TARİX, ƏDƏBİYYAT KİTABLARI VƏ HƏQİQƏT
13-03-2023, 08:04
Sovet vaxtı 70 il insanları belə düşünməyə vadar ediblər - plakat, şüar, vərəqə, qəzet, radio, məqalə, broşür, kitab, şer, poema, hekayə, povest, roman, dərsliklər, - əlifba kitabından başlamış, - təbliğat, təşviqat, ədəbiyyat, sənət, tətbiqi sənət, rənggarlıq, qrafika, musiqi, heykəltəraşlıq, mozaika, xalçaçılıq, təkəlduza qədər - bütün sənət növləri bi ideyaya işləyib.
İnanmayan, razılaşmayana - həbs, işgəncə, güllələnmə, yaxşı halda Sibir, QULAQ, bəlkə sağ qaldın, ölümcül xəstə qayıtdın. Televiziya çıxandan, bədii filmlər istehsalı artandan sonra beyinlərin yuyulması daha geniş çapla və uğurla davam edib.
Türk adı, etnonimi belə yasaq olunub, bir nadan mənimlə 3-4 gün öncə mübahisə edirdi ki, Azərbaycan respublikası yaranandan bizim adımız azərbaycanlı olub. Elə deyil, 1936-da, Stalin repressionlarının şıdırğı vaxtı dəyişiblər. Atam danışmışdı - 1936-cı ildə, Azərbaycanda pasportları dəyişəndə - içində "milliyyəti: türk" yazılan köhnələri yığıb əvəzinə yenisini, içində "milliyyəti: azərbaycanlı" yazılan təzələri verındə mən Moskvada tələbə idim. Pasportum köhnə qaldı. Moskva Vilayət Pedaqoji İnstitutu bitirib Bakıya qayıdanda, - ilini də demişdi, unutmuşam, 1937-39-cu illər, - pasportumu görən, məni tanımayan adamlar qorxa-qorxa baxırdı, provokatora oxşadırdılar. Pasportumu tez dəyişdim ki, NKVD bunu də söz edər.
, -
Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu qalın, çox ciddi, sanballı görünən elmi kitablar buraxıb, bizim türk yox, türkdilli (!) xalq olduğumuzu bizə öz alimlərimizin sözləriylə, kitablarıyla izah və subut edib - biz, türk olmayan yeri xalq, gəlmə türklərin dilini götürmüşük. Elmi nəzəriyyə kimi istisna eləmək olmaz, mümkündü, amma bir sual açıq qalır. Elə isə niyə dilimizdə - indiki Azərbaycan türk dilində əvvəlki dildən qalan, bir dənə də qeyri-türk sözü yoxdu?
Ata evimdəki o kitablar yaxşı yadımdadır. Yaxşı ki atam ehtiyatla da olsa başqa mətləbləri, həqiqəti mənə anlatmışdı, yazmışam bu barədə, hələ yenə yazacağam.
70 il sovet, hələ ondan qabaqkı "Azərbaycan xanlıqlarının Rusiyaya biləşdirilməsi" dövrünü demirəm. Üstəgəl müstəqillik dövrünün balanslı rusiyayönlü siyasəti. Odur ki, insanları çox da qınamaq olmaz..
Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir.
Türklərin 1918-də Naxçıvana kiçik hərbi hissə göndərərək babam Möhsün Sultanovu, ailəsini, o vaxt 8 yaşlı uşaq olan atamı şəhərə mühasirəyə alan Andranik qoşunundan xilas etməsi haqqında 2006-da böyük məqalə-xatirə yazmışam, "Реальный Азербайджан" həftəliyində, tapsam, bir daha burada paylaşacam.
30 illik müstəqilli dövrü ərzində əsas 2 dəfə - 1992-93-cü və 2019-20-ci illərdə Türkiyəyə müraciət etdik, iriçaplı köməyini aldıq, ikisində də böyük uğur qazandıq. Daha "Türk Yıldızları"nın Azərbaycana gəlişini, Bakı səmasında qanad çalmasını, İranın Xəzərdəki lotu hərəkətlərinin qarşısının almasını və bu kimi "xırda" dəstəyini demirəm.
Mövzuyla bağlı biri atamın xatirələri əsasında yazılan iki məqaləmi şərh bölümünə yerləşdirirəm.
Şəkil Dadaş Bayramovun divarından götürülüb.
Cingiz Sultansoy
Teref.az