Stalinin qəbuluna sərxoş gəlib, qorxudan dizləri titrəyib və… – “Həyat yoldaşınızı təbrik edərsiniz…”

21-02-2022, 12:46           
Stalinin qəbuluna sərxoş gəlib, qorxudan dizləri titrəyib və… –
O, kabinetə daxil olanda ayaqüstə güclə dayanıb. Stalinə yaxınlaşmaq üçün bir neçə addım atmağa cəsarət etməyərək müvazinətini itirməkdən qorxub. İvan Benediktov sərxoş vəziyyətdə ölkə başçısının qəbuluna gəldiyinə görə amansız və sərt Stalin tərəfindən qovulacağını gözləyib. Stalin isə əksinə, mehribanlıqla ona əyləşməyə yer göstərib…

Maraqlıdır, süfrə arxasından durub birbaşa Stalinin qəbuluna gedən İvan Benediktov kim olub? Hansı xidmətlərinə görə Stalin sərxoş nazirə güzəştə gedib?

Növbəti yazıda uzun illər SSRİ-nin kənd təsərrüfatı sahəsinə rəhbərlik etmiş İvan Benediktov haqqında məqaləni təqdim edirik.

Müharibə dövründə, həmçinin müharibədən sonrakı ağır illərdə ərzaq təminatı məsələsində ölkənin kənd təsərrüfatı nazirinin üzərinə düşən məsuliyyəti anlamaq o qədər çətin deyil. Məhz həmin ağır illərdə bu məsuliyyəti İvan Benediktov daşıyıb. O, arada fasilə verməklə ümumilikdə 15 il kənd təssərüfatı naziri (qurumun adı ayrı-ayrı illərdə fərqli olub) vəzifəsində işləyib.

Benediktov öz sahəsinin mükəmməl bilicisi sayılıb. Yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti, işə məsuliyyətlə yanaşması ilə o, bir çox dövlət məmurlarından fərqlənib.

941-1942-ci illərdə, müharibənin ən ağır dövründə ordunun və əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında, ehtiyat taxıl fondunun yaradılmasında, ölkənin ərzaq proqramının mövcud dövrə uyğun tənzimlənməsində Benediktovun danılmaz xidmətləri olub. Bu xidmətləri Stalin yüksək qiymətləndirib.

Benediktov heç vaxt kabinet naziri olmayıb. Ezamiyyətlər, kənd təsərrüfatı sahələrində gedən işlərə birbaşa nəzarət etmək, tez-tez tədarük anbarlarında olmaq, bölgülərdə şəxsən iştirak etmək imkan verməyib ki, digər nazirlər kimi o da rahatlıqla nazir kürsüsündə əyləşib rəhbərlik etdiyi sahəni idarə etsin.

Amma sözsüz ki, Benediktov da arada öz doğmaları arasında olmağa, istirahət etməyə vaxt tapıb. Bu vaxt tapıntılarının birində isə nazir “ilişib”.

Həyat yoldaşının ad günlərinin birində nazir Moskva yaxınlığında ezamiyyətdə olub. Axşamdan xeyli keçmiş nazir qərara alıb ki, gec də olsa Moskvaya qayıtsın, həyat yoldaşının ad gününüdə onunla birlikdə olsun. Axşam saat 10-11 radələrində Benediktov Moskvadakı mənzilinə çatıb. Bu zaman ad gününə toplaşan dostlar və qohumlar məclisi davam etdiriblər. Nazir gecikdiyinə görə məclis qayda-qanununa uyğun olaraq üç dolu qədəh araqla “cərimələnib” və sözsüz ki, ev sahibinin gəlişi ilə məclis daha da qızışıb.

Ziyafətin ən qızğın vaxtında, gecə saat 2 radələrində Benediktovun mənzilində telefon zəngi eşidilib. Nazir dəstəyi qaldıranda xəttin o başından Stalinin şəxsi katibi Poskrebışevin səsi eşidilib:

Yoldaş Benediktov, Stalin sizi təcili yanına çağırır. Siz sürücü çağırmayın. Sizin arxanızca maşın göndərmişik, 5 dəqiqədən sonra o, sizin binanın qarşısında olacaq.
Gecədən xeyli keçmiş bu çağırışın ağırlığı istənilən sərxoş bir adamı ayıltmaq gücündə olsa da, Benediktovu ayılda bilməyib. O, çətinliklə geyimini dəyişib və Kremlə yollanıb.

