Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO

6-08-2024, 10:39           
Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO
Türkiyənin TRT kanalında yayımlanan “Mehmed Fəthlər Sultanı” serialında Azərbaycan tarixi ilə bağlı maraqlı məqamlar yer alıb. Osmanlı İmperiyasının yeddinci sultanı II Mehmedin həyatından, səltənətindən, fəthlərindən bəhs edən serialda hürufi Cavid əfəndi obrazı diqqət çəkir. Təcrübəli aktyor Mehmet Emin Kadıhanın canlandırdığı Cavid əfəndi hürufiliyin nümayəndəsi kimi bu təriqəti Osmanlı İmperiyasında yaymağa, II Mehmedi bu inanca gətirməyə çalışır. Serialın bir bölümündə Cavid əfəndi Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini ifa edir.

Serialda Cavid əfəndinin timsalında hürufilərin Vatikandan təlimat aldığı, türk və islam aləminə xəyanət edərək Roma papasının Osmanlıya qarşı oyunlarına alət olduğu təsvir edilib.

Globalinfo.az bununla bağlı maraqlı məlumatları təqdim edir.

Hürufilik XIV əsrin sonu, XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan ən böyük sufi təriqətidir. “Hüruf” sözü ərəb dilində “hərflər” mənasını verir. Bu təriqətin əsas ideyası Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır.

Hürufiliyin Osmanlıya gəlməsi isə İmadəddin Nəsimi ilə bağlıdır. Anadoluda olduqca çox yer dolaşan və uzun müddət qalan İmadəddin Nəsimi böyük kütlələri hürufiliyə cəlb etməyi bacarıb.

Osmanlı sultanları Çelebi Sultan Mehmed ve oğlu II Murad zamanında Anadoluda və Balkan yarımadasında yayılmağa başlayan hürufilik Fateh Sultan Mehmedin səltənətində pik həddə çatır. Hətta gənc sultan özü də bu inancla maraqlanır. Ən təhlükəli tendensiya isə hürufiliyin yeniçərilər arasında yayılması ilə bağlı olur. Hətta hürufilik Osmanlıda 5-ci rəsmi məzhəb statusu almağa belə çox yaxın olur.

Bəs doğrudanmı hürufilər Vatikanla gizli əməkdaşlıq ediblər? Böyük şairimiz İ.Nəsiminin hürufiliyin ən görkəmli şəxsiyyətlərindən biri olması Vatikanla əməkdaşlıq iddiasını araşdırmağa əsas yaradır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, Türkiyədə son illərdə ardıcıl çəkilən seriallarda kifayət qədər tarixi təhriflərə yol verilir.

Onun sözlərinə görə, bu təhriflərin kökündə tarixlərindəki neqativ halların gizlədilməsi dayanır:

“Məsəl üçün “Möhtəşəm əsr” serialında Sultan Süleymanın xanımı Hürrəm sultanla birinci vəzir Parqalı İbrahimin tez-tez görüşməsi göstərilir. Realda isə İbrahim ilə Hürrəm sultan heç bir zaman üz-üzə gəlməyiblər. Hürufilər və Vatikan məsələsinə gəldikdə isə Osmanlı dövləti qurulana qədər artıq Azərbaycan torpaqlarında neçə-neçə dövlət olmuşdu. Hürufilər də Bakı, Şamaxı, Naxçıvanda böyük gücə malik idilər. Qaynaqlarda yazılır ki, hürufilərin məhşur bir deyimi var: “Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü”.

Məsələn, Osmanlıların məhşur yeniçəri ordusu Sultanı “Ya Hü” sədaları altında qarşılasa da, artıq hürufilərdə “Ya Hu, Ya mən Hu, La ilahə illa Hu” sözü çox məhşur idi. Yeniçərilər bektaşilərin təsiri altında idilər. Hürufilər təqib olunan zaman Hacı Vəli Bektaşi təkkəsinə sığınmışdılar. Hürufi inancları bektaşiler arasında “sır” adı altında yayılmışdı. Fateh Sultan Mehmed zamanında da hürufilər güclü təzyiq və təqibə məruz qalarkən öz fəaliyyətlərini bektaşi kimi davam etdirmişdilər”.

Tarixçi deyib ki, Fateh Mehmet Sultan hürufiliyin qurucusu sayılan Fəzlullah Nəimini çox oxuyurdu:

“Bu gün də sosial mediada və arxivlərdə onun özünün müəllifi olan Fəzlin rəsmlərin görmək olur. Fəzlin fikirlərinin aşiqi olan II Mehmed onlarla dostluq edirdi.

Bir haşiyəyə çıxım, Ukrayna yazıçısı Pavel Zaqrebelnının “Roksolana” əsərində bu barədə yazılır:

“Sarayın təzkiriyyəçisi Lətifi ağaya bütün Osmanlı dövrünün ədəbiyyat nümunələrini toplamağa tapşıranda ona köhnə cildli bir kitab təqdim edirlər. Bu, Nəsimin qəzəlləri idi. Bəyazid zamanı Əhməd Harəvi tərəfindən üzü köçürülən bu qəzəllər Hürrəm Sultanın diqqətini cəlb edir və onu oxuduqdan sonra Nəsimi barədə maraqlanmağa başlayır. Ona Nəsiminin Əmir Teymur zamanında təqibə məruz qalmasını və sonda dərisinin soyularaq qətl edildiyini deyirlər. Bundan sonra Nəsiminin divanını daima üzərində gəzdirən Hürrəm sultan heretik cərəyanın üzvü idi. O dini islahatlar tərəfində idi. Hürrəm Nəsiminin divanını Sultan Süleymana da oxumağa təqdim edir. Türk tədqiqatçısı Günay Kut yazır ki, Nəsimin şeirlərindən təsirlənən Sultan onun ən çox “Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım” şeirini sevirdi”.

Z.Əliyevin dediklərinə görə, o dövr üçün Osmanlıların güclənməsini görən Vatikan da onun bütün zəif nöqtələrini öyrənmək üçün araşdırmalar edirdilər və Fəzlə olan sevgisi barədə də məlumatlı idilər:

“Ona görə də Osmanlılarda böyük nüfuz qazanan, hürufilərlə maraqlanan Papa çalışırdı ki, onları öz xidmətinə cəlb etsin. Əlbəttə, əlimizdə tam dəqiq və səhih mənbə yoxdur ki, Vatikan-Hürufilər arasında hansısa əməkdaşlıq olub, lakin Papanın əlində Fəzlin rəsmi, hürufilərin əsərləri, fikirləri və haqlarında məlumatların olması dəqiqdir. Fəzlullah Nəiminin “Cavidannamə”, “Ərşnamə”, “Məhəbbətnamə”, “Vəsiyyətnamə” və digər əsərlərinin orijinallarının bu gün Vatikanın gizli arxivlərində saxlanması dediyimizin sübutudur. II Mehmedin hürufilərə qarşı münasibətinin pozulmasının səbəbi Vatikanın təsiri ilə Anadoluda Fəzlullah Nəiminin peyğəmbər kimi təqdim olunması idi. İslamın Osmanlı dövlətinin ayaqda saxlayan güc olmasını nəzərə alsaq, Fateh və onun ətrafında olanlar bunu qəbul edə bilməzdilər. Buna görə də, “dövləti təhlükəyə atmaq” ittihamı ilə kütləvi şəkildə onlara qarşı mübarizə başlanmışdı. Bir faktı da qeyd edim ki, təkcə sarayda bu ideyaya bağlı olan neçə-neçə insan diri-diri yandırılıb”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.