Düşmən elan edilmiş, tariximizdən silinmiş möhtəşəm xaqanlıq...- Gizlədilmiş TARİXİMİZ
17-10-2022, 12:37
Əlbəttə, xof, qorxu pis şeydir. Yəni, mövzu bədnamdırsa, hamı ondan qaçır. Öz adının, uşaqlarının adının bədnam çıxmasını kim arzulayar? Və ya hər hansı bir xalq, bədnam kimi tanınan bir tarixi etnosla adının bağlanmasını istəyərmi? Tabuya görə cəza varsa, xof və qorxu daha şiddətlidir. Hələ rus imperiyası dövründə elmdə Xəzər xaqanlığı Rusiyanın əzəli düşməni elan edildi. Sovet dönəmində 1945-ci ildən başlayaraq Xəzər xaqanlığı vəhşi, anti-rus, anti-pravoslav, heç nə yaratmayan, sümürücü-parazitik, hətta "sionist" kimi dəyərləndirildi. Artamonovun xəzərşünaslıq arxeoloji və tarix məktəbi yasaq edildi. Xəzər tarixi ilə maraqlanan rus və yəhud əsilli türkoloq, tarixçiləri hətta "pantürkist" elan edib damlayırdılar. 30 ilədək Xəzər xaqanlığı tarix kitablarından çıxarıldı, Pletnyovanın sözü ilə desək, yüzilliklərin imperiyası elə bil heç tarixdə olmamışdı... Bizim tariximizdən də Xəzər xaqanlığı silindi, ən "yaxşı" halda "Azərbaycan zəhmətkeşlərinə qarşı hücum edən vəhşi şimal işğalçısı" kimi sovet Azərbaycanı dərsliklərində təsvir olunurdu. Xəzər xaqanlığı barədə indi nə məlumdur? Avrasiyada yüzilliklər yaşamış imperiya (Qara, Xəzər və Baltik dənizlərini əhatə edən), Avropada ilk feodal dövlət, tam dil və din tolerantlığının hökm sürdüyü cəmiyyət. Cənubi Qafqazda dövlət başçılarını təsdiq edən metropoliya, ilk növbədə Alban dövlətini... Xof və ondan doğan biliksizlik və laqeydlik olmasa idi, bəlkə də Bakıda Xəzər xaqanlarına heykəl qoyub, dövlətçilik və mədəniyyət baxımından (arxeoloji, antropoloji və arxeogenetik sarıdan heç demirəm) onların varisləri olduğumuzu bildirərdik...
P.S. Şəkildə X əsrə aid, yəni, 1000 il əvvəl Kiyev yəhudi icmasının Yakov ben Hanukka adlı bir yəhudiyə verdiyi tövsiyyə məktubu. Məktub xəzər məmuru (yəni, Kiyevi idarə edən) tərəfindən xəzər runik dərkənarı ilə təsdiq olunub (runik təsdiq dərkənarının birbaşa tərcüməsi: "Oğudiq. İlık." Yəni, oxuduq (tanış olduq), məmurun adı İlık. Təkcə "oxuduq" sözü Xəzər dilinin "r-türkə" (çuvaş dili kimi) deyil, "z-türkə", özü də "oğuz" şərti adlı dillərə aidiyyatını göstərir. Məktub Şikaqo Universitetinin professoru Norman Golb tərəfindən 1962-ci ildə Kembric Universiteti kitabxanasında, Hebrew sənədlərinin Qahirə Genizah (Fustat Mısr) sinaqoqasından gətirilmiş kolleksiyasından tapılıb. Bu sənəd barədə çoxlu tədqiqatlar var (əgər internetdə Kievan Letter və ya Kyivan letter axtarışı versəniz, tədqiqatlarla tanış ola bilərsiniz).
Perviz Elay Pashaoghlu
Teref.az