Papa və Hörümçək Adam... .. .Və ya görəsən şeyxül-islam Cırtdanla görüşərdimi?!
29-06-2021, 11:58
...Onların üstünlüyü budur. Əslində üstünlük də deyil. Bu hər şeydən yaxşı və məqsədli istifadə edə bilmək bacarığıdır. İnsanlara yaxşı və ya pis təsir edəcək şeyləri bilmək istedadıdır.
Mənsub olduğumuz islam dini ən böyük sevgi, ədalət, vicdan, əxlaq, mənəviyyat carçısıdır yer üzünün. Bunu hər kəs, onlar da, biz də yaxşı bilirik. Ancaq gəlin real mənzərəyə baxaq.
Onlar Allahı sev deyir, bizimkilər Allahdan qorx!
Onlar deyər Allahdan utan, bizimkilər deyər Allah belini qıracaq, yəni yenə də qorx!
Onlar deyər kilsə Allahın evidir, kim istərsə içəri keçə bilər, bizimkilər deyər müsəlman olmayana məscid haramdır!
Onlar kilsə xadiminə etiraflarda buluna bilər, mənən yüngülləşər, bizimkilər din xadimini kişiyə qadına ayırar!
Onlar Allaha dua edər, bizimkilər ağı deyər, sonra da müqəddəs adlara tort bişirtdirər, “xlopuşka” partladıb ad günü keçirər…
Onlar anlayar ki, xristianlıq və islam yer kürəsinin köklü dəyişimini təmin edən iki nəhəng cərəyandır, birinə Isa, birinə Məhəmməd liderdir. Yəni əslində dinlər yaxşı rəqabət nümunəsidir. Və bu rəqabət yer üzündə ona görə yaradılıb ki, həm də inkişaf olsun. Bizimkilər bu cür düşünənə kafir, bu sözlərə küfr deyər…
Onlar bacardıqca adil, bizimkilər cahil edər ona iman gətirəni…
Onlar Suriyada, İraqda, Qarabağda müsəlmanlara törədilən cinayətlərə susar, bizimkilər ən ufaq fəciədən yana baş sağlığı dilər…
Onlar qızlarına elm, dünya, dövlət, millət öyrədər. Bizimkilər ər və itaət axtarar. Düşünməz ki, qadını cahil olan cəmiyyətlər məhvə məhkumdur.
Onlar Əfqanıstanda üç yaşlı müsəlman qız cocuğuna narkotik becərdilməsinə, digər uşaqların bir dəstəsindən həmin narkotikin toplamasında istifadə eləməsinə, sonra da cinsi istismara məruziyyətinə susar, bizimkilər də buna qismət, alın yazısı, həyat deyər…Ya da ən pisini söylərlər, təqdiri-İlahidir, neynəmək olar, deyərlər. Anlamazlar ki, Allahı cinayətlərinə ortaq, hətta baiskar buyurarlar...
Və nəhayət, onlarda Hörümçək adam obrazını canlandıran aktyor Roma Papası ilə görüşər, ona oyuncaq maskasını hədiyyə edər. Papa da sevə-sevə qəbul edər, gülər, zarafatlaşar, uşaqlığını yada salar. Sonra o aktyor elə obrazının geyimində Papanın toplantısında, mouzəsində iştirak edər. Papa da ustün kürsüdən ona səslənər ki, tədbirdəki uşaqlarla danış, onlarla görüş… Adamın yadına bizim Cırtdan düşür. Görəsən, Cırtdanı oynayan aktyor, bizim şeyxin yeddi yaxınına dura bilərmi? Və ya bizdə belə piarçılar nə zaman olacaq? Və ya olanları, gerçək istedadları üzə nə zaman çıxaracağıq? Və ya niyə çıxarmırıq? Niyə istedadlarından dolayı adamlar cəzalıdır məmləkətdə? Nə isə…dönək mövzuya…
…Deməm o ki, bizlər ən gözəldən, ən kifir yaratmaqda uzmanıq. Odur ki, ölkədə bütün boşluqlara onlar çöküb. Məsələn bu gün ən böyük xəbər və məlumat bazası olan YOTUBE və sosial şəbəkələr üzərindən. Bu bazalar azyaşlılar üçün düşünülmüş təhlükəli dini animasiyalar, mahnılarla doludur. Təriqətləri, din şovinistlərinin oyunbazlığını, narkotik alverçilərinin əməllərini, qadın, orqan oğrularının başında duranları, dünya siyasətinin terror liderlərini, hətta kilsənin qara çadrasını, bir sözlə bütün qara işləri, müsəlman və İSLAMın üzərinə qoyublar. Odur ki, müasir dünyada hər kəs islamdan və müsəlmandan qorxar, ta ki, onunla tanışlığa qədər.
Və məsələn, gün gələr, bir Hollevud ulduzu, tutalım Jan Klod Vandam islam dininə iman gətirər, anında bütün imkanlarından mən olar. Yəni aktyor kimi həyatı bitər. Kimsə onlardan sormaz, bumu adil dediyiniz, bumu sevgi dolu dediyiniz, bumu “hər kəsin dini, şəxsi azadlığı var” prinsipiallığınız, bumu demkratiya və əxlaq carçılığı?..
…Əslində hamı bilir ki, bu deyil. Lakin beləcə, onlar daha modern, daha çox sevgi dolu sayılmağa davam edər. İmanın da, iman gətirənin də qaragünlüsü elə bizlər olarıq, müsəlmanlar. Əslində bu nə sevgidir, nə sadəlik. Bu bir çoxunun anlayıb da qəbul edə bilmədiyi iki din arasında nüfuz mücadiləsinin göstərisidir. Yəni siyasətin tən ortasıdır. Əslində dünya idarəçiliyində mütləq kilsə və məscid rolu vardır. Maləsəf, biri xeyli üstə çıxa bilib. Biri cahilliyindən, adil olanın enməsinə imkan yaradıb. Odur ki, indi birilərini, məsələn, Türkiyədə yeni-yeni məscid açılışları, dini təhsilə dövlət diqqətinin artması narahat edir. Sual edirlər ki, nəyinə lazımdır prezident Ərdoğanın bu qədər məscid? Adam istəyir dönsün və soruşsun ki, balam, dünya kilsədən idarə oluna bilər, məsciddən bilməzmi?!.
Jalə Mütəllimova
29.06.2021.
Teref.az