İranın sonuncu TÜRK ŞAHI - Məhəmməd Rza şah Pəhləvi

31-05-2016, 13:40           

Bu günə qədər istər elmi, istərsə də bədii ədəbiyyatda Əhməd şah Qacarın İranın sonuncu türk şahı, onu əvəz edən Rza şah Pəhləvinin isə fars olduğu iddia edilmiş və bu da azərbaycan cəmiyyətində şübhə yaratmayan həqiqət kimi qəbul olunmuşdur. Pəhləvilərin fars mənşəli olduqlarını iddia edənlər heç bir etibarlı mənbəyə - dəqiq yoxlanılmış məlumata, yəni faktlara deyil, Rza şahın əsasən farsların məskunlaşdığı Mazandaranın Savadküh nahiyəsində anadan olmasına əsaslanırlar. Əlbəttə, öz-özlüyündə qəribə, sadəlöhv və gülüş doğuran bu ehtimal məlum intellekt səviyyəsinə malik olan adamlar üçün tamamilə təqzib olunmaz bir sübutdur, lakin, şübhəsiz ki, kiminsə milli mənsubiyyətini müəyyən edən fakt hesab oluna bilməz. Faktlar isə - Məhəmməd Rza şahın anası Tacəlmülk . Ayrımlının 1996-cı ildə Tehranda nəşr olunmuş “Tacəlmülk Ayrımlının – mələkə Pəhləvinin (Rza şahın zövcəsi – Məhəmməd Rza şahın anası) xatirələri” adlı kitabında gətirilən faktlar Pəhləvilərin türk (azəri) mənşəli olduqlarını sübut edir.

