SSRİ-ni qorumağın yolu… AZƏRBAYCANLILARI qır, Ermənistandan deportasiya et, Qarabağa gir!..

20-01-2023, 17:18           
SSRİ-ni qorumağın yolu…
Azərbaycan SSRİ-nin dağılmasının qarşısını almaq üçün mənəvi işğal gərəkən ölkələr sırasında birinci idi. Milli azadlıq hərəkatına yenidən başlayacağı ehtimal olunan sovet respublikaları sırasında, SSRİ KQB-sinin hazırladığı siyahıya da məhz Azərbaycan başçılıq edirdi. Çünki Azərbaycan əhalisinin əksəriyyəti müsəlman idi. SSRİ-nin elmi ateizm ideologiyasına rəğmən, ölkə inancından da imtina etmirdi. Ölkə əhalisinin əksəriyyəti müsəlman-türk idi, amma tolerant və çoxmillətli qalmağı da bacarmışdı. Bu səbəblər yetərli idi ki, digər sovet respublikalarında prosesin qarşısını almaq üçün ən ağır qırğını Azərbaycanda törətməyə qərar verilmişdi. Bu əməliyyat üçün SSRİ rəhbərləri ən sadiq kadrlarını müdafiə və daxili işlər nazirlərini, Yazovla, Bakatini öncədən Bakıya göndərmişdi.
***
…20 yanvara gətirən yolda SSRİ rəhbərlərinin yanında tarixin bütün dönəmlərində olduğu kimi yenə də Ermənistan var idi. 1905, 1918-1920, 1948-1953-cü il deportasiyalarının davamı olaraq, 1988-89-cu illərdə də Ermənistandan 300 minə yaxın Qərbi Azərbaycanlıların deportasiya planı hazırlanmşdı. Bunun üçün Ermənistanın xüsusi xidmət orqanları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə Sumqayıtda "Nalyotçik" -"Basqınçı" adlı əməliyyat başlatdı. Əməliyyatda hədəf Sumqayıtda yaşayan ermənilər idi. Tarixdə “Sumqayıt işi” kimi qalan təxribat nəticəsində, ermənilər öldürüldü. Ardınca Ermənistanda etiraz aksiyaları başladıldı və qərbi azərbaycanlıların növbəti deportasiyasına start verildi.
Əməliyyatın rəhbərləri yaxşı bilirdi ki, Sumqayıtda törədilən cinayətin azərbaycanlıların üstünə atılmasına, qərbi azərbaycanlıların günahsız deportasiyasına, Qarabağda işğalın sürətləndirilməsinə Bakıda insanlar səssiz qalmayacaqdı. Başladılan milli azadlıq hərəkatında SSRİ tərkibindən çıxmaq tələbi səslənəcəkdi. Beləliklə, bu “Qızıl Ordu” adı altında qatillərdən ibarət dəstələri müxtəlif istiqamətdən Azərbaycana girməsinə əsas olacaqdı.
Plan baş tutdu. Amma nəticə SSRİ rəhbərlərinin arzuladığı kimi olmadı. Çünki sovet ideoloji maşınının illərdir apardığı təbliğat, yaratdığı xofa rəğmən, xalqın əzmini qırmaq mümkün olmadı. Azərbaycan 300 illik tarixi kəsimdə saysız ədalətliklərə məruz qalsa da milli-mənəvi dəyərlərindən imtina, öz inancından və dilindən imtina etmədi. Bu xarakterinə görə də Azərbaycan və xalqı 1990-cı ilin, 20 yanvarında 150 şəhid verdi, ancaq tabe olmadı.
SSRİ rəhbərləri baş verən qırğının beynəlxalq mediaya düşməsinin qarşısını ciddi cəhdlə almağa çalışdı. Ancaq Avropa və Qərbin Azərbaycanda fəaliyyət göstərən media ofisləri, habelə evinin qarşısında gizli post qurulsa da, həmin dövrdə Moskvada yaşayan mərhum Azərbaycan Prezidenti, ümummilli lider, Heydər Əliyev Azərbaycan Rusiya paytaxtındakı nümayəndəliyinə gəldi. O, xalqı ilə həmrəyliyini ifadə etdi.
Yanvarın 22-də isə SSRİ rəhbərləri çaşdıran başqa bir hadisə baş verdi. Paytaxt Bakıda, “Azadlıq” meydanında, 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü təşkil olundu. Şəhidlər xiyabanındakı dəfn mərasiminə iki milyona yaxın insan toplaşdı.
Ümumiyyətlə, 1988-1990-ci illərdə SSRİ-nin Azərbaycan əməliyyatları, Ermənistanda deportasiya, Qarabağdan gələn məcburi köçkünlər və işğallar, ölkə daxilindəki ağır siyasi situasiya, xalqın milli mübarizə əzmini qıra bilmədi.
Milli azadlıq hərəkatı SSRİ-nin süqutunu rəmin edəcək siyasi reallığa çevrildi. Xalq öz gələcəyini müstəqil olmaqda gördü. Azərbaycan təklənsə də heç bir qırğından geri çəkilməyəcəyini isbatladı. İki ay sonra Azərbaycan qarşı yeni qırğın və işğal əməliyyatları planlaşdırıldı. 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər təfindən kütləvi qırğına məruz qaldı. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı dinc əhalinin bir hissəsi xüsusi hazırlanmış əməliyyat nəticəsində qətlə yetirildi. 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 azərbaycanlı öldürüldü.
Bir neçə gün sonra, Azərbaycan Xocalı soyqırımını yaşadı. 613 sıravi insan, uşaq. qadın, qoca xüsusi amansızlıqla qətlə yetirildi. Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Bu gün də həmin hadisələrin qanlı izləri Ermənistanın işğalından azad edilən Qərb İqtisadi Rayonunda, Qarabağda, Şərqi Zəngəzurda, kütləvi məzarlıqlardan üzə çıxmaqdadır.
***
...2020-ci ilin sentyabrı... Bu tarix Azərbaycanın qəhrəmanlıq tarixində ən yeni səhifədir. 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ORDU və XALQIN ittifaqı ilə Böyük Zəfər əldə olundu. Bu qələbə təkcə 20 yanvar şəhidlərinin deyil, 300 illik tarix boyu Azərbaycan uğrunda mübarizə aparan deportasiyaya, soyqırıma, ədalətsiz işğala məruz qalan hər bir şəhidin mücadiləsinin nəticəsidir. Azərbaycan hərb meydanındakı qələbəsindən sonra, diplomatik masalarda, informasiya savaşlarında da qalib oldu. İndi hədəf daha böyükdür.Azərbaycan Prezidenti Ermənistandan deportasiya edilən Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının hazırlanması elan edib. 2023-cü ildə Şərqi Zəngəzur layihəsi, Cənubi Qafqazda daha yaxşı möhkəmlənmə işi, Qərb İqtisadi Rayonu üzrə xarici investorların cəlbi, Qarabağda sürətli inşaat və qayıdışın təmin olunması, Türk Dövlətləri Birliyində daha yaxşı möhkəmlənmə, dünyanın müxtəlif yerlərində yaşayan türklərin hüquqlarının qorunması işində təşkilatlanmanı qarşıya məqsəd qoyub.
Deyəcək bir söz qalır, tarix səni ŞƏHİD övladların və düşmənlərin qarşısında UTANDIRMASIN , hər zaman QÜRURLU QAL AZƏRBAYCAN!
Jalə Mütəllimova
20.01.2022.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.