Brejnevin siyasi proseslərə cəlb etdiyi yeganə naziri: Kozlovskinin memuarından maraqlı FAKTLAR.

15-02-2022, 11:19           
Brejnevin siyasi proseslərə cəlb etdiyi yeganə naziri: Kozlovskinin memuarından maraqlı FAKTLAR.
Ən yeni tarix. Maraqlı faktlar.
Onun 14 illik nazir fəaliyyəti maraqlı hadisələrlə zəngin olub. Yevgeni Kozlovski memuarlarında qeyd edib ki, Leonid Brejnevin hakimiyyəti dövründə nazirlərə, komitə sədrlərinə təsərrüfatçı kimi yanaşıldığı halda, onu baş katib siyasi proseslərə də cəlb edib:
“Leonid İliç nazirlərə təsərrüfatı, icraçı kimi yanaşırdı. Siyasi məsələlərdə nazirlərin fikir bildirmək səlahiyyəti yox idi. Bir sözlə, nazirlər Mərkəzi Komitənin, Siyasi Büronun qərarlarını icra edirdilər. Aleksey Kosıginin siyasi proseslərdən uzaq olmasının bir səbəbi də elə bu idi. Düzdür, Kosıgin hələ Stalinin hakimiyyəti dövründən nüfuzu, bacarığı, təşkilatçılığı, söz sahibi olmağı ilə fərqlənirdi. Amma o, büro üzvü olsa da, Siyasi Büronun oyunlarına çox da qarışmırdı. Həmin dövrdə mən güc strukturlarını çıxmaq şərtilə yeganə nazirlərdən biri idim ki, baş katib məni siyasi məsələlərə də cəlb edirdi...”
1929-cu ildə Qomeldə anadan olan Yevgeni Kozlovski orta məktəbi bitirdikdən sonra əvvəlcə Minsk Artilleriya Məktəbində, daha sonra Orconikidze adına Moskva Geologiya İnstitutunda təhsil alıb. Hərbçi və geoloq seçimi qarşısında qalanda o, geoloq olmağa qərar verib. Əmək fəaliyyətinə Uzaq Şərqdə qazma ustası kimi başlayan Kozlovski zaman-zaman vəzifə pillələrini qalxaraq 1973-cü ildə Ümumittifaq Elmi Tədqiqat Mineral Xammalların İqtisadiyyatı və Geoloji Kəşfiyyat İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Bu təyinatda ona yuxarılardan heç kim hamilik etməyib, Kozlovski öz bilik və bacarığına görə bu vəzifəyə sahib olub. “Əfsanəvi geoloq” titulunu qazanan Kozlovski faydalı qazıntıların kəşfində əldə etdiyi nailiyyətlərlə təkcə SSRİ-də deyil, xarici ölkələrdə də məşhur geoloq kimi tanınıb.
1974-cü ildə Kozlovski SSRİ geologiya nazirinin müavini təyin olunub. Bir ildən sonra isə Brejnevin təşəbbüsü ilə o, nazir vəzifəsini tutub.
1970-ci illərin sonlarında Əfqanıstanda vəziyyət gərginləşəndə, Kreml Əfqanıstanı öz nəzarəti altına götürməyi planlaşdıranda və hərbi kontingentin Əfqanıstana yeridilməsi ilə bağlı müzakirələr aparanda bu məsələyə Kozlovski də cəlb olunub. Belə ki, SSRİ-nin nazirləri arasında Məhəmməd Təraki ilə ilk görüşən Kozlovski olub.
Maraqlıdır, geologiya nazirinin bu məsələdə rolu nədən ibarət olub?
Həmin ərəfədə Brejnev Kozlovskinin yanına dəvət edib. Baş katiblə nazirin görüşü üç saatdan artıq davam edib. Brejnev Kozlovskini təlimatlandırıb:
Yevgeni Aleksandroviç, sizin üzərinizə böyük bir missiya düşür. Siz nazir olmaqla yanaşı, həm də Mərkəzi Komitənin üzvüsünüz və Siyasi Büronun, Mərkəzi Komitənin tapşırıqlarını yerinə yetirmək sizin kommunist borcunuzdur. Məsələ ondan ibarətdir ki, siz təcili Əfqanıstana getməlisiniz. Geoloq kimi sizi hər yerə buraxacaqlar və siz bundan istifadə edib Əfqanıstanda real vəziyyət haqqında tam məlumat toplaya biləcəksiniz. Nəzərə alın ki, sizin məlumatlarınız Siyasi Büronun Əfqanastanla bağlı qəbul edəcək qərarda böyük rol olacaq.