Təbii ki, Stalin nazirin sərxoş olduğunu dərhal anlayıb. Xoşbəxtlikdən Benediktov Stalinin ona verdiyi sualları ətraflı cavablandıra bilib, rəqəmləri dəqiq yadına salmağı bacarıb. Bu Stalinin xoşuna gəlib:

Sizin başınız ayaqlarınızdan yaxşı işləyir. Ayaqlarınız sözünüzə baxmır, başınınız isə sərxoş vəziyyətdə belə zərgər dəqiqliyi ilə işləyir.
Benediktov sərxoş vəziyyətdə olduğuna görə üzr istəyəndə Stalin onun sözünü yarımçıq kəsib:

Bunlar olan işdir. Amma düşünürəm ki, komissarlar işkiyə və əyləncəyə az vaxt sərf etməlidirlər.
Benediktov icazə alıb çıxmaq istəyəndə Stalin onu saxlayıb, kabinetindəki şakafından iri çokolad qutusunu götürərək nazirə uzadıb:

Mənim əvəzimdən həyat yoldaşınızı ad günü münasibətilə təbrik edərsiniz.
Bəli, Stalin öz məmurlarına qarşı son dərəcə diqqətli və həssas olub, kimin harada, nə işlə məşğul olmasını bilib, nəzarətini onların üstündən çəkməyib.

Benediktovun 15 illik nazirlik fəaliyyətində adı heç vaxt “qara” işlərdə hallanmayıb. O, bəzi hallarda onun işinə mane olan, əngəl törətmək istəyənləri açlq çəkildə tənqid etməkdən də çəkinməyib. Belə məsələlərdə Benediktovun Lavrenti Beriya ilə də mübahisələri olub və Beriya onu aradan götürməyə bir neçə dəfə cəhd edib. Amma “NKVD” şefinin əlində tutarlı fakt olmayıb.

Nəhayət, Beriya Benediktovu fərqli bir vasitə ilə ləkələməyə çalışıb. Belə ki, onun göstərişi ilə nazir haqqında Stalinə yazılı arayış təqdim edilib. Arayaşda qeyd olunub ki, Benediktov iki arvad saxlayır və hər ikisinə də bağ evi tikib. Bunun kommunist əxlaq normalarına zidd olduğu qabardılaraq Benediktovu cəzalandırmağa calışıblar. Ancaq Beriya komandasının bu cəhdi baş tutmayıb. Stalin məsələyə qısa və konkret münasibət bildirib:

“Benediktov bir nazirin deyil, bir neçə nazirin işini görür. Belə olan halda o, bir neçə arvad da saxlaya bilər, bir neçə bağ evi də tikə bilər…”

Stalinin vəfatından sonra Beriya öz istəyinə nail ola bilib, Benediktov nazir vəzifəsindən azad olunaraq Hindistana səfir göndərilib. Amma bu, çox da uzun çəkməyib. Beriyanın həbsindən sonra Benediktov yenidən nazir kürsüsündə əyləşib.

Benediktova Xruşovla işləmək çətin olub. Xruşovun anlaşılmaz siyasətini qəbul etməyən nazirin kənd təsərrüfatı sahəsində baş katiblə mübahisələri, fikir ayrılıqları 1959-cu ildə pik həddə çatıb, o, nazir vəzifəsindən azad olunaraq yenidən Hindistana səfir göndərilib. 1967-ci ildən 1971-ci ilə qədər isə fəaliyyətini Yuqoslaviyada səfir kimi davam etdirib.

SSRİ-nin ən uzunömürlü kənd təsərrüfatı naziri Benediktov 1983-cü ildə 81 yaşında vəfat edib.

İlham Cəmiloğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.