Kasparovu Heydər Əliyev çempion etdi - KASPAROVUN ŞAHMAT TACINA GEDƏN YOLU

14-05-2022, 00:03           
Kasparovu Heydər Əliyev çempion etdi -
Heydər Əliyev: “Mənim əsas vəzifəm Azərbaycanı dünyaya tanıtmaq, ona şan-şöhrət gətirməkdir!”

Bütün dünyada belə bir şüar var: “İdman – yarış, barış və dostluqdur!” Ancaq indiyə qədər baş vermiş bir çox olay bunun pafos və şüarçılıqdan irəli getmədiyini sübut edir. Mənim şəxsi qənaətim də odur ki, idman yarışları hər zaman siyasətin əlində güclü təsir mexanizmi olub. Yəni, qısaca olaraq, idman siyasətə alət edilib. Bunun əsası da nə bu gün, nə dünən qoyulub, bu siyasi mexanizmin hardasa 1 əsr yaşı var. İlk dəfə idman yarışlarından siyasi məqsədlər üçün Adolf Hitler istifadə edib – 1936-cı il Berlində keçirilən XI Yay Olimpiya Oyunlarında.

Lakin məqsədimiz Berlin olimpiyatlarına münasibət bildirmək deyil. Mümkündü ki, gələcəkdə bu mövzuya ətraflı toxunacağıq. Bu yazıda isə biz siyasi oyunların qurbanı olaraq haqq etdiyi yarışmaq hüququnda məhrum edilən bir mağdur və onun bu haqqını özünə qaytaran ünlü siyasi xadim haqqında bəhs edəcəyik. Həmin mağdur – həmyerlimiz olan məhşur şahmatçı, dünya çempionu Harri Kasparovdu, ona dünya şahmat tacını qazanmasında yardım edən isə digər həmyerlimiz Heydər Əliyevdir.

Mən bu hadisəni ilk dəfə Heydər Əliyevin özündən eşitmişəm. Hələ Naxçıvanda olarkən bir dəfə söhbət etdiyimiz vaxt demişdi ki, Kasparovun dünya çempionu olmasında ona çox böyük yardımları dəyib. Doğrusu, o vaxt buna elə də əhəmiyyət verməmiş, hətta düşünmüşdüm ki, Heydər Əliyev ifrata varır, Azərbaycanla bağlı yaxşı nə varsa öz adına çıxır. Axı necə ola bilər ki, Kasparovun çempionluğunda onun yardımı toxunsun, məgər onun yerinə Karpovla yarışan Əliyev olub?

Aradan təxminən 20 il keçdikdən sonra Heydər Əliyevin mənə söylədiklərinin həqiqət olduğunu öyrəndim. Sən demə, Heydər Əliyev olmasaymış, Kasparovun şahmat tacını qazanması bir tərəfə, heç Karpovla yarışa çıxa bilməyəcəkmiş. Hər şey bu istiqamətdə getsəydi, SSRİ kimi nəhəng dövlətin siyasi olimpində 3-cü adam sayılan şəxs məsələyə qarışmasaydı, Karpovun dünya çempionluğu uğrunda rəqibi ya məşhur Korçnoy, ya da macar Zoltan Ribli olacaqdı.

Kasparova qarşı edilən haqsızlıq və nəticədə Heydər Əliyevin məsələyə müdaxiləsi haqqında 30 il gizli qalan həqiqətləri ilk dəfə dilə gətirən şəxs məşhur ukraynalı şahmatçı, beynəlxalq qrossmeyster Aleksandr Belyavski oldu. Bu şəxs haqqında bircə kəlmə onu deyə bilərəm ki, o, adam kimi adamdır: səmimi, intligent, mədəni, həqiqət tərəfdarı, bir sözlə kübarlığın və aristokratiyanın zirvəsinə qalxmış biridir. O, bu həqiqəti açmasaydı, bəlkə də Heydər Əliyevin mühüm bir xidmətindən hələ də məlumatsız olacaqdıq.

