MƏŞHUR TÜRK FİLOSOFU FƏRABİ

8-09-2022, 11:49           
MƏŞHUR TÜRK FİLOSOFU FƏRABİ
BU YAZIMI BÖYÜK TÜRK FİLOSOFU FARABİNİN ƏZİZ XATİRƏSİNƏ ƏRMƏĞAN EDİRƏM.
Elm kimi fəlsəfə də insanlığın ortaq malıdır. Lakin elm obyektiv və müsbət olduğu üçün millətlərarası, fəlsəfə isə bu və ya digər dərəcədə elmdən fərqli bir düşüncə tərzi olduğu üçün həm də geniş anlamda fərqlidir. Ona görə də elmin qəbul etmədiyi hökmləri fəlsəfə isbat edə bilməz və onu ortadan qaldıra bilməz. Fəlsəfə elmin bu iki hökmündən başqa tamamilə sərbəstdir. Fəlsəfə elmlə zidiyyətə girməmək şərti ilə insan ruhu üçün daha ümidli, daha vəcdli, daha təsəlliverici, daha çox səadət bağışlayacaq bütün yeni və oriinal fərziyyələri ortaya ata bilər. Əslində elə fəlsəfənin vəzifəsi bu kimi fərziyyələri və dünyagörüşləri arayıb bulmaqdır. Hər bir fəlsəfi dünya görüşünün dəyəri onun bir tərəfdən müsbət elmlərlə ahəngli olmasında, digər tərəfdən də insan ruhuna böyük ümidlər təsəllilər, vəcdlər və xoşbəxtliklər bəxş etməsi ilə ölçülür. Bu anlamda fəlsəfə həm obyektiv, həm də subyektivdir. Ona görə də fəlsəfə elm kimi millətlərarası olmağa məcbur deyil. O, milli də ola bilər. Deməli, hər millətin də özünə görə bir fəlsəfəsi vardır. Fəlsəfə təkcə maddi ehtityacları deyil, daha çox mənəvi ehtiyacları qarşılıqsız ödəyən bir düşüncə formasıdır. Obrazlı deyilsə, fəlsəfə düşünmək üçün düşünməkdir. Bu anlamda fəlsəfə ümumidən daha çox fərdidir. Tarixən Türklər arasında az miqdarda sırf filosof yetişməsinin səbəbini tədqiqatçılar daha çox onların İslam dininə bağlılıqları və xüsusilə tarix boyu mübaribələrdən göz açmamaları ilə əlaqələndirirlər. Onlar göstərirlər ki, "Bir millət müharibələrdən qurtulmadıqca və iqtisadi bir rifaha çatmadıqca içində düşüncə üçün düşünən fərdlər yetişə bilməz" Min cür dərdi olan Türklər indiyə qədər (XX əsrin 20-ci illərinə qədərki dövr nəzərdə tutulur - A.M.) belə bir hüzur və istirahətə nail olmadıqları üçün içlərində həyatını fəlsəfəyə həsr edən az adam yetişdi" (bax. Ziya Gökalp "Türkçülüyün esasları" İstanbul, 1971, səh. 186).
Bütün bunlara baxmayaraq, Türklər tarixən fərdi deyil, xalq fəlsəfəsi baxımından bütün millətlərdən üstün olmuşlar, çünki Türklər əsrlər boyu qalib millət olmuşlar. Fransız filosofu Rostant yazır ki, "Bir komandan üçün qarşısındakı düşmən ordusunun nə qədər əsgər, nə qədər silah-sursata malik olduğunu bilmək çox faydalıdır. Fəqət, onun üçün daha çox faydalı olan bir şey vardır ki, o da qarşısındakı düşmən ordusunun fəlsəfəsini bilməkdir". Həqiqətən də tarix göstərir ki, iki millət və iki ordu bir-biri ilə savaşarkən birinin qalib, digərinin məğlub olmasında başlıca amil hər iki tərəfin fəlsəfəsidir. Fərdi həyatını və şəxsi mənfəətini Vətənin istiqlalından daha üstün tutan bir ordu və bu millətə mənsub şəxslər mütləq məğlub olar. Türklər tarixin böyük bir dönəmində Asiya, Şərqi Avropa və Afrikanın şimalında bütün millətləri yenmiş, onları öz hakimiyyətləri altına almışlar. Deməli, Türk fəlsəfəsi Ən azı 1600 illik bir dövrdə bu millətlərə Aid fəlsəfələrin hamısından daha yüksəkdə olmuşdur.
Orta əsr Şərq İslam fəlsəfəsinin iki mühüm qanadı olmuşdur. Bunlardan biri sufizmə, digəri isə qədim Yunan fəlsəfəsinə dayanır. İstər təməlində peyğəmbərlik və möcüzələrin yaratdığı Sami dünyagörüşündən qaynaqlanan təsəvvüf fəlsəfəsi, istərsə də təməlində maddi fayda bulunan Yunan düşüncəsinin hər ikisi Türk düşüncə sisteminə yaxın olduğundan fəlsəfənin bu hər iki qanadını təmsil edən ünlü türk filosofları yetişmişdir.
Sufizmə bağlı filosof və şairlərimiz haqqında keçən yazılarımızda müəyyən məlumatlar vermişdik. Bu yazımızda isə orta əsrdə Şərq fəlsəfəsi ilə Yunan fəlsəfəsinin sintezini məharətlə çulğalaşdıran, sözün həqiqi anlamında bir filosof olan IX əsrin sonu X əsrin birinci yarısında (870-950) yaşayıb yaratmış böyük Türk filosofu Fərabidən və onun Şərq İslam fəlsəfəsinə gətirdiyi yeniliklərdən bəhs edəcəyik.
Öz qaynağını qədim Şərqdən alan klassik Yunan fəlsəfəsi Aristotel və Platon tərəfindən (Qərbi Avropada isə XIX əsrdə Hedel tərəfindən) sistemləşdirilən, daha sonrakı dövrlərdə müxtəlif dini təfəkkürlərin təsiri ilə çeşidli dünyagörüşlər yaranmışdı. Bu anlamda Türklərdə fəlsəfi dünyagörüş həm bu gələnəyi davam etdirmiş, həm də özünəməxsus bir düşüncə tərzi oluşdurmuşdu. Türk filosofları istər qədim Yunan, istərsə də İslam "Kəlam" elmi və təsəvvüf fəlsəfəsindən geniş şəkildə yararlanmışlar. Türk və islam dünyasında bu düşüncənin də ilk təmsilçisi Fərabi olmuşdur. Orta əsr mənbələrində tam adı Məhəmməd bin Məhəmməd bin Tarxan Uzluğ Əbunəsr əl - Fərabi ət-Türki kimi göstərilən bu ünlü Tükr filosofu 870-ci ildə Fərab yaxınlığındakı bir kənddə anadan olmuşdur. Ərəbcə öyrəndikdən sonra o dövrün tanınmış müəllimlərindən riyaziyyat, məntiq və fəlsəfə dərsləri almışdır. Şərq aləmində adını ilk filosof kimi tanıdan Fərabi Aristotel məntiqi və metafizikasının böyük şərhçisi, xüsusilə oricinal bir düşünür olduğu üçün "birinci müəllim" Aristoteldən sonra ona "ikinci müəllim" adı verilmişdir.
