ZOMBİLƏR
5-08-2024, 08:04
Payız idi. İncəsənət universitetinin ikinci kursunda birinci dərs günüm idi. Tədris Teatrında rejissorluq dərsi. Dərsin sonunda müəllim dedi,
- Gedin pyes seçin, semestrin axırında tamaşa quracaqsız.
Teatrdan çıxıb, elmlərin boz küçələriylə avtobus dayanacağına yollandım. Yolda hansı pyesi seçəcəyimi düşünürdüm. Aktual olmasını istəyirdim. XX əsrdə Sovet partiyasının sifarişi ilə kolxozlar haqda yazılmış pyeslər heç kimə maraqlı deyildi. Biraz düşünəndən sonra qərara gəldim ki Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” povestini götürüb pyes formasına salım. Bu povestdə Mirzə Fətəli kütlə psixologiyasını çox dəqiq təsvir eləyib.
Kütləyə yaxşılıq eləsən, birinci sağ ol deyəcək, sonra yaxşılığa öyrəşəcək və artıq elə də olmalı imiş kimi qəbul eləyəcək. Bir müddət sonra artıq yaxşılıqlar azlıq eləməyə başlayacaq, daha çoxunu istəyib səni borclu çıxaracaq.
Kütlə qudurğan və nankordur. Ömür boyu yaxşılıq et, sonda bir səhv, o bir səhvə görə kütlə səni məhv eləyəcək. Ömrün boyu etdiyin yaxşılıqları da Bakı küləyi harasa uzaqlara aparacaq. Süni təbəssümlərin altında qəddar ürəklər gizlənib, hər an səni parçalamağa hazırdır.
Bu fikirlərlə avtobus dayanacağına çatdım. Avtobus gəldi. Mindim.
Ayaq üstə qapının yanında durmuşdum. Bütün avtobusda 2 qız var idi, qalan hamı oğlan idi. Hər kəs də oturmuşdu. Avtobus hərəkətə gəldi.
Növbəti dayanacaqda 3 qız mindi, oğlanlar dərhal durub yer verdilər. Qızlardan biri sağ ol dedi, obiri ikisi sanki elədə olmalıymış kimi oturdu. Növbəti dayanacaqda daha 4,5 qız mindi, oğlanlar yenə durub yer verdilər. Bu proses daha 2,3 dəfə təkrar olundu və artıq Azadlıq prospektinə çatanda oturanların hamısı qız idi, yalnız bir oğlandan başqa. İyirmi iki, iyirmi üç yaşlı cavan yaraşıqlı oğlan ortada tək oturub heç kimə yer vermirdi.
Növbəti dayanacaqda 40,45 beş yaşlı bir kişi mindi. Minən kimi getdi o oturan oğlanın başının üstündə dayandı ki oğlan dursun... Amma oğlan durmadı.
Kişi dedi,
- Dur oturaq ə!
Oğlan heç nə demədi...
Kişi oğlanın susmağından biraz da curətləndi,
- Ə, səninlə deyiləm, ə? Cavan uşaqsan oturubsan, mənim kimi ağsaqqal girib, durub yer verməyə mədəniyyətin çatmır. Dur görüm ə, tərbiyyəsiz!
Oğlan heç nə demirdi, başını aşağı salıb oturmuşdu.
Kişi davam elədi,
- Buna bax e sən, sənə tərbiyyə verənin başını yerə soxum mən! Mədəniyyətsiz!
Oğlan hələ də səssiz oturmuşdu.
Ayaq üstə gedən oğlanlar da başladılar oturana təzyiq göstərməyə.
“Qaqaş, dur otursun daa”, “Yaxşı deyil e, qaqaş”, “Ağsaqqal adamdır, dur qardaşım.”
Canlanmanı görən qızlardan biri qalxdı kişiyə dedi,
- Gəlin burada oturun dayı, o durmaq istəmir durmasın.
Kişi dedi,
- Yox, ay qızım, sən niyə durursan? Qoy bu mədəniyyətsiz dursun!
Kişinin bu sözündən sonra oğlana təzyiqlər biraz da artdı.
Oğlana baxdım, gözləri dolmuşdu... Yolun ortasında sürücüyə dedi,
- Zəhmət olmasa saxlayın, düşmək istəyirəm.
Sürücü saxladı…
Oğlan durdu ayağa... Qapıya tərəf yeriyənə qədər bütün avtobus oğlana baxdı... Oğlan şikəst idi. Sümükləri inkişaf eləməmişdi, bədənini güclə saxlayırdı. Oturacaqlardan tuta-tuta getdi qapıya, pulu verdi, düşdü avtobusdan və ağlaya-ağlaya başladı irəliləməyə…
Bir anlıq avtobusa sükut çökdü…
Sükutu sürücü pozdu. Çevrildi kişiyə dedi,
- Düş avtobusdan!
Kişi başladı deyinməyə. Sürücü sərt formada əlavə elədi,
- Gedirəm o oğlanı qaytarmağa, qayıdanda səni avtobusda görməyim!
Kişi düşdü avtobusdan. Sürücü həqiqətən də getdi oğlanın yanına. İki, üç dəqiqə nəsə danışdılar, sonra sürücü tək gəldi. Oğlan avtobusa qayıtmadı.
Sürücü avtobusa oturan kimi əsəbi şəkildə dedi,
- O qaqaş elə düz elədi qayıtmadı! Sizin kimi adamlarla bir avtobusda getməkdənsə, axsaya-axsaya yerimək yaxşıdır!
Avtobus hərəkətə gəldi... Avtobusdakılar da sanki heç nə olmamış kimi öz yollarına davam elədilər.
Məmməd Şiriyev | Bakı
TEREF