Beriyanın sonuncu məşuqəsi – Valyanın hər üç kişisini güllələyiblər.
18-09-2023, 09:08
Ən yeni tarix. Maraqlı faktlar.
Lavrenti Beriyanın gizli qadın macəraları öz “məxfi”liyini çox da uzun müddət saxlaya bilməyib. 1953-cü ildə həbs olunanda Beriyanın toruna düşən qadınların siyahısı ələ keçib. Müxtəlif mənbələrdə zərərçəkmiş qadınların sayı fərqli rəqəmlərlə əks olunub, 200, 460, hətta 700 nəfər. Ən əsası isə odur ki, “güclü” nazir məhkəmə zamanı qadınlara qarşı “tükənməyən” ehtirasını özü də könüllü etiraf edib.
Beriyanın qurbanları arasında yalnız bir nəfər, Valentina Drozdova onun həyatında digərləri kimi müvəqqəti yox, ciddi və silinməyən iz qoyub.
Kim olub bu qadın?
Valentina Drozdova 1933-cü ildə Moskva şəhərində anadan olub. Müharibə başlandığından məktəbə iki il gec gedib. Orta təhsilini Moskvanın 92 nömrəli məktəbində alıb.
1949-cu ildə 16 yaşlı Valentina yeddinci sinifdə oxuyanda Beriyanın hədəfinə düşüb. Sonralar istintaq zamanı Valentina həmin günü belə xatırlayıb:
“Evə qayıdanda hiss edirdim ki, arxamca gələn kişi məni izləyir. Onun əynində hərbi paltar var idi. O vaxtlar mən bu formanın kimə, hansı orqan işçilərinə məxsus olduğunu ayrıd edə bilmirdim. Qapıya çatanda o mənə yaxınlaşdı:
- Biz sizin xəstə ananıza kömək etmək istəyirik. Bununla bağlı mötəbər bir şəxs sizinlə söhbət etmək istəyir.
Həmin şəxs Beriyanın mühafizəçisi polkovnik Sarkisov idi. Və elə həmin günün axşamı o, məni Beriyanın yanına apardı. Beriya ilə aramızda söhbət uzun çəkmədi. O məni yatağına aparıb zorladı. Üç gün məni evdən buraxmadılar. Gündüzlər keşiyimi Sarkisov çəkirdi, gecələr isə Beriya...”
Beriya ilə Drozdova arasında münasibətlər Beriyanın həbs olunduğu günə qədər davam edib. 1950-ci ildə onların bir qız övladı, Marta dünyaya gəlib. İkinci dəfə, 1952-ci ildə Drozdova hamilə qalanda anası Beriya ilə razılığa gələrək qızının hamiləliyini Kreml xəstəxanasında yarımçıq qoyub.
Həmin illərdə faktiki olaraq Beriya iki ailə ilə yaşayıb və onun rəsmi həyat yoldaşı Nina da bu məsələdən xəbərdar olub.
Beriya həbs olunduqdan bir neçə gün sonra Drozdovanın anası qızının zorlanması ilə bağlı müvafiq orqanlara və istintaqa yazılı müraciətlər edib. Əslində onun məqsədi heç də Beriyadan qisas almaq olmayıb. Çünki ailə nazirin imkanlarından heç də az bəhrələnməyib. Drozdovanı qorxudan, narahat edən Beriyanın yaxın adamları kimi həbs olunmaq təhlükəsi olub. Ona görə də onlar istintiqı qabaqlayaraq bir-birinin ardınca şikayətlər yazıblar, istintaqa könüllü olaraq Beriyanın əleyhinə ifadələr veriblər. Elə Beriyanın məhkəmə işində rəsmi ittihamlarından biri də azyaşlı qızın zorlanması olub.
Beləliklə, Valentina Drozdova təhlükəli Beriya dalğasından sakitliklə uzaqlaşa bilib.
Drozdovanın sonrakı taleyi növbəti bir təhlükə ilə üzləşib. O, Beriyanın həbsindən qısa müddət keçdikdən sonra Moskvada valyuta alverçisi kimi ad çıxarmış və kifayət qədər zəngin olan Yan Rokotovla tanış olub. Aralarında uzun müddət sevgi münasibətləri olsa da, onlar bu münasibəti rəsmiləşdirməyiblər.
Bu həmin Rolotovdur ki, qeyri-qanuni valyuta alverinə görə cinayət məsuliyyətinə cəlb olunanda və məhkəmənin hökmü ilə 15 azadlıqdan məhrumetmə cəzasına məhkum edilədə, birbaşa Nikita Xruşovun göstərişi ilə hökm güllənmə cəzası ilə əvəzlənib. (Yan Rokotov haqqında ətraflı yazını bu linkdə oxuya bilərsiniz: https://musavat.com/.../xrusova-alman-sillesi-ve... )
Rokotovun Drozodovaya münasibəti səmimi olmayıb. Böyük məclislərin birində o, sərxoş vəziyyətdə olarkən qeyri-səmimiliyini dilinə gətirib:
“Siz elə bilirsiniz ki, mən Valentinanı sevirəm? Əsla. Sadəcə, mənə zövq verən odur ki, Stalindən sonra ikinci şəxs olan Beriyanın arvadı hər gecə mənim yatağımda çabalayır...”
Onun bu fikirlərini Valentina Drozdovaya çatdırıblar və o, bu münasibətə son qoymaq qərarını verib.
Drozdovanın bəxti üçüncü dəfə də gətirməyib. Növbəti dəfə o, Moskvanın gizli sex sahiblərindən (sexovik) biri, İlya Qalperinlə tanış olub. Əvvəlkilərdən fərqli olaraq Qalperin Valentinanı bütün varlığı ilə sevib. Buna baxmayaraq, bu münasibət də yarımçıq qalıb. Qalperinin qeyri-qanuni fəaliyyəti də güllələnmə cəzası ilə yekunlaşıb.
Beləliklə, Beriyanın məşuqəsinin həyatında olan üç kiçinin üçünün də taleyi eyni olub.
Valentina Drozdova Beriyanın ölümündən 61 il sonra, 2014-cü ildə vəfat edib.
İlham Cəmiloğlu.