Qızı tərəfindən tərk edildi, kirayələrdə yaşadı, küçədə dünyasını dəyişdi – Xalq artistindən maraqlı faktlar

16-02-2022, 09:10           
Qızı tərəfindən tərk edildi, kirayələrdə yaşadı, küçədə dünyasını dəyişdi – Xalq artistindən maraqlı faktlar
Bu gün maraqlı aktrisa, Xalq artisti Xuraman Hacıyevanın anım günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.


Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və ordakı dram teatrında aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. 1972-ci ildə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.

***
Aktrisa teatr universitetinin ikinci kursunda oxuyanda “Arşın mal alan” filminin çəkilişlərində iştirak edir. Dərsə davamiyyəti zəiflədiyi üçün o, universitetdən xaric olunur.

Atası hüquqşünas, anası isə evdar qadın olub. Bacı-qardaşlarının içində incəsənətə təkcə Xuraman üz tutub. Ailəsi aktrisa olmasına razı olmayıb.

***

Kino ilə yanaşı teatr aktrisası olan Xuraman Hacıyeva səhnədə öz rolunu təbii ifa etməkdən çəkinməyib. Xüsusən sevgi səhnələrində o, kişi aktyorların rola müvafiq olaraq onunla səmimi və təbii davranmasına maksimum şərait yaradıb. Digər aktrisalardan fərqli olaraq kişi aktyorlara rol gərəyi ona toxunmalarına, əlindən tutmalarına icazə verib.


***

Aktyor dostu Tariyel Qasımovla bir-birlərinə qarşı isti münasibətləri olur. Tariyel Qasımov müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir: Xuraman çox gözəl xanım idi. İndi desəm ki, ona qarşı heç bir hissim olmayıb, düz çıxmaz. Mən də gənc vaxtlarımda çox yaraşıqlı idim. Xuraman da mənə qarşı biganə deyildi. Hətta onun yaxın rəfiqəsi, xanım həmkarlarımızdan biri mənə demişdi ki, “sən hara baxırsan, onun sənə qarşı olan sevgisini görmürsən?”. Heç nə edə bilməzdim. Çünki tərəf müqabili idik, tez-tez səhnəyə çıxırdıq. Əgər ona hisslərimi ifadə etsəm, ailə qursaydıq, onda bir yerdə çalışmaqdan da imtina etməli olardıq. Çünki ailədə söz-söhbət olur, küskünlük yaranır. Bu inciklik istər istəməz Xuramanda səhnədə özünü biruzə verəcəkdi və əvvəlki kimi təbii ifalar alınmayacaqdı. Hisslərimizi işimizə görə kənara qoyduq, yaxın dost olduq. Qəribə gələcək sizə bəlkə, amma ailə quracağım xanımı sonralar Xuraman seçmişdi. İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum”.

Deyilənə görə gözəl və cəlbedici aktrisa olduğu üçün teatrdakı bütün baş rollar ona verilirdi. Bu isə onun qadın həmkarlarının qıcığına, ona qarşı paxıllıq etmələrinə səbəb olub. Bu səbəbdən də aktrisa heç vaxt qadınlarla dost olmayıb. Onun dostlarının böyük əksəriyyəti güclü cinsin nümayəndələri olub.

***

Film çəkilişlərindən və səhnə qrimindən başqa aktrisa heç vaxt makiyaj etməyib, təbii gözəlliyə üstünlük verib.

***

Aktrisa Gəncədə yaşayarkən bir nəfərlə vətəndaş nikahında olub. Onun bu nikahdan bir qız övladı dünyaya gəlib. Aktrisa qızını təkbaşına böyüdüb.

***

Deyilənə görə elə aktrisanın ölümünə səbəb də qızı olub. Aktrisanın qızı türk vətəndaşı ilə ailə qurub. Kürəkəninin xahişi ilə evini satan Xuraman xanım bir müddət Türkiyədə yaşasa da sonradan vətənə qayıdır və evsiz qalır.

Bu əhvalat ona pis təsir edir, qızı ilə tez-tez mübahisələr yaşayır. Günlərin birində isə qızı onu tərk edərək Türkiyəyə gedir. Tək qalan aktrisa çox əsəbləşir. Qızının onu tərk edib getməsi ona böyük zərbə vurur və aktrisa infarkt keçirir.


***

Aktrisa Türkiyədən qayıdandan sonra evi olmadığından bir il yarım rəfiqəsi və həmkarı aktrisa Məsumə Babayevanın evində qalır. Daha sonra Bakıya qayıdan qızının ailəsi ilə birgə kirayələrdə qalır. Deyilənə görə kürəkəni məşhur olduğu üçün onu tez-tez maddi baxımdan ailəyə kömək etməməkdə günahlandırır: “Sən tanınmış adamsan, evə pul tap gətir” deyirmiş. Aktrisa isə qızının ailəsində söz-söhbət olmasın deyə məcbur olub yaxın adamlarından borca pul alırmış.

***

Xuraman Hacıyevanın ən sevimli məşğuliyyətlərindən biri krassvord həll etməkmiş. Yaxşı xörək bişirməyi, paltar tikib, məclis qurmağı bacarıb. Nə qədər pozitiv insan olsa da, həyatındakı çətinliklər onu qaraqabaq və qəmgin adama çevirib.

Aktrisa Məsumə Babayeva müsahibələrinin birində deyir: “Tamaşalarda çox rol alırdı. Digər aktrisalar da onu çox qısqanırdılar. Çalışırdılar ki, bir yolla Xuramanı gözdən salsınlar, rollarını əlindən alsınlar. Lakin o da hamının cavabını verə bilirdi, özünü heç vaxt kimlərinsə yanında sındırmazdı. Bir ara küsüb getdi Naxçıvan Teatrına. Elə orada olanda da Xalq artisti adını aldı. Səhnədə olanda bir üzü gülürdü, biri ağlayırdı. Evdəki problemlərini rollarına yansıtmazdı. Yeganə qadın aktrisa idi ki, tamaşaçı üçün bir üzü gülürdü biri dərdindən ağlayırdı. Bu ağlayan üzünü də ancaq biz aktrisalar, yaxınları görə bilirdik”.


***

Qızı olandan sonra Xuraman Hacıyeva teatrdan olan iş yoldaşlarının biri ilə ailə qurub. Həmin adam aktrisadan yaşda kiçik olub. Aktrisa Türkiyədən Bakıya qayıdıb gələndə həyat yoldaşı ilə yollarını ayırıb. Bu ayrılıqdan az sonra onun keçmiş həyat yoldaşı dünyasını dəyişir.

Xuraman Hacıyeva 2005-ci il fevralın 5-də işdən evə gedərkən qəfildən ürəyini tutub küçədə yıxılır. Küçədəki insanlar onu xəstəxanaya aparsalar da aktrisanın həyatını xilas etmək olmur. O, 59 yaşında vəfat edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.