Bəhs etdiyimiz bu həqiqəti Saşa 2013-cü ildə “В гостях у Гордона” adlı verilişdə məşhur ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibədə ortaya çıxartdı. Yalnız bundan sonra hadisə ilə bağlı rəsmi sənədlər işıq üzü gördü. Olayların baş vermə səbəblərini xroniki ardıcıllıqla dəyərli oxucularımın diqqətinə çatdırıram…

*****

1984-1985-ci illərdə keçiriləcək şahmat üzrə dünya çempionatının finalında o dövr tac sahibi olan Anatoli Karpovla görüşmək üçün 8 namizəd arasından finalisti müəyyənləşdirmək üçün 1983-cü fevral-mart aylarında namizədlərin yarışı start götürdü. Ələmə üsulu ilə (uduzan çıxır) keçirilən yarışda püşk yolu ilə bu cütlüklər qarşılaşdı: Harri Kasparov-Aleksandr Belyavski, Viktor Korçnoy-Layoş Portiş, Robert Hübner-Vasili Smıslov və Zoltan Ribli-Eugenio Torre. Belyavskinin Qordona dediyinə görə, püşkatma prosesində FİDE prezidenti filippinli Florensio Kampomanes fırıldağa əl atıb. Belə ki, püşkün nəticəsinə görə, Korçnoyla Saşa Belyavski görüşməli imiş. Ancaq istər FİDE, istərsə də SSRİ Dövlət İdman Komitəsi Korçnoyun yarışdan erkən ayrılmasında maraqlı olmayıblar. Hər iki tərəf dünya şahmat tacı uğrunda yarışda Karpovla Korçnoyun qarşılaşmasında maraqlı idi. Bu projedə həm maddi, həm də və ən əsası da siyasi maraq vardı. Çoxlarınızın bildiyi kimi Viktor Korçnoy yəhudi əsilli sovet vətəndaşı olub. Sonradan o, SSRİ vətəndaşlığından imtina edərək xaricə köçüb və kommunist rejiminin əleyhinə təbliğatlara başlayıb. Əvvəlki iki dünya çempionatında – 1978 və 1981-ci illərdə çempionluq uğrunda mübarizədə məhz Karpovla Korçnoy görüşmüşdülər. Hər iki yarışda da kommunistlər üstünlük qazanmışdı. Bu iki dühanın qarşılaşmasına iki fərqli dünyanın – liberal Qərblə konservativ Şərqin, kapitalizmlə sosializmin yarışı kimi baxılırdı. Sovetlər Karpovun Korçnoy üzərindəki möhtəməl 3-cü qələbəsini arzu edir, bununla da kapitalizmdən daha üstün olduqlarını göstərmək istəyirdilər. Liberal Qərb isə revanş arzusundaydı.

Böyük korrupsioner kimi ad çıxarmış FİDE prezidentinin də öz şəxsi marağı vardı. Əgər finalda iki sovet şahmatçısı Karpov-Kasparov və yaxud Karpov-Belyavski qarşılaşmış olsaydılar, çempionluq yarışı Moskvada keçiriləcəydi və bu da yarışın heç bir maddi gəlir gətirməyəcəyinə işarə idi. Belə ki, böyük telekompaniyalar və reklam şirkətləri bunda maraqlı görünmürdülər. Ancaq finalda Karpovun rəqibi Korçnoy olsaydı, yarış Moskvada yox, Avropa və ya Amerikada keçiriləcəkdi ki, bu da finala marağı artıracaq, çoxlu gəlir götürmək mümkün olacaqdı. Bütün bu səbəblərdən dolayı, əvvəlcə püşkatmada fırıldağa yol verilir və Karpovun ehtimal olunan ən güclü iki rəqibi – Kasparovla Belyavski erkən mərhələdə, ¼ finalda qarşı-qarşıya gətirilir.

Beləliklə, iki güclü rəqibdəın biri erkən olaraq sıradan çıxarılır. ¼ finalda qalib gələn Kasparov, Korçnoy, Smıslov və Ribli yarı finala çıxırlar. Yarı finalda Ribli Smıslov ilə, Kasparov Korçnoyla görüşməli idi. Lakin işbazlar və idmanı siyasətə alət edən böyük patronlar burda da oyun qururlar, məsələ qapıarxası kulislərdə həll olur. FİDE-nin qərarına əsasən, yarı final görüşləri ABŞ-ın Pasaden və Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilməli imiş. Lakin SSRİ Dövlət İdman Komitəsi və SSRİ Şahmat Federasiyası bu qərara etiraz edirlər. Onlar təkid edirlər ki, Kasparovla Korçnoy arasındakı görüş Amerikada yox, SSRİ şəhərlərinin birində keçirilsin. Halbuki bu müəmmalı tələbi irəli sürənlər Korçnoyun SSRİyə girişinin yasaq olduğunu bilirdilər. Əslində məqsəd o idi ki, pərdəarxası oyunla Kasparovun Korçnoyla görüşünü əngəlləsinlər və beləliklə, yuxarıda qeyd etdiyim ssenari – iki qütb arasındakı savaşı simvolizə edən Karpov-Korçnoy qarşılaşması reallaşsın.

