Müharibə qəhrəmanı Stalindən borc pul alıb, əmək qəhrəmanı olub – Orlovskinin şücaəti.

17-07-2022, 12:14           
Müharibə qəhrəmanı Stalindən borc pul alıb, əmək qəhrəmanı olub – Orlovskinin şücaəti.
Ən yeni tarix. Maraqlı faktlar.
Sovet liderlərinin onlara ünvanlanan məktub və müraciətlərə münasibəti təxminən eyni olub. İstər fərdi, istərsə də kollektiv müraciətlərlə birincilərin köməkçiləri, katiblik və məktublar şöbəsinin əməkdaşları məşğul olublar. Vətəndaş məktubları araşdırıldıqdan sonra onlar şikayətə, yaxud da təklifə uyğun olaraq müvafiq qurumlara göndərilib. Bəzi hallara isə “məsləhət” görülən məktublar baş katiblərə təqdim edilib. Bu zaman məktuba onu yazan haqqında məlumatları əks etdirən arayış da əlavə edilib.
Stalin bu məsələdə az da olsa digər sovet rəhbərlərindən fərqlənib və o, arada ona ünvanlanan məktublarla şəxsən özü tanış olub. Stalinin şəxsi köməkçisi Aleksandr Poskrebışev öz xatirələrində bu haqda yazıb:

“Biz hər ay daxil olan məktub və müraciətlər haqqında ümumi arayış hazırlayıb Stalinə təqdim edirdik. Arayışda məktubların sayını, məzmununu göstərirdik. Məzmunları təklif, şikayət, minnətdarlıq qruplarına bölürdük. Stalin bu məsələyə xüsusi diqqət verirdi və hər dəfə tapşırırdı ki, məktubları müvafiq qurumlara göndərdikdən sonra onların icrasına nəzarət edək. Bu olduqca vaxt aparan bir iş idi. Bəzən Stalin axşamlar məndən həmin gün daxil olan məktubları istəyirdi. Mən qeydiyyata saldığım məktubları ona təqdim edirdim. Stalin gecə yarıyadək həmin məktublarla tanış olurdu və üzərinə göstəriş xarakterli dərkənar qoyurdu...”
Məktublarla özü tanış olduğu günlərin birində Stalinin əlinə “köhnə partizan” adı ilə məşhur olan Kiril Orlovskinin məktubu keçib. O, həmin məktubu oxuduqdan sonra onu digərlərindən ayıraraq masasının üstündə saxlayıb və Poskrebıçevə bildirib ki, bu məktubla mən özüm məşğul olacam.
Maraqlıdır, “köhnə partizan” kim olub, o, Stalinə kimdən və nədən şikayət edib, yaxud hansı xahişini bildirib?
Kiril Orlovski 1895-ci ildə Belarusiyanın Mogilevski vilayətinin Kirov rayonunun Mışkoviçi kəndində anadan olub. I dünya və vətəndaş müharibəsində iştirak edib. O, əvvəlcə “ÇK”-nın altı aylıq kursunu bitirib, sonra kommunist universitetində təhsil alıb.
Orlovski 1925-ci ildən başlayaraq “QPU”-da, daha sonra isə “NKVD”-də xidmət edib. Bu illər ərzində o, bir çox mühüm kəşfiyyat əməliyyatlarında iştirak edib, “NKVD” orqanlarında peşəkar kəşfiyyatçı kimi tanınıb. 1930-1936-cı illərdə Orlovski “NKVD”-nin Belarusiyadakı xüsusi kəşfiyyat qrupunun rəhbəri olub, 1937-1938-ci illərdə İspaniyada vətəndaş müharibəsində hərbi əməliyyatlarda iştirak edib.
1938-ci ilin sonunda Orlovski səhhətində yaranan problemlərə görə xüsusi xidmət orqanlarından ehtiyata buraxılıb. Həmin ildən o, fəaliyyətini Orenburq Kənd Təsərrüfatı İnstitutunda təsərrüfat işləri üzrə prorektor kimi davam etdirib.
Sovet-alman müharibəsi başlananda Orlovski könüllü olaraq yenidən xidmətə qayıdıb. O, ikinci dəfə xidmətinə Belarusiyada kəşfiyyat-diversiya qrupunun komandiri kimi başlayıb. Orlovskinin xidməti haqqında təsəvvür yaratmaq üçün bir faktı qeyd etmək kifayətdir. O, 1941-1943-cü illərdə xüsusi əməliyyatların keçirilməsi üçün gizli yolla 70 dəfə dövlət sərhədini keçərək ona verilən xüsusi tapşırıqları heç bir problem yaratmadan yüksək səviyyədə icra edib.
