Afşin Heydər ibn Kavusun ölümü - Türk əmirlərinin Abbasilər dövründəki hakimiyyəti

4-03-2024, 09:04           
Afşin Heydər ibn Kavusun ölümü - Türk əmirlərinin Abbasilər dövründəki hakimiyyəti
Abbasilər dövründə Xilafətin idarəsi uğrunda üç siyasi-etnik güc arasında kəskin mübarizə başladı. Birinci gücü ərəblər təşkil edirdilər və əməvilər dövründə olduğu kimi, ərəblərin haqlarının qorunmasını istəyirdilər. İkinci güc, “irani” adlandırılan, Sasani ənənsinə bağlı qruplar tərəfindən təşkil edilmişdi. Bunlar Abbasi Xilafətini Sasani dövlət modelinə uyğun hala gətirmək istəyirdilər və buna da nail olmuşdular. Xüsusən də buddist inanclara sahib Bərməki ailəsinin vəzirliyi dövründə həmin qrup Kəbəni belə atəşgaha çevirməyə cəhd edəcək qədər irəli getmişdi. Sasani dövrü mənbələrinin ərəbcəyə tərcümə olunması, xəlifələrin özlərinə nümunə götürəcəkləri “adil hökmdar” Xosrov Ənuşirəvan mifinin yaradılması, vəzirlik məqamının təsis olunması və dövlət idarəçiliyinin xəlifələrdən vəzirlərə keçməsi, paytaxtın Şamdan Bağdada köçürülməsi irani qrupun xilafətdə güclü olduğu Abbasilərin ilk 50 ilində gerçəkləşmişdir.
Xəlifə Harun ər-Rəşid öldükdən sonra xilafətdəki ərəblərlə irani qanadın arasında müharibə başladı. İrani qanad Məmunun, ərəblər isə Əminin tərəfində yer aldılar. Baş verən döyüşdə ərəblər məğlub oldu və Əmin öldürüldü. Bu vaxt irani qanadın başında dayanan Məmunun vəziri Fəzl ibn Səhl ilə ordu komandanı Tahir ibn Hüseyn 813-cü ildə Bağdada girdiklərində böyük qətliam törətdilər. Minlərlə ərəb öldürüldü, Xəlifə Əmin isə alçaldılaraq edam olundu. Bu hadisədə ərəblər özlərinin xilafət içindəki hərbi gücünü itirdilər. Beləcə, irani qanad xialfəti tamamilə öz nəzarətləri altına aldı.
Amma Bağdad hadisələri Xəlifə Məmuna dərindən təsir etdi. Xəlifə, bir növ, odla su arasında qaldı. Ərəblərin ona nifrət etməsi, iranlılara da inanmaması Xəlifə Məmunu gizli axtarışlar aparmağa məcbur etdi. Xilafətin yeganə xilasını ordunun türklərdən təşkil edilməsində görən Xəlifə Məmun Mərvdə olarkan türkləri yaxından tanımış və onlara etibar edəcəyinə inanmışdı. Elə bu məqsədlə də Afşinin ölkəsində qalmasına tərəfdar idi. Babəklə müharibədə Xəlifə Məmun bütün diqqətləri xürrəmi təhlükəsinə çəkərkən bir tərəfdən də türklərdən ibarət gizli ordu hazırlayırdı. Artıq Məmun dövrünün axırlarında Bağdadda türklərdən ibarət 10-25 min arasında bir ordu hazırlanmışdı. Planını həyata keçirmək üçün Xəlifə Məmun 818-ci ildə onu hakimiyyətə gətirən Fəzl ibn Səhli gizlicə Tusda öldürdü və ancaq bundan sonra 819-cu ildə paytaxt Bağdada daxil ola bildi.
İrani qanad Məmunun niyyətini başa düşüncə, xilafətin daxilində bu dəfə iranlılarla türklər arasında mübarizə başladı. Bu mübarizə Mötəsimin vəfatından sonra türklərin xeyrinə nəticələnsə də, mübarizənin son qurbanı Afşin oldu. Belə ki, irani qanadın başında dayanan Tahir ibn Hüseyn Mötəsim tərəfindən Babəkə qarşı göndərildiyi halda bundan imtina edib Xorasana getdi və bölgənin hakimiyyətini ələ keçirdi. Babək üsyanından kənar qaçarkən Afşini bu cəngəlin içinə soxmağa çalışdı. Afşin də Babəklə müharibəni uzatmaqla fürsətdən istifadə edib xilafətin bütün imkanlarını öz əlinə keçirmək istəyirdi. Amma adamlarının, xüsusilə də yaxın qohumu Məngüçurun səriştəsizliyi ucbatından oyunu Tahir ibn Hüseynə uduzdu. Təşkil olunan məhkəmədə Babəklə ittifaqda və onunla eyni inancda olmaqda ittiham edilib həbsə atıldı.
Afşin hadisəsi türk əmirlərini dərindən sarsıtdı. Xəlifə Mötəsimin ölümündən sonra artıq xilafətin nəzarətini tamamilə ələ keçirməyə və özlərinin istədikləri xəlifələri hakimiyyətə gətirməyə qərar verdilər. 847-ci ildə Xəlifə Vasiqin vəfatından sonra Xialfətin idarəsini öz əllərinə keçirən türklər Abbasilərin sonuna qədər mövqelərini qoruyub saxladılar.
Елбрус Ваhидов
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.