Dükanlara borclu qalan Xalq artistimiz: O, yerişini də itirmək üzrədir...

3-07-2022, 12:09           
Dükanlara borclu qalan Xalq artistimiz:
Dükanlara borclu qalan Xalq artistimiz: O, yerişini də itirmək üzrədir...
Teref.az Kulis.az-a istinadən Xalq artisti Lətifə Əliyeva haqqında maraqlı məlumatları təqdim edir.

Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub.

1964-cü ildə Teatr İnstitutunda dram-kino aktyorluğu fakültəsində təhsil alıb.

1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işə başlayıb.

Teatrda daha çox ana rolları ifa edən aktrisa "Qaraca qız", "Mənim nəğməkar bibim", "Ağ dəvə", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Hacı Qara", "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşalarında aparıcı rollar ifa edib.

Xalq artisti "Bəyin oğurlanması", "Bircəciyim", "Girişmə, öldürər!", "Kişi sözü", "Lətifə", "Hər şey yaxşılığa doğru", "İşarəni dənizdən gözləyin", "Mən mahnı qoşuram", "Nakəs", "Ovsunçu", "Sarı gəlin", "Şahid qız", "Ümid", "Yuxu" filmlərinə də çəkilib.

Uzun zamandır ekranlardan uzaq düşən aktrisa keçmişdə filmlərə az çəkilməsindən şikayətçidir. O, müsahibələrində bu məsələyə toxunaraq deyir:

"Qoymadılar ürəyim istəyən rolları oynayım, özləri oynadılar. Bu qədər filmlər çəkilir, tamaşalar qoyulur, məni yada salan yoxdur. Yəni bir kiçik rolu da oynaya bilməyəcək qədər istedadsızam? Xəstəyəm. Bütün yığdığım pulları oğluma və öz xəstəliyimə istifadə edirəm. Dükanlara borcum var. Düzdür, hər yerdə hörmət edirlər. Tanıyanlar o dəqiqə təmənnasız xidmət göstərirlər, ancaq bu mənə lazım deyil. Mən belə yaşamaq istəmirəm. Gərək bu sahədə də adamın ola ki, daim diqqətdə saxlayalar?

O əlavə edir:

"Televiziyalardan da incimişəm. Teatrda müqavilə ilə işləyirəm, amma ayaqlarıma görə işə gedə bilmirəm. Əlil arabasında da olsa, filmlərə çəkilmək istəyirəm".

Lətifə Əliyeva 1999-cu ildə Xalq artisti Aygün Kazımovanın məşhur "Tənha qadın" mahnısının klipinə çəkilib. Klip haqda danışanda göz yaşlarını saxlaya bilmir. Çünki həmin klipin süjeti ilə öz taleyində oxşarlıq olduğunu deyir.

Aktrisanın övladlarından biri 1992-ci ildə Kəlbəcərdə könüllü döyüşüb, ayağının biri tankın altında qalıb. Həmin hadisələrin həyəcanı və qorxusu onda psixoloji travmalar yaradıb. Övladının sağalması üçün əlindən gələni edən aktrisa, əvəzində öz sağlamlığını da itirir və ayaqları tutulur.

Aktrisaya sonuncu dəfə "Laləli saray" serialından təklif gəlir. O, rejissorla görüşür, sınaqdan keçir. Rejissor ona sizi çağıracağıq deyir. Ancaq bir müddət keçir, Lətifə xanım dəvət olunduğu serialı efirdə görür. Onun ifa edəcəyi rolda isə başqa aktrisa çəkilir.

Lətifə xanım uzun illərdir heç bir sənət yoldaşı ilə görüşmür, mətbuat nümayəndələri ilə əlaqə saxlamır. O, bunu yaşlanması ilə əlaqələndirir və deyir:

"Onlara əziyyət vermək istəmirəm. Gəlib məni bu vəziyyətdə görməsinlər. Bəzən Allaha yalvarıram ki, ya rəbbim, qoy qırışsın mənim üzüm. Bəlkə onda məni çəkərlər! Bu yaşda qadının üzü qırışmış olar da."

20-yə yaxın filmə çəkilən aktrisanın özünün ən çox bəyəndiyi obraz "Bəyin oğurlanması" filmində Həsənin anası obrazıdır. Aktrisa xatırlayır:

"O filmdə bizim Yaşar Nuri ilə səhnəmiz var. Filmə baxanda mənə dəli kimi bir ağlamaq gəlir. Heyifim gəlir ki, Yaşar Nuri kimi aktyor həyatda yoxdur. Tərəf müqabili kimi Yaşar çox əzəmətli idi. Filmdə aramızda yarımçıq sevgi, nisgil vardı. Mən Yaşara o filmdə daha çox bağlandım".

Qocaman aktrisa hal-hazırda kino və teatrdan uzaq ömür yaşayır. Onun iki oğlu, altı nəvəsi var. 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.