“Babamı güllələdikdən sonra kostyum və saatını bizə verdilər” – Ziyadxanovların İsveçdə yaşayan varisi (EKSKLÜZİV)
7-08-2024, 10:34
HafizTimes.com-un bu dəfəki müsahibi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Cümhuriyyət Ordusunun podpolkovniki, Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri olan İsmayıl xan Ziyadxanovun doğma nəvəsi Aydın Ziyadlıdır. Uzun illərdir ki, İsveçdə, Stokholm şəhərində yaşayan Aydın Ziyadlı musiqişünas alim, piyanoçudur. O həmçinin Dünya Azərbaycanlıları Konqresinin fəal üzvüdür. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Aydın Ziyadlı ailəsi ilə bağlı uzun illər gizli qalmış məqamları da açıqlayıb. Qeyd edək ki, Aydın Ziyadlı Gəncə xanı Cavad xanın da kötükçəsidir.
(İsmayıl xan Ziyadxanov)
– Necə oldu ki, İsveçə köçmək qərarını verdiniz?
– Bu, çox çətin sualdır. Vətəni tərk etmək ağır məsələdir. Mən Azərbaycan Dövlət Konservatoriyasında 30 ilə yaxın dərs demişəm, çoxlu tələbələr yetişdirmişəm. İsveçə köçməyimiz isə yəqin ki, iqtisadi məsələlərlə bağlıdır.
– Oradakı həyat şəraitindən razısınızmı? Sizi necə qane edir?
– Sözsüz ki, qane edir. Oradakı həyat şəraiti elə qurulub ki, adam adam kimi, problemsiz yaşaya bilir. İsveçdə həyat çox sakitdir. Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbini həm piyano, həm də nəzəriyyəçi kimi bitirdim. Bakıda konsertlərlə bağlı müəyyən məhdudiyyətlər ola bilir. Amma İsveçdə xeyli konsert verirəm, bütün Balikyanı ölkələri də gəzirəm. Orada maaş da elə hesablanıb ödənilir ki, bir ay müddətində insanın bütün ehtiyaclarını ödəyir.
– Cavad xanın və İsmayıl xan Ziyadxanovun ailəsini təmsil etmək sizə nələr qazandırıb? Ailənizlə bağlı məlumat verərdiniz.
– Bizim rütbəmiz “xan”dır, “bəy” deyil. Mən də İsmayıl xan Ziyadxanovun oğlu Əbülfət xanın oğluyam. İsmayıl xan mənim doğma babamdır. Adil xan Ziyadxanov, Şahverdi xan Ziyadxanov da babamın qardaşlarıdır.
Bu, mənə hörmətdən başqa heç nə qazandırmayıb. Bütün ömrüm boyu onları təmsil etmişəm. Babam İsmayıl xan Ziyadxanovla bağlı kitab da yazmışam. Mən həmçinin Gəncə xanı Cavad xanın ailəsini təmsil edirəm, onun kötükçəsiyəm. Bu, mənim üçün böyük fəxrdir.
– İsmayıl xan Ziyadxanovla bağlı siz nələr bilirsiniz? Ailəniz sizə onunla bağlı nələr danışıb?
– Babam İsmayıl xan Ziyadxanov Rusiya imperiyası Dumanın buraxılmasına etiraz edən deputatların “Vıborq bəyənnaməsini” imzaladığına görə, üç aylıq həbs cəzasına məhkum olunub və Dumaya seçilmək hüququndan məhrum edilib. Qeyd edim ki, həmin müraciəti imzalayanların arasında Əlimərdan bəy Topçubaşov da olub. 1907-ci ildə Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi altında Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması barədə qərar qəbul edilib. İsmayıl xan Rusiya fevral burjua inqilabından sonra (1917-ci ildə) Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və Gəncə şəhər polisinin rəisi təyin edilib. Onun rəhbərlik etdiyi polis dəstələri şəhərdə asayişi qoruyublar. Babam camaatı müdafiə edib. Onun çoxlu silahları da olub. Həmin silahların mənbəyi də açıqlayacam. Dünya müharibəsi başa çatdıqdan sonra rus əsgərləri öz ölkərinə qayıdırmışlar. Həmin vaxt onların üzərində xeyli silah-surtsat da olub. Babamgil həmin əsgərləri Gəncə, Tərtərdə saxlayıb, tərk-silah edib, öz ölkələrinə yola salırlarmış. Nəticədə, babamgilə xeyli silah-sursat qalıb.
Qeyd edim ki, İsmayıl xanın rəhbərlik həmin polis dəstələri Şamaxı camaatını da müdafiə edib. Bu barədə bizə atam danışardı. 1918-ci ilin qanlı mart hadisələri zamanı İsmayıl xanın polis dəstələri Şamaxının müdafiəsinə də qoşulublar. Tezliklə Şamaxını rus-erməni quldurlarından azad ediblər. Həmin vaxtlarda erməni Stepan Şaumyan babam İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam elan edib.
