Ortaya atılan ev məsələsinin bizə unutdurduqları - Səxavət Məmməd yazır

8-07-2022, 08:03           
Ortaya atılan ev məsələsinin bizə unutdurduqları -
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova ev verilməsi ölkədə ən çox müzakirə olunan mövzuya çevrilib.

Ev verilən şəxsin Roza Zərgərlinin oğlu olması məsələni bir qədər başqa istiqamətlərə çəkir.

Roza Zərgərlini nə səsindən, nə üzündən, nə də əndamından tanıyıram. Yazacaqlarımın da nə Zərgərliyə, nə də Qafarova aidiyyəti var.

Ölkədə xeyli adam ev məsələsinə görə Roza Zərgərlinin oğlunu dəstəkləyir: Uşaq evində qalıb, əziyyət çəkib, fəhlə kimi işləyib, küçələrdə yaşayıb. Əslində, bunu deyən adamlar hədəfi düzgün nişan alırlar, ancaq mərmini başqa yerə atırlar.

Qafqazın lider dövlətində kimsəsizlər evində qalan uşaq niyə görə küçələrə düşməli idi? O, bir qarın çörək tapmaq üçün niyə fəhləlik etməli idi?

Bildiyim qədər, Corc Qafarovun özü bu barədə müsahibəsində danışıb. Niyə dövlət qurumları, uşaq evlərinə nəzarət edən qurumlar hərəkətə keçməyib?

Ötən il kimsəsizlər evindən çıxıb yataqxanalarda yaşayan uşaqlara qurban payı aparmışdıq. Uşaqlar payı götürən kimi hamısı bir ağızdan: “Əmi, nə olur-olsun, bizə iş tapmağa kömək edin də”, – dedi. Aparılan ətləri də dərhal bişirəcəklərini deyirdilər. Bilirsiniz niyə? Çünki soyuducuları yox idi ki, onu bir neçə dəfəyə bişirib yeyə bilsinlər. Budur sosial siyasət?

Dəfələrlə uşaq evlərində yaşayanlarla söhbət etmişəm. Döyülmə, işgəncə, bir qarnı ac, bir qarnı tox yatmaları, işsizlik, fahişəlik. Uşaq evlərindən çıxan qızların böyük hissəsi fahişəliyə cəlb olunur. Yaxud özləri bu yolu seçir. Niyə? Bunu hansı qurum araşdırıb?

18 yaşları tamam olandan sonra uşaqlar öz başlarına buraxılırlar. Başlı başını saxlasın! Bu ölkədə nə qədər elə uşaq var axı? Yəni dövlətin onları himayəsinə almağa heç gücü yoxdur? Bir neçəsinə ev verməklə iş bitmiş sayılır?

SOS Uşaq Kəndlərinin Gəncə filialı ilə bağlı bir neçə yazı yazmışdım. Həmin uşaqlar elə şeylər danışırdı ki, adam həyata nifrət edirdi. Bir elə iddia qarşısında, şahidlər olduğu halda, dövlətin heç bir qurumu hərəkətə keçmədi. Uşaqlara gələn ərzağın yeyilməsi, onların işlədilməsi, ianələrin onlara çatmaması, döyülmə halları. Hətta o yazıları yazandan sonra obyektiv araşdırma üçün SOS Uşaq Kəndlərinin mərkəzindən – Avstriyadan iki psixoloqla da məni görüşdürdülər ki, görsünlər, hansısa marağım var, yoxsa yox. İkinci dəfə görüşəcəklərini bildirdilər, o gedən getdilər. 2019-cu il dekabr ayının 16-da SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası bəyanat yaydı. Təşkilatın Milli Direktoru Rəşad Hüseynov SOS Uşaq Kəndləri Gəncə filialında baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandıracaqdı. Ancaq nə açıqlama oldu, nə də hansısa dəyişiklik. Əvəzində Rəşad Hüseynov mərkəzi ofisə vəzifəyə getdi. Uşaqlar hələ də şikayət edirlər. Baxan olacaq? Mən də elə sizin kimi düşünmüşdüm. YOX!

Nəyi qoyub, nəyi axtarırıq. Uşaq evlərini bitirmiş qızlardan birinin dediyi heç yadımdan çıxmaz. Dedi, bir neçə qız bir yerdə kirayədə yaşayırdıq, səhərdən axşama qədər eşşək kimi işlədirdilər, ancaq qazandığımız pul yeməyimizi görmürdü və beləcə qızlar bir-bir başqa yola düşdü. O yolun adı məlumdur – Fahişəlik!

Dövlət kimsəsiz uşaqlara ev verəndə sevinməməliyik! Bu o qədər sıradan, adi bir hal olmalıdır ki, heç bunun xəbər əhəmiyyəti də olmamalıdır. Dövlət o uşaqların hamısını işlə, evlə təmin etməlidir. Deyəcəklər, edir. Ümumi uşaqların sayı ilə verilən evlərin nisbəti nə qədərdir?

Deyənlər olacaq ki, onsuz da işsizlik baş alıb gedir. Tamamilə razıyam! Nəinki kimsəsiz uşaqlar, kimi-kimsəsi olanlar belə iş tapmaqda əziyyət çəkir. Bu ölkədə mütləq arxan, dayağın olmalıdır! Maaşlar da bəlli, qiymətlər də! Yaşa görüm necə yaşayırsan!

Roza Zərgərlinin oğluna ev verilməsinə etiraz edənlərə şəhid ailələri və qaziləri misal çəkəndə dərhal qarşı arqumentləri o olur ki, onları buna qarışdırmaq doğru yanaşma deyil.

Qardaşım, o evi verən də, bu evi verməli olan da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil?

Kirayədə qalan şəhid anasına verməyə ev tapılmır? Bir neçə gündür ki, kirayədə yaşayan şəhid anası barədə sosial şəbəkədə yazırlar. Sahil Babayevi yuxuda belə görəndə ilan-qurbağalar (OXU: trollar) adamı basıb yeyir. Ancaq ƏƏSMN-dən heç kim bunu görmür.

Şəxsən mənə kimə, kimin oğluna və ya oğulluğuna ev verilməsi zərrə qədər maraqlı deyil, qətiyyən də narahat etmir. Məni narahat edən nazirliyin bu günə qədər yarıtmaz fəaliyyətidir.

Nazirlik rəsmi olaraq bildirib ki, ev verilən şəxs bunu haqq edir. Buna deyəcək heç bir iradım yoxdur. Kim deyir ki, haqq etmir?! Ancaq eynilə Corcun yaşadıqlarını və ondan daha artığını yaşayan onlarla şəxs var ki, bu müraciəti edib. Ancaq müsbət cavab almayıb. Bax buna görə tərəvəzlər əyri bitib!

Hə, bu arada, Corca ev verilməsi məsələsi elan olunan kimi əsas sosial problemlər yenə də yaddan çıxdı. Məsələn, sərhədlərin hələ də bağlı qalması, bunun sayəsində AZAL rəhbərliyinin cibinin dolması, bu azmış kimi, Türkiyə ilə Naxçıvan arasındakı quru yolun qapadılması… Ən çox müzakirə olunanlar sırasında yer alan bu məsələlər “Corcun evi” ortaya atılana qədər cəmiyyətin hər bir fərdinin dilində idi. Ancaq nə oldu? Toplum önünə atılan yemə cumdu, əsas üstündə durulmalı zadlar da arada it-bat oldu. İndi də meymunçiçəyindən çörək çıxmayacağını görənlər yenidən koronavirusdan mədət umaraq yoluxma sayını artırırlar. Odur ki, unutqan olmamalıyıq.

Səxavət Məmməd












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.