İNADKAR
21-07-2022, 16:20
İLAHƏ İMANOVA
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının geniş salonunda 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən bir-birindən fərqli, bir-birindən maraqlı yaradıcılıq işləri münsiflər tərəfindən dəyərləndirilirdi. Ən gözəl rəsmlər, abidələr, heykəllər, büstlər, barelyeflər nümayiş olunurdu bu gün. Buraxılış imtahan nəticələri də məhz bu yaradıcılıq nümunələrinə baxış əsasında müəyyən olunacaqdı.
Adının, xatirəsinin heç vaxt unudulmayacağı, sevə-sevə anılacağı məkanda hələ də kompozisiyaları qorunub saxlanılan Aprel döyüşləri qəhrəmanı, şəhid Samir Kaçayevin yarımçıq qalan arzularını, ideyalarını həyata keçirməyi üzərinə götürən onlarla gənc diplom işi kimi öz yaradıcılıq nümunələrini təqdim etmişdilər. Təqdim olunan bütün işlər vətənpərvərlik ruhunda idi. Vətən Müharibəsi qəhrəmanlarının əziz xatirəsinə həsr etdikləri nümunələrin şəhid ailələrinə təqdim ediləcəyi nəzərdə tutulmuşdu.
Akademiyanın bu ilki məzunları arasında Vətən müharibəsi iştirakçıları da vardı. Təhsilini yarıımçıq qoyub Vətənə borcunu ödəyən bu gənclər təkcə qəhrəmanlıqları ilə deyil, həm də öz bacarıqları ilə seçilirdi. Bu günün məzunları sabahın tanınmış rəssamları, heykəltaraşları olacaqdı.
Heykəltaraşlıq Fakultəsinin məzunu, Vətən müharibəsi qəhrəmanı Hüseynovun təqdim etdiyi iş daha çox bəyənilmişdi.
Xüsusi naxışlarla işlənmiş taxta əsanın köməkliyi ilə irəli addımlayan Qazini hər kəs alqışladı. O, əlini sinəsinə qoyub mehriban siması ilə hər kəsə təşəkkür etdi. Ünvanına söylənən xoş sözlərin demək olar ki, heç birini eşitmirdi. Uşaqlıq arzusu bu gün həyata keçən gənc qəhrəmanın sevincdən gözləri dolmuşdu. Kirpiklərində donub qalan göz yaşını kimsə görməsin deyə, tez üzünü pəncərəyə tərəf çevirdi. Gözləri yol çəkirdi. Beş il əvvəl ona xəyal kimi görünən arzuları, nəhayət, gerçəkləşmişdi.
**********
–Sənan hanı? İşə gəlməyib? Təcili ofisə gəlsin. Mehman müəllim onu çağırır. - Müdirin köməkçisi sözünü deyib, tələsik uzaqlaşdı.
–Sənan, burdadı? Təcili ofisə çağırırlar onu. – Ustalardan birinin səsi eşidildi.
Qapının açılması ilə yeni işçinin əlindəki stəkanı mizin üstünə qoyub ayağa qalxması bir oldu.
–Mehman müəllim səni yanına çağırır. Özü də təcilidir, dedilər.- Usta birnəfəsə dedi.
–Yaxşı, indi gəlirəm, -dedi.
–Görəsən, nolub ki səhər-səhər, özü də təcili səni axtarır? – ustalardan kimsə dilləndi.
Sənan üst-başının tozunu çırpıb pəncərədən görünən ofis binasına nəzər saldı bir anlıq. Gözləri yol çəkdi. Üzünün ifadəsindən narahatlıq keçirdiyi hiss olunurdu.
–Bəlkə yeni sifariş var... –Bir az əvvəl onunla bir süfrə arxasında çay içən yaşı qırxı keçmiş usta yoldaşı əlini onun çiyninə qoyub dedi.
Gənc usta ona dəstək olmağa çalışan dostunun əlinin üstünə əlini qoyub gülümsədi:
–Gedək, görək də!
Sənan bu emalatxanaya yeni işə düzəlmişdi, heç iki ay olmazdı. Bir az əvvəl söhbət etdiyi iş yoldaşı həm də məhəllə qonşusu idi. Bura da onun təşəbbüsü və köməkliyi ilə düzəlmişdi.
Şəhərdən bir xeyli kənarda, müxtəlif növ daş və tikinti materiallarının hazırlandığı bu böyük ərazidə yerləşən daş karxanasında qazancı, sözün əsl mənasında, daşdan çıxan onlarla fəhlə və usta çalışırdı.
Ofis binası yolun kənarında, toz-torpaqdan uzaq bir yerdə idi. Günün istisində, şaxtanın soyuğunda işləməyə məcburiyyətdən vərdiş edən insanlar təmiz və səliqəli ofis binasında çalışanlara uzaqdan qibtə ilə baxırdılar.
Ərazidə bir neçə emalatxana da fəaliyyət göstərirdi. Burada işləyənlərin işi digərlərinə nisbətən yüngül idi. Emalatxanada bağ evləri, istirahət mərkəzləri üçün nəzərdə tutulan hər cür abidə, mələk fiqurları, heyvan heykəlləri, sürahilər sifariş əsasında hazırlanırdı. Nümunə üçün tikililərin qarşısına düzülmüş gözəl mələklər, yoldan keçənlərin içinə vahimə salan ayı, şir, pələng heykəlləri sanki canlı idilər.