Fərabi istər şəxsi həyatında, istərsə də təfəkkür aləmində bir filosof olaraq yaşamışdır. Yunan fəlsəfəsi İslam aləmində ilk həqiqi təmsilçisi olaraq Fərabini bulmuşdur. Tədqiqatçılar göstərirlər ki, "Fərabi antik fəlsəfənin bir toplayıcısı olsa və bu işlə yetinsəydi belə yenə də insanlığın minnət və şükran duyğusuna sahib olmağa layiq olardı. Halbuki, o son dərəcə oricinal bir düşünür olub, özünəməxsus bir fəlsəfi sistem yaratmışdır. Fərabinin yaratdığı bu fəlsəfi sistem İbn Sina (Qərbdə İbn Sina "Aviçenna" kimi tanınır - A.M.) tərəfindən ciddi şəkildə təqib edilmiş, Fəzzali tərəfindən isə şiddətli tənqid edilmişdir" (Mehmet Aydın "Türklerde felsefe kültürüne katkılar". Bax: "Türk dünyası el kitabı", II cild, II baskı, Ankara, 1992, səh. 466-467).
Orta əsrlərdə fəlsəfə yalnız Fərabi və İbn Sinanın sayəsində ciddi bir elm sahəsinə çevrilmişdi. Məşhur tarixçi İbn Xəlliqan Fərabidən bəhs edərkən yazmışdır ki, "Fərabi müsəlmanların yetişdirdiyi ən böyük filosofdur. O, məntiq, musiqi və digər mövzularda bir çox əsərlər yazmışdır. Fəlsəfədə onun çatdığı mərtəbəyə kimsə çata bilmədi. Yalnız bu ünlü filosofun əsərləri sayəsində İbn Sina yetərli bir səviyyəyə çataraq əsərlərini yararlı hala gətirmişdi. (İqtibas Mehmet Aydının yuxarıda göstərilən yazısından götürülmüşdür - A.M. Bax: "Türk dünyası el kitabı", II cild, II baskı, Ankara, 1992, səh. 466).
Fərabi dövrün fəlsəfəsinin demək olar ki, bütün sahələrində, xüsusilə məntiq, metafizika, rasional psixologiya, əxlaq və siyasət sahələrində yüksək bir mövqeyə çatmışdı. Fərabinin sayəsində fəlsəfə dünyanın müxtəlif bölgələrini gəzib dolaşmış, əsərlər Avropa filosoflarının bir çoxunun stolüstü kitabı olmuş, fəqət çox təəssüflər olsun ki, filosofun doğma yurdunda öz həyatını davam etdirə bilməmişdi. Fərabi Aristotel və Plotonda olmayan "Tanrının gələcəyə aid mümkünləri bilməsi", "Determinizm", "İlahi sifətlərin məntiqi statusu", "Doğru bilginin əldə edilməsi üçün induktiv və deduktiv metodların birlikdə işlədilməsi" kimi fəlsəfi mövzuları önə sürmüşdü.
Fərabinin nəzəri fəlsəfəsinin əsasını "Varlıq" problemi təşkil edir. Ümumiyyətlə, Fərabinin fəlsəfəyə etdiyi Ən önəmli xidmət metofizika sahəsində olmuşdur. Bu sahədə Platon və Aristotelin görüşlərindən yola çıxan Fərabi bu görüşlər arasında bir eynilik görmüş və bu eyniliyi sübut etmək üçün "Platon və Aristotelin görüşlərinin birlikdə ələ alınması" başlıqlı müstəqil bir əsər yazmış və ilk dəfə din ilə fəlsəfə, başsa sözlə vəhy ilə ağıl arasında bir uzlaşma olduğunu irəli sürmüş və göstərmişdi ki, peyğəmbərlərdə həm ağıl, həm də təxəyyül gücü vardır. Ona görə də peyğəmbər vəhy yolu ilə aldığı məlumatları xəyal gücü ilə qavrana bilən hala gətirmək qabiliyyətinə malikdir ki, bu baxımdan peyğəmbərin mövqeyi vəhydən məhrum filosofun mövqeyindən üstündür.
Farabinin həyat və yaradıcılığına dair istər orta əsrlərdə, istərsə də son dövrlərdə çoxlu əsərlər yazılmış, bu böyük dahinin dünya fəlsəfə, məntiq və psixologiya elminə gətirdiyi yeniliklər göstərilmiş, dünya elmi onu yenidən tanımağa, öyrənməyə başlamışdır.
Səksən il yaşayan Farabi ailə həyatı qurmamış, bütün mənalı həyatını elmə sərf etmiş, Yaxın Şərq ölkələrindəki bilik ocaqlarını gəzib öyrənmiş, öyrəndiklərini öyrətməyə çalışmışdır. Farabi doğma Türk dilindən başqa 70 dil bilmiş, Aristoteldən sonra dünyanın ikinci böyük filosoru sayılmışdır. Farabi Aristoteli Şərqdə "Ərəstu" etmiş, XII-XVII əsr Avropasının qabaqcıl ictimai-fəlsəfi fikrinin mənbəyi olmuşdur.
Yunan, şərq və Avropa mədəniyyətlərini, düşüncə tərzini bir-birinə bağlayan körpünün baş memarı olan Farabi fəlsəfəni "elmlər elmi" adlandırmış və bunu öz yaradıcılığında sübut etmiş, bütün elmləri fəlsəfənin çatısı altında şərh etmişdir. Farabiyə görə fəlsəfi biliklər ilk öncə Yunanıstanda deyil, Kəldanilərdə, sonra Misirdə, daha sonra isə Yunanıstanda və oradan da yenidən Şərq dünyasına gəlmişdir.
Farabinin müxtəlif elm sahələrinə aid 300-ə qədər əsəri olmuşdur. Filosofun fəlsəfəyə dair əsərləri içərisində "Fəlsəfə sözünün mənşəyi", "Platon və Aristotelin fəlsəfələri", "Atom kitabı", "Varlığın başlanğıcı", "Insanlığın başlanğıcı", "Fəzilətli səhər", "Ağlın məna və mahiyyəti", "Fəlsəfənin əsasları" və s. xüsusi yer tutur.
