Orada kömür mədəni olmasa da, kömürdən mədəniyyət yaradanlar var – VİDEO
9-07-2022, 08:43
Biləsuvar rayonunda yaşayan həvəskar rəssamlar – 36 yaşlı Ruslan Qəhrəmanov və 31 yaşlı Rüfət Abbaszadə kömür vasitəsilə çəkdikləri şəkillərlə diqqət mərkəzindədirlər.
Ruslan Qəhrəmanov Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Orta təhsillidir. Rəsmə həmişə marağı olub. Universitetə də bu sənət üzrə sənəd verib, ödənişli əsaslarla qəbul olunduğuna görə təhsil ala bilməyib. 12 il müxtəlif sahələrdə çalışıb. Sonra yenidən rəsm çəkməyə başlayıb, amma bu dəfə kömürlə. O, Biləsuvarda “Kömür Ruslan” kimi tanınır.
Hazırda Biləsuvar Regional Mədəniyyət İdarəsinin könüllüsü olan R. Qəhrəmanov 2017-ci ildən kömürlə əsərlər yaradır. Onun sözlərinə görə, kömürlə işləmək yağlı boya ilə işləməkdən qat-qat çətindir. Belə ki, kömürlə çəkilən şəkillərə hər hansı düzəliş etmək bəzən mümkünsüzdür. Kömürlə çəkilən şəkillərdə üz qırışı, göz damarı kimi ən xırda detalları belə çatdırmaq olur.
Ruslanın daha çox müraciət etdiyi mövzular Xocalı faciəsi, Vətən müharibəsi və şəhidlərdir. Belə əsərlərdən biri hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunub.
Əsərlərin ərsəyə gəlmə müddəti isə ölçüsündən asılı olaraq dəyişir-Bu, bir neçə gün, bir neçə ay…
Ruslan həm Azərbaycanda, həm də ölkə xaricində müxtəlif sərgilərdə iştirak edib, nailiyyətlər əldə edib.
Bu yaxınlarda millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə satış sərgisi təşkil olunub. Onun əsərlərinin çox hissəsi sənətsevərlər tərəfindən alınıb.
Ruslan Qəhrəmanovdan dərs alanlar hazırda Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Dövlət Rəssamlıq Akademiyasının tələbələridir.
Digər həvəskar rəssam Rüfət Abbaszadə 1991-ci ildə Biləsuvarda anadan olub. Maddi çətinlik səbəbindən ali təhsil ala bilməyib. Diplomu olmadığına görə də iş tapmaqda çətinlik çəkir. Yaxınlarının məsləhəti ilə Ruslan Qəhrəmanovla tanış olub və ondan dərs alıb.
Yaratdığı əsərlərdə kədərli mövzular üstünlük təşkil edir. Belə əsərlərdən biri “Qəmgin uşaq”dır. Sərgilərin birində nümayiş etdirilən şəkil Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun da diqqətini çəkib. Ağakərim kişi dəqiqələrlə həmin əsərin qarşısında durub və ona tamaşa edib. Rüfət deyir ki, ata, çox güman, şəkildə oğlu Mübarizin uşaqlığını görüb… (Qafqaqzinfo)