ÜÇBUCAĞIN ƏN GÖZƏLİ
24-05-2024, 09:18
Məktəbli ikən atam ad günümə bir kitab hədiyyə etmişdi.
Məşhur amerikalı elm populyarlarizatoru Martin Qardnerin “Riyazi novellalar” adlı bu kitabı stolüstü kitabıma çevrilmişdi.
Əyləncəli və riyaziyyatı sevdirən kitabın bir fəsli Paskal Üçbucağına – riyaziyyat tarixinin ən zərif və ən məşhur sxemlərindən birinə həsr edilib…
Paskal Üçbucağı binomial əmsalların üçbucaq şəklində düzülüşüdür.
Başqa bir deyimlə üçbucaqlı formaya malik sonsuz binom əmsallarının cədvəlidir bu üçbucaq.
Üçbucaq görkəmli fransız riyaziyyatçısı Blez Paskalın şərəfinə belə adlandırılıb. Paskal ilk dəfə bu riyazi gözəllik haqqında ən dolğun məlumatı 1654-cü ildə yazdığı "Arifmetik üçbucaq haqqında traktat" adlı əsərində vermişdir.
Halbuki, bu üçbucaq haqqında Paskalın traktatından çox-çox əvvəl də məlum idi.
Doğrudur, italyanlar bu fundamental artefaktı Paskaldan yüz il əvvəl Tartalya üçbucağı, almanlar isə Ştifel üçbucağı adlandırmışlar. Çinlilər isə öz alim həmvətənlərinin adı ilə ona Yang Hui üçbucağı, Hindistanda “Meru dağının pilləkənləri”, İranda və əksər ərəb ölkələrində isə Ömər Xəyyam üçbucağı deyirlər. Bizim bəzi tarixçilərimiz üçbucağın ilk dəfə azərbaycanlı alim Nəsirəddin Tusi (1201-1274) tərəfindən qurulduğunu iddia edirlər.
Ancaq bu riyazi konstruksiyanı təsvir edən ilk alim Qəznəvilər dövründə yaşamış riyaziyyatçı alim Fəxrəddin əl-Kərəci (953-1029) olmuşdur. Onun riyaziyyata verdiyi ən mühüm töhfələrdən biri Əl-Fəxri traktatı hesab olunur (“Cəbr və Əlmuqabal Kitabı” olaraq da bilinir). Cəbri həndəsədən ayırmağa ilk dəfə əl-Kərəci başlamışdır. Biz ona çox şey borcluyuq, o olmasaydı bəlkə də orta məktəbdə bu iki fən ayrıca tədris olunmazdı.
Əl-Kərəcinin əsərlərinə ilk diqqət yetirən alman riyaziyyatçısı və şərqşünası Frans Vopke (Franz Woepcke, 1826-1864) olmuşdur. Vopkeyə görə Paskal üçbucağının binomial əmsallarının ilk qısa xülasəsini məhz Fəxrəddin Əl-Kərəci vermişdir.
Görkəmli Argentina yazıçısı və polimatı Xorxe Luis Borxes 1952-ci ildə yazdığı “Edvard Fitsceraldın sirri” hekayəsində Fitsceraldın Ömər Xəyyamın reenkarnasiyası olduğunu irəli sürür. Bununla da dahi mistifikator riyaziyyatın bu ən gözəl üçbucağını ədəbiyyata daşımış olur…
P.S. Əgər imkan tapsam Borxesin bu hekayəsini Ana dilimizə tərcümə edəcəm…
https://t.me/ibrahim_nebioglu