Farabi fəlsəfəsinə görə "Varlıq" anlayışı digər bütün anlayışlardan öncə gəlir. Varlıq son dərəcə özünə bağlı olduğu üçün başqa ünsürlərə qarışmaz. Varlığın tam şəkildə anlaşılmasına imkan verməməsinin səbəbi də məhz budur. Farabinin metafizik fəlsəfəsini dərindən anlamaq üçün onun açar kimi işlətdiyi "Mümkün varlıq" ("Mümkün ül-Vücud") və "Mütləq varlıq" ("Vacib ül - Vücud") terminlərini düzgün anlamaq lazımdır. Farabiyə görə dünyada var olan şeylərin hamısı "Mümkün varlıq"lardır, yəni "Mümkün varlıd"ların var olmamaları da mümkündür. Çünki "Mümkün varlıq"ların var olması üçün "Mütləq varlığa", yəni Tanrıya möhtacdırlar. Farabiyə görə "Mütləq varlıq" isə yoxluğu əsla düşünülməyən, özü özünə var olan, əzəli və əbədi varlıqdır. Bu əzəli və əbədi varlıq Tanrıdır.
Farabiyə görə Tanrı "İlk mövcud, ilk səbəb, yoxluğu düşünülə bilməyən ən yetkin, ən mükəmməl varlıq, ilk və mütləq xeyirdir. Heç bir varlıq ondan daha böyük və ya ona bərabər ola bilməz. Ona görə də insan sonsuz varlıq olan Tanrını mütləq qəbul etməli, ona şübhə etməməlidir. Farabi Tanrının varlığına inandığı üçün diqqətini daha çox Tanrının adları və sifətləri üzərində cəmləşdirmiş, "Quran"ın "Nur" surəsinə istinad edərək Allahın "Əvvəl, Axır, Zahir, Batin, Mütləq Haqq, Tək, Öz varlığını və bütün kainatı bilən, Hikmət və iradə sahibi, Kərim, Adil, Xaliq, Qadir, Cəmil" olduğunu, Tanrının yaxşılığın, həqiqətin və gözəlliyin qaynağı olduğu üçün ibadətə layiq tək varlıq olduğunu söyləmişdir.
Farabi "İlk Səbəbi" qəbul etməklə həm də göstərmişdi ki, dünya maddidir, əzəli və əbədidir. Maddi aləm cisimlərdən, cisimlər də maddə və formadan ibarətdir. Şeylər maddə və formadan meydana gəlirlər. Maddə əslində bir güc və imkandır, lakin o ancaq forma qazandıqdan sonra var olur. Maddə ilə forma arasında qarşılıqlı bir əlaqə vardır.
Farabini məşğul edən fəlsəfi problemlərdən biri də Tanrının bilinə bilməsi problemidir. Bu təməl fəlsəfi problemə cavab tapmaq daima çətin olmuşdur. Farabiyə görə Tanrı ən yüksək kamal sahibidir. Belə bir vəziyyətdə əslində Tanrı haqqındakı insan bilgisi də mükəmməl olmalıdır. Lakin Farabi bunun belə olmadığını söyləyir. O göstərir ki, əslində bilgi əksikliyi insanın həm də maddi varlıq olmasından irəli gəlir. Ona görə də insan maddəyə bulaşdığından o, Tanrını tam olaraq təsəvvür etmək qabiliyyətinə malik ola bilməz. Lakin bu, Tanrı haqqında heç bir təsəvvürə malik olmamaq anlamına gələ bilməz. İnsan maddi əngəlləri aşıb fikri və əxlaqi yetkinlikləri əldə edincə ağıl maddədən tam ayrılaraq bağımsızlaşır və beləliklə də mümkün olan ən mükəmməl təsəvvürə ulaşmış olur ki, bununla da Tanrının varlığını qəbul edir və xoşbəxtliyi əldə edir.
Farabinin dini fəlsəfəsi "Quran"ın "Tövhid" inancına əsaslanır. Ona görə də Farabinin təsiri altında olan xristian ilahiyyatçıları fəlsəfi əsərlərində "üçlük" (Ata Allah, Oğul-3-Allah və Müqəddəs Ruh - A.M.) və Həzrəti İsanın ilahiliyi kimi məsələlərdən söz açmamışdır.
Farabiyə qədər Şərq filosoflarının qarşısında duran əsas məsələlərdən biri də "Atom nəzəriyyəsi" idi. Demokritin Misir vasitəsilə Şərqdən əxz etdiyi "Atom nəzəriyyəsi" sonradan Şərq filosofu Nəzzam (ölümü 847-ci il) tərəfindən ətraflı işlənərək bir təlim halına salınmış və gələcək elmi inkişafda və dünyagörüşlərdə bir sıra təkanlara səbəb olmuşdu. Farabiyə qədər bir çox filosoflar müxtəlif məntiqi dəlillərlə sübut etməyə çalışmışdılar ki, "cisim bölünə-bölünə elə bir həddə çatır ki, o daha parçalanmaz olur". Buna "bölünməz hissəcik" deyirdilər. Lakin Farabi bu "bölünməz hissəciyin" mövcudluğunu qəbul etməmiş, cismin bölünməsini sonsuz hesab etmişdir. O göstərmişdi ki, cismin bölünməsini yalnız düşüncəmizdə dərk edə bilərik.
Farabiyə görə cisim maddə və formadan ibarətdir. O parçalandıqda maddə və forması qalırsa, o, hələ yenə də cisimdir. Əgər forma itərsə, maddə də itir və əksinə, maddə itirsə, forma da itir. Atomu materiyanın başlanğıcı kimi götürənlərin fikir və mülahizələrini qəti şəkildə rədd edən Farabi öz sistemini yaratmış, materiya və zamanın əzəli və əbədi olduğunu söyləmiş və göstərmişdi ki: "Tanrı varlıqları yaratmayıb, bütün varlıqlar Tanrıdan yaranıb". Bununla da Farabi ilk dəfə olaraq din və fəlsəfə sistemlərini birləşdirərək özünün məşhur "İkinci təlim" nəzəriyyəsini yaratmışdır. Farabi fəlsəfə ilə İslam dinini barışdırmış, Platonla Aristoteli ayrı-ayrılıqda təhlil etmiş, onların ziddiyyətlərini ortaya çıxarmış, idealizmlə materializmin kökünü araşdırmış, sonda belə bir sonuca varmışdı ki, idealizm və materialzmin kökü yenə də metafizikaya, yəni yaradıcı qüvvəyə gedib çıxır. Sadəcə olaraq idealistlər və materialistlər yaradıcı qüvvənin mahiyyətini fərqli izah edirlər.
