İntihar haqda necə yazmalı?

26-06-2021, 09:28           
İntihar haqda necə yazmalı?
Ruzanna Rəşidqızı

Bəlkə heç yazmamalı? Məsələn, “Assoşieyted Press” (Associated Press) agentliyi intihar xəbərini heç vermirmiş. Yalnız ölən tanınan və nüfuzlu şəxsdirsə, xəbəri yayımlayır, ancaq ölüm səbəbini heç bir halda başlığa çıxarmırmış. Niyə?

Dünya Səhiyyə Təşkilatının 2018-ci il statistikasında deyilir ki, özünəqəsd xəbərini eşidənlərin təxminən 20-sinin beynindən intihar etmək keçə bilər. Ona görə də təşkilat mətbuatı diqqətli və məsuliyyətli olmağa çağırıb, hətta intihar haqda yazanlar üçün xüsusi kitabça hazırlayıb.

Beynəlxalq Jurnalist Etikası Mərkəzi bildirir ki, 50-dən çox araşdırma məhz mətbuatda yayılan özünəqəsd xəbərlərinin bəzilərini intihara sövq etdiyini göstərib.

Kanada Tibb Cəmiyyətinin jurnalı (Canadian Medical Association Journal) yazır ki, mətbuatın intihar və intihar yolları haqda məlumatları bu halın virus kimi yayılmasına səbəb olur.

Əslində intihar üçün səbəb olmur, bəhanə axtarılır və bu bəhanəni axtaranın qulağına intihar xəbərləri dəydikcə bir az da “ürəklənir”, başqa çıxış yolu tapmaqdansa özünə qəsd etməyi seçir. Yeniyetmələr, xəstələr həssas olduqlarından, adətən, yaxınları onların yanında intihardan danışmağa qorxurlar. Amma Azərbaycan mətbuatı danışır, həm də hər gün danışır. Nişanlı qız, məktəbli, imtahanda çox bal toplaya bilməyən oğlan haqda nəinki xəbər verir, onların özlərinə necə qəsd etdikərini detallı yazır, bəziləri bir az da “maraqlı” görünməyə çalışaraq intihar videosunu yayımlayırlar.

Azərbaycanda intiharla bağlı statistika yoxdur. Yalnız 2017-ci ildə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morqlarına ölüm səbəbi intihar olan 495 meyitin gətirildiyi bildirilib. Belə çıxır ki, həmin il hər üç gündə dörd adam özünə qəsd edib. Son iki ilin satistikasını mətbuatdan öyrənmək olar. Saytlar rəqəmin dəyişmədiyini göstərir, bəzən gündə iki dəfə intihar xəbəri verirlər.

Elə intiharlar var ki, haqqında danışmamaq mümkün deyil. Məslən, Hollivud ulduzlarından Robin Uilyamsın ölümü… “Dünyanın ən yaxşı atası” (“World’s greatest dad”), “Xanım Dautfayə” (“Mrs. Doubtfire”), “Muzeydə keçən gecələr” (“Nights at the Museum”) filmlərində həyatı sevən və sevdirən, Oskar mükafatlarından birini psixiatr roluna görə qazanan Robin Uilyams 2014-cü ildə intihar etmişdi. Amma nüfuzlu Qərb qəzetləri, televiziya proqramları onun ölümüylə yanaşı xəstəliyindən də danışır, aktyorun depressiyadan yox, beyin xəstəliyindən öldüyünü vurğulayır, hətta xəstəliyin əlamətləri, fəsadları haqda məlumat verirdilər, sanki “Robin Uilyams intihar etməyəcəkdi, siz də etməyin” deyirdilər.

Bir çox beynəlxalq mətbuat təşkilatının tövsiyəsində intihar barədə elə belə danışmaq məsləhət görülür. İntihar xəbərlərinin hazırlanması qaydalarının, demək olar ki, hamısı jurnalistləri ehtiyatlı olmağa, sözlərdən düzgün istifadə etməyə, ölənin fotosunu yaymamağa, hansı yolla və nədən intihar etdiyini açıqlamamağa çağırır (ölənin bir səbəbdən intihar etməsi həmişə şübhəlidir, həm də belə səbəbi olanlara xəbər pis təsir edə bilər). İntiharların artdığını yazmamaq, bunun yerinə mətndə problemin həlli yolları olduğunu vurğulamaq, oxuculara ciddi psixoloji durumda neyləməyin, hansı orqanlara müraciət etməyin gərək olduğu haqda məlumat vermək, intihardan qaçmağın mümkünlüyünü bütün vasitələrlə, yazı dili və tərziylə çatdırmaq tövsiyə edilir.

Belə tövsiyələr çoxdur. İnternetdə “intihar xəbərləri”, “məsuliyyət” və ya “jurnalist etikası” sözlərini (əlbəttə, ingiliscə) yazmaqla xeyli şey tapmaq olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.