LİBERALLAŞIN...
8-12-2021, 08:06
Dövlətin siması Prezidentdir.
Dövlətin güclü qolu, Daxili İşlər Nazirliyidir.
Dövlətin təhlükəsizliyindən sorumlu, Dövlət Təhlükəsizlik Xidmətidir.
Üçü də ciddi şəkildə hədəfdədir. Və unutmaq olmaz, hər üçün insandır, hər üçünün ruhdan düşməsi, gücdən, salınması, dövləti çökdürəcək.
Odur ki, medianın müharibədən əvvəlki dönəmdə açılan nəfəsliyi yenidən açılmalı. Və daha kimsə o nəfəsliyə tıxac vurmamalıdır.
Beləliklə, lütfən,
...Tərtər işinin geniş ictimai müzakirələrinə başlansın. Böyük efirlər, media quruluşları bu mövzudan çox çəkinir. Yaxşı göstərici deyil, amma anlaşılandır. Odur ki, liberal medianın imkanlarından yararlanmaq olar.
Səs-küylü məhkəmələrə, böyük efirlər kamerası daha getmir. Məmləkətin informasiya siyasəti işinin başında olanlar, liberal medianın dəstəyini ala bilər. Bu son dərəcə vacibdir.
Haqqı tapdanan qaziyə, formanı soyun deyib qışqırmaq olmaz. Bu insanlarda ciddi qıcıq doğurur. Və sabah yenə hərb başlasa, kimsə o alçaldan qaziyə həmin formanı geyindirə bilməyəcək.
Başınabuyruq məmurların əməllərindən danışanlara impulssiv reaksiyalar verib, etiraz etməyək, çünki özbaşınalıq və haqsızlıqlar dövlətə xələl gətirir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, habelə Müdafiə Nazirliyinin dövlətlə xalq arasında uçurum yaratması məsələsi ciddi şəkildə araşdırılmalı. Başqaları edə bilmir? Yenə anlaşılandır. Prosesi ötürmək olar, liberal mediaya.
İnsanlara münasibətdə bəzi icra başçıları yenə xan olub, müzakirələrə, faktlara imkan verin. Qoy-çıxar mediası olmaqdan sürətlə qaçmaq lazım.
İnsanların sosial problemlərini liberal media öz gücünə xarici bloqerlərdən qopara bilmişdi, imkan verin davam etsin proses.
Hara çalışdığı bəlli olmayan küçə mediası, küçə reportyorlarının əl-ayağı yığışmışdı. Liberal medianı əzib, onlara yenə meydan verdilər, bu əsla olmazdı.
Küçələrdə polisin üzünə qadınlar, haqq deyib hayqırır. Polis aciz durumda qalır. Vurur döyülür, bəzən cavab alır. Vurmur özü cəzalanır. Polis cihaz deyil, adamdır. Sındırılması dəhşətə yol açacaq. İnsanlara yol vermək, dinləmək, qucaq açmaq lazım ki, məsələ bu həddə çatmasında.
Diqqət edilsə aydın görünər, aksiyalarda kişilər azalır, qadınlar artır. Niyə? Qadın milli dəyərdir, polis, kişi, qol gücü, dövlətdir. Fərqində olun, kimlə, kimi döyüşdürürlər? Dünyaya hansı nəticəni təqdim edirlər? Belə çıxır ki, dövlət, kimisinin əli ilə qadın vurulur.
Bu arada, şəhid, qazi adından sui istifadə faktlarından danışmaq daha faydalıdır. Beləliklə, haqqı tapdananın haqqına girməmiş olacağıq dövlət adından. Bir sözlə məqam, liberallaşmaq, yumşalmaq, ədalətli davranmaq məqamıdır. Əksi zərərli və təhlükəlidir.
Jalə Mütəllimova
Teref.az