ÇİNK
3-08-2024, 15:04
( ERNEST TOMPSON SETON )
Çink o qədər böyük küçük idi ki, özünü yetkin it sayırdı, amma yetkin itə hələ heç bənzəmirdi. Nə qəzəbli idi, nə əzəmətli görkəmi vardı, nə gücü, nə də sürəti baxımından fərqlənirdi. O, sadəcə olaraq, sahibinin çəkməsini nə vaxtsa çeynəmiş səsli-küylü, mehriban və sarsaq küçüklərdən biriydi. Onun sahibi Bill Obri idi -o zamanlar Yellouston parkında, Qarnet dağının ətəklərində yaşayan qoca dağlı idi. Bu, səyyahların sevdiyi yollardan uzaqda, çox sakit bir güşə idi. Və Billin öz çadırını qurduğu məkanı ən sakit insan məskəni saymaq olardı, əgər onun tüklü, daim qayna yan küçüyü Çink olmasaydı.
Çinkin, heç olmasa, beş dəqiqə sakit qaldığını kimsə görməmişdi. O, bütün tapşırıqları həvəslə yeri nə yetirirdi. Ona çox sadə, adi bir şey tapşıranda ən ağlasığmaz, ən qeyri-mümkün oyunlar çıxarır, bütün işi mütləq zay edirdi; məsələn, bir dəfə bütün səhərini budaqlarında dələ gördüyü hündür, dümdüz şamağacına dırmanmaq üçün zay etmişdi.
Bir neçə həftə ərzində Çinkin ən böyük arzusu kisəli siçovul tutmaq olmuşdu.
Kisəli siçovullar Billin çadırının ətrafında yaman çox idi. Bu balaca heyvanlar qamətlərini dümdüz saxlayaraq arxa pəncələri üstə tərpənmədən oturub əllərini sinələrində cütləyirlər və bu xasiyyətlərinə görə onları uzaqdan torpaqdan çıxan ağaca bənzədirdilər. Gecə vaxtı atlarını bağlamaq üçün yer axtaran səyyah lar çox vaxt siçovulu ağac bilirdilər. Səhv yalnız onda aşkarlanırdı ki, siçovul qəribə bir çığırtıyla qaçıb torpağın altına girirdi.
Vadiyə gəlişinin ilk günü Çink belə siçovullardan birini mütləq tutmaq qərarına gəldi. Həmişəki kimi də min dənə sarsaqlığı birdən etdi. Siçovula çatmasına hələ dörddəbir mil qalmış o, yerində donaraq, azı, yüz addımlıq məsafəni qarnı üstə sürünə-sürünə keçdi. Lakin tezliklə onun həyəcanı elə bir həddə çatdı ki, dözə bilmədi və ayağa qalxıb birbaş yuvasının üstündə həmişəki vəziyyətdə oturmuş siçovula tərəf getdi. Bir dəqiqədən sonra Çink artıq yüyürürdü; nəhayət, özünün əzəmətli pozalarından birini alıb hər cür ehtiyatı tam unudaraq hürə-hürə düşməninin üzərinə cumdu. Siçovul lap son məqamadək tərpənmədən durmuşdu, sonra isə qəflətən ciyildəyərək arxa pəncələriylə bir xeyli torpağı düz Çinkin açıq ağzına atıb yuvasına soxuldu.
Günlər belə mənasız cəhdlərdə ötürdü. Lakin Çink ruhdan düşmürdü, əmin idi ki, inad göstərsə, məqsədinə çatacaq.
Günlərin birində lap qeyri-adi bir siçanın qarşısında özünün pozalarından birini alaraq bütün sarsaq fəndlərini işə salan, sonra da bunların hamısını qəzəbli birı hücumla bitirən Çink, həqiqətən də, qurbanını tutdu. Amma bu dəfə elə alındı ki, itin ağzına adi ağac parçası keçdi.
Sarsaq vəziyyətdə qalmağın nə olduğunu it də gözəl anlayır. Buna şübhə ilə yanaşan hər kəs kaş quzu kimi ürkək addımlarla çəkilib sahibindən çadırın arxasında gizlənməyə çalışan Çinkə baxaydı.
Lakin bu uğursuzluq anadangəlmə ehtiras sahibi olmaqla yanaşı, həm də kifayət qədər inadkar təbiətilə seçilən Çinkin köpünü uzun müddətə ala bilmədi. Ruh yüksəkliyini onun əlindən almaq qeyri-mümkün idi. O, daimi hərəkətdə olmağı, nəsə etməyi xoşlayırdı. Oralardan ötən hər furqon, hər süvari, hər otlayan inək, heyvan onun təqibinə məruz qalırdı, əgər yaxınlıqdakı gözətçi daxmasında yaşayan pişiyə tuş gəlsə, mütləq onu evlərinə qovurdu. O, Billin, adətən, arı yuvasına ataraq ona "Gətir!" əmri verdiyi köhnə şlyapasının dalınca gündə lap iyirmi dəfə yüyürməyə hazır idi.