1943-cü ildə növbəti əməliyyat zamanı açıq döyüşlərə atılanda Orlovski yaralanıb, o, bu döyüşdə sağ qolunu və eşitmə qabiliyyətinin 50-60 faizini itirib. Bu döyüşdə 30-dan artıq alman zabiti və almanlara məxsus silah-sursat anbarı məhv edilib.
Yaralandıqdan sonra Orlovski Moskvada müalicə alıb və ordudan tərxis edilib. Göstərdiyi qəhrəmanlıqlara görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Moskvanın mərkəzində mənzili olsa da, Orlovski paytaxtda qərarlaşa bilməyib. “Könhə partizan” Belarusiyaya, doğulduğu Mışkoviçi kəndinə qayıdıb.
Kənddəki mənzərə, dağılmış təsərrüfat, yoxsulluq, müharibənin yaratdığı digər fəasadlar Orlovskini ciddi narahat edib. İşsiz qala bilməyən “NKVD” zabiti kənddəki “Rassvet” kolxozunu dirçəltmək haqqında düşünüb. Amma o, yaxşı anlayıb ki, bunun üçün maddi vəsait lazımdır. Həmin ərəfədə isə nə onun özündə, nə də kənd sakinlərində həmin vəsait olmayıb. Çox düşündükdən sonra 1944-cü ilin sonlarında Orlovski qərara gəlib ki, Stalinə məktub yazsın və ondan borc istəsin. Məktubda aşağıdakı sətirlər də əks olunub:
“Salam, əziz yoldaş Stalin. Hökumətimizin qayğısı sayəsində mən yaxşı yaşayıram, heç bir maddi problemim yoxdur. Amma mənəvi cəhətdən vəziyyətim heç də qənaətbəxş deyil. Lenin-Stalin partiyası məni həmişə vətənə xidmət etmək ruhunda tərbiyə edib. Mən müharibədə əlillik qazanmışam, fiziki qüsurlarım var, buna görə də ordudan tərxis olunmuşam. Amma mən iş qabiliyyətimi itirməmişəm. Mən bu enerjimi qurucusu olduğunuz sovetlər ölkəsinə sərf etmək istəyirəm...”
Məktubun sonunda Orlovski Stalindən Mışkoviçi kəndindəki “Rassvet” kolxozuna rəhbərlik etməsinə icazə və 125 min rubl borc istəyib.
Stalin məktubu oxuduqdan sonra Orlovskini Moskvaya çağırtdırıb. Sovet lideri ilə “köhnə partizan”ın görüşü maraqlı keçib. Stalin hal-əhval tutduqdan, Belarusiyadakı vəziyyətlə maraqlandıqdan sonra soruşub:
- Kiril Prokofyeviç, məktubunuzu oxudum. Kolxoza rəhbərlik etmək arzunuzu anladım və bunu alqışladım. Bəs bu borc məsələsi nədir?
Müharibə dəhşətləri görmüş Orlovski Stalinə çəsarətlə cavab verib:
- Yoldaş Stalin, bir kommunist və bir qəhrəman kimi sizə söz verirəm ki, həmin pulu sizə bir neçə qat artıqlaması ilə qaytaracam.
Orlovskinin bu cavabı Stalinin təbəssümünə səbəb olub:
- Mən bilirəm ki, siz vicdanlı adamsınız, əsl komunistsiniz. Məni düşündürən başqa məsələdir. Sizin nə probleminiz var ki, bu pul üçün mənə məktub yazmısınız. Məbləq kifayət qadər böyükdür. Yəni müalicə üçün, yaxud ev tikmək üçün bu qədər pula ehtiyac yoxdur.
- Xeyr, yoldaş Stalin, siz məni düzgün başa düşmədiniz. Mənim kənddə də, Moskvanın mərkəzində də evim var. Hökumətimizin sayəsində vaxtlı-vaxtında yüksək səviyyədə müalicə alıram. Bu pul mənə kolxozun dirçəldilməsi üçün lazımdır.
Görüş bununla da yekunlaşıb. Stalin ayağa qalxaraq Orlovskinin qapıyadək yola salıb:
- Siz kəndə qayıda bilərsiniz. Xahişinizlə bağlı tapşırıq verəcəyəm. Borc məsələsini də həll edəcəyəm.
1945-ci ilin yanvarından Orlovski “Rassvet” kolxozuna rəhbərlik edib. Stalin onun istədiyi 125 min rubl “borc”u da Orlovskiyə verib. Müharibədən sonrakı illərdə “Rassvet” kolxozu SSRİ-də ilk milyonçu kolxozlardan birinə çevrilib. Bu bacarığına görə “köhnə partizan” ikinci “qızıl ulduz”u alıb, onu Sosialist Əməyi Qəhərmanı adı ilə təltif ediblər.
Orlovsky_K_P.jpg (85 KB)
Orlovski 13 yanvar 1968-ci ildə 72 yaşında vəfat edib. O, hərbi şərəflə Mışkoviçi kənd qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.