Hər gün sübh tezdəndən axşam düşənə kimi daşyonan alətlərin, müxtəlif avadanlıqların səsi usta və fəhlələrin səsinə qarışaraq ətrafın sükutunu pozardı. Yalnız nahar saatlarında tıqqıltı, xışıltı səsləri kəsilər, istirahət edən ustaların şirin söhbəti eşidilərdi.
Üzərlərinə götürdükləri sifarişləri vaxtında çatdırmaq üçün ustalar səhər obaşdandan işə gələr, axşamlar gec olduğu üçün bəzən evə getməyib elə gecəni də burada qalardılar. Usta və fəhlələrdən fərqli olaraq, ofis işçiləri günün istənilən saatında işə gələr, istədikləri vaxt da gedərdilər. Yalnız müdir köməkçisi tez-tez bütün əraziyə baş çəkər, görülən işlərinin hesabatını rəhbərinə çatdırardı.
Günün erkən saatlarında adətən müştərilər gözə dəyməzdi. Müdir köməkçisi ərazidə görünəndə kimisi tez ayağa qalxıb işinə davam edər, kimisi isə əlindəki işi yarımçıq qoyub yeni sifariş aldıqlarına ümid edərdi. Hər yeni sifariş əlavə qazanc demək idi onlar üçün.
Sənan ofisin binasına daxil oldu. İçəridən müdirin səsi eşidilirdi. Tək deyildi. Söhbətlərinə müdaxilə etməmək üçün içəri girmədi. Müdir qapı arasından onu görüb içəri çağırana qədər gözlədi. Sənan kandarda dayanıb müdir və qonağına ədəb-ərkanla salam verdi.
Müdir qarşısında dayanmış boy-buxunlu, arıq, ucaboy yaraşıqlı gəncə nəzər salıb əli ilə onu öz yanına, masa arxasına dəvət etdi.
–Gəl! Gəl, otur.
Soyuqqanlılığı, bir qədər də utancaqlığı ilə fərqlənən Sənan burada işləyən fəhlə və ustaların hamısından yaşca kiçik idi, 24 yaşı hələ bir neçə ay sonra tamam olacaqdı. Bura işə düzələnə qədər müxtəlif tikintilərdə günəmuzd işləmiş, az qazancla ailəsinə kömək olmağa çalışmışdı. Keçən yay atası qəfil ürək tutmasından vəfat etdikdən sonra evin bütün qayğılarını öz üzərinə götürmüş, anasının və özündən kiçik bacısının heç nədən korluq çəkməyəcəyini özünə söz vermişdi.
Uşaqlıqdan bəri Rəssamlıq Akademiyasına qəbul olmaq arzusu vardı. Ali məktəbə qəbul ola bilməyəndə xeyli pərişan olmuş, hirsindən çəkdiyi rəsmləri də cırıb atmışdı. Əsgərliyə gedənə qədər əlinə bir daha qələm almayacağını da demişdi. Əsgərlikdə boş vaxtlarında darıxanda çarpayısının altında gizlətdiyi dəftərinə ara-sıra şəkillər çəkərdi. Bölük komandiri onun rəssamlığından təsadüfən xəbər tutduqdan sonra yoldaşları və komandirləri ona əsgərlikdən sonra həvəsdən düşməməyi, yenidən ali məktəbə hazırlaşmağı tövsiyə etmişdilər. Qabiliyyət imtahanlarını versə də, testdən tələb olunan balı toplaya bilmədiyi üçün yenidən həvəsdən düşmüş, arzularının üstündən xətt çəkmişdi. Görünür, ali məktəb tələbəsi olmaq ona qismət deyilmiş.
Sənan Bakı kəndlərində böyümüşdü. Uşaqlığı dəniz kənarında keçmişdi. Qızmar yayın istisində də, küləkli havalarda da dənizin sahilinə gələr, saatlarla dənizlə baş-başa qalardı. Dənizin səsini dinləyib ləpələrini seyr etməkdən zövq alar, rahatlıq tapardı ruhu. Cizgi və uşaq filmlərində, şəkilli nağıl kitablarında gördüyü saray tikililərinə olan marağı onu sahil qumundan müxtəlif fiqurlar, qəsrlər düzəltməyə həvəsləndirirdi. Xüsusilə çimərlik mövsümündə daha çox seyrçisi olardı yeniyetmənin. Daim əlləri, üst-başı palçıq olan oğlanın anası ona hirslənə bilmirdi, tez üzündən öpüb düzəltdiklərini göstərər, “Dünyanın ən yaxşı anası üçün” hazırladığını deyərdi.
Uşaqlıqdan inadkar idi Sənan. Evdə adi plastilindən düzəltdiyi cəngavər heykəlciklərini azyaşlı bacısı balaca əlləri ilə ovcunda sıxıb korlardı. Sahil qumundan yaratdıqlarını isə dənizin ləpələri yuyub aparardı. Bacısına və dalğalara qəzəblənərdi həmişə. Hirsi yatanda isə əvvəlkindən daha gözəl qəsrlər yaradardı. Xəyalında özünü at belində əlində qılınc düşmənlərlə döyüşən, qəsrdə gizlədilən gözəl qızı xilas edən cəngavər kimi təsəvvür edərdi. Anasının danışdığı bütün nağıllarda gözəl qızlar qəhrəmanları sevirdi, axı!
Ardı var