İlah, İlahi od, dirilik suyu, həyat enerjisi və s. qorunur.

İlkin materiya elə bir substansiyadır ki, onunla vəhdətə nail olan, yaradılışın bütün sirlərini dərk edir və bu haqda biz yazmışıq. İbn Sina “Biliklər kitabı”nda bildirir ki, insan bu vəhdət zamanı bir saat ərzində bütün elmləri ardıcıl – başdan sona qədər dərk edə bilir. Əl Qəzaliyə görə sufilər bu vəziyyətdə hətta ulduzlar arasındaki məsafəni də ölçə bilirdilər. Bu isə o deməkdir ki, bütün elmlərin mahiyyəti və məcmusu ilkin materiyadadır. İmam Əlinin dediyi "elm bir nöqtə idi" deyimi də məhz ilkin materiyaya və onun qorunduğu Əhd sandığına aiddir. Sufilər ekstatik durumda nurlanma vəziyyətinə düşür və ilkin materiyadan informasiya alaraq, istədikləri canlını yarada bilirdilər. Əl Qəzali irsinin araşdırıcısı R. Nikolson bu səviyyəli sufi pirləri haqqında yazır: “Vəli, yəni müqəddəs - Kamil İnsanın (Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi “birdən görmə”, “görülməyən və başa düşülməyən şeyləri görmə”, “hər şeyin aydınlaşması” və s.-dən başqa bir şey deyildir”. Deməli, peyğəmbərlər nəsli - ekstatik vəziyyətdə Allahdan və ya ilkin materiyadan informasiya ala bilən müqəddəslərdir. Mühiddin ibn Ərəbi Tərikənin bu səviyyəsini - Süleyman pilləsi adlandırır və bildirir ki, bu pillə Məhəmməd peyğəmbərin xalqına verilmişdir və ona görə də heç bir xalq onun xalqından üstün ola bilməz. Quran bu Süleyman pilləsini - Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlandırır. Belə çıxır ki, imam Əlinin "nöqtə" adlandırdığı kamil elm ən qədimdə Azəri seyid-bəglərinə verilmişdi və sonradan cahillər onu çoxaltdılar. Allah da “dünya”nı məhz bu kamil elmlə yaratmışdı.Yazılanlara görə, axirətdə Ba-nın, yəni beytin altındakı bu "nöqtə" (elm), cəbərutun açılması ilə Azər oğullarına qayıdacaq. Bundan sonra isə elm birdən-birə 14 dəfə artıq inkişaf edərək ən son - kamil vəziyyətinə gələcək. Daha heç bir inkişaf olmayacaq.

Quranda cəbərutun açılması - Nuhun sandıq-gəmisinin lövbər salması kimi rəmzləndirilmişdir: “Onlar səndən, “Nə zaman lövbər salacaq” deyə qiyamət vaxtını soruşacaqlar? De ki: “Bu haqda bilgi mənim Rəbbimdədir, öz vaxtında O, Onu açacaq. O göydə və yerdə çox ağır bir işdir. O sizə birdən gələcək” (Quran, 7:187). Digər yerdə “lövbər salacaq gəmi” əvəzində Musa və Harun ailəsindən qalan bir sandığın gəlməsi göstərilir: “Peyğəmbərlər onlara: Onun hökmdarlığının əlaməti, içində sizlərə Rəbbinin mövcudluğu və Musa ilə Harun ailəsinin saxladığından qalan bir sandığın gəlməsi olacaqdır. Onu mələklər gətirəcəklər” (Quran, 2:248). Xəzər yəhudilərinin məşhur "Xəzər məktubları"na görə, Musa ilə Harun ailəsinin sandığı, Allahın yarağları və digər müqəddəs əşyalar Ərdəbil ətrafında bir yerdə qorunur. Bu yer isə Xelat/Xaldeya, yəni Babil qülləsinin tikildiyi yerdir və sandıq, müqəddəs əşyalar da, Süleyman məbədi kimi tanıdığımız bu tikilinin içindəki 62 metrlik qızıl qüllədə qorunur. Qurana görə bütün bu sərvət axirətdə iki yetimə çatacaqdır.

Firudin Gilar Bəg
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.