Uğurlu Çörçillin arxasındakı fədakar qadın – Klementina onu heç vaxt yıxılmağa qoymayıb

18-07-2022, 08:59           
Uğurlu Çörçillin arxasındakı fədakar qadın –
Dünyanın ən nəhəng siyasətçiləri arasında Uinston Çörçill anlaşılmaz siyasi manevrləri ilə yanaşı, həm də hazırcavablığı və güclü yumor hissi ilə fərqlənib. Britaniyalı baş nazir eyni zamanda səmimi etirafları ilə də yadda qalıb. Məsələn, jurnalistlər ondan “həyatda ən böyük nailiyyətiniz nə olub” sualına Çörçilin cavabı gözlənilməz olub:

“Bütün həyat və fəaliyyətimdə ən böyük nailiyyətim Klementinanı həyat yoldaşım olmağa razı salmağım olub. Bu böyük uğurdur və mən bunu bacardım…”

Çörçill ömrünün sonlarında onu da etiraf edib ki, həyat yoldaşı ilə 57 illik birgə həyatlarında o, Klementina ilə cəmi iki-üç dəfə bir yerdə nahar edib:

“Nikahımız uzunömürlü olsa da, xarakterlərimizdə uyğunsuzluqlar da olub. Mən səliqəsiz və pinti, rejimə riayət etməyən birisi, Klementina isə tamam fərqli bir adam. Bu səbəbdən də bir süfrə arxasında əyləşmək bizim üçün çox vaxt məqbul sayılmayıb…”

Çörçillə Klementina arasında fikir birliyi ilə yanaşı, fərqli cəhətlər, dünyaya fərqli baxış da mövcud olub. Amerikaya münasibətdə cütlük eyni düşünüb, onların heç biri Amerikanı sevməyib. SSRİ-yə münasibətdə isə Çörçill sovet ölkəsini sevmədiyi halda, Klementinanın kommunistlər ölkəsinə böyük marağı və simpatiyası olub. O, dəfələrlə SSRİ-yə səfər edib. 1945-ci ilin mart ayında isə bu səfər altı həftə davam edib. O, Stalinqrad, Rostov, Kislovodsk, Leninqrad və digər şəhərlərdən sonra Moskvaya gedib. 9 may Qələbə gününü də Klementina Moskvada qarşılayıb. Həmin gün o, radioda çıxış edərək Stalinə və Çörçillə müraciət səsləndirib, onları qələbə münasibətilə təbrik edib.

Moskvada Klementina böyük hörmətlə qarşılanıb, Stalin onu şəxsən qəbul edərək Klementinanı “Qırmızı Əmək bayrağı” ordeni ilə təltif edib. Klementinaya bu orden Britaniyanın baş nazirinin xanımı olduğu üçün verilməyib. Mükafatı o, özü qazanıb. Belə ki, II dünya müharibəsi illərində, 1941-ci ildə Klementina sovet ordusuna yardım fondu yaradıb. Bu fond vasitəsilə birinci xanım SSRİ-yə tibbi avadanlıqlar, dərmanlar, protezlər, geyim və digər əşyalar göndərib. Həmçinin bu fonda yığılan pullar da sovet döyüşçülərinin ehtiyaclarının ödənilməsinə yönəlib.


Çörçill həyat yoldaşının kommunist ölkəsinə bu cür münasibətini görəndə SSRİ-nin Britaniyadakı səfiri İvan Mayski ilə görüşü zamanı səfirə zarafatyana “xahiş”lə müraciət edib:

– Mənim arvadım tam sovetləşib. Siz ona sovetlərə seçkilər keçiriləndə köməklik göstərin. Mən əminəm ki, o, seçkilərdə qələbə qazanacaq. Həm də onun buna tam haqqı var, axı.

Müasirlərinin yazdıqlarına görə, Klementina çevik, qoçaq, bəzən sərt, fikirlərini açıq söyləməkdən çəkinməyən bir xanım kimi yadda qalıb. O, yeganə şəxs olub ki, Çörçillə “yox” sözünü, “sən dözülməz adamsan” ifadəsini deyə bilib. Birinci xanım ölkənin birinci şəxsi ilə fikir mübadiləsi aparanda özünü həmişə təkidli və prinspial aparıb. Bu, onun xanımlığından, həyat yoldaşı qarşısında şıltaqlığından irəli gəlməyib. Klementina həyat yoldaşı ilə dövlət əhəmiyyətli məsələləri müzakirə edəndə o, fikirlərini tam əsaslandıra bilib və Çörçill kimi nəhəngi susdurmağı bacarıb. Xüsusilə, sosial məslələrdə, əhalinin rifahının yaxşılaşdırmaq müzakirələrində Klementina Britaniyanın baş nazirini yola gətirməyi bacarıb.


