Müdriklik və hikmət şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunur FOTO
4-06-2021, 00:16
Əl-Əhram, Misir
Müəllif: Mahmud Səd Diyab
O, hicri VI, miladi XII əsrin ədəbiyyat və şeir korifeylərindən biridir. Bu şair, mütəfəkkir və filosofun adı müsəlmanların orta əsrlər qaranlığını öz elm nuru ilə işıqlandırdığı bir dövrdə islam mədəniyyətinin uca məqamlarında həkk olunub. Söhbət Azərbaycan dövlətinin Gəncə şəhərində doğulmuş mütəfəkkir və filosof Nizami Gəncəvidən gedir.
Nizami Gəncəvinin anadan olmasından 880 il keçir. Azərbaycanın dövlət başçısı İlham Əliyev ölkəsində 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Nizami Gəncəvi hicri 570-ci il, miladi 1174-cü ildə Azərbaycanın Gəncə şəhərində dünyaya gəlib. Gəncəvi nisbəsi də bu şəhərə görədir. O, hicri V əsrdən bəri Şərqdə hakimiyyətdə olmuş Səlcuqilərin dövründə yaşayıb yaradıb. Nizami Gəncəvi islam poeziyasının sütunlarından biri, poeziyanın korifeylərindən hesab olunur. Şair hicri 614-cü, miladi 1209-cu ildə vəfat edib. Qəbri doğulub boya başa çatdığı şəhərdədir.
Nizami həyatının çox hissəsini doğma yurdu Gəncədə keçirib. Onun Azərbaycan Atabəyləri, eləcə də Ərzincanın, Şirvanın və Marağanın yerli hökmdarları ilə sıx əlaqələri olub. Şair, həmçinin Abbasilər xilafətinin mərkəzi İraqda Mosul Atabəyləri ilə də sıx əlaqələr saxlayıb. O, poemalarının çoxunu sonunculara təqdim edib.
Nizami Gəncəvi dünya ədəbi irsində qiymətli ədəbi irs qoyub gedib. O, farsdilli ədəbiyyatda ilk poemanın müəllifidir. Bütün şeirlərini fars dilində yazıb.
“Xəmsə”
Ən məşhur ədəbi əsərlərindən biri beş poemadan ibarət “Xəmsə”dir. Bunlardan biri olan “Sirlər xəzinəsi” sufi mövzulu mənzum əsərdir. Burada Sənayinin yazdığı “Həqiqət bağçası” və ya Cəlaləddin Ruminin qələmə aldığı “Mənəviye məsnəvi” üslubunda çoxlu hekayələr var. “Xəmsə” poemalarının müqəddimələrinin çoxu münacat və həmd-səna ilə başlayır.
Şairin ikinci əsəri “Xosrov və Şirin” poemasıdır. Poemada Sasani hökmdarı İkinci Kəsranın macəralarından və gözəl sevgilisi Şirinlə eşqbazlığından danışılır. Şair bu poemada hadisələri obyektiv araşdırmaqdan uzaqlaşır, məhəbbət hekayəsi yaradır. Nizaminin poeması təxminən yeddi min beytdir.
“Leyli və Məcnun” poemasında hadisələr ərəb məmləkətində baş verir. Bu qissə hökmdar haqqında deyil. Hekayə adi iki səhra ərəbi arasında yaşanmış hadisədən qaynaqlanır. Onlardan biri qəhrəman, digəri isə sevgili qızdır. Poema dörd min beytdən çoxdur.
“Yeddi gözəl” Nizami Gəncəvinin poemalarından dördüncüsüdür. 50 mindən çox beyti ehtiva edir. Bu məsnəvinin mövzusu “Xosrov və Şirin”in mövzusuna oxşayır və Sasani hökmdarlarından biri olmuş Bəhram Gurla ilə bağlı olan qissədən götürülüb.
“İskəndərnamə” və ya “Makedoniyalı İskəndər kitabı” Nizaminin beşinci məsnəvisidir, əruz vəzninin mütəqarib bəhrində yazılıb. Farsdilli poeziyanın əksər nümunələri bu vəzndədir. Bu poema iki hissəyə ayrılır: birinci hissə “Şərəfnamə”, ikinci hissə isə “İqbalnamə” adlanır.
Gəncənin sirləri
Tarixi məlumatlar Nizaminin bütün həyatını doğma yurdu Gəncədə keçirməsinin səbəbinə aydınlıq gətirir. Gəncə həmin dövrdə ən mühüm mədəniyyət mərkəzlərindən olub. Şair söz sənətində elə gövhərlər yaradıb ki, onlar fəlsəfi, ictimai, texniki və estetik fikir tarixinə təsir edib. Həmçinin o, çoxlu nümayəndələri olan böyük bir ədəbi məktəbin əsasını qoyub.