FİDE qərarından geri dönmədiyinə görə, SSRİ idmanına rəhbərlik edən patronlar və onların Çekadakı bossları Kasparovu Korçnoyla yarışa buraxmırlar. FİDE bunu əsas götürüb, Korçnoya texniki qələbə verir. Belyavski qeyd edir ki, Harri açıq-açığına haqsızlığa məruz qalır.

Kasparov məcburiyyət qarşısında qalıb, Heydər Əliyevə müraciət edir. O da dərhal şahmatçını qəbul edir. Heydər Əliyev Harrini dinlədikdən sonra ona bir sual verir: şahmat tacını qazanacağına əminsənmi? Müsbət cavab aldıqdan sonra da deyir: get rahat şəkildə Karpovla görüşə hazırlaş.

Heydər Əliyevin ilk işi SSRİ Dövlət İdman Komitəsinin o vaxtkı sədri Marat Qramovu yanına çağırmaq olur. Əliyevin zəhmi qarşısında duruş gətirə bilməyən Qramov bütün işlərin onun müavini Viktor İvonindən asılı olduğunu bildirir. Heydər Əliyev İvonini yaxşı tanıyırdı, hələ 50-ci illərin əvvəllərində Leninqradda KQB məktəbində birlikdə oxumuşdular. Dərhal İvonini yanına çağırır. Ona ilk sözü bu olur: partbiletini ver! İvoninin partbiletini əlindən alan Heydər Əliyev ona 7 gün möhlət verir: get, məsələni həll elə!

İvonin soluğu baş katib və sabiq şefi Andropovun yanında alır və bu cavabı eşidir: mən xəstəyəm, məsələni Heydər Əliyevlə həll edin!

Əlacsız qalan İvonin Kampomaneslə əlaqə saxlayır. Sovet Qoskomsportu ilə isti münasibətləri olan FİDE prezidenti federasiyanın 54-cü konqresini vaxtından əvvəl çağırır və əvvəlki qərarını dəyişir. Beləliklə, yarı final görüşləri üçün yeni zaman və məkan müəyyən edilir. Harri Kasparov əvvəlcə yarı finalda Korçnoyu, sonra da namizədlərin final görüşündə digər sovet qrossmeysteri Vasili Smıslovu böyük hesabla məğlub edərək, dünya şahmat tacı uğrunda Anatoli Karpovla yarışmaq hüququ əldə edir. O buna 21 yaşında nail olur. Bu, o dövrdə rekord idi.

Yuxarıda da qeyd etdiyim kimi, Heydər Əliyev mənimlə söhbətində Kasparovun şahmat tacını qazanmasında ona yardım etdiyini söyləyəndə inanmamışdım. Lakin bunu büruzə verməyərək, ondan soruşmuşdum ki, bu erməni qarışığı olan nankora niyə yardım edib. Heydər Əliyevin cavabı belə olmuşdu: “O vaxt belə bir məsələ gündəmdə yox idi. İkincisi, Kasparov Bakıda doğulub, orada böyüyüb. Bizi, yəni Azərbaycanı təmsil edirdi. Onun qalib gəlməsi Azərbaycanın adını da yüksəklərə qaldıracaqdı. Bütün dünya Azərbaycanı tanıyacaqdı. Mənim vəzifəm də budur: Azərbaycanın adını bütün dünyaya tanıtmaq, ona şan-şöhrət gətirmək!”

Bəli, əziz dostlar, Heydər Əliyev belə bir adam idi. O, Azərbaycanla nəfəs alırdı…

P.S. Heydər Əliyevdən fərqli olaraq, Harri Kasparov nankor bir adam olub. O, ilk əvvəl çörəyini yediyi, suyunu içdiyi doğma vətəni Azərbaycana xəyanət etdi. İndi də ikinci vətəni olan Rusiyaya xəyanət edir. Vaxtilə siyasi oyunların mağduru olub, haqqına girilən Harri Kasparov indi özü başqalarının haqqına girir. Onun təklifi ilə, rusiyalı tennisçilərin ən mötəbər tennisi turniri, “Böyük Dəbilqə” seriyasından olan Uimbldona buraxılmaması məsələsinə baxılıb və qərar qəbul olunub. Bu artıq başqa bir mövzudu və bu məsələyə mütləq qayıdacağıq.
Fərəməz Novruzoğlu
/boyuksherg.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.