Batin alimi yazır: Azərilər İsa peyğəmbərə "Ya Şiə" deyirdilər
9-07-2022, 08:18
Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, İmam Əlinin əvəzinə İsa peyğəmbəri – “Mütləq Vilayətin Möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü nəzərə çatdırır. İbn Ərəbi, Varis dedikdə Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər, Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Bu o deməkdir ki, Məhəmməd peyğəmbər İsanı - İmam Əli kimi qəbul edir.
Qədim Misirdə ruh mənasını verən Şu rəmzini xristianlar İsa, qədim yəhudilər, yəni Xəzər Türk bəgləri isə Yeşua adlandırırlar.
Batini mənada Yeşua rəmzi Ya-Şiə deməkdir. Bu isə onu deməyə əsas verir ki, şiə dedikdə İsa, yəni ruh başa düşülməlidir.
Araşdırmalar göstərir ki, xristianların İsa Allahı bir çox mənbələrdə imam Əli ilə əvəz edilir ki, o da Əli-Allahi cərəyanında Allah hesab olunur.
Quranda İsa peyğəmbər bildirir ki, - "Mən sizə hikmət gətirmişəm və ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm". Başqa sözlə, İsa peyğəmbər də imam Əli kimi İlahi sirləri bilmişdir. İslama görə İlahi sirləri yalnız əvvəldə gələn və bütün hər şeyi yaradan Rəhman Allah və axirətdə gələcək Mehdi və ya imam Əli bilmişlər.
Xristian mətnlərində nəzərə çatdırılır ki, "İsa - həyatın günəşi və həqiqi nurudur. Günəş çıxaraq bədənin gözlərinə işıq verdiyi kimi, İsa da hər ürək və ağılları maarifləndirir".
Başqa sözlə, İsa peyğəmbər də İlahi sirləri bilən imam Əli kimi Mehdinin obrazıdır. Batini mənada bunlar - axirətdə insan bədəninə tənasüh edəcək Amon Allahın ruhunun, yəni İsanın - öləndən sonra göydə kosmik El Allahına, yəni Əliyə çevriləcəyi deməkdir.
Mənbələrə görə İslamı, xristianlığı və musəviliyi vahid din kimi Bəktaşi ordeninin ardıcılları qəbul etmişlər.
Bəktaşilər ikidəstəkli taxta xəncər, başlarında isə dua və cihad şüarları yazılmış sarğı daşımaları ilə seçilirdilər. Onlar, üzərində İncildən kəlamlar yazılmış lent gəzdirir, dini ayinlərdə şamanizm elementlərindən, rəmz kimi isə xaçdan istifadə edirdilər. Bəktaşilər müqəddəs üçlüyü, yəni xristianların "Ata, Oğul və Müqəddəs Ruh"unu - “Allah, Məhəmməd və Əli” kimi qəbul edərək ona səcdə edirdilər. Onlarda ənənəvi İslam üçün qəbuledilməz olan nikahsızlıq əhdi, mənəvi müəllimə itaət, şərab və pendirdən istifadə etməklə müşayət olunan ayinlər geniş yayılmışdı. Faktiki olaraq bəktaşilik - xristianlığın, İslamın həm sünnü, həm də şiə qollarından uzaq qədim təriqətlərin elementləri olan din idi.
Bəktaşi ordeninin dərvişləri salamlaşanda bir-birlərinə müraciət edərkən – “Ya Hu ərənlər”, “Hu dost ərənlər”, “Ey Vallah ərənlər”, “Ey Vallah şahim” deyirdilər ki, bu da onların İlahla bağlı olan müqəddəs pirlər nəsli olması anlamındadır. Bəktaş rəmzi bəg-atəş fikrini ifadə edir ki, bu da qədim mənbələrdə İlahi Farna və ya Azər odunu daşıyan atəşbəg deməkdir. Batini mənada Bəktaş rəmzi, Kitabi Dədə Qorqudda Əmən bəgə aid edilən Bəkdüz rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, bəktaşilər - Bəkdüz Əmənin, yəni qədim Misir yazılarında Taktiz Amon adlanan Amon Allahının ardıcıllarıdır. Bu haqda mənim - "Həqiqi İslam - Albaniya bəktaşilərindən başlanır" adlı məqaləm var. Belə çıxır ki, Bəkdüz Əmənin bəg ərənlərinin Bəktaşi ordeni elə - üç dinin kökündə duran və İlahi Azər odu ilə bağlı olan İsna-Aşəriyə dinidir.
Bəktaşiliyin, şiəliyin araşdırıcısı Şakir Keçəli yazır ki, Anadoluya köç edən türkmənlər arasında baba, ata, dədə, Xorasan ərənləri adlandırılan insanlar vardı ki, onlar İslamı əski inamlarla qarışdırıb sadə xalq-islamçı din yaratmışdılar. Bu isə onu deməyə əsas verir ki, bu günkü İslam - avam, savadsız insanlar üçün Xorasan ərənlərinin sadələşdirdiyi dindir.
Bəktaşiləri İranda atəşbəglər və ya əhli-Haq
adlandırırdılar. Haq dedikdə qədim Misirdə iki dünyanın sahibi olan Asar, Osiris, yəni Azər Allahı nəzərdə tutulurdu. Azər və ya Farna odunu daşıdığı üçün bu firon-pirlər Hu-ərənlər adlanırdılar ki, bu da İlahi ərənlər deməkdir. İlaha, yəni Azər oduna sitayiş edən bu bəglərin cəddi Bəkdüz Əmən, göydəki cənnəti öz Şu, yəni Şiə ruhunda yaratmışdı.
Atəşpərəstlikdə Şu, yəni Şiə ruhu Aşa kimi qeyd olunur və Aşa Vaxişta rəmzi də - "Allahın Şu ruhunda yaradılmış behişt" deməkdir. Behişt rəmzi özü batıni mənada bəg-şiyat anlamındadır ki, bu da bəglərin göydəki şiyat, xoşbəxtlik ölkəsi fikrini ifadə edır.
Bütün bunlar o deməkdir ki, İsa, yəni Ya-Şiə Allahı - göydəki ruhunda cənnət daşıyan Azəri bəgidir. Daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Daha müfəssəl videoda:
https://cloud.mail.ru/attaches/16573125001600404390%3Be4562PPaXpnCtARStbTW7uqE%3AEsavhb6WvUz?folder-id=0&x-email=n_alp%40mail.ru&cvg=f
Firudin Gilar Bəg
Teref.az