KONFUTSİ, BİZİ BAĞIŞLA
22-07-2024, 12:14
Lake Charles, Louisianada idim. McNeese universitetində dərslərim bitdi, universitetin binasından çıxdım gördüm əla günəşli hava var. İstədim biraz durum orda, hava çox xoş idi. Korpusun qabağında smoking area var idi, getdim ora, bir dənə siqaret yandırdım.
Günəşin yumuşaq istisi altında özümü balaca it kimi hiss eləyirdim, günəş mənim sahibim idi, sığallayırdı məni. Ruhum ideal balansda idi. Özümü nəsə xoşbəxt hiss elədim. Bu hisslərin birazdan keçəcəyini bildiyimdən, gözlərimi yumdum ki bu anları emosional yaddaşa həkk eləyim…
Üzü günəşə tərəf durmuşdum, gözümü yumsam da işığın düşdüyünü görürdüm. Qəflətən işıq kəsildi... Gözlərimi açdım gördüm bir çinli qardaş durub qarşımda, aramızda 30 cm məsafə var. Çinli salam verdi, siqaretini yandırdı amma qırağa çəkilmədi, hələ də mənimlə üzbəüz 30 cm məsafədə durmuşdu.
Mənim qırağa çəkilməyim qeyri etik görünə bilərdi deyə, gözlədim ki o çəkilsin amma qardaş çəkilmirdi. Xoş təbəssümlə durub üzümə baxırdı.
Mən ümumiyyətlə təbii yaranan ünsiyyəti sevirəm, ünsiyyət qurmaq xətrinə ünsiyyət quran deyiləm. Söz ürəkdən gəlir, boğazdan yox. Amma burda gic situasiya yaranmasın deyə, dedim biraz qardaşla söhbət eləyim.
Haralı olduğudunu bilsəm də, soruşdum,
- Haralısan?
Dedi,
- Çinliyəm, çinliyəm, Çin, Çin.
Dedim,
- Nə gözəl, Çinin harasından? Mənim xalam oğlu da Çində oxuyur.
Çinlidən cavab gözlədim amma cavab gəlmədi. Hələ də şən üz ifadəsiylə mənə baxırdı.
Onda dedim,
- Çinin özünəməxsus teartı da var, çox istərdim bir gün olum orada.
Qardaşdan yenə səs çıxmadı, hələ də üzümə baxırdı. Biraz özümü gic kimi hiss eləməyə başlamışdım.
Biraz gözlədim... Sonra dedim,
- Çinin nəhəng klassik şairləri də var – Du Fu ilə Li Bonu mənim ölkəmdə də tanıyırlar, oxuyurlar.
Qardaşda reaksiya sıfır idi, cavab gəlmirdi. Özüm-özümlə danışırdım elə bil.
Axırı dedim,
- Konfutsi də dahilərdəndir.
Çinli nəhayət cavab verdi. Amma cavabı biraz sarsıtdı məni…
Dedi,
- Konfutsi kimdir?
Dedim,
- Konfutsi kimdir? Şeydir də, qabaq 88-in konduktoru idi, indi Namiqlə şərikinə obyekt götürüb işlədir.
Çinli heç nə demədi. Həmən xoşbəxt ifadəylə mənə baxmağa davam eləyirdi. Çevrildim ki gedim.
Onda dedi,
- Hara gedirsən?
Dedim,
- Çorta gedirəm…
Elə azərbaycan dilində dedim... Onsuzda bir birimizi başa düşmürdük... Məsələ dildə deyildi.
Məmməd Şiriyev | Bakı
TEREF