Banişevskinin vurduğu qol, Yaşinə dəyən yumruqlar – SSRİ ilə Argentina yığmasının oyunu Kremldə müzakirəyə çıxarılıb

4-07-2022, 00:17           
Banişevskinin vurduğu qol, Yaşinə dəyən yumruqlar –
Dünyanın futbol tarixi maraqlı hadisələrlə zəngindir. Milyonlarla insanın azarkeşlik etdiyi futbolda elə hadisələr də olub ki, hətta onlara dövlət başçıları da müdaxilə ediblər. Elə 1965-ci ildə SSRİ yığması ilə Argentina futbolçularının görüşü də siyasi müstəvidə müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, SSRİ ilə Argentinanın futbol yığmaları 11 dəfə üz-üzə gəliblər. Bu matçların 10-u yoldaşlıq görüşü xarakteri daşısa da, tərəflər yaşıl meydançalarda prinsipiallıq nümayiş etdiriblər.
11 oyundan 6-sı heç-heçə ilə nəticələnib, 2 matçda SSRİ qalib gəlib, 3 oyunda isə argentinalı futbolçular qalib olublar.

1965-ci ilin dekabrın 1-də Buones-Ayresin “River Pleyt” stadionunda keçirilən oyun isə futbol tarixinə fərqli bir hadisə kimi düşüb. Yaşıl meydançada baş verən insident oyunun qəsa müddətli dayandırılmasına səbəb olub.
Argentinada qonaq olan sovet futbolçuları bu yoldaşlıq görüşünə aşağıdakı heyətlə çıxıb:
Yaşin, Afonin, Ponomaryov, Getmanov, Sabo, Voronin, Kopaev, Metreveli (Malofeev), Banişevski, Mesxi (Xmelnitski).

SSRİ yığmasına Nikolay Morozov rəhbərlik edib, matça hakimik etmək isə uruqvaylı Esteban Marinoya həvalə olunub.
Oyunu stadiondan 60 min nəfərdən artıq azarkeş seyr edib.
Matçın 9-cu dəqiqəsində hesab açılıb. Anatoli Banişevskinin başı ilə vurduğu dəqiq zərbə nəticəsində top argentinalıların qapısından keçib. Birinci qol stadiondakı azarkeşlərin qıcıq dalğasına səbəb olub. Elə argentinalı futbolçuların da aqresivliyi hiss olunub. Matçın 2-ci hissəsində bu gərginlik daha çox müşahidə olunub və nəhayət, özünü açıq şəkildə büruzə verib. Belə ki, oyunun bitməsinə az qalmış Argentina yığmasının hücumçusu Lalyana güclü zərbə ilə topu SSRİ-nin qapısına vurub. Yaşin böyük ustalıqla topu tutub. Bu məqamda hücumçu onun üstünə qaçaraq Yaşinə yumruq atıb və onu yerə yıxaraq zərbələrini davam etdirib. Yaxınlıqda olan SSRİ yığmasının müdafiəçisi Afonin dərhal özünü “hadisə yeri”nə çatdırıb və komanda yoldaşını, qapıçı Yaşini müdafiə etmək üçün Lalyanaya hücum edib və qədərincə cavab verməyi bacarıb. Saniyələr ərzində yaşıl meydança döyüş meydanını xatırladıb. Yerli azarkeşlərdən də meydançaya daxil olanlar olub. Jurnalistlər isə fürsət gözləyirmiş kimi öz çəkilişlərini birbaşa yaşıl meydançadan davam etdiriblər.

Maraqlı məqamlardan biri odur ki, uruqvaylı hakim bir neçə dəqiqə bütün bu hadisələri çox sakitliklə seyr edib. Nəhayət, vəziyyətin daha ağır məcraya yönəldiyini dərk etdikdən sonra o, hərəkətə keçərək sakitliyi bərpa edib və oyun qısa müddətə saxlanılıb. Sabitlik bərpa olunduqdan sonra hakimin fiti ilə matç davam edib. Oyun 1-1, heç-heçə qurtarıb.
Sonralar SSRİ yığmasının müdafiəçisi Viktor Ponomaryov hadisəni belə xatırlayıb:
“Hər şey argentinalı hücumçu Lalyanın Yaşinə hücum etməsindən başladı. Onun vurduğu topu Yaşin böyük ustalıqla tutanda argentinalı hücumçu sovet qapıçısının bu peşəkarlığını “həzm” edə bilmədi. Qapıçımızı yerə yıxıb onu yumruqlamağa təbii ki, biz göz yuma bilməzdik. Beləliklə də stadionda dava başlandı. Mən də öz “ərazimdə” qarşıma çıxan argentinalı futbolçuları təpikləmək imkanımı əldən vermədim. Oyun dayandırıldı. Xoşbəxtlikdən argentinalı futbolçuların qol gücü yox idi. Futbolçularımızdan heç kimi ciddi xəsarət almamışdı...”

İnsident saatlar ərzində bir çox ölkələrin mətbuatında işıqlandırılıb. “Sovetski sport” qəzetinin həftəlik “Futbol” əlavəsi isə hadisəni qəzetin 4 dekabr 1965-ci il saylı nömrəsində manşetə çıxarıb.
İnsidentdən 3-4 gün sonra argentinalılar SSRİ-nin bu ölkədəki səfirliyinə bəyanat ünvanlayıblar. Bəyanatda sovet futbolçuları oyun zamanı qarşıdurma yaratmaqda ittiham olunub. Səfir Nikolay Alekseyev bəyanatla tanış olduqdan sonra Moskvaya, SSRİ xarici işlər naziri Andrey Qromıkoya məruzə edib. Kremldə Leonid Brejnevlə Andrey Qromıko məsələ ilə bağlı kiçik müzakirə aparıblar. Nazir hadisəni təfsilatı ilə baş katibə çatdırıb. Brejnev Qromıkodan soruşub:
Andrey Andreyeviç, ümumiyyətlə bu matç hansı çempionat çərçivəsində keçirilib?
Lenid İliç, bu sadəcə yoldaşlıq görüşü olub.
Brejnev başını bulayaraq üzünü Qromıkoya tutub:
Adını yoldaşlıq görüşü qoyub yumruq davasına çıxırlar. Məsələni qapayın getsin. Burada şişirtməli bir şey yoxdur.
İlham Cəmiloğlu, Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.