Böyük şairin ölümünün 60 illiyinə. - NAZİM HİKMƏT (20.01.1902 - 3.06.1963)

4-06-2023, 13:14           
Böyük şairin ölümünün 60 illiyinə. -
Hələ sovet vaxtı, 1970-80-ci illərdə "Literaturnaya qazeta"da, təbii, rus dilində oxuduğum 50-ci illərin sonunun bir müsahibəsində Nazim Hikmət demişdi:
"Türk milli xarakterinə ağrı-acılardan, bəlalardan danışmaq, şikayətlənmək ziddir. Türk gənci .döyməyindən daha həvəslə danışar, nəinki döyülməyindən...".
40 il əvvəl oxuduğum məqalədən gətirdiyim sitatın ayrı-ayrı sözləri dəqiq olmaya bilər, məzmunu-mənası tam dəqiqdir.
Bəlkə də bu xüsusiyyət bir sıra dünya xalqlarının gəncində var, amma son 40 ilin Qarabağ olayları kontekstində bu fikir daha aktual və maraqlı səslənir.
Nazim Hikmətin özünün mübarizəylə dolu, həbs, mühacirət illəri və eşqlərlə zəngin həyatından çox şey bilirik, lakin görkəmli hərbçi və dövlət xadimi, mütəfəkkir olan türk, alman, polyak babalarından, əməllərindən, hünərindən xeyli az.
Hamısı aristokrat, hərbçi olan alman və polyak babaları İslamı qəbul edib Osmalı ordusuna qılıncla xidmət ediblər. Anasının bir babası, Konstanty Borzęcki o vaxt 2-3 ölkənin əyaləti olan Polşada 1826-də doğulub, Avropada inqilablar ili sayılan 1848-ci ildə üsyan yatırılandan sonra qaçıb Osmanlıya gəlib, İslamı qəbul edib, Mustafa Cəlaləddin adıyla paşa rütbəsində orduda xidmət edib. Hərbi xidmətin qayğıları ona türk ictimai-siyasi fikrinə önəmli təsir göstərmiş, fransız dilində "Les Turcs anciens et modernes» ("Qədim və çağdaş türklər" kitabını yazmağa mane olmayıb.
Anasının başqa babası Lüdviq Karl Friedrix Detroyt biz tərəflərdə, Almaniyanın Brandenburq şəhərində 1827-də anadan olub, Osmanlı üçün uğurla nəticələn Rusiyaya qarşı Krım müharibəsində (1853-1856) döyüşüb, briqada generalı - paşa rütbəsini alıb, Mehmed Əli paşa olub və növbəti, amma uğursuz rus-türk müharibəsində Bolqariyada osmanlı qoşunlarının komandanı olub. Mənim yaşıdlarım, köhnə kişilər SSRİ-də tanınan bolqar "Şipka" siqaretini xatırlayar yəqin? O dağın - siqaretin adı o müharibənin xatirəsidir...

Mehmed Əli paşa isə Kosovada üsyan edən serblərə qarşı vuruşanda şəhid olub.
Nazin Hikmətin yüksək rütbəli məmur olan türk atası və babasından ayrıca danışcağam.
Qanı bu dərəcədə "qarışıq", babaları bu dərəcədə döyüşkən, istedadlı olduğu qədər üsyankar şair o millətçi zəmanədə beynəlmiləlçi, hətta kommunist olmaya bilərdimi?

Evet, vatan hainiyim, siz vatanperverseniz, siz yurtseverseniz,
ben yurt hainiyim, ben vatan hainiyim.

Vatan çiftliklerinizse,
kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
fabrikalarınızda al kanımızı içmekse vatan,
... ben vatan hainiyim.

Cəsarəti hətta Moskvada stalinizm dövründə Stalin haqqında tənqidi-kinayəli atmacalara çatan şairi repressiyadan bir Allah, bir də bəxti, yəni yenə də Allah saxlayıb.
Mühacirətdə İstanbul və sevgilisinin həsrətiylə yazdığı məşhur şeiri necə xatırlamayım?
Başım köpük köpük bulut,
içim dışım deniz,
ben bir ceviz ağacıyım Gülhane parkında,
budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.
Naxçıvanda da qoza "ceviz" deyirlər. 23 il öncə may ayında İstanbula bir ezamiyyət zamanı imkan düşəndə iki böyük imperianın paytaxtı olmuş möhtəşəm şəhəri dolaşarkən Gülhane parkına da getməyə bilməzdim - elə bu şerə görə. Ağaclara dördgözlə baxırdım, şair hansını nəzərdə tutub yazıb o şeri?
Səni böyük sayğıyla anırıq, Ustad!
Allah rəhmət eləsin!
Cingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.