Kəsin səsinizi, qoyun dincəlim!

27-06-2021, 00:10           
Kəsin səsinizi, qoyun dincəlim!
“Dünya böyük bir teatr səhnəsidir. Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir”.

Uilyam Şekspir

Bu dünya ki var, onun dərdləri təkbaşına çəkilməz. Xoş o kəslərin halına ki, dodaqlarından qopan bir kəlmədən, üzündə peyda olan ifadədən yanında onu başa düşən, könlündən keçənləri duyan insanlar var. Bəs olmayanlar nə etsin? Kimə, hansı qapıya üz tutsun? Məgər hər kəsin bu dünyada mütləq heç olmasa, bir həmdərdi olmalıdırmı? Nə bilmək olar, bəlkə hə, bəlkə də yox...

Sən ki burayacan gəlmisən, bəlkə də, elə o həmdərdinin qapısındasan?

O gün mənim ölümə, yasa münasibətimi dəyişib. Yəqin buna görədir ki, lap kiçik yaşlarımda olsa da, elə bilirəm, heç vaxt o an hiss etdiklərimi, düşündüklərimi unutmayacam. Bir də ki niyə unudum? Bəs o zaman həyat yaşadaraq öyrədir dediyimiz yalan olar axı.

Bizi ölümün özü yox, xəbəri qorxudurmuş

Ani telefon zəngi, ağlayan, təlaşlı qadın səsi dəstəyin o biri tərəfindən necə vahimə ilə bu tərəfdə ətrafı bürüdüsə, elə bildim, kişinin qulağından bir qara tüstü ətrafa yayıldı, dörd bir yanımızı bürüdü. Tüstü o qədər zəhərli, o qədər qatı idi ki, yayılmağı ilə ciyərlərimizi tutmağı bir oldu. Sanki bir anda hamının nəfəsi daraldı, rəngi göyərdi, qıçları əsməyə, əlləri titrəməyə başladı.

Huşumuz bulandı, ətrafımızda kim var, kim yox - heç fərqində deyildik. Sanki biz olduğumuz yerdə həm var idik, həm də yox. Cismimiz burada, ruhumuz tüstünün burulğanında gizlənmişdi. Nə onu, nə huşumuzu çəkib cismimizə sabitləyə bilirdik. Ayağımız yerə dəyir, amma biz bunu hiss etmirdik, elə bil, havada asılı qalmışdıq.

Zəng edən yaxınlarımızdan birinin ani ölüm xəbərini çatdırırdı. Əgər buna xəbər çatdırmaq deyilərsə... Dünya, ətraf aləm bir anda elə vahiməli, qorxulu hala gəlmişdi ki, sanırdın, bu dəqiqə haradansa qara, çopur üzlü, iri buynuzlu, pinti geyimli bir varlıq çıxacaq, səndən əvvəl yanındakıları udacaq, sənin seyr edib daha çox əzab çəkməyin üçün səni ən sona saxlayacaq və həyatın “ud artıq məni”, - deyə yalvarışlarınla sonlanacaq.

Çox yox, 3-5 dəqiqə sonra çoxları özünə gəlmişdi, xəbərin doğruluğuna inanmışdı. Qadınlar ağlayır, üzlərini cırırdılar. Bircə o kişi hələ də özündə deyildi. Tüstüdə boğulan ruhu ipdən asılı qalmış, əzab çəkən cismini hələ də tapa bilməmişdi. Üzü kömür kimi qapqara yanmışdı. Bəllidir, acısı dərin, yükü ağır idi, amma gözündən bircə damla yaş da axmırdı. Eh, bir də necə ağlasın axı? Mən də balaca ağlımla başa düşürdüm ki, kişilər ağlamaz. Biz tərəflərdə belə öyrədiblər.

Diri bağrı yaranlar

Mərhumun dünyasını dəyişdiyi yerə çatmışdıq ki, qadınlar daha da bərkdən qışqırmağa, ağlamağa başladılar. Elə bilirdin, yolboyu sakit-sakit ağı dedikcə burada qışqırmağa səslərini kökləyirmişlər. Mənə elə gəlirdi ki, qadınlar qışqırdıqca, üz-başlarına döydükcə o şapalaqların ən ağırını həyətdə hərəsi bir yanda boynunu bükmüş kişilərə vururlar, onların üz-gözünü beşqat artıq cırmaqlayırlar.

Özüm də yaman vahimələnmişdim. İndiyəcən heç ölü görməmişdim, ölü xəbəri eşitdiyim də birinci dəfə idi. Bu həngamədə maraq mənə güc gəldi. Pilləkənləri qalxıb qapının ağzında topalanmış ayaqqabıları köntöy bir çevikliklə yararaq aynabəndin qapısından içəri boylandım. Qara koftalı qadınlar yerdə dairəvi şəkildə ayaqlarını qatlayıb oturmuşdular. Boyum çatmadığı üçün qarşılarında nə olduğunu görə bilməsəm də, ölən adamın orada olduğunu az-çox təxmin etmişdim.

Ayaqqabılarımı çıxarmadan döşəmənin üstünə çıxıb irəli getməyə çalışdım. Bu vaxt qadınların başı bir-birinin sözünü davam etdirməyə, ağlaşmanı maksimum səs-küylü keçirməyə qarışmışdı. Kimsə mənim tozlu-torpaqlı ayaqqabılarımla döşəmənin üstündə addımladığıma fikir vermirdi. Bir az səsdən, bir az da işlədiyim suçu kiminsə görəcəyindən qorxurdum. Əllərimi bir-birinə keçirir, dodaqlarımı çeynəyirdim.

İrəli durub arxası mənə tərəf olan qadının kürəyindən boylandım. Ortada üstünə ağ örtülmüş uzun, adamabənzər nəsə var idi. Yəqin etdim ki, bu, həmin ölən adamdır. Qəribə gəldi mənə. Elə bildim, bu səs-küy başına düşəcək, durub hirsli bir tərzdə “başımın üstündə nə hay-haray salmısınız, kəsin səsinizi, qoyun dincəlim!” deyəcək və sakitliyi bərqərar etdikdən sonra təmkin və əminliklə yerinə uzanacaq, mələfəni də başına çəkəcək. Bundan sonra qadınlar da işlərinin bitdiyini başa düşəcək, kimi incik halda otağı tərk edəcək, kimi də pərtliyini gizlətməyə çalışacaq, yanındakı ilə pıça-pıça keçəcək.

Adam istəyir, insan arasında yox, hansısa boz çöllükdə, qumlu səhrada gəlsin ölüm

Yasda yaşlı qadınlardan biri danışırdı ki, guya insan öləndən sonra bir neçə saat ətrafında olanları eşidir. Yaşlı qadının bu sözündən sonra daha da vahimələnmişdim. Deməli, əgər qadın deyən doğrudursa, adam son anlarında ancaq qışqır-bağır, ağı eşitdiyinə görə lap dilxor olmuşdu. Kim belə sonluq istəyər?

İnsan istəyir, bu dünyadan köçəndə də üz-gözünə nəvazişli bir əl sığal çəkə, ürəyi yananın qulağına xoş nəğmələr pıçıldaya...

Müəllif: Aləmdə Nəsib
ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.