COOL-UĞU SIFIRA ENDİRƏN OTAQ
1-07-2024, 12:14
Hərbi hissələrin nömrələrində o qədər rəqəm olur ki, heç kim yadda saxlaya bilmir, ona görə “N” saylı deyirlər. Bu gün məni də “N” saylı hərbi komissarlığa çağırmışdılar. Getdim. Polkovnikin qəbul otağında gözləyirdim. Bura gəlməmişdən əvvəl, dostum məsləhət görmüşdü ki, əsgərliyə New Yorka saldırım. Bunu polkovnikə necə deyəcəyimi məşq eləyirdim.
İçəridən çağırdılar. Girdim polkovnikin otağına. Salam verdim, cavab gəlmədi. Polkovnik masada qarşısındaki sənədlərə baxmaqda idi. Heç məni görmürdü deyəsən. Yəni fiziki olaraq görürdü, amma görmürdü. Oturmağa cəsarət eləmədim, elə ayaq üstə durub polkovnikin müraciətini gözləyirdim.
Nəhayət polkovnik başını qaldırmadan adımı soruşdu. Adımı dedim və zarafatla əlavə elədim ki, əsgərliyə New Yorka saldırmaq istəyirdim mümkündürsə. Polkovnik başını qaldırdı... Mənə baxdı... Baxışlarından nifrət biotokları ilə bərabər, buzlu arktik siklonun mənə tərəf gəldiyini hiss elədim. Baxışları ilə 1.80 olan boyumu 1.20-ə qədər balacalaşdırdıqdan sonra, 200 desibel gücündəki səsi ilə, mənim 23 illik varlığımı və ümumiyyətlə kainatdaki mahiyyətimi sıfıra endirən tonda dedi,
- Sən belə zarafatçıl oğlansan?
O sual verilənə qədər mən dörd dildə təmiz danışa bildiyimi düşünürdüm. Ancaq sual veriləndən sonra hiss elədim ki, dilim Zaqatala düşbərəsi kimi qatlanıb, boğaz kanalı ilə enib, mədənin yanında özünə sığınacaq tapıb. Nəyə görə “Hiss elədim” deyirəm, “Başa düşdüm” yox, çünki başa düşmək üçün beyin lazımdır. Beyin isə həmən an yox idi... Qulaqlarımdan axıb yerə tökülmüşdü.
Polkovnik əlini silahına atıb yumor hissimi güllələməyə hazır idi. Hələ də sualına cavab gözləyirdi. Polkovnikin poqonlarına baxıb, nəinki zarafatçıl, hətda oğlanlığımdan belə imtina eləməyə hazır idim. Əmr etsə, gedib Azisin konsertinə bilet belə alardım.
Mən ümumiyyətlə oynamağı sevmirəm, heç qardaşımın toyunda da oynamamışdım, amma polkovnik oyna desə idi, göbək rəqsi də oynayardım. Mən müharibələrin də əleyhinə olan insan idim. Bu günə kimi özümü pasifist kimi movqeləndirirdim, amma həmən an polkovnik əmr etsə idi, Bakıdan Qarabağa ayaqla gedib azad etməyə hazır idim, Qarabağ nədir, səs tonunu biraz da qaldırsa, gedib bütün Ermənistanı tək götürərdim.
PS. Evə gəldikdən sonra alt paltarımı dəyişdiyimi deməyə ehtiyac yoxdur yəginki, hə?
Məmməd Şiriyev
TEREF