Hitlerin şəxsi pilotu – Baur son anda füreri Almaniyadan qaçırmağa cəhd edib.

7-11-2022, 12:22           
Hitlerin şəxsi pilotu –
Ən yeni tarix. Maraqlı faktlar.
Adolf Hitler sonuncu dəfə öz xidməti təyyarəsindən 1944-cü ilin dekabr ayında istifadə etsə də, şəxsi pilotu Hans Baur fürerin son dəqiqələrinə qədər onun yanında olub.
General rütbəli Baur Hitlerin ən etibar etdiyi şəxslərdən biri sayılıb və intiharından bir neçə saat öncə fürer pilotuna təşəkkürünü bildirməyi özünə borc sayıb:
“Baur, bu illər ərzində mənə göstərdiyin sədaqətə və xidmətlərə görə sənə təşəkkür edirəm. İndi isə vidalaşmağın vaxtıdır. Mənim generallarım məni satdılar, mənim əsgərlərim daha döyüşmək istəmir. Mən artıq fəaliyyətimi bu cür davam edə bilmərəm...”
Həmin son görüşdə Baur Hitlerə onu təyyarə ilə Argentinaya, Yaponiyaya, yaxud da ərəb şeyxlərinin birinin yanına aparmağı təklif edib. Fürer bu təkliflərdən imtina edib:
“Müharibə Berlinin süqutu ilə başa çatacaq. Mən də Berlinlə birlikdə “süquta” uğrayacağam. Müharibənin fəsadları ilə üz-üzə qalanda özümdə intihar cəsarətini tapmaq gücündəyəm. Bilirəm ki, sabah milyonlarla insan məni lənətləyəcək. Bu mənim taleyimdir...”

Hitler bu görüşün sonunda ən sevimli rəsm əsərini, holland rəssamı Rembrandtın çəkdiyi Kral Böyük Fridrixin portretini şəxsi pilotuna hədiyyə edib.
Hans Baur 13 ilə yaxın bir müddətdə Hitlerin şəxsi pilotu işləyib, general-leytenant rütbəsini daşıyıb. Onların arasında fürer-pilot münasibətindən daha çox dostluq münasibətləri hökm sürüb.
1897-ci ildə Bavariyada anadan olan Baur Münhendə gimnaziyanı bitirdikdən sonra könüllü olaraq imperiya hərbi hava qüvvələrində xidmətə başlayıb. I dünya müharibəsinin iştirakçısı olub. İlk zabit rütbəsini də bu müharibə zamanı alıb. Müharibədən sonra ali hərbi aviasiya təhsili aldıqdan sonra Baur Almaniyanın ən böyük aviasiya şirkətlərindən biri olan “Lufthansa” şirkətində pilot vəzifəsində işləyib.
Baur öz həmkarlarından yüksək peşəkarlığı, texniki biliyi, intellekti və ictimai fəallığı ilə fərqlənib. O, şirkətdə işləməklə yanaşı, peşəkar mütəxəssis kimi Almaniyanın aviasiya sənayesində yeni istehsal olunan təyyarələrin sınaq uçuşlarına da cəlb edilib.
Baur 1926-cı ildən nasist partiyasına üzv olub və partiyanın tədbirlərində fəal iştirak edib. Nasistlər hakimiyyətə gələndə Henrix Himmler Baura Hitlerin şəxsi pilotu vəzifəsini təklif edib. Baur bu təklifi məmnunluqla qəbul edib.
Xidməti personalın seçimində şəxsən iştirak edən Hitlerin seçim ərəfəsində Baurla da söhbəti olub. Adətən belə söhbətlər 20-30 dəqiqə çəkib. Fürerin Baurla söhbəti isə iki saata qədər uzanıb. Hitler bu söhbətdən məmnun qalaraq sonda pilota bu sözləri deyib:
Biz sənin idarə etdiyin təyyarə ilə bütün dünyanı fəth edəcəyik.
Hitlerin göstərişi ilə Baur uçuşlardan sonra da fürerin ətrafında olub. Hətta ziyafətlərdə Hitler onu da süfrə arxasına dəvət edib.

Baur bütün səfərlərdə Hitleri müşayiət edib. Bununla yanaşı Üçüncü Reyx rəhbərliyinin ən vacib səfərləri də Baura həvalə olunub. 1939-cu ildə Almaniyanın xarici işlər naziri İoaxim Ribbentrop SSRİ ilə danışıqlar üçün Moskvaya səfər edəndə də nümayəndə heyəti məhz Baurun idarə etdiyi təyyarə ilə bu görüşə uçublar.
Hitler qərargahını bunkerinə köçürdükdən sonra Baur fürerin son dəqiqələrinədək onun yanında olub. Sözsüz ki, Baurun əvvəlcədən Almaniyadan qaçmaq imkanı olub. Amma pilot sona qədər Hitlerə sədaqətini nümayiş etdirib.
Hitlerin intiharından sonra Baur qərbə qaçmağa cəhd edib. Ancaq mayın 2-də pilot sovet hərbçiləri tərəfindən həbs edilib.
Həbsindən sonra Bauru hərbi cinayətkar kimi Moskvaya aparıblar. O, Butırka həbsxanasında saxlanılıb. Baur mülki vətəndaşlara qarşı hərbi əməliyyatların hazırlanmasında, SSRİ-nin hava sərhədlərini təyyarə ilə dəfələrlə pozmasında və digər hərbi cinayətlərdə ittiham olunub.
Moskva Hərbi Dairəsinin tribunalı Baur haqqında 25 il azadlıqdan məhrumetmə hökmü çıxarıb. Baur Stalinoqorsk (indiki Novomoskovsk şəhəri) şəhərindəki 338 nömrəli hərbi əsirlər düşərgəsinə göndərilib.
Baur üçün cəza illəri ağır keçib. Fürerin ətrafında dolaşan, ən yüksək güzəşt və imtiyazlara malik olan pilot üçün Stalinoqorsk şaxtalarında sutka ərzində 12-14 saat işləmək dözülməz olub.
Nəhayət, 1955-ci ildə Almaniya və SSRİ arasında qarşılıqlı razılaşma nəticəsində digər alman əsirləri kimi Baur da Almaniyaya təhvil verilib.
Baur uzun bir ömür yaşayıb. O, 1993-cü ildə, 95 yaşında vəfat edib. Pilot Münhendə dəfn olunub.
1970-ci illərdən sonra Baurun bir neçə xatirələr kitabı işıq üzü görüb. Həmin kitablar bir neçə dilə tərcümə olunub və böyük oxucu auditoriyası qazanıb. Baur öz xatirələrində Hitlerin həyatı və fəaliyyəti ilə bağlı illər boyu qaranlıq qalmış bir çox mətləblərə də aydınlıq gətirib.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.