Araşdırmaçıların qənaətinə görə, Klementina həyat yoldaşının ən etirbarlı mühafizəçisi və müdafiəçisi olub. Hələ Çörçill parlamentin üzvü olduğu vaxtlarda səfərlərin birində bir qadın ona hücum edərək onu qadın hüquqlarının məhdudlaşdırılması məsələsində irəli sürdüyü təkliflərə görə ittiham edib. Yüksək tonla danışan qadın sözünü bitirdikdən sonra Çörçillin sinəsindən itəliyib. Zərbə güclü olmasa da Çörçill müvazinətini itirib və arxası üstə yıxılanda Klementina onun pencəyindən yapışaraq yıxılmağa qoymayıb. Daha sonra isə əlindəki çətirlə həyat yoldaşına hücum edən qadını qovub.

Qeyd edək ki, Çörçill və Klementina 1908-ci ildə ailə həyatı qurublar. Həmin vaxt Çörçilin 33 yaşı olub. İlk tanışlıqdan sonra bir müddət Çörçill Klementinaya evlilik təklifini etməkdə çətinlik çətib. Klementina isə səbrlə gözləyib. O, sonrakı müsahibələrində həmin vaxtları belə xatırlayıb:

“Çörçill evlilik təklifini etməkdə çətinlik çəkirdi. Bəlkə də qürurunu “aşağı” salmaq istəmirdi. Mən isə gözləyirdim. Əlbəttə, əgər o, dizlərini yerə qoyub mənim arxamca sürünsəydi, mən ona “yox” cavabı verərdim. Amma o, uzun müddət özünü əsl centlemenlər kimi apardı, sonda diqqətlə gözlərimə baxdı və nəhayət, mən gözlədiyim təklifi ondan eşitdim…”

Cütlüyün bir oğlu, dörd qızı olub. Çörçill əsas vaxtını dövlət işlərinə, Klementina isə öz həyat yoldaşına həsr edib. Bəlkə elə bu səbəbdən də onların övladlarının taleyi ağır, acınacaqlı və uğursuz olub. Onların bir qızı 3 yaşında xəstəlikdən ölüb. Yeganə oğulları olan Rendolfun həyatı uğursuz olub, o, bu uğursuzluğa görə bir neçə dəfə intihara cəhd edib. Rendolf 57 yaşında dünyasını dəyişib. Böyük qızları Diana 52 yaşında narkotik dozasının çoxluğundan vəfat edib. Digər qızları Sara 68 yaşında alkoqolun qurbanına çevrilib. Yalnız kiçik qızları Meri bacı və qardaşlarından fərqli olaraq öz həyatını normal qura bilib. O, Britaniyada yazıçı kimi tanınıb və anası haqqında da kitab yazıb. Meri həmin kitabda ailəsi ilə bağlı fikirlərini belə bölüşüb:


“Adətən ailələrdə valideynlər, xüsusilə analar üçün birinci, ikinci, üçüncü dərəcəli işlər olur. Mənim anam üçün isə həm birinci, həm ikinci, həm də üçüncü dərəcəli iş atam sayılıb. Övladlar üçün isə düşünməyə vaxt qalmayıb…”

Həqiqətdə də Klementina bütün həyatını həyat yoldaşına həsr edib. Ən ağır günlərdə, müharibə dövründə, maddi sıxıntılar yaşananda, Çörçill uzun müddət xəstəxanada müalicə alanda Klementina həmişə onun yanında olub, baş nazirin bütün kaprizlərinə dözüb. Məhz bu iradə, dözüm ailəni heç vaxt dağılmaya qoymayıb, bütün mübahisələrə, fikir ayrılığına baxmayaraq, cütlük 57 illlik uzun bir yol keçib.

Klementina Çörçill həyat yoldaşından 12 il sonra, 1977-ci ildə 92 yaşında vəfat edib.

Dünyanınsəsi.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.