Beləliklə, Kozlovski geoloq qismində Əfqanıstana ezam olunub. O, bu ezamiyyətdə Əfqanıstan liderləri ilə görüşüb, Əfqanıstanı bölgə-bölgə gəzərək Kremli qane edəcək qədər məlumatlar əldə etməyə nail olub. Bu səfəri öz xatirələrində Kozlovski belə xatırlayıb:
“Gərgin vaxtlar idi. Mən bütün Əfqanıstanı dolaşdım. Biz neçə illər idi ki, bu ölkədə geoloji kəşfiyyat işləri aparırdıq. Amma bu səfərin məqsədi tam fərqli idi. Ölkədə vətəndaş müharibəsi gedirdi. Qarşıdurmalar son həddə çatmışdı. Moskvaya qayıdan ki, Mərkəzi Komitə rəhbərləri ilə görüşdüm, Brejnevlə yenidən söhbətimiz oldu. Mən sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsinin tərəfdarı idim. Bu fikrimdə yanılmamaşdım. Sovet qoşunları Əfqanıstanda olanda sabitlik yaranmışdı. Sonralar da bütün dünya şahidi oldu ki, sovet qoşunları Əfqanıstandan çıxdıqdan sonra bu ölkə yenidən qarışdı...”
Kozlovski yeganə nazirlərdən olub ki, arabir Brejnevin məclislərinə, ov tədbirlərinə də dəvət alıb. Brejnev haqqında fikirlərini açıqlayan nazir qeyd edib ki, Leonid İliç heç də çoxlarının düşündüyü kimi yumşaq lider olmayıb:
“Brejnev xeyirxah adam idi, çoxları bunu yumşaq da adlandırırdı. Amma baş katibin sərt qərarları da az olmayıb. Mən onu bütün vəziyyətlərdə görmüşəm. Hətta çətinliklə yeridiyi və danışdığı anları da. Onu da qeyd edim ki, Brejnev 1980-ci illərin əvvələrində baş katib vəzifəsindən getmək istəyirdi. Amma əsasən Ustinov, Qromıko və Qrişin buna imkan vermirdilər. Bu da səbəbsiz deyildi. Çünki Siyasi Büronun içərisində də qruplaşmalar var idi. Brejnevin hakimiyyətdən gedəcəyi halda çox şeylərin dəyişiləcəyi gözlənilirdi. Sözsüz ki, vəzifələrini itirənlər də olacaqdı. Amma Brejnev bu sabitliyi saxlaya bilirdi. Hər bayramda, hər ad günündə Brejnevin sinəsinə orden və medalları taxmaqla onun vəzifə ömrünü uzadırdılar. Heç kimə sirr deyil ki, Brejnev son illərdə ölkəni idarə etmək iqtidarında deyildi. Bu da SSRİ kimi nəhəng bir dövləti uçuruma aparırdı. SSRİ-ni uçuruma yaxınlaşdıran əsas səbəblərdən biri isə ərzaq çatışmazlığı idi. Böyük iqtisadi potensialı olan bir ölkənin ərzaq çatışmazlığı ilə üzləşməsi həmin ölkəni idarə edənlərin səriştəsizliyindən irəli gəlirdi. Əgər Kosıgin vəzifədən getməsəydi və sağ qalsaydı mən əminəm ki, SSRİ ağır duruma düşməyəcəkdi...”
Yevgeni Kozlovski 1989-cu ilə qədər nazir kürsüsündə əyləşib. Onu bu vəzifədə bakılı erməni, Azrbaycan Neft və Sənaye İnstitutunun məzunu Qriqori Qabrelyan əvəz edib. Bu həmin Qabrelyandır ki, 2011-ci ildə qondarma “Dağlıq Qarabağ respublikası” prezidentinin müşaviri vəzifəsinə təyin olunub.
Hazırda Yevgeni Kozlovskinin 92 yaşı var. Sabiq nazir bu gün də geologiya sahəsindəki biliklərini gənc geoloqlarla bölüşür, Moskvanın nüfuzlu ali təhsil ocaqlarında mühazirələr oxuyur.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.