Saysız-hesabsız xoşagəlməz hadisələrdən özünü ələ almağı öyrənənədək xeyli vaxt keçdi. Furqonlarla yanaşı yer üzündə uzun qırmancların və yekə, qəzəbli itlərin varlığını, atların ayağında dişə bənzəyən nələrinsə olduğunu, inəklərin başında möhkəm dəyənəklərin bitdiyini, pişiklərin göründüyü qədər zəif olmadığını, arılarla kəpənəklərin tamam fərqli məxluqlar olduğunu Çinkin öyrənməsi xeyli vaxt apardı. Bəli, bunun üçün zaman gərək oldu, amma axırda o hər bir itin bilməli olduğu şeylərin hamısını öyrəndi. Tədricən onun içində bir tumurcuq - lap kiçik olsa da, sağlam it məntiqinin ilk tumurcuğu cücərməyə başladı.
Çinkin törətdiyi bütün sarsaqlıqların ən qəribəsi onun başına çaqqallarla olan macərasında gəlmişdi. O çaqqal bizim düşərgənin yaxınlığında yaşayırdı və görünür, Yellouston parkının bütün vəhşi sakinləri kimi gözəl başa düşürdü ki, qanunun himayəsi altın dadır. Qanun isə bu yerlərdə atəş açmağı, ov etməyi yasaqlamışdı. O, parkın elə yerində yaşayırdı ki, orada gözətçi daxması vardı və əsgərlər qanunun keşiyində ayıq-sayıq durmuşdular. Cəzasızlığına əmin olan çaqqal hər gecə düşərgənin ətrafını yemək qalıqları tapmaq ümidiylə gəzib-dolaşırdı. Onun izlərini görəndə anladım ki, o, düşərgənin başına neçə dəfə dolanır, amma lap yaxınlaşmağa ürək etmirdi.
Sonralar gün batanda, bir də dan yeri söküləndə tez-tez onun necə vaqqıldadığını eşidirdik. Gecələr bura hansı heyvanların gəldiyini bilmək üçün hər səhər çölə çıxanda zibil vedrəsinin yanında onun izləri aydın görünürdü. Bir müddətdən sonra o, bir qədər də ürəklənərək düşərgəyə hərdən lap günorta da gəlməyə başladı, əvvəlcə çəkinə-çəkinə, sonra isə lap açıq-aşkar; nəhayət, o, bura yalnız gecələr gəlmirdi, həm də bütün günü yaxınlıqda dolaşır, dişinə dəyəsi bir şey axtarırdı. Hər dən də hamının gözü qabağında bir qədər aralıdakı kötüklərdən birinin yanında oturub gözləyirdi.
Bir səhər o, yenə düşərgəmizin əlli qədəmliyində əyləşmişdi və aramızdan biri zarafatla Çinkə dedi:
"Çink, o çaqqalı görürsən? Get onu qov!"
Çink həmişə ona deyiləni edirdi. Fərqlənmək istəyən it o dəqiqə aradan çıxmağa çalışan çaqqalın dalınca düşdü.
Bu, dörddəbir mil məsafəyə əla qaçış yarışı idi; amma qəflətən çaqqal ayaq saxlayıb onu təqib edən iti gözləməyə başladı. Çink o dəqiqə başa düşdü ki, işlər firıqdır və üzü düşərgəyə qaçdı. Lakin çaqqal daha sürətli qaçırdı və tezliklə küçüyə yetişdi. Əvvəlcə bir, sonra isə o biri böyründən dişləyən çaqqalın görkəmindən məmnunluq yağırdı.
Çink zingildəyə-zingildəyə, ulaya-ulaya var gücüylə qaçırdı, onun qənimi isə nəfəsini belə dərmədən küçüyü düz düşərgəyə kimi təqib etdi. Utanıram deməyə, amma biz çaqqala qoşulub küçüyə gülürdük və Çink bizdən heç bir mərhəmət görmədi. Bu təcrübədən daha kiçik bir nümunə Çinkə bəs elədi ki, bir də çaqqala tərəf baxmasın.
Amma əvəzində çaqqal özünə gözəl əyləncə tapdı. Artıq hər gün düşərgənin lap yanında aşkar dolaşırdı, çünki kimsənin ona güllə atmayacağını yaxşı bilirdi. Həqiqətən də, bizim tüfənglərin qoruyucusunu dövlət məmuru möhürləmişdi, hər tərəfdə mühafizə vardı.
