Rusiya imperiyasında ilk qadın qəzetini türk qadını nəşr edib
24-05-2024, 00:11
Rusiya imperiyasında, rusun imperiyasında ilk qadın qəzetini türk qadını nəşr edib. İmperiyanın anası deyil, Türk qadını! 1906-cı ildə. Krımda. İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanım. Ruhu şad olsun.
Rus qadını öz nəşrini yalnız iki il sonra dünyaya gətirib. 1908-ci ildə.
Azərbaycan qadını 1911-ci ildə ilk qadın qəzeti - "İşıq" ı nəşr edib. Xədcə xanım Əlibəyova. Ruhu şad olsun.
Hacı Zeynalabidin Tağıyev kimi qız məktəbi açmış bir adam bu qəzetə maliyyə yardımı göstərə bilməyib. Mollaların fitvasından çəkinərək ianəsini yarımçıq dayandırıb.
"Molla Nəsrəddin" kimi maarifçi bir jurnal... Mirzə Cəlil hələ 1906-cı ildə qadın azadlığı haqda silsilə məqalələr yazırdı. Ömər Faiq isə qadın azadlığı tərəfdarlarının öncüllərindən idi. Bu adamlar belə qadın qəzeti - "İşıq" la vuruşdular, "arvad da qəzet çıxarar" dedilər, karikatura çəkdilər, ələ saldılar. Və... "İşıq"ı söndürüb dincəldilər.
Bakı mollaları fitva verdi ki, qadının qəzet çıxarması qiyamət əlamətidir. Kim bu qəzeti alsa cəhənnəmdə yanacaq, kimin evində bu "arvad qəzeti" olsa o evdə kişi sözü keçməyəcək, o evə od düşəcək. Camaat qorxub geri durdu. Hətta qadın yazarlar belə qorxub yazı göndərmədilər.
Nə isə... külli-Bakı - mollası, milyonçusu, yazarı, inqilabçısı, maarifçisi, oxumuşu, cahili əlbir olub "İşıq"ı söndürdülər.
Afrikanı bilmirəm, Avropada qadınlara edilən zülm sıralansa dəftərə-kitaba sığmaz. Və bütün dünya xalqları bu gündədi.
Adəmdən bəri bütün kişilərin işlərinin adı Həvva ilə vuruşmaq olub.
Hətta dünyanın ən mədəni kişilərinin belə ağlının bir ucunda, zatında, min illərdən bəri qadına qarşı damarlarında daşıdıqları bir kompleks yatır. O kompleksdən qurtulamazlar!
Sizcə, 21-ci yüzildi deyin, o tayfa irsi əlamətlərindən qopuq düşəcək? Düşməyəcək! Bu genetika qiyamətə qədər davam edəcək.
Bizə edilən zülm onlara olsaydı... daş dövrü mağaralarından hələ də çıxa bilməzdilər. Hələ də ovçuluq edib mızraq atar, tonqal qalayıb ətrafında yallı gedərdilər.
Amma BİZ... gerisini SİZ deyin...
Qiyamətləri isə yeni matriarxatda başlayacaq...
Qoy Nüşabə şah hakimiyyətə gəlsin... onda görərlər... qadın nə qədər "zəifdi"...
Mehriban Vəzir
TEREF