SONUNCU XİLASKAR
19-07-2022, 12:16
VI hissə
Müxtəlif dinlərdə sonuncu xilaskarın adı belədir:
Zərdüştiliyə görə, Zərdüşt Peyğəmbərin missiyasını Saoşiant (Sosioş, Astvat-Ereta) adlı xilaskar tamamlayacaq. Saoşiantı möcüzəli şəkildə hamilə qalmış bakirə qız dünyaya gətirəcək.
İnduizmə əsasən, xilaskar Kalki Avatar Şambhala kəndində brahman ailəsində doğulacaq. O, Vişnunun onuncu mücəssəməsi olacaq. Kalki Avatar dünyaya sülh və əmin-amanlıq gətirəcək. Yeri gəlmişkən, Şambhala adlı müqəddəs ölkə və ya şəhər haqqında təsəvvürlər buddizmdə də kifayət qədər populyardır.
Buddistlər hesab edirlər ki, Budda Qautama Şakyamuninin missiyasını Maitreya (Metteyya, Maytri, Maydari, Miroku, Mirık) adlı xilaskar tamamlayacaq. O, bəşəriyyətin gələcək müəllimidir. İndi cənnətdədir, dünyanın xilası üçün əlverişli zamanın yetişməsini gözləyir. Yer üzündə sülhü və əmin-amanlığı bərqərar edəcək.
Maitreya adının qeyd olunduğu ən qədim buddist mətni “Maitreyavyakarana” adlanır. Bu söz sanskrit dilindən "Maitreyanın peyğəmbərliyi və ya öncəgörənliyi" kimi tərcümə olunur.
Yeri gəlmişkən, İslamın müqəddəs kitabı “Quran”ın adı ərəbcə “oxumaq” anlamını ifadə edən “qaraa” felindəndir. Oxumaq (“qaraa”) və öncəgörənlik etmək (“vyakarana”) üçün şüur aydın, göz isə açıq olmalıdır.
Bir sözlə, əvvəlcə diqqət yetirmək, baxmaq, görmək lazımdır. Bundan sonra prosesləri təhlil və izah etmək, hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq, başqa sözlə, peyğəmbərlik, öncəgörənlik etmək olar. Azərbaycan dilindəki “görünən” sözü çuvaş dilində “kuran” formasındadır.
Müqayisəli dilçiliyin prizmasından baxsaq görərik ki, buddistlərin və müsəlmanların müqəddəs kitablarının adları (“Karana” və “Quran”) təkcə formaca deyil, həm də mənaca bir-birinə bənzəyir. Bu sözlərin zahiri oxşarlığı müxtəlif dillərin və dinlərin, əslində, vahid mənbədən qaynaqlandığını göstərir.
Yəhudilər iddia edirlər ki, bakirə qızın dünyaya gətirəcəyi sonuncu xilaskarın adı Maşiahdır. O, padişah Davudun nəslindən, yaxud lavililərdən olacaq. Maşiah müharibələrə və zorakılığa son qoyacaq, bütün dünyada sülhü və əmin-amanlığı bərqərar edəcək.
Xristianlar inanırlar ki, sonuncu xilaslar padişah Davudun nəslindən olan bakirə qız müqəddəs Məryəmin dünyaya gətirdiyi İsa Məsihdir. O, insanların günahlarını yumaq üçün özünü qurban verib. Zalımlar onu çarmıxa çəkiblər. Sonra dirilib və göylərə yüksəlib. Xristianlar onun ikinci gəlişini gözləyirlər.
Şiə İslamına görə, Muhəmməd Peyğəmbərin missiyasını tamamlayacaq sonuncu xilaskarın adı Mehdidir. O, XI İmam Həsənin oğlu və XII İmamdır. 869-cu il iyulun 29-da İraqın Samirə şəhərində anadan olub. Doğulduğu gündən Abbasilər onu şəhid etmək istəyiblər.
Allah Mehdini 874-cü ildə kiçik qeybə (təxminən 67 il ərzində Onu yalnız naibləri görüblər), 941-ci ildə isə böyük qeybə (zühur edənədək Mehdini heç kim görə bilməz) çəkərək insanlardan gizlədib. Dünyada zülm ən yüksək həddə çatdıqdan sonra Mehdi aşkara çıxacaq. O, İsa Məsihin köməyi ilə Dəccala qalib gələrək Yer üzündə sülhü və ədaləti bərqərar edəcək.
Sünni İslamına əsasən, Muhəmməd Peyğəmbərin müssiyasını tamamlayacaq sonuncu xilaskarın adı Mehdidir. O, şiələrin II İmamı, sünnilərin isə V Xəlifəsi İmam Həsənin nəslindən olacaq. Maraqlıdır ki, əhli-sünnə də Mehdini XII İmam hesab edir.
Bu məsələdə sünni müsəlmanlar Buxarinin, Müslimin və digər böyük mühəddislərin On İki İmam (12 Xəlifə, 12 Əmir) haqqında nəql etdikləri səhih hədislərə əsaslanırlar. Amma əhli-sünnə etiqadına görə, Mehdi hələ doğulmayıb. Yer üzündə zülm ən yüksək həddə çatdıqdan sonra dünyaya gələcək. O, İsa Məsihin köməyi ilə Dəccala qalib gələrək Yer üzündə sülhü və ədaləti bərqərar edəcək.
Yazımızı Azərbaycanın böyük mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun (1794–1847) sözləri ilə bitiririk:
“Həzrəti Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç İmamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə, İmam Museyi-Kazimin qızı Həlimə xatunun Bakıda – Bibiheybətdəki türbəsi, Sufi Həmidin Şirvan Qobustanındakı məzarı və məşhur seyidlərin, şeyxlərin, hörmətli fazillərin bir çox başqa yerlərdə olan qəbirləri göstərir ki, bu ölkə (Azərbaycan) həmişə din böyüklərinin məskəni, arif və alimlərin vətəni olmuşdur”.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az