Bu çaqqal elə Çinki gözləyirdi ki, küçüyə əziyyət versin. Küçük isə gözəl bilirdi ki, düşərgədən yüzcə addım aralansa, çaqqal onun qarşısını kəsərək dişləyəcək və düz sahibinin çadırına kimi qovacaq.
Günlər belə müsibət içində keçib-gedirdi və nəhayət, Çinkin həyatı əzaba çevrildi. Ö artıq çadırdan əlli addım da aralanmırdı. Hətta bizim ətraf ərazilərə səfər lərimiz zamanı yanımızda olanda belə sırtıq və kinli çaqqal onu qarabaqara izləyir, yazıq Çinkin başına oyun açmaq üçün fürsət gəzir, səfərdən aldığı ləzzəti Çink üçün əzaba çevirirdi.
Bill Obri öz çadırını çayın yuxarı axarına, bizdən iki mil aralıya keçirdi, çaqqal da onların yanına köçdü. Müqavimət görməyən hər bir yırtıcı kimi o, günbəgün sırtıqlaşırdı. Çinkin isə qorxusu durmadan artır, sahibinin kinayəli münasibətinə səbəb olurdu. Bizdən aralanmaq qərarını Obri atı üçün daha yaxşı yem axtarmasıyla izah edirdi, amma tezliklə aydınlaşdı: kişi, sadəcə, tənhalıq axtarırdı ki, haradansa tapdığı araq şüşəsini təkbaşına boşaltsın. Bir şüşə onu doyura bilmədiyi üçün ertəsi gün səhər atını yəhərləyərək küçüyünə belə dedi: "Çink, çadırı qoru!" və atını dağların o üzündə yerləşən ən yaxın aşxanaya sarı çapdı. Çink isə çadırın girəcəyində yumrulanıb yerini rahatlayaraq qarovul çəkməyə başladı.
Özünün bütün küçük yöndəmsizliyi bərabər, Çink əsl qarovul itiydi və sahibi bilirdi ki, gücü yetən qədər öz vəzifəsini icra edəcək.
Həmin günün ikinci yarısı oralardan keçən bir dağlı, adəti üzrə, çadırdan bir qədər aralıda ayaq saxlayıb çığırdı:
- Bill! Ey, bir mənə bax, Bill!
Lakin cavab almadığından çadıra tərəf gedəndə Çink onu necə lazımdırsa, elə qarşıladı: tüklərini qabartdı, yetkin köpək kimi mırıldamağa başladı. Dağlı məsələnin nə yerdə olduğunu anlayıb yoluna davam etməyə üstünlük verdi.
Axşam yetişdi, sahibi isə qayıtmaq bilmirdi. Çink möhkəm acmışdı. Çadırda bir torba vardı, içində vetçina olurdu. Amma sahibi Çinkə buradakı hər şeyi qorumağı tapşırmışdı, küçük acından ölər, amma onun torbasına toxunmazdı.
Aclıqdan əziyyət çəkən it, nəhayət ki, öz postunu buraxıb çadırın ətrafında siçandan-zaddan tutmaq, yeməli bir şey tapmaq ümidiylə dolaşmağa başladı. Amma gözlənilmədən həmin o mənfur çaqqal yenə də ona hücum çəkdi və geriyə, çadıra qaçmağa məcbur etdi.
Burada Çink birdən-birə dəyişdi. O, sanki, öz vəzifə borcunu qəflətən xatırlamışdı və birdən gücə gəldi. Təxminən, pişik balasının bircə çığırtısı ürkək anasını yırtıcı pələngə necə çevirirsə, Çink də elə dəyişdi. O, hələ küçük idi, sarsaq və yöndəmsiz, amma içində ona irs kimi keçən sərt xarakter yaşayırdı və bu xarakter zaman keçdikcə özünü büruzə verməliydi.
Çaqqal onun dalınca çadıra - Çinkin sahibinin çadırına girməyə cəhd göstərəndə Çink üzünü düşməninə çevirdi - indi o, şeytan balası kimi qorxuluydu.
Çaqqal gerilədi. O, qəzəblə mırıldanaraq küçüyü tikə-tikə edəcəyini nümayiş etdirməyə çalışır, amma yenə də çadıra girməyə ürək etmirdi.
Elə bu yerdə əsl mühasirə başlandı. Çaqqal dəqiqə başı qayıdırdı. Çadırın başına hərlənir, nifrət əlaməti olaraq arxa pəncələriylə torpağı cırmaqlayırdı və birdən birbaş girişə tərəf yönəlirdi. Qorxudan, az qala, ölmüş Çink isə ona tapşırılan əmlakı kişi kimi qoru maqla məşğul idi.