Farabinin Şərq və ümumən dünya fəlsəfəsinə gətirdiyi ən böyük yeniliklərdən biri də "Siyasi fəlsəfə"ni yaratmasıdır. Filosofun "Siyasət kitabı" və "Yetkin toplum" əsərləri sözün həqiqi anlamında ictimai-siyasi və fəlsəfi məna daşıyır. Bu əsərlərdə irəli sürülən əsas məqsəd yetkin cəmiyyətin necə olması, hansı etik, əxlaqi və siyasi qayəyə dayanması, hansı ictimai prinsiplərlə yaşaması, cəmiyyətin sosial quruluşu, bu cəmiyyətdə fərdin yeri və vəzifələrini, bəşəriyyətə yeni gələcək cəmiyyətin necə qurulması və idarə olunmasını göstərməkdir. Farabi bütün bunları filosof-sosioloq kimi araşdırmış , əsərini "Fazil şəhər" adlandırmış, bu şəhərin timsalında yetkin toplum və ideal cəmiyyət modelini təqdim etmiş və bu yetkin toplumu idarə edəcək başçının məziyyətlərini göstərmişdir. Farabiyə görə bu ideal cəmiyyətin başçısı filosof olmalıdır. Bu başçı filosof eyni zamanda öz elinin yolunda ölümə belə hazır olmalıdır. Əgər o, öz ölümü ilə həmvətənlərinə xeyir verərsə, onda o, ölümü yaşamaqdan üstün tutmalıdır. Bu başçının bədəni sağlam, bütün bədən üzvləri yerli-yerində normal olmalıdır ki, üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilsin. O, ona deyilən hər bir sözü yaxşı başa düşüb qavramalıdır ki, həm söyləyənin məqsədini, həm də deyilən sözün mahiyyətini olduğu kimi anlasın. Onun hafizəsi güclü olmalıdır ki, gördüyü, eşitdiyi, sezdiyi nə varsa yadda saxlasın. O, ayıq və iti düşüncəli olmalıdır ki, gördüyü hər şeyi bir anda fərqləndirib yerindəcə həll edə bilsin. O, gözəl danışmağı bacarmalıdır ki, düşündüyünü dinləyicilərinə açıq çatdıra bilsin. Öyrənməyi və öyrətməyi sevməli, öznü buna alışdırmalı, öyrənmə və öyrətmə ona yorğunluq, iztirab verməməlidir. O, yemək, içmək və qadın düşkünü olmamalı, düzgünlüyü və doğru danışanları sevməli, yalana və yalançılara nifrət etməli, alicənab, ədalətli, mötədil xasiyyətli, böyük əzm və iradə sahibi olmalıdır ki, bütün varlğı ilə yüksək şeyləri arasın, axtarsın, tapsın, yaxşı bildiyi nə varsa onu həyata keçirsin, qorxaqlıq və yumşaqlıq göstərməsin.
(İqtibas Elçibəyin "Azərbaycandan başlayan tarix" əsərindən götürülmüşdür - A.M. Bax: göstərilən əsər, Bakı 2003, səh. 254-255).
Farabi göstərir ki: "Doğru düşünən və düşündüyünü yapmaq iradəsinə sahib olan insan azad insandır. Həm doğru düşüncədən, həm də iradədən məhrum olan insan heyvandır. Doğru düşünən, lakin iradəsi olmayan insan kölədir". Başqa deyim ilə: "Ağlı, iradəsi və cəsarəti olan insan azad insandır. Ağlı, iradəsi olmayan, ancaq cəsarəti olan insan heyvandır. Ağlı olan, lakin iradəsi və cəsarəti olmayan insan kölədir".
Farabiyə görə elm və fəlsəfə ilə məşğul olanlardan bəziləri iradə və cəsarətdən məhrum olduqları üçün onlar köləlikdə o biri insanlardan geri qalmazlar. Onların bilgilərindən fayda gəlməyəcəyi kimi, özləri də digər elm adamları üçün utanc gətirirlər. (Seçmələr bizimdir - A.M. Bax: İbrahim Kafesoğlu, İslami Türk devletlerinde kültür ve teşkilat, Türk dünyası el kitabı, I cilt, Ankara 1992, səh. 370-371).
Farabi böyük bir filosof olmaqla yanaşı, həm də sözün həqiqi anlamında əvəzsiz bir məntiq alimi idi. O, məntiqə dair bir sıra elmi əsərlər yazmışdır ki, bunlardan ən məşhuru "Məntiqə giriş" əsəridir. Farabiyə görə "Məntiq bizi bilinəndən bilinməyənə doğru aparır. Bilgi əldə etmə səyində doğrunu yalandan ayırmamıza yarayan yeganə yol da budur.
Farabi məşhur alman filosofu Kantın "Safoğlun tənqidi" ilə bağlı irəli sürdüyü problemi ondan yüz illərcə öncə irəli sürmüş və məntiqi dəlillərə əsaslanaraq göstərmişdi ki: "Təbiətlə məşğul olan bir elm adamının gözündə bir şeyin varlığı o şeyin özündən başqa bir şey deyildir. Varlıq şeylər haqqında yeni bir bilgi önə sürən gerçəkliklə ilgili bir kateqoriya sayıla bilməz".
Farabinin sayəsində məntiq Şərqdə müstəqil bir elm sahəsinə çevrilmiş, İslam dünyasının böyük mədəniyyət mərkəzlərinə yayılma imkanı bulmuşdu. Farabi məntiqinin sağlam və oricinal olduğunu bütün tarixçi alimlər qəbul etmişlər. Orta əsrin ən böyük yəhudi filosoflarından olan İbn Meymun Samuel Ben Tibbona yazdığı bir məktubunda göstərmişdi: "Məntiq mövzusunda Farabinin yazdıqlarından başqasını oxumağı tövsiyə etmirəm. Çünki Farabinin bütün yazdıqları, xüsusilə də "Prinsiplər" kitabı nəfis bir ziyvfət süfrəsidir" (Bax: Türk dünyası el kitabı, II cild, səh 466).
Ümumiyyətlə, filosof və məntiqçi Farabidən ilk yararlanan İbn Sina, Nizaməlmülk, Nəsrəddin Tusi, Nizami Gəncəvi və yəhudi filosofları olmuşdur. Yəhudi filosofları Farabi fəlsəfəsinin Avropaya keçişində önəmli rol oynamışdır. Onların vasitəsilə Farabinin təsiri Deskardeş, Spinoza, Kant və Berqsona qədər gedib çatmışdır. Xristian dünyasının qədim Yunan fəlsəfəsi ilə ciddi təması da başda Farabi olmaqla müsəlman filosoflarının əsərləri sayəsində olmuşdur. Farabinin Qərbə təsiri təkcə təbiət fəlsəfəsi və məntiq sahəsində deyil, metafizika, din fəlsəfəsi, əxlaq və siyasət sahəsində də özünü göstərmişdir. Farabinin teizmlə bağlı görüşləri zaman-zaman Avropada blok şəklində iqtibas edilmişdir.