Mələkə - ana Tacəlmülk özünün və Rza şahın milli mənsubiyyəti haqqında belə yazır:
“Mərhum atam kazak diviziyasının yüksək rütbəli zabiti idi. Kazak diviziyası Qacar xanədanının səltənət sürdüyü dövrdə (xüsusən Məhəmməd şahın hakimiyyətdə olduğu zaman) İranda asayişi və təhlükəsizliyin qorunmasını təmin edən əsas hərbi rütbə idi – o dövrdə İranın nizami ordusu yox idi və Rusiya çarı Qacar şahının istəyi ilə kazakları İrana göndərmişdi. Bu qoşunda xidmət edən hərbi qulluqçular bütövlükdə qafqazlılardan ibarət idilər, lakin onlara rus zabitləri komandanlıq edirdilər.
Atam Teymur xan Ayrımlı bu qoşunda mirpənc rütbəsində xidmət edirdi (o dövrdə mirpənc indiki sərtib – briqada generalı rütbəsinə bərabər idi). Əlbəttə, o zaman mən uşaq idim və həmin dövrü yaxşı xatırlamıram, amma anam deyirdi ki, atam İrana gəlməzdən əvvəl xeyli müddət Bakınn hərbi komendantının müavini, sonra Araz sərhəd məntəqəsinin, daha sonra isə Lənkəranın hərbi rəisi olmuşdur. Bu da yadımdadır ki, bütün əmilərim, dayılarım çar ordusunda xidmət edirdilər və Sabir xan adlı əmim bolşeviklərə qarşı savaşda həlak olmuşdur.
Mən Bakıda anadan olmuşam. Təvəllüd tarixim Qurani-Məcidin cild qabığında 1274-cü ilin ordubehişt ayının 6-sı (26 aprel 1896-cı il) kimi qeyd olunmuşdur və bu, mərhum atamin dəstxətti ilə yazıldığına görə hər zaman ona baxdıqda tam dəqiqlik ilə xəyalımda canlandırıram. Bu mənə atamdan qalan ən əziz yadigardır.”
Daha sonra:
“ Bir gün atam evə gəlib dedi ki, ingilislər tərəfindən silahlandırılmış və onların çoxsaylı qoşunu ilə birləşdirilmiş kazak diviziyası Qafqaza hücum etməyə hazırlaşır və o da acların qoşunu ilə birgə Bakı üzərinə getməlidir. Atam kazak və ingilislərlə birgə yola düşdü, müxtəlif cəbhələrdə döyüşdü və bir müddət sonra xəstə və çox yorğun halda İrana qayıtdı. Başına gələnlər barədə bizə söhbət edib dedi ki, cəbhədə bir əsgər onun həyatını xilas etmişdir. Atam Bakı ətrafında rus inqilabçılarına qarşı gedən savaşda bu əsgəri xoşlamış və onu öz şəxsi xidmətinə götürmüşdür. Rza İranda anadan olub boya-başa çatsa da əslən Bakı mühacirləri ailəsindən idi və türk dilini yaxşı bildiyinə, zarafatcıl, şən xasiyyətli adam olduğuna görə atamın ürəyinə yatmışdı. O, cəbhədə həmişə atamın yanında olur və bir dəfə atam bir neçə inqilabçının mühasirəsinə düşdüyü zaman Rza onları pulemyot atəşi ilə məhv edib onu labüd ölümdən qurtarır.
“Rza kazak diviziyasında ən mahir pulemyotçu idi və buna görə də “Rza maksim” adı ilə şöhrət qazanmışdı.”
“Rza bizə gəldikdə onun cəbhədə göstərdiyi rəşadətə və atamızı ölümdən xilas etdiyinə görə ehtiramla qarşıladıq, bu da bizim tanışlığımıza, daha sonra isə evlənməyimizə səbəb oldu.”
Mələkə - ana Tacəlmülkün Sovet hakimiyyəti və ondan sonrakı dövrlərdə fars kimi təqdim olunan Rza şah haqqında verdiyi daha bir maraqlı məlumat:
“Mən və Rza əslən Azərbaycanlıyıq. Əlbəttə, mən Bakıda anadan olmuşam, Rza isə İranda dünyaya gəlmişdi.”
“Rza İranın qədim tarixi ilə çox maraqlanırdı və Foruği (İran dövlət xadimi Məmməd Rza şahın hakimiyyətinin ilk illərində İranın baş naziri) Rzanın diqqətinə çatdırdı ki, əsl iranlılar farslar deyil azərilərdir, Zərdüşt də azəri idi və zərdüştlük Azərbaycanda təşəkkül tapmışdır.”
İranın sonuncu TÜRK ŞAHI - Məhəmməd Rza şah Pəhləvi
Mələkə - ana Tacəlmülk özü də şeir yazır, şeirə və ən başlıcası öz doğma dilinə münsibəti haqqında belə deyir:
“Mən şeri çox sevirəm. Şeirlərimin çoxu türk dilindədir. Şəhriyyar Tehranda yaşadığı dövrdə dəfələrlə onu saraya dəvət etmişəm, o da gəlib şeirlərimi dinləmiş, məsləhətlərini vermiş və məni yazmağa məcbur etmişdi. Xidmətinizə ərz edirəm ki, şəxsən mən azəri dilində yazılan şeirləri bütün dünya dillərində yazılmış şeirlərdən üstün hesab edirəm və şeir söyləmək üçün dünyada azəri dilindən daha kamil dil olmadığının etiqadındayam. Həmçinin Azərbaycan musiqisini dünyada olan bütün musiqilərdən üstün sayıram.”
Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Məlum dairələrin qatı fars şovinizmini həyata keçirən dövlət xadimi kimi təqdim etdikləri Məhəmməd Rza şahın məhz türk mənşəli olduğuna görə həmin bu fars şovinizmi adlanan amildən ehtiyat etdiyini desək və bunu sübut etsək, yəqin ki, heç bir etiraza yer qalmaz. Bu ehtiyat mələkə - ana Tacəlmülkün öz şeir divanının çap olunmasına icazə verilməsi barədə etdiyi müraziətə Məhəmməd Rza şahın verdiyi cavabda açıq-aşkar hiss olunur.
“İnsan məmləkət şahının anası olduqda bir çox məhrumiyyətlərə məruz qalır – yazır mələkə - ana Tacəlmülk – buna görə də Məhəmməd Rza mənim çeir divanımın çap olunmasına icazı vermədi və belə dedi: “ Xalq məni bir başqası ilə əvəz etmək istəyindədir. Mələkə - ananın şeir yazması – özü də bu dildə! – yaxşı nəticə verməz.
Əlbəttə, Məhəmməd Rza haqlıdır.”
Məlum olduğu kimi İran çoxmillətli ölkədir və görəsən Məhəmməd Rza şah məni əvəz etmək istəyən xalq deyəndə onlardan hansını nəzərdə tuturdu? Və bu ehtiyyat səbəbsiz bir qorxunun, yoxsa bir çox digər amillərlə yanaşı həm də özünün milli mənsubiyyətinə qarşı narazılığın yarandığı real təhlükənin duyulmasından irəli gəlirdi və o, nece deyərlər “dəlinin yadına daş salmaq” istəmirdi.
İsa Hüseynov özünün “İdeal” romanında belə bir cümlə işlətmişdir: “1925-ci ildə İranda sonuncu azərbaycanlı şah taxtdan salınmışdır.” Söhbət məhz sonuncu azərbaycanlı iran şahından həmin sonuncu şah Əhməd şah Qacar yox, 1979-cu ildə taxtdan salınmış Məhəmməd Rza Pəhləvi olmuşdur.
Sonda bunu qeyd etmək istərdim ki, Sovet imperiyasının rəhbərləri əsarət altına xalqların, o cümlədən azərbaycanlıların istiqlaliyyət meylinin artmasının qarşısıalınmaz olduğunu dərk edərək bunu tamamilə başqa bir istiqamətə yönəltdilər – Rusiyanı böyük qardaş və xilaskar, erməniləri “din ayrı qardaş” elan edib onlara qarşı sevgi təlqin etdilər, Pəhləviləri isə azərbaycanlıların mənfur düşməni olan fars kimi qələmə verdilər və bu yalanla da onlarda ümumiyyətlə bütüb farslara qarşı nifrət hissi aşıladılar. Neçə nəsil bu nifrət üzərində kökləndi və bunun nəticəsində dost cildinə girmiş əsl düşmənin qəfil hücumu qarşısında hazırlıqsız və köməksiz bir vəziyyətə düşdü.
Mələkə - ana Tacəlmülkün dediyi kimi “və bəs”, yəni bu barədə kifayət edər.
-Türküstan.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.