Osmanlı-Səfəvi münasibətlərindəki mübahisəli məqamlar - Taclı Bəyimin Çaldıran döyüşündə əsir alınıb-alınmaması araşdırılır...

6-07-2022, 00:11           
Osmanlı-Səfəvi münasibətlərindəki mübahisəli məqamlar -
Osmanlı-Səfəvi münasibətlərindəki mübahisəli məqamlardan biri də Şah İsmayılın xanımı Taclı Bəyimin Çaldıran döyüşündə əsir alınıb-alınmaması məsələsidir.
Qızılbaş mənbələrinin inkar etdiyi bu iddianı Osmanlı mənbələri geniş işıqlandırıblar. Hadisənin namus, utanc və şərəf kimi əxlaqi cəhətləri olduğundan, uzun müddət iki tərəf arasında psixoloji müharibənin mərkəzində yer almışdır.
Professor Tufan Gündüzün dediyinə görə qadınların əsir alınması hekayəsinin şişirdilməsi səbəbləri siyasi amilə söykənir. Bu iftira ilə Osmanlı tərəfi Şah İsmayılı, ona böyük rəğbət bəsləyən Anadolu türklərinin gözündən salmaq istəyirdi.
Taclı Bəyim Səfəvilər dövlətinin I Şah İsmayıldan sonra siyasi avtoritetə sahib ən güclü dövlət adamı idi. O, Şah İsmayılın verdiyi qərarları belə, dəyişdirmək iqtidarında olmuş, oğlu Təhmasıb adına dövləti 16 il idarə etmiş və “Bacılar” (döyüşçü qadınlar) ordusunun başında Çaldıran döyüşündə yer almışdı.
Taclı Xanımın əsl adı Bigədir. Mənbələrdə “Bigə xanım” olaraq qeyd edilir. Bu sözün qədim türkcə bəy sözündən yarandığı məlumdur. “Taclı” isə onun ləqəbi idi. Bu ləqəb ona I Şah İsmayılla evləndikdən sonra verilmişdir. Mənbələr
ondan “Taclı Bəyim” və “Şah Bigə xanım” olaraq bəhs edirlər.
Çaldıran döyüşü və Taclı xanımın əsir alınması ilə bağlı məsləyə gəlincə.
Səfəvi ordusunda döyüşçü qadınların olduğu məlumdur. Sarmat əsilli “amazonlara” oxşadılan bu qadınlar “qardaşlığın” qadınlar təşkilatı olan “Bacıyani-Rum”a (Anadolu bacıları) bağlı idilər.
Türk qadınlarından ibarət bu təşkilatın Azərbaycandakı qanadına, böyük ehtimalla, Taclı Bəyim rəhbərlik etmişdir. Çaldıran savaşından Qızılbaşlar tərəfindən çox sayda qadın fədai əsgərlərin yer alması ancaq bu şəkildə izah edilməlidir.
Osmanlı mənbələri Taclı Bəyimin Çaldıran döyüşündə iştirak etdiyini və əsir alındığını qeyd edirlər. Səfəvi mənbələri isə onun əsir alınması haqqındakı məlumatları təkzib edirlər.
Guya Taclı xanımın əsir alınaraq başqa birisinə ərə verilməsi və Anadoluda yaşayaraq ordaca vəfat etməsi əslində heç bir tarixi qaynağa söykənmir.
Çaldıran döyüşündə Taclı Bəyimin əsir alındığı haqqında məlumatların mənbəyi Qızılbaşlara müxalif ağqoyunlulardan olan Xoca Sadəddin Əfəndi idi, və digər osmanlı yazarları buna söylənərək ehtimallar irəli sürüb bu məsələni rəvayət halına salıblar.
Taclı Bəyimin əsirlik hakayəsində qarşımıza çıxan problemli məsələlərdən biri də onun qiymətli daşı haqqında uydurulmuş hekayədir. Ləli-Böyrək daşı haqqında xalq arasında əfsanələr yaranmış və bu əfsanələr Osmanlı sarayına qədər gedib çıxmışdı.
Xoca Sadəddinin dediyinə görə, Taclı Bəyim döyüşdə əsir alınmış və Məsih Paşazadənin nəzarəti altında bir gün əsir qalmışdı. O isə burada üzərindəki qiymətli daş-qaşları Məsih Paşazadəyə verərək əsirlikdən xilas olmuşdu.
Ancaq Taclı Bəyimin bu yolla xilas olması inandırıcı deyildir. Birincisi, əsir alınan birinin üstündəki əşyaları asanlıqla əlindən alına bilərdi və şəriət qanunlarına görə, bu əşyalar əsir alana aid idi.
Digər tərəfdən, Məsih Paşazadənin qiymətli daşa görə Taclı Bəyimi azad etməsi mümkün görünmür. Çünki bu hərəkəti onun ölümünə səbəb ola bilərdi.
Türkiyəli məşhur tarixçi Faruk Sümer Osmanlı mənbələrinin iddialarının doğru olmadığını bildirərək, Taclı Bəyimin döyüşdən qaçıb Xoy hakiminin evində gizləndiyini, buradan Təbrizə gəldiyini və buna Şah İsmayılın çox sevindiyini bildirir.
Taclı Bəyimin cəsarəti, igid və mərhəmətli olduğu mənbələrdə xüsusuilə vurğulanır. Onun xalqın şikayətlərinə qulaq asdığı və problemlərini həll etdiyi bildirilir, Şah İsmayılın ölümündən sonra Taçlı Sultan daha çox xeyriyyə işləri ilə məşğul olur.
1522-də Varamin, Qum və Qəzvin ətrafında sahib olduğu tarla, bağça və kəndləri səkkizinci imamın bacısı Fatimənin Qumdakı türbəsinə vəqf olaraq bağışladı.
Taclı Bəyimin Şah İsmayılın vəfatından sonra siyasi səhnədə olması və Səfəvi dövlətində müxtəlif xeyriyyə aksiyalarını təşkil etməsi faktı onun “əsir alınması” iddiasını nə qədər absurd olduğunu isbat edir.
Mənbə: Karabakhmedia.az / T.E.Ü.F.D ƏKBƏR NƏCƏF
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.