Ruhu şad olsun!
Fərabi məntiqə tərif verərkən göstərir ki, məntiq sənəti əqli kamilləşdirən, idrakda insanı düzgün yola, həqiqətə yönəldən, insanı yanılmadan qoruyan, səhvə yol verib – vermədiyini yoxlayan və öyrədən qaydalar məcmusudur (Bax: Al-Farabi, Filosofskiye traktatı, Alma-Ata 1972. səh.118.)
Fərabi təfəkkür qanunu olan məntiqi, dil haqqında elm olan qrammatika ilə müqayisə edərək yazır: “Məntiq, qrammatikaya uyğun gəlir. Belə ki, məntiq sənətinin əqlə və əqli məlumatlara nisbəti, qrammatikanın dilə və sözlərə nisbəti kimidir. Qrammatikanın sözlər haqqında bizə verdiyi qaydalar, məntiq elminin əqli məlumatlar haqqında bizə verdiyi qaydalara bənzəyir. Qrammatika hər hansı bir xalqın sözlərinə məxsus qaydalar verir, məntiq elmi isə bütün xalqların sözləri üçün ümumi olan müştərək qaydalar verir ” (Bax: Al-Farabi, Filosofskiye traktatı, Alma- Ata 1972, səh.119).
Filosof daha sonra məntiqi əruz vəzni ilə müqayisə edərək yazır: “Məntiq əruz elminə də uyğun gəlir. Belə ki, məntiq elminin məlumatlara nisbəti əruzun şeir vəzinlərinə nisbəti kimidir. Əruz elminin şeir vəzinləri haqqında bizə verdiyi qaydalar məntiq elminin əqli məlumatlar haqqında bizə verdiyi qaydalara bənzəyir.” (Bax: Al-Farabi, Filosofskiye traktatı, Alma-Ata 1972.səh.129.)
Fərabi özündən əvvəlki dünya fəlsəfi təlimlərini nəzərdən keçirmiş və özünün məşhur “ Fəlsəfəni öyrənməkdən öncə nəyin müqəddimə verilməsi haqqında” traktatında göstərmişdir ki, bunun üçün ilk növbədə fəlsəfədə mövcud olan məktəbləri, fəlsəfəni öyrənməyə başlamaq üçün lazım olan elmləri, fəlsəfəni öyrənməyin məqsəd güddüyü qayəni, fəlsəfə ilə məşğul olanın seçdiyi yolu, fəlsəfə elminə yiyələnən adamı sarmış olan halı, Aristotel əsərlərinin məqsədini, Aristotel fəlsəfəsinin çox mənalılığını, onun əsərlərinin hər birində onu necə işlətdiyini, öz əsərlərində anlaşılmazlığa yol verməkdə Aristoteli vadar edən səbəbi, Aristotelin əsərlərini öyrənmək istəyənin möhtac olduğu məsələləri bilmək lazımdır.
Fərabi Aristotelə qədərki mövcud fəlsəfi məktəblərin adlarını sadalayarkən Pifaqorun (eradan əvvəl 580-500-cü illər), Kirenli Aristippi (eradan əvvəl V əsr), “ Stoizmi” (eradan əvvəl IV-II əsrlər), Diogeni (eradan əvvəl 404-323-cü illər), Pirronu (eradan əvvəl 365-275-ci illər), Epikür tərəfdarlarını və peripatetikləri xatırlatmış, fəlsəfənin özünə qədərki keçdiyi yola nəzər salaraq göstərmişdir ki, fəlsəfə qədimdə İraq əhli olan Kəldanilərdə mövcud imiş. Sonra bu Misir əhlinə, ondan Yunanlara, daha sonra Süryanilərə və nəhayət İslam aləminə keçmişdir. Bu elmin bütün məzmunu öz ifadəsini Yunan dilində tapmış, sonra Süryani dilinə, daha sonra isə Ərəb dilinə çevrilmişdir. Yunanlardan bu elmə yiyələnənlər onu mütləq surətdə hikmət, ən əzəmətli hikmət, onu qazanmağı və ona vərdiş etməyi isə “ fəlsəfə ” adlandırmışdılar. Bununla onlar əzəmətli hikmətə rəğbəti, onu sevməyi nəzərdə tuturdular.
Fərabi davam edərək göstərirdi ki, qədimdə fəlsəfəyə “ elmlər elmi, elmlər atası, hikmətlər hikməti, sənətlər sənəti” kimi baxırdılar. (Seçmələr bizimdir- A.M. Bax: Al-Farabi, Loqiçeskiye traktatı, Alma-Ata 1975, səh.335).
Riyaziyyat elminin sahələri ayrı-ayrı alimlər tərəfindən müxtəlif cür təsnif edilmiş, əsasən onu hesab, həndəsə, astronomiya və musiqi kimi dörd qismə bölmüşlər .Fərabi isə bunlarla yanaşı, optika və ağırlıq haqqındakı elmi də riyaziyyata daxil etmişdir (Bax: Al-Farabi, Matematiçeskiye traktatı, Alma-Ata 1972,səh. 17-35) .
Farabi yaşadığı cəmiyyətin sinfi quruluşunu müəyyənləşdirərkən göstərir ki, insanlar cəmiyyətdə tutduqları mövqeyə görə “tabe edənlərlə, tabe edilənlərə bölünürlər. Fərabi insanları dünyagörüşlərinə görə də iki ana zümrəyə ayırır. Bunlardan biri Tanrını, maddidən ayrı varlıqları, insanın xoşbəxtliyini təsəvvür və dərk edən seçkinlər zümrəsi, digəri isə bütün bunları təxəyyül gücü ilə anlaya bilən geniş xalq kütləsidir. Bu iki zümrə insanı dərk etmə qabilliyətinə görə bir-birindən fərqləndiyinə, yəni birinin ağıla,digərinin isə təxəyyülə əsaslandığından ağıl və hikmət sahibi olanların vəzifəsi xalq kütlələrini yetişdirmək və onlar üçün uyğun həqiqətləri təmin etməkdir” (Seçmələr bizimdir- A.M . Bax: Al – Farabi, Filosofskiye traktatı, Alma-Ata 1972, səh.308-321)
Ağılla bağlı Fərabi göstərir ki, fəal əql maddədə olmamış və əsla olmayacaq alstrakt formadır. Fəal əql, bir tərəfdən yer nəfslərinin, digər tərəfdən isə torpaq, hava,su və od kimi dörd ünsürün varlıqları üçün səbəbdir. (Bax: Əl-Fərabi, Muxtarat min rəsailih, Beyrut 1954, səh.39.)