(Atam Əbülfət xan və mən)
1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti quruldu. İsmayıl xan Ziyadxanov da Cümhuriyyətin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil oldu, daha sonra isə Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. İsmayıl xan 1919-cu ilin əvvəllərində İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına da rəhbərlik edib. Bu danışıqların nəticəsində, Azərbaycan və İran arasında bir müqavilə imzalanıb, Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bəzi məntəqələrində konsulluqların açılmasına qərar verilib.
– İsmayıl xan Ziyadxanovu XI Qırmızı Ordu tərəfindən Azərbaycan işğal edildikdən sonra Nargin adasında güllələyiblər? Ailəniz onun ölümü ilə bağlı sizə nəyi açıqlayıb?
– Babamın necə öldürülməsi hələ də naməlumdur. İllər öncə arxivlərə gedib araşdırma apardım. Dövlət Təhlükəsizlik Komitəsinin arxivində də oldum. Oranın o vaxtkı rəisi ilə qohum çıxdıq. Mənə şərait yaratdı ki, gedib arxivdə tam araşdırma aparım. Çox təəssüflər olsun ki, həmin arxivdə babam İsmayıl xan Ziyadxanovla bağlı bir cümlə də olsa məlumat tapa bilmədim. Hamısını itiriblər. Elə bil ki, bu insan heç olmayıb. O vaxtlar ədliyyə generalı Akif Rəfiyevin özü əli ilə Nargini adasını göstərib deyirdi ki, İsmayıl xan Ziyadxanov məhz orada güllələnib.
(İsmayıl xan Ziyadxanov)
Mən sizə bir vacib məqamı da açıqlamaq istəyirəm. Atam deyirdi ki, Gəncə üsyanı zamanı İsmayıl xan Ziyadxanov da Gəncədə olub. XI Qırmızı Ordu Bakıya rahat şəkildə gəlib, şəkilləri də var. Bakıdakı ermənilər XI Qırmızı Ordunu xoş qarşılayıblar. Amma gəncəlilər bunun tam əksini ediblər. Gəncədə üsyan qaldırıblar. Orada əsl döyüşlər gedib. Silah-sursat, top, tüfəngdən də istifadə olunub. Bu üsyan zamanı 12 min nəfərə yaxın insan həlak olub.
İsmayıl xanın qardaşı Şahverdi xan Ziyadxanov Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti idi. Gəncə üsyanı ilə bağlı bir mühüm məqamı da qeyd etmək istəyirəm. Şahverdi xan Ziyadxanov öz hərbi birliyi ilə birlikdə Peterburqdan Bakıya qayıdıb. Görüb ki, Bakıda hər yerdə bolşeviklərdir. Həmin vaxt deyib ki, “bura mənim yerim deyil. Mənim yerim Gəncədir”. Silah-sursatlı, hərbi texnikalı olan öz heyətini də başına yığıb Gəncəyə gedib. Bunu mənə atam danışıb. Bütün silah-sursatını, hərbi texnikasını da Gəncədə qardaşı İsmayıl xan Ziyadxanova təhvil verib. Gəncə üsyanında da Şahverdi xan Ziyadxanovun verdiyi həmin silahlar, top-tüfənglə döyüşüblər.
İsmayıl xan Ziyadxanova da xəbər veriblər ki, səni axtarırlar. Yaxın adamları İsmayıl xanı Gəncədən çıxarıb Bakıya aparıblar. Bakıda da vəziyyət gərgin imiş. Qeyd edim ki, İsmayıl xan Ziyadxanovun doğma bacısı Qəmər xanım Bakı Şəhər Dumasının sədri Kamil bəy Səfərəliyevin həyat yoldaşı idi. Atam deyir ki, Kamil Səfərəliyev İsmayıl xanı xoş qarşılayıb, evində qonaq edib. Deyib ki, “səni burada tez tapacaqlar”. Kamil bəyin tapşırığı ilə İsmayıl xanı Pirşağıya aparıblar. Orada ona gizli bir ev də veriblər. Deyiblər ki, “İsmayıl xan, sən bu evdə yaşa, amma buradan bayıra çıxma, birdən sənin yerini satarlar”. Ona yemək, ərzaq da veriblər. Təəssüflər olsun ki, babamı yerini satıblar. Onu tutub Bayıl həbsxanasına aparıblar. Bunu atam bizə danışıb. Hətta atam da bir dəfə Bayıla gedib, İsmayıl xanla görüşüb. İsmayıl xan oğlunu sığallayıb, əzizləyib deyib ki, “darıxmayın, hər şey yaxşı olar”. Amma heç bir şey yaxşı olmadı…
Atamgil dəmiryolu stansiyasının arxa tərəfində yaşayırmışlar. Bir gün qapı döyülüb. Açanda görüblər ki, iki nəfər qapının önündə dayanıb, əllərində isə bir dəst kostyum və bir saat olub. Onları da atamgilə veriblər. Deyiblər ki, “bunlar sizə çatmalıdır, götürün”.