Nizami Gəncəvinin dünyanın ən məşhur kitabxanalarını və muzeylərini bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da stimul verib. Onun irsi daim azərbaycanlıların diqqət mərkəzindədir. Azərbaycan paytaxtı Bakıda şairin heykəli var.
Həmçinin Rusiyanın mədəniyyət paytaxtı, qədim çarizmin mərkəzi Sankt-Peterburq və İtaliyanın paytaxtı Roma kimi iri şəhərlərdə də Nizamiyə heykəllər ucaldılıb.
Şairin məqbərəsi Gəncədə yerləşir.
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyi dahi şairin adını daşıyır. Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Böyük mütəfəkkir, şair, ədib Nizami Gəncəvinin irsi ilə 1979-cu ildə araşdırmaya cəlb edilib. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının rəhbəri olarkən Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran, ülvi mənəvi dəyərləri gücləndirən irsinin öyrənilməsi və təbliği ilə bağlı təşəbbüs irəli sürmüşdü.
Nizami Gəncəvi ərəbdilli mənbələrdə
Misirdəki Azərbaycan diasporunun rəhbəri, Qahirə Universitetinin professoru doktor Seymur Nəsirov deyir ki, ərəbdilli mənbələr Nizami Gəncəvi haqqında geniş məlumat verir. Onun sözlərinə görə, imam əl-Himyəri “ər-Raud əl-Mitar” əsərində yazır ki, Azərbaycanın əhalisi elmə meylliliyi və onunla məşğul olmaları ilə məşhurdur. İmam əl-Cəzəri Azərbaycanın Mərənd şəhəri barədə danışarkən orada hər elm sahəsində çoxlu alimlərin yetidiyini xəbər verir və yazır: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişib”.
Əs-Səmani “əl-Ənsab” kitabında əl-Cəzərinin fikrinə əlavə edərək bildirir ki, “Azərbaycan qədimdən bu günə qədər alimlər yetişdirən diyardır”. O, daha sonra vurğulayır ki, Misirin İskəndəriyyə şəhərində dəfn olunmuş əllamə mühəddis hafiz Əbu Tahir əs-Siləfi Azərbaycanı qarış-qarış gəzibmiş. O, Azərbaycan ilə Əndəlus arasında müqayisə apararaq Şərqdə Azərbaycanın, Qərbdə isə Əndəlüsün elm və ədəbiyyatda xüsusi rolunu qeyd edib: “Qərbdə Əndəlus elm və ədəbiyyat sahəsində necədirsə, bizdə Şərqdə də Azərbaycan ölkəsi elədir”.
Gəncə haqqında qısa məlumat
S.Nəsirov “Bəvvabət əl-Əhram”a açıqlamasında bildirib ki, Gəncə (və ya Cənzə) bu gün Azərbaycanın ən böyük şəhərlərindəndir. Orada çoxlu təbii sərvət, məhsuldar torpaqlar var. Şəhər könüloxşayan mənzərələri ilə insanları cəlb edir. Orada qədim zamanlardan müxtəlif sənaye və sənətkarlıq mövcuddur. Həmçinin şəhər alimlərin və şairlərin ilham qaynağıdır. Gəncə bütün dünyada məşhurlaşmış və silinməz izlər tərk etmiş çoxlu şair və ədibin vətənidir.
S.Nəsirov qeyd edir ki, əs-Səmaninin “əl-Ənsab” əsərində daha sonra Gəncə haqqında deyilir: “Əl-Cənzi Gəncə (Cənzə) şəhərinə nisbətdir. Cənzə Azərbaycanın diyarlarındandır, çoxlu sərhəd şəhərləri var. Oradan İbrahim bin Məhəmməd əl-Cənzi kimi şəxs çıxıb. Əbul-Həsən əd-Darəqtini qeyd edir ki, o, bizimlə hədis yazırdı. Şafi fiqhində idi. Doğruçul idi. İllər sonra öz diyarına gedir. Onun vəfatı barədə məlumatı fəzilətli ədib, xoş rəftar dindar Əbu Həfs Ömər bin Osman bin Şueyb əl-Cənzi çatdırıb. Ədib Əbul-Muzəffər əl-Əbyurdi Bağdadda, Həmədanda ədəbiyyatı ondan öyrənmişdi. O, Əbu Əbdurrəhman əl-Nisaiin Əbu Məhəmməd Əbdürrəhman bin Həməd bin əl-Həsən əd-Dunidən nəql etdiyi hədisləri eşitmişdi. İraqdan gələrkən onunla Sərəxsdə görüşmüşdü, onun şeirindən parçalar yazmışdı. Mərvdə 550-ci ildə vəfat edib”.
Qahirə Universitetinin professorunun dediyinə görə, Cənzə şəhəri bəzi ərəb mənbələrində Arrana aid edilir. Aran hazırda Azərbaycanın regionlarından biridir. Misirli alim dr. Əbdunnəim Həsəneyn qeyd edir ki, Azərbaycan hicri VI əsrdə çoxlu kiçik dövlətlərə bölünmüşdü.