Fərabi eminasiya nəzəriyyəsini şərh dərkən yazır: “Fəal əqllər maddədən təcrid olunmuş fəal bir əqldə başa çatır. Göylərin sayı burada qurtarır. Bütün mövcudat eminasiya yolu ilə Vahid Varlıqdan (yəni Tanrıdan- A.M) törənmişdir.” Vahid Varlıq ilk səbəb, digər varlıqlar isə nəticədir. Nəticə öz varlığını ilk səbəbdən aldığı üçün ilk səbəbin mahiyyətini müəyyən dərəcədə təmsil edir. İlk səbəb öz mahiyyətini anlayır. Onun mahiyyəti bütün mövcud şeyləri təşkil etdiyi üçün, deməli o, bütün mövcud şeyləri anlaya bilir. Belə ki, əslində hər bir şey öz varlığını İlk Səbəbin varlığından alır. Materiya Tanrıdan çıxan nəticə olaraq və İlk Səbəb məsus xüsusiyyətlərə yiyələnərək Tanrının mahiyyəti, məzmunu olur (Seçmələr bizimdir- A.M. Bax: Xeyrullayev M.M. Mirovozzreniye Farabi i eqo znaçeniye V istorii filosofii, Taşkent 1967, səh.196. İzbranniye proizvedeniya mısliteley stran Blijneqo i Srednoqo Vostoka, Moskva 1963, səh.169.)
Farabi Allahdan bəhs edərkən göstərir ki, Allah nə kütləyə, nə maddiyə, nə də aksidensiyaya malikdir. O, substansiyadan və aksidensiyadan ayrı mövcuddur. Fərabi substansiyaya ulduzları, yer və onun hissələrini, su, daş, bitkilərin müxtəlif növlərini,heyvanları və hər bir heyvanın üzvlərini aid edir (Bax:Al-Farabi, Loqiçeskiye traktatı,Alma-Ata 1975, səh158).
Maddə ilə formanın qarşılıqlı əlaqəsindən bəhs edərkən Fərabi yazır: “Təbii cisimlərdən hər biri iki şeydən ibarətdir: onlardan biri çarpayının taxtası, digəri isə çarpayının quruluşu mislindədir. Taxta mislində olan şey maddə, onun quruluşu mislində olan şey isə formadır. Maddə elə bir təşəkküldür ki,forma ona istinad edir.Maddə olmadan formanın nə istinadı, nə də varlığı mümkündür. Maddənin varlığı formaya görədir. Əgər hər hansı bir forma mövcud olmasaydı, onda maddə də olmazdı”(Bax: Əl-Farabi, Muxtarat min rəsailih, Beyrut 1954,səh.56)
Farabi yer üzündə nəfsin nəbati, heyvani və insani kimi üç növünü qəbul etmişdir. Nəfsin nəbati qüvvəsi qidalanma, inkişaf etmə və çoxalma vəzifələrini yerinə yetirir. Nəfsin heyvani qüvvəsi şəhvət, qəzəb kimi təhrikedici, xarici və daxili hisslərlə bağlı qavrayıcı olmaqla iki yerə bölünür. İnsani ruh isə əqldən və ya düşünən qüvvədən ibarətdir. Özlərinə məsus ruhi qüvvələrlə bərabər, heyvan nəbati, insan isə heyvani və nəbati qüvvələrə də malikdir. Müxtəlif ruh qüvvələrinin olmasına baxmayaraq ruh vahid mahiyyətdir.
Fərabi ruhun bədəndən qabaq mövcudluğunu deyən Platonu da, ruhun bədəndən ayrılıb başqa bədənə keçdiyinə inanan filosofları da, tənqid edib göstərmişdi ki: “Ruhun nə Platon deyən kimi bədəndən qabaq mövcudluğu mümkündür, nə də tənasüxçülər deyən kimi onun cəsəddən-cəsədə keçməsi mümkündür”(Bax: Əl-Farabi, Muxtarat min rəsailih, Beyrut 1954, səh.46)
Fərabi idrakın hissi və əqli formasını izah edərkən o dövürdə qazanılmış, yüksək elmi nailiyətlərə arxalanmış mühüm qnesoloji məsələlərin qoyuluşu və həllində əsasən Aristotelin əsərlərinə istinad etmişdir. Fərabi idrakın hissi mərhələsini iki qismə bölmüşdür. Birinci qismdə xarici ikinci qismdə isə daxili hisslərdən bəhs etmiş və göstərmişdi ki, xarici hisslərə beş duyğu, daxili hisslərə isə müştərək hiss-fəhm, xəyal, yadda saxlayan, yadda qalan qüvvə, xəyala gətirən, yaxud fikirləşən qüvvə daxildir. “Xəyal yaxud təsvir edən qüvvə istisna olmaqla xarici və daxili hisslərin bu göstərilən formaları haqqında ilk qiymətli mülahizələri Fərabi söyləmiş, İbn Sina, Bəhmənyar və sonraki flosoflar Fərabinin bu təlimini inkişaf etdirmişlər”(Bax: Z.C.Məmmədov, Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir, Bakı 1978, səh.116).
Fərabinin fikrincə, hissi qüvvələrin fəaliyyəti bədənin müvafiq üzvlərindən bilavasitə asılıdır. Fərabi yazır “Xatırladığımız həmin qüvvələrdən hər biri müəyyən üzvə görə fəaliyyət göstərir. Başqa cür ola da bilməz. Həmin qüvvələrdən heç biri cisimdən ayrı deyildir” (Bax: Əl-Farabi, Muxtarat min rəsailih, Beyrut 1954, səh.45. )
Fərabinin psixoloji görüşləri onun əxlaq və siyasi fəlsəfələri ilə sıx şəkildə bağlıdır. Ruhun mahiyyəti və onun bədənlə bağlılığını şərh edən Fərabi göstərir ki, insan təbiətinin bir bütün olaraq anlaşılmasında ruhun önəmli bir yeri vardır. Ruh bəşəri fəzilətlərin əxlaqi və fikri olaraq sinifləndirilməsinə təməl təşkil etmişdir. Fərabi ruhun gücünü beş növə ayırmışdır: 1) Bəsləyici güc; 2) Düyüm gücü; 3) Arzu gücü; 4) Xəyal gücü; 5) Rasyonal güc. Ruhun bu gücləri arasında bir xidmət edən, bir də xidmət edilən əlaqəsi vardır. Bir altdakı güc digər üstdəki gücə xidmət edir. Fərabi bənzər iyerarxik (aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olması qaydası) düzəni iqtisadi-siyasi təşkilatlanmada və bütövlükdə Kainatda da görür. Rasional güc isə öz sırasında nəzəri və əməli olmaqla ikiyə ayrılır: birincisi fikri, ikincisi isə əxlaqi fəzilətlərlə əlaqədardır.