Bütün bu müddət ərzində Çink heç nə yeməmişdi. Gün ərzində bir-iki dəfə yaxınlıqdan axan çaya yüyürüb qarnını suyla doldurmuşdu, amma yemək tapmaq üçün vaxt gərək idi. O, çadırdakı torbanı yırtıb hisə verilmiş ətdən yeyə bilərdi, lakin sahibinin ona etibar etdiyi bir şeyə toxunmağa cəsarəti çatmırdı. O, heç olmasa, fürsət tapıb özünü bizim düşərgəyə yetirə bilərdi, təbii biz də onun qarnını yaxşıca doyurardıq. Amma yox, o, nəyin bahasına olursa olsun, sahibinin etimadını doğrultmalı idi!
Düşmənin təzyiqi ondan əməlli-başlı qarovul köpəyi yetişdirmişdi. Elə bir köpək ki, sahibinin haradasa, dağların o üzündə əyyaşlıq etməsinə rəğmən, öz postun da ölməyə hazır idi.
Bu kiçik qəhrəman dörd gecə və gündüz postundan əl çəkmədən çadırı, sahibinin sərvətini çox qorxduğu çaqqaldan dəyanətlə qorudu.
Beşinci günün səhəri qoca Obri ayılaraq başa düşdü ki, evində deyil və çadırını küçüyün ümidinə buraxıb. O artıq əyyaşlıqdan çoxdan bezmişdi deyə həmin dəqiqə atını yəhərləyib yola çıxır. Yolun yarısında ağlına birdən gəlir ki, deyəsən, Çinki tamam ac qoyub.
"Yəni bu balaca yaramaz mənim vetçinamın hamısını yeyib?" – düşündü və həyəcan içində evə tələsdi. Çadırı görünən təpənin başına çatanda əvvəlcə ona elə gəldi ki, hər şey öz yerində, qaydasındadır. Sonra birdən nə görsə yaxşıdır: çadırın lap astanasında tüklərini qabardıb bir-birinin üstünə mırıldayaraq burun-buruna duran iki canlını — yekə, qəzəbli çaqqalı və balaca, yazıq Çinki gördü.
- Ay mənim başım batsın! - deyə Obri xəcalət içində dilləndi. - Mən bu murdar çaqqalı tamam unutmuşam. Yazıq Çink, gör nələr çəkib! Nə yaxşı ki, bu çaqqal hələ onu da, çadırımı da parça-parça etməyib.
Bəli, cəsur Çink çaqqalın təzyiqinə, bəlkə də, sonuncu dəfə davam gətirirdi. Onun ayaqları qorxudan və aclıqdan tir-tir əssə belə, özü ən davakar görkəmdə idi və heç şübhə yoxdur ki, postunu qoruyaraq ölməyə hazır idi.
Bill Obri hər şeyi ilk baxışdan anladı. Atını çadırın yanına çaparaq, toxunulmamış vetçina torbasını görən də başa düşdü ki, Çink o gedəndən bəri heç nə yeməyib. Yorğunluqdan acından əsən küçük sürünə-sürünə onun yanına gəldi, üzünə baxıb əlini yaladı. Sanki deyirdi:
Sən nə tapşırmışdınsa, hamısını
etdim.
Qoca Obrinin buna dözəsi halı yox idi və çantasından balaca qəhrəman üçün yemək çıxaranda gözlərində yaş gilələnmişdi.
Sonra küçüyə tərəf çönüb dedi:
- Çink, dostum, mən sənə pis münasibət göstərdim, sən isə sədaqətini qoruya bildin. Sənə söz verirəm ki, bir də harasa gəzməyə getsəm, tək qalmayacaqsan. Heç bilmirəm səni necə sevindirim, axı sən araq içmirsən. Bəlkə, əvəzində sənin ən böyük düşmənini məhv edim..
O, çadırın ortasındakı payadan çox fəxr etdiyi tüfəngini - bahalı, ayrıca darağı olan karabinini aldı. Sonrasını düşünmədən üzərindəki möhürü qırdı və qapıdan çıxdı.
Çaqqal, adəti üzrə, yaxınlıqda oturmuşdu, dişləri iblisvari bir təbəssümdən ağarırdı. Amma atəş gurul dadı və Çinkin qorxulu yuxularına son qoyuldu.
Özünü yetirən gözətçilər aşkar etdilər ki, parkın qanunları pozulub: qoca Obri buranın vəhşi sakinlərindən birini güllələyib. Onun karabinini alıb məhv etdilər, özünü və dördayaqlı dostunu isə parkdan qovaraq bir daha qayıtsa, həbsxanaya salınacağını söylədilər.
Amma Bill Obri heç nəyə heyifsilənmirdi.
- Olsun, - dedi. - Nə deyirsiniz deyin, amma məni heç vaxt satmayan bir dostuma xoş gələn iş görmüşəm.
Gülnar Abbasova
TEREF