MƏNİM STRABONLA ZARAFATIM VAR
1-08-2024, 11:04
Toya gedirdim. Yolda 5 dəqiqə radioya qulaq asmaq kifayət elədi ki sistemi çözüm. Radioda DJ olmağın 3 əsas qanunu var.
1. Ağzına gələni danışa bilərsən, əsas odur tez-tez danışasan.
2. Sözləri mütləq uzadıb əyməlisən.
3. Təxəllüsün olmalıdır. MC Fırtıq yarayar məsələn, ya da DJ Dunduk, qısaca DJ Duno.
Çöx önəmlidir - radioda heç bir veriliş sözlə başlamır... Qədim Urartu dilinin fonetikasından götürülmüş səslər ilə başlayır,
- Uəəə vəəə e salam əzziiiiz dinləəəəyicilər!!! Əhvaaalımız suuuperdir və buuu bir saat ərzində, mən DJ Dunduk sizinlə bəəərabər olacam, qulaqlarınıza kaka eləmədən, heeeç yerə gedən deeeyiləm, siz də heeeç yerə ayrılmırsız, saatlarımız yeddini göstərir, mən sizə boşboğazlığın nə olduğunu göstərirəm! İndi isə Uuuitni Xyuuustondan “Kuuuuin of dee nayt” gəlir!!!
Toyda da həmən sistemdir. Nə musiqi səsləndiyi önəmli deyil, əsas odur bərk səslənsin, çox bərk. Sənin qulağından qan gəlmədisə, o toy uğursuz sayılır.
Nəhayət çatdım toya. Toy nəyi var qızışmışdı. Getdim yerimdə oturdum, ofisiantdan buz kimi su istədim, gətirdi qoydu. Yüngül salat götürdüm, başladım yeməyə, bir iki çəngəl salatdan sonra, ofisiantın gətirdiyi sudan içdim, gördüm su istidir... Təkçə su deyil, belim də isinib, onda dərk elədim ki arxadan nəsə istilik gəlir... Çevrildim nağara çalanı gördüm. Əmi oğlu nağaranı çalmırdı, nağara ilə cinsi əlaqəyə girmişdi... Minirdi nağaranı. O əllərin sürətini gördüm, odu yaradan ilk ibtidai insan gözümün qabağına gəldi. O da yəqin taxtanı iki daşın arasına qoyub eyni sürətlə fırladırdı.
Dedim,
- Əmi oğlu, biraz da sürəti artır, nağara alışacaq.
Əmi oğlu eşitmirdi, transda idi.
Bu nə idi? Bu - musiqili terror idi. Qiyamət günü idi bu.
Qulaqlarım zorlandı.
Çıxdım çölə. Çöldə tanış tarixçi ilə rastlaşdım, söhbət tarixdən düşdü.
Dedim,
- Eramızdan əvvəl birinci əsrdə yaşayan yunan tarixçisi Strabon Azərbaycan insanı haqda yazır – “Azərbaycan insanı - hündür boy, sarışın, göy gözdür”
Bunu oxuyandan sonra, birinci dedim yəqin Strabon narkoman idi. Bunu yazanda hallı olub. Sonra düşündüm bəlkə Azərbaycana gəlmək istəyəndə, səhvən gedib İsveçə çıxıb. Sonra üçüncü variant ağlıma gəldi – bəlkə bizimkilər Strabonun cibinə 5,10 Manat basıblar ki belə yazsın.
Amma nəhayət mən həqiqəti dərk elədim... İsveç filan səhvdir, pul söhbəti də olmayıb orada. Sadəcə bizim qaqaşlar yunan qızları tutmaq üçün Strabondan bir qardaş kimi xahiş eləyiblər bunu.
Tarixçi dayı dedi,
- Belə olmaz bala. Sən tarix ilə məzələnirsən.
Dedim,
- Yo, mən zarafat eləyirəm, amma bəzi tarixçilər həqiqətən məzələnirlər.
XX əsrdə erməniləri dost və qardaş xalq eləmişdilər, XXI əsrdə peysər çıxartdılar.
XX əsrdə Məşədi Əzizbəyovu görkəmli şəxs eləmişdilər, XXI əsrdə peysər çıxartdılar.
Yüzlərlə nümünə var. Məsələ onda deyil ki, bu gün dost olan sabah düşmən ola bilməz. O da düzdür ki tarixdə yaşanan etaplara müasirlər və gələcək nəsillər müxtəlif yanaşır. Fərqli qiymətlər verilə bilər, amma bu o demək deyil ki – hər şeyi silib, hamını peysər çıxartmaq lazımdır.
Mən tarixin gedişatını izlədim və artıq XXII əsrin geyim modasını təxmin eləyirəm. Hamı hündür boğaz köynəkdə gəzəcək, ya da boynuna şərf salacaq. Boynumuzu örtməli olacağıq, çünki bu gedişlə tarix hamımızı peysər çıxaracaq.
Məmməd Şiriyev | Bakı
TEREF