Həyatda hər kəsin sahib olduğu bir imkan və qabiliyyət vardır ki, bu potensial ağıldır. Ruhun bu qismini Fərabi “bəsit cövhər” adlandırmış və göstərmişdir ki, bu varlıq halı özbaşına ölümsüz deyildir. O, yalnız ağıl mərtəbəsinə yüksəldiyi zaman ölümsüzləşir. Bu isə ancaq bilginin ilk əsaslarının dərk edildiyi təqdirdə gerçəkləşir. Üç növ dərk vardır: 1) Həndəsi bilgi ilə bağlı dərk; 2) Pis və yaxşı haqqındakı bilgi ilə bağlı dərk; 3) Metafizik bilgi ilə bağlı dərk.
Fərabiyə görə, hər kəsin bilmə qabiliyyəti fərqlidir. Bəziləri şeylərin gerçək mahiyyətini dərk edər, bəziləri də ancaq təxəyyül edərlər. Bu iki termin-gerçək və təxəyyül Fərabi fəlsəfəsində çox mühüm yer tutur. Fərabiyə görə, bir şey ağılla idarə edildiyi və onun tərəfindən işlənildiyi müddətcə anlamanın mövzusu olur. Bu durumda ağlın xəyal və s. kimi digər güclər üzərində tam bir üstünlüyə sahib olması gərəkdir.Əgər bir şeyin özü deyil də xəyala yansıyan bir imajı varsa, bu durumda o şey təxəyyülün mövzusu olur. Anlamanın mövzusu dünyəvidir. Ona görə də təxəyyülünkü insandan insana dəyişir. Eyni reallığın müxtəlif simvolları ola bilər. Ağıl gücünə sahib olanlara filosof, təxəyyül gücünə sahib olanlara isə möminlər deyilir. Filosoflar və Peyğəmbərlər ağıl gücünə sahib olmaqla bərabər onlar arasında mühüm bir fərq də vardır. Beləki, Peyğəmbərlərdə həm ağıl, həm də təxəyyül gücü vardır. Bu baxımdan Peyğəmbərlər vəhy yolu ilə aldıqları əqlə sığan anlamları xəyal gücü ilə qavranıla bilər hala gətirirlər. Bu baxımdan Peyğəmbərlərin mövqeyi vəhyin dəstəyinə sahib olmayan filosiflarınkından daha da üstündür. Ona görə də Fərabinin filosofu daha çox üstün tutduğuna dair yayılmış görüşün əsası yoxdur. Şübhəsiz ki, ağıl gücü xəyal gücündən daha üstündür. Lakin yuxarıda da qeyd edildiyi kimi, Peyğəmbərlərdə bu güclərin hər ikisi vardır.
Fərabi öz-özünü gerçəkləşdirmə mərhələsindən keçən ruhun ölümsüz olduğunu qəbul etməklə bərabər, potensial ağlın ölümsüzlüyünə inanmamışdır. Fərabiyə görə, ölümsüzlük ruhun təbiətində olan bir şeydir. Fərabi göstərir ki: “Xoşbəxtlik, ruhun tam şəkildə öz imkanlarını gerçəkləşdirməsinə bağlıdır. İnsan çox çalışdığı, nəzəri, əxlaqi və təcrübi yetkinlikləri əldə etdiyi ölçüdə bu dünyada və axirətdə xoşbəxt olur. İnsan nəyin yaxşı, nəyin pis olduğunu bilməsinə baxmayaraq əxlaqi yetkinliyə sahib deyilsə, hər iki dünyada da bədbəxt olur. Ən yüksək xoşbəxtliyin qazanılması üçün vəhyin yardımına ehtiyac vardır”. Bu baxımdan Fərabi dinlə fəlsəfənin eyni həqiqəti qəbul etdiyinə inanmış və dinlə fəlsəfəni birləşdirməyə çalışmışdır. Belə ki, Fərabiyə görə: “Din, geniş xalq kütlələrinin xeyrini nəzərə alaraq həqiqəti simvolik bir tərzdə ifadə edir. Pyğəmbərlər Tanrıdan vəhyi alır və bu vəhylərin işığında insanlara yol göstərirlər. Mədəni bir cəmiyyət ancaq bu yolla həyatını davam etdirir”.
Bütün bunları nəzərə alan Azərbaycan alimi Zakir Məmmədov Fərabini panteist filosof adlandıranlara məntiqi dəlillərlə cavab verərək göstərir ki: “Şərq peripatetikləri ilk səbəb olan Allahla nəticə olan maddi aləmi bir-biri ilə əlaqədar götürsələr də onları eyniləşdirməyiblər, əksinə, Allahı Təbiətdən kənarda, Fərabinin təbirincə “substansiyalardan və aksidensiyalardan ayrı” zənn etdikləri üçün panteist deyillər” (Bax: Z.C.Məmmədov, Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir, Bakı 1978, səh.143).
Fərabinin fəlsəfi sistemində əxlaq, siyasəti və qismən də iqtisadiyatı içinə alan praktik fəlsəfə nəzəri fəlsəfədən ayrı deyildir. Belə ki, Fərabiyə görə: “İnsanın real ehtiyaclarının müəyyənləşdirilməsi üçün onun mahiyyəti haqqında nəzəri məlumatlar vermək lazımdır.”
Fərabinin əxlaq fəlsəfəsində əsas yeri nəyin insan üçün həqiqi mənada yaxşı olduğunu göstərmək tutur. Fərabiyə görə: “Xoşbəxtlik, mütləq xeyirdir. Ona görə də, insanı bu xoşbəxtliyə aparan hər bir fəaliyyət yaxşı, onu xoşbəxtlikdən məhrum edən hər bir fəaliyyət isə pisdir. İnsanda yetkinlik ilk başlanğıcda sadəcə imkan halındadır. Təbii bir varlıq olan insanın sırf insan olmağından qaynaqlanan hər hansı bir mənfi və ya pis tərəfi yoxdur”. Göründüyü kimi, Fərabi digər filosoflardan fərqli olaraq insanda ilkin günahın mövcud olduğu anlayışını qəbul etməkdədir.
Fərabiyə görə, “yaxşı” deyilən şeylər iki qismə ayrılır. Biri hər hansı bir vasitə ilə yaranan yaxşı, digəri isə öz-özlüyündə mövcud olan “yaxşı”, Öz-özlüyündə mövcud olan “yaxşı” son xeyrə çata bilmək üçün insanın doğru vasitələri bulmaqla çox çalışması lazım gəlir.
Fərabi göstərir ki: “Çox təəssüflər olsun ki, insanların çoxu doğru qayə və vasitələrin seçilməsində başarılı olmamışlar. Bütün insanlıq tarixində davam etməkdə olan amansız mübarizələrin ən mühüm səbəbi də bununla bağlıdır”.
