Qacarın möhtəşəm Tiflis zəfəri
11-03-2022, 15:25
Osmanlı sultanı III Səlim Ağa Məhəmməd şah Qacara məktubunda qeyd eləmişdi ki, “əgər Tiflisi tutsan, səni hökmdar kimi tanıyaram”. Və bununla Ağa Məhəmməd xan Qacar özünü sübut etdi.
1795-ci ildə - gürcülər Kırçanisi savaşı deyir - Soğanlıq döyüşündə II İrakli üzərində möhtəşəm qələbə qazanılır. Qacarı qaniçən, zalım kimi təqdim ediblər. Bu yürüşdən əvvəl Ağa Məhəmməd şah Qacar II İrakliyə məktub göndərmişdi ki, “siz daim bizim taxt-tacımıza sadiq olanlardan biri idiniz. İstəyirəm ki, siz aman boyunduruğunu və itaət kəndirini yenidən belinizə bağlayasınız”. İrakli isə rədd cavabı verir.
Bu zaman Ağa Məhəmməd şah Qacar onu ağlı çaşmış qoca adlandırır. Tiflis tutulandan sonra İrakli əvvəlcə Qaraqalxan yaylağına, oradan da İmeretiyə qaçır. Tiflis isə yenidən qızılbaş şəhərinə çevrilir. Guya orada əhalinin kütləvi surətdə qırılması barədə iddialar isə kökündən yanlışdır. Əgər 1795-ci ildə Tiflis əhalisi qırılsaydı, 1801-ci ildə rus ordusu ora daxil olanda o şəhərdə heç kim olmamalı idi.
Bu, sağlam məntiqə uymur. Nədənsə, bizim tarixşünaslığımızda da bizi məğlub kimi göstərməyə çalışdıqlarından Ağa Məhəmməd xan Qacarın Valerian Zubovun ordusunu darmadağın etməsi haqqında heç yerdə məlumat verilmir.
Ancaq bu döyüş olub. Valerian Zubovun ordusunun Quba xanı Şeyxəli xan tərəfindən Alpanı döyüşündə darmadağın edilməsi ədəbiyyata yenicə yol tapır.
Müəllif: BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, Kərəm Məmmədli
Teref.az