BİRCƏ BU QALMIŞDI...
23-05-2024, 00:18
Nələr olur, nələr...
Kimlər nələr deyir, kimlər nələr...
Məgər Comolunqmanın (Everestin) mütləq hündürlüyü son 4 ildə təqribən 50 sm azalaraq 8.847,50 m-ə, Marian çökəkliyinin dərinliyi −10.994 m.-dən -1 m. daha dərinə, Nilin çayının uzunluğu 6.650 km-dən 6.649,5 km.-ə, Amazon çayının mənsəbində su sərfiyyatı saniyədə 220 min kubmetrdən 119 min kubmetrə, Niaqara şəlaləsinin hündürlüyü 51,57 m.-dən 51 m.-ə, eni isə 790 m.-dən 789 m.-ə düşübmüş...
Bunlar azmış kimi, hündürlüyü 4103 metr olan Mauna Loa vulkanı (Havay adalarında) son dörd ildə daha tez-tez hərəkətə gəlirmiş...
Bermud üçbucağının ümumi sahəsinin (dəyişməsinin) ən yuxarı həddi isə 0,1 milyon kvadrat km daha böyüyərək ziyanlığını 4 milyon kvadrat km-dək artırıbmış...
Gör, bircə həncəri də xəbərimiz olmayıb, e... Amma bir sürü ağzı göyçək, dili çirkin, adıbəlli söyüş makinaları, “dəqiq bilir” ki, bütün bu qlobal təbiət gərginliklərinin səbəbi məgər Azərbaycan Respublikası, respublika hakimiyyətiymiş. – Özü də, “Yaşıl Dünya naminə qlobal həmrəylik İli”ndə və də “COP29”-un evsahibiykən...
Ayrıca, onlar eyni müvəffəqiyyətlə də Azərbaycan dövlətinin əldə etdiyi uğurların mənbəyini bir başqa yerdə, başqa ünvanda axtarır və “tapırlar”... “Opponent” də olan da beləsindən ola...
Aman, Tanrım!
El sözü ilə desək, elə bircə bu qalmışdı...
Özü də “son dörd ildə” vurğusunu təsadüfən etmədim. II Qarabağ müharibəsindən öncə bir başqa intonasiya hakim idisə, indi söyüş makinası və “söyüş intellektualları”na yeni dəstəkçilər peyda olub – sanki sinxron çalışırlar. Qarın ağrıları nədir? – Belə çıxır ki, Qarabağı Ermənistana peşəkaş etsəydik yaxud ikinci erməni dövləti qurulmasına müsaidə etsəydik biriləri rahat olub, məmnun qalacaqlarmış... Torpağı azad edə bilmədiyimiz illərdə bir cür vayvelə; indi (Tanrıya çox şükür!) torpaqlarımız azad, başımız dikdir – ancaq yenə vayvelə, yenə vayvelə... Nə üçün?
Mən sizə deyim,
Bir yandan da, qardaş ölkə başçılarının, dost Belarusun Prezidentinin Qarabağa gəlməsi birilərini bərk rəncidə edir. Sabah-birisigün Paşinyan özü bütün gerçəklikləri və perspektivi dərinləməsinə idrak edib, uçağa minib, İrəvan-Bakı (yaxud birbaşa İrəvan-Füzuli) hava yolu ilə ölkəmizə gələ bilsə, Qarabağda sələflərinin törətdiyi vandallıqları öz gözləri ilə görüb, etiraf etsə, Azərbaycandan üzr istəsə, bəlli “sapı özümüzdən olan baltacıqlar” və onları dəzgahda quloylayanlar bunda da illa bir başqa anlam axtaracaq, Azərbaycanı yamanlayacaqlar.
Yaxşı, əgər belə olmayacaqsa, onda, məsələn, Baş nazir Robert Fitsonun sui-qəsdə uğraması, sonra Rəisi-Cümhur İbrahim Rəisinin həlak olması və s. kimi olayları da hərləyib-fırlayıb lazımsız “nəticələr” çıxarmağın anlamı nədir?..
Bəs Azərbaycana etmədiyi yamanlıq qalmayan Fransa iqtidarının Yeni Kaledoniyada başı dərdə girərmişkən, “intellektual söyüş makinası”nın bu mövzuda da Azərbaycanı yamanlamasını hansı dəftərə yazaq, hara yozaq, hansı rəfə qoyaq?
Rəhmətlik Fikrət Qoca “Nənələrim” şeiri yazıbmı – bilmirəm – amma “Babalarım” şeirini yazıb:
“Babalarım
kasıb olub, mərd olub!
Qoçaq olub, mərd olub,
Bəy olub, mərd olub
Qaçaq olub, mərd olub;
Bəs bu namərdlər hardandı?
Bax bu mənə dərd olub”.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
/hurriyyet.az