Brejnev özünü “Qələbə” ordeni ilə necə təltif edib? – Qorbaçov isə bu ədalətsizliyi aradan qaldırıb

1-07-2022, 12:14           
Brejnev özünü “Qələbə” ordeni ilə necə təltif edib? –
Ən yeni tarix. Maraqlı faktlar.
SSRİ-nin sıravi vətəndaşlarından tutmuş dövlət məmurlarına qədər hamı Leonid İliç Brejnevin dövlət təltifləri, mükafat və hədiyyələrə nə qədər həris olduğunu yaxşı biliblər. Hətta bununla bağlı lətifələr də yaranıb, baş katib orden və medallarını taxanda, bu təltifləri “Lyonkanın oyuncaqları”, “qoca sərsəmin dəmirləri” də adlandırıblar...
Amma baş katib növbəti dövlət təltifini, “Qələbə” ordenini alanda bu mükafat lətifə ilə deyil, qıcıqla qarşılanıb, ali rütbəli hərbçilərin isə qəzəbinə səbəb olub.
Hələ 1977-ci ildə, 9 may Qələbə günü ilə bağlı keçirilən ziyafətdə Brejnev müharibə qəhrəmanlarının şərəfinə qədəh qaldırıb tost deyərkən, kiçik bir narazılığını da bildirib: “Biz qələbə üçün ağır yollardan keçdik, qanlı cəbhələr gördük, sona qədər döyüşdük. Amma təəssüflər olsun ki, bəzilərimizi lazım olan mükafatlara layiq bilmədilər...”
Bu “inciklik” Siyasi Büro üzvləri üçün bir işarə olub. Onlar ziyafətdən sonra Brejnevin nə istədiyinin müəyyənləşdirmək üçün xeyli baş sındırmalı olublar. Nəhayət, uzun-uzadı müzakirələrdən, baş katibin təltif olunduğu mükafatları nəzərdən keçirdikdən sonra məlum olub ki, Brejnevin “orden arsenalı”nda yalnız “Qələbə” ordeni yoxdur.
Beləliklə, növbəti il, 20 fevral 1978-ci ildə Brejnev “Qələbə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, “Qələbə” ordeni 8 noyabr 1943-cü ildə təsis olunub və ən yüksək ali hərbi mükafat sayılıb. Brejnevə qədər bu ordenlə cəmisi 16 nəfər təltif olunub. Orden 2-ci dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib. İlk dəfə bu ordenlə marşal Georgi Jukov təltif olunub. Jukov, marşal Vasilevski və Stalin “Qələbə” ordeninə iki dəfə layiq görülüblər.
Sözsüz ki, müharibədən 30 ildən artıq bir dövr keçdikdən sonra Brejnevin “Qələbə” ordeni ilə təltifini əsaslandırmaq da Siyasi Büro üzvləri üçün əməlli-başlı problemə çevrilib.
Əvvəlkilər bu ordenlə təltif olunanda konkret bir əsas göstərilib. Məsələn, marşal Georgi Jukov “Ukraynanın sağ sahillərinin azadlığına görə”, marşal Aleksandr Vasilevski “Hərbi əməliyyatların uğurla planlaşdırılması və cəbhələr arasında koordinasiyanın yaradılmasındakı xidmətlərinə görə”, marşal Konstantin Rokossovski “Polşanın azadlığına görə” və s.
Belə bir sual ortaya çıxıb: bəs Leonid İliç Brejnev nəyə görə “Qələbə” ordeninə layiq görülməlidir?
“Yazı-pozu” məsələlərində həmkarlarından daha səriştəli olan, Mərkəzi Komitənin ideologiya məsələləri üzrə katibi Mixail Suslov bu dəfə də Siayasi Büro üzvlərini bu problemdən qurtarıb. Suslov Brejnevin “Qələbə” ordeni ilə təltif edilməsini elə “əsaslandırıb” ki, hətta Brejnevin özü də təəccüblənib.
Məsələ nə qədər ciddi olsa da, yenə də lətifələrə yol açıb: “Müharibənin ağır günlərində Stalin əməliyyat müşavirəsi keçirir, fikir mübadiləsi aparılır. Əməliyyat şəraiti haqqında marşal Jukov fikirlərini bildirir, sonra marşal Vasilevski çıxış edir, daha sonra söz marşal Konevə verilir, həmçinin marşal Rokossovski də öz təkliflərini verir. Marşalların fikirlərindən çox da razı qalmayan Stalin deyir:
- Gəlin indi də polkovnik Brejnevin fikirlərii öyrənək...”
Gülüş doğuran lətifə olsa da, real həqiqət çox acı və ədalətsizdir. Müharibə müstəvisində Brejnevin adının Jukovla, Rokossovski, Vasilevski və müharibədə müstəsna, həlledici xidmətləri olan digər marşallala birgə çəkilməsi tarixi təkzib etmək deməkdir.
Brejnev sağlığında “Qələbə” ordenini özünə halal saysa da, ölümündən sonra onun halalığını verməyiblər.
21 sentyabr 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun imzaladığı fərmanla Leonid İliç Brejnevdən “Qələbə” ordeni geri alınıb. Amma bu dəfə bu fərmanı əsaslandırmaq üçün heç kim baş sındırmalı olmayıb. İmzalanan fərman dörd sözlə əsaslandırılıb: Statusuna uyğun olmadığına görə...
Bəlkə də bu fərman Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə imzaladığı ən ədalətli fərman olub.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.