Bu dövlətlərin hər biri öz coğrafi mövqeyinə, insanlarının bacarığı ilə özünəməxsus rol oynayırdılar. Arran Şəmsəddin Eldəgiz tərəfindən hicri 531-ci ilfə əsası qoyulmuş Atəbəylər dövlətinin hakimiyyəti altında yarımmüstəqil siyasət yürüdüb. Bu, hicri 622-ci ilədək davam edib. Azərbaycanın cənub hissəsi isə Ağsunqur Əhmədli dövlətinin hakimiyyətinə tabe olub. Ağsunqurun paytaxtı Marağa idi. Lakin Şirvanşahlar dövləti bu əsrdə müstəqil qalmışdı.
Dr. Seymur Nəsirov vurğulayır ki, mötəbər ərəbdilli mənbələr şair Nizami Gəncəvi haqqında məlumatlara malikdir. Hacı Xəlifə öz “Kəşf əz-Zunun” (Şübhələri üzə çıxarmaq) əsərində “Xəmsə” (beşlik) adı ilə məşhur olanların adlarını çəkərkən deyir: “Onlardan biri də 596-597-ci ildə vəfat etmiş Şeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir. O məşhurdur”.
Coğrafiyaşünas alim əl-Qəzvini “Əsar ul-biləd və əxbər ul-ibəd” əsərində Gəncə şəhəri, onun ətrafı, orada olan təbii sərvətlər və çaylar, eləcə də qəribə şeylər haqqında söhbət açarkən qeyd edir ki, “dahi və müdrik şair Əbu Məhəmməd Nizami bu şəhərdəndir”. Əl-Qəzvini daha sonra Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu, “Xosrov və Şirin” əsərində dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözləri və gözəl hekayələrdən çox istifadə edildiyini yazır. O, bu əsərin səlcuqilər şahı Toğrul Arslan oğlu üçün yazıldığı və Sultanın da şeir və şairlərə diqqət yetirdiyi üçün Nizamiyə böyük hörmət qazandırdığını, insanlar arasında nüsxələri yayılaraq onu məşhurlaşdırdığını bildirir. “Leyli və Məcnun” əsərinin isə Şirvan şahının istəyi ilə onun üçün yazıldığını və bu əsərin analoqu olmadığını vurğulayır. Müəllif şairin hicri tarixi ilə təqribən hicri 590-cı ildə vəfat etdiyini qeyd edir.
Dr. Əbdunnəim Həsəneyn “Nizami Gəncəvi” adlı əsərində qeyd edir ki, hicri VI əsrdə və VII əsrin əvvəllərində Azərbaycanın Gəncə şəhərində şahlara şeir və mədhiyyələr yazmağına baxmayaraq, o dövrdə ətrafında baş verən hadisələr nəticəsində hakim və şahlardan daha çox tənhalığa üstünlük verən bir şair yaşayırdı. O şair əsərlərində hər zaman yaxşı, xeyirxah əməllərə, gözəl əxlaqa, ədalətə və vəfalı olmağa çağırır və həmçinin zülmdən şikayət edirdi. Bu şair Nizami Gəncəvidir. O, böyük ehtimalla hicri tarixilə 539-cu ildə doğulub və 608-ci ildə vəfat edib.
Nizaminin Azərbaycana mənsubluğu
Dr. Seymur Nəsirov fikirlərini yekunlaşdıraraq bildirir ki, Nizaminin ədəbi və elmi yerinə görə, əsərlərini Azərbaycan dilində yazmadığından, bəzi dövlətlər onun azərbaycanlı olmadığını sübut etməyə, özününküləşdirməyə çalışırlar. Bu insan övladının xüsusiyyətidir. Qəribə deyil ki, insan bəzi tanınmış, böyük şəxsiyyətlərin öz ölkəsinə mənsub edilməsini istəyir. Lakin ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında araşdırma əsnasında görürük ki, doğma dildə yazmama həmin şəxsin özgə ölkəyə aid olmasına dəlil sayıla bilməz. Orta əsrlərdə yüzlərlə azərbaycanlı alim bütün əsərlərini yalnız ərəb dilində yazıb. Ərəb alimləri onların azərbaycanlı olduqlarını birmənalı şəkildə qəbul edirlər.
UNESCO da Nizami Gəncəvini məşhur Azərbaycan şairləri sırasına aid edib.
Seymur Nəsirov deyir: “Nizaminin əsərlərini oxuyanlar həqiqəti hiss edir. Onun üslubu, ifadə tərzi, eyni zamanda əsərlərin Azərbaycan şahları üçün yazılması dahi mütəfəkkirin azərbaycanlı olduğunu sübut edir”.
(Ərəb dilindən tərcümə - WorldMedia.Az)