Fərabiyə görə: “İnsan, Tanrının yardımına daima möhtac olmasına baxmayaraq, o, hansı qayənin yaxşı olduğunu müəyyənləşdirib ona görə hərəkət edə biləcək gücə malikdir. Əgər insanın təbii yönəlişlərinə qarşı hərəkət etməsi mümkün olmasaydı, o, təbii təcrübələrə və iradi hərəkətlərə bağlı olaraq qazandığı əxlaqi xaraxterdən bəhs etmək mümkün olmazdı”.
Fərabi sırf determinizmi və hər növ fatalizmi rədd tmiş və göstərmişdi ki: “İnsan seçmə azadlığına sahib olduğu üçün çiyinlərində ağır bir məsuliyyət yükü daşımaqdadır. İnsanın sağlam bir əxlaqi xarakterə sahib ola bilməsi üçün fəzilətli fəaliyyətlərin ortaya qoyulması ilə meydana gələn “orta yol”a sarılması gərəkdir. Fəzilətli fəaliyyətlər ifratçılıqdan və etinasızlıqdan uzaq olan fəaliyyətlərdir. Onlar yerinə yetirilməsi asan olan və həzzverici olan yaxşı fəaliyyətlərdir”.
Bəlli olduğu kimi insan ictimai bir varlıq olub yetkinlik və xöşbəxtliyini əldə edə bikmək üçün ictimai və siyasi bir dairəyə ehtiyacı vardır. “Siyasət” və ya Fərabinin deyimi ilə “Fəzilətli şəhərdə tətbiq edilən ən yüksək sənət ” olmadan insan öz imkan və qabiliyyətini gerçəkləşdirə bilməz.
Fərabi siyasi görüşlərində Stoalıqlardan və yeni Platonçulardan fərqli olaraq dini, ictimai bir hadisə hesab etmiş, onu siyasi fəlsəfə daxilində şərh etmişdir. Fərabinin siyasət fəlsəfəsində, xüsusilə onun dövlət sistemləri mövzusunda yapdığı təsnifatlandırma, geniş ölçüdə xoşbəxtlik qavramına dayanır.
Fərabi siyasət, psixologiya, əxlaq və metafizika ilə bağlı mövzuları ilk məşhur əsəri olan “Fəzilətli şəhər və siyasətül-mədəniyyə” də eyni çərçivə işərisində tədqiq etmişdir. Fəzilətli şəhər Fərabinin “Birinci Başqan” adlandırdığı ədalətli və şəfqətli bir idarəedici tərəfindən idarə edilir. Fərabiyə görə, bu yönətici hikmət, şücaət, fiziki sağlam və s. kimi müxtəlif xüsusiyyətlərə sahib olmaq məcburiyyətindədir. Başqa sözlə, bu idarəedici nəzəri və praktik kamillikləri özündə toplayan bir insan olmalıdır.
Filosof çox gözəl bilirdi ki, belə bir kamilliyə sahib bir yönətici bulmaq hər zaman mümkün olmur. Ona görə də Fərabi idarəediçilikdə bir neçə insanın iştirak etməsi fikrini irəli sürmüşdü. Filosofa görə, əhəmiyyətli olan gərəkli şərtlərin dövlət idarəçiliyində bulunması, ağıl və mühakimə gücünə sahib olan bir lider dövlətin qorunması üçün qərar vermə özəlliyinə sahib başqa bir insanla birləşməli və dövlətin işlərini birlikdə idarə etməlidirlər. Fərabinin bu çözüm şəklini mənimsəyə bilməyən bir sıra İslam filosofları onu şiddətlə tənqid etmişlər ki, bunların başında Əbülhəsən Əl-Amiri, Qəzzali və şiə təmayüllü digər mütəfəkkirlər durur.
Fəzilətli şəhər xalqının düşüncə və davranışlarını diqqətlə incələyən Fərabi sözü “Cahil şəhərlər” adlandırdığı yerlərin idarəçiliyinə gətirir. O, bu şəhərləri “Zəruri şəhər”, “Zövqü və ehtirası əsas götürən şəhər”, “Zorakılıq şəhəri” və s. kimi növlərə ayırır və göstərir ki, bu şəhərlərin hər birində insanların fərqli qayə və idealları vardır. Bəzilərinə görə, bədəni həzzlər, bəzilərinə görə də şərəf əhəmiyyətlidir. Bu topluluqların hər birinin insanın təbiəti, cəmiyyət və siyasət məsələsində yanlış düşüncələri vardır. Fəzilətli şəhərin yönəlticiləri bu cahil şəhərlərdə olub bitənləri diqqətlə izləmək və onlara qarşı mədəniləşdirici bir siyasət tətbiq etmək zorundadırlar. Fərabiyə görə, “Cihad”ın anlamı da məhz budur.
Fərabinin fəlsəfə sahəsindəki fəaliyyətini tam anlaya bilmək üçün onun fəlsəfi düşüncəsinin sonrakı inkişafı üzərindəki təsirlərinə qısaca da olsa nəzər salmaq lazımdır. İlk olaraq onu qeyd etmək lazımdır ki, Fərabinin fəlsəfi dünyagörüşü çağdaş fəlsəfə də daxil olmaqla dünya fəlsəfə tarixinin ana mövzularını formalaşdırmışdır.
Fərabi fəlsəfəsindən ilk yararlanan dahi Türk mütəfəkkiri İbn Sina olmuşdur. Bütün həyatı siyasi hadisələrin içində keçən İbn Sina təməl mövzularda Fərabi ilə eyni görüşü paylaşmışdır. Sonradan bu iki böyük Türk mütəfəkkirinin fəlsəfi görüşləri yəhudi filosoflarına, onlar vasitəsi ilə də Qərb filosoflarına təsir göstərmişdir. Əslində Descartes, Leibniz, Spinoza, Kant və Berqsonda Fərabi və İbn Sinanın təsirini tədqiqatçılar inkar etmirlər.
Orta əsr Xristian dünyasının qədim Yunan fəlsəfəsi ilə ciddi təması da məhz Türk mütəfəkkirləri olan Fərabi, İbn Sina və Əbu Reyhan Biruni (973-1048) başda olmaqla müsəlman filosofların əsərləri sayəsində olmuşdur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin fəlsəfəyə və təbiət elmlərinə dair fikirlərində Fərabinin güclü təsiri duyulur.
Fərabinin əsərləri müxtəlif dillərə tərcümə edilmiş, dünya elmini zənginləşdirmişdir. Anadan olmasının 1100 illiyi münasibətilə Qazaxıstanda mütəfəkkirin fəlsəfəyə, məntiqə, etikaya, siyasətə, riyaziyyata və digər elm sahələrinə aid traktatları bir neçə kitabda nəşr edilmişdir.
Ruhu şad olsun!
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.