İsmayıl xanın həyat yoldaşı, yəni ki, mənim nənəm Xurşidbanu Natəvanın doğma nəvəsi idi. O, səs-küy salıb deyib ki, “bəs İsmayıl xan haradadır?!” Onlar da deyiblər ki, “bizə tapşırıq veriblər ki, bu əşyaları aparıb ailəyə təhvil verin”. Daha sonra biz komitəyə dəfələrlə müraciət edib İsmayıl xan Ziyadxanovla bağlı məlumat öyrənməyə çalışdıq. Amma heç bir məlumat verilmədi. O vaxt onların hamısını aparıb sıra ilə güllələyiblər.
– İsmayıl xan Ziyadxanovla bağlı sizi narahat edən başqa məqam nədir?
– Çox təəssüflər olsun ki, babamın adına hansısa binanın üzərində bir lövhə də yoxdur. Fətəli xan Xoyskinin yaşadığı binanın üzərində isə belə bir lövhə var. Amma babam İsmayıl xan Ziyadxanovdan heç nə yadigar qalmayıb. Xalq Cümhuriyyəti zamanı dövlət ona ev də verib. Həmin evi axtarıb tapmaq lazımdır. Ora yazmaq lazımdır ki, “Burada İsmayıl xan Ziyadxanov yaşayıb”. İllər öncə, mən bununla bağlı dövlət orqanlarına da məktub yazdım. Heç bir nəticəsi olmadı.
– Babanızla bağlı məlumatlar nə vaxt, niyə arxivdən yoxa çıxıb?
– Əvvəl adamı yox edirdilər. Daha sonra onunla bağlı bütün sənədləri də itirirdilər. Elə bil ki, bu adam heç yaşamayıb. Babamgil varlı mülkədar, milyonçu olublar. Bu fakt ensklopediyada da qeyd olunub. Atam da Gəncəyə gedən zaman bu barədə bizə danışardı. İsmayıl xan Moskvada təhsil alıb, hüquqşünas olub. Rusiya İmperiyası Dumasına da deputat seçilib. Gəncədə İcra Hakimiyyətinin binası ilə üzbəüz onların sarayları da olub. Həmin sarayımız da sökülüb. Yerində isə müxtəlif idarələr tikilib.
– İsmayıl xan Ziyadxanovun bacısı, sizin bibiniz Məleykə xanım Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski ilə ailə qurmuşdu? Bu barədə nələr bilirsiniz?
– Bəli, onlar ailə həyatı qurmuşdular. Atam deyirdi ki, onlar Moskvada Qorki küçəsində yaşayıblar. Bibim onun soyadını daşıyırdı. Daha sonra onlar boşanıblar. Bundan sonra da bibim soyadını dəyişmədi. Onların övladı olmayıb. Yəqin ki, xasiyyətləri uyğun gəlməyib. Ondan sonra bibim heç vaxt ailə qurmadı, övladı da yoxdur. O, xeyli ömür sürdü, amma Fətəlibəyli-Düdənginski ilə bağlı heç vaxt danışmadı.
– Sizi ən çox qürurlandıran hansı şəxsiyyətin varisi olmaqdır?
– Əlbəttə ki, Cavad xan tarixi şəxsiyyətdir. Amma İsmayıl xan mənim qəlbimdədir. Şaumyanın dediklərindən sonra İsmayıl xan Ziyadxanov “xalq düşməni” kimi təqdim olunurdu. Hətta evimizdə də İsmayıl xanın adı çəkilmirdi, qadağan idi. Babamın xatirəsini yaşatmağı mən özümə borc bilirəm. Çox istəyirəm ki, onun xatirəsi də əbədiləşdirilsin. Türkiyədəkilər deyirdilər ki, Adil xan Ziyadxanov qardaşı İsmayıl xana yalvarırmış ki, Türkiyəyə gəlsin. Adil xanın Türkiyədəki nəvəsi Leyla xanımla da görüşdüm, bu barədə xeyli söhbətimiz olmuşdu. Türkiyədə yaşayan Adil xan qardaşı İsmayıl xan üçün çox darıxırmış. Amma İsmayıl xan heç vaxt öz vətənini tərk etməyib. Vətənpərvər bir şəxsiyyət olub. O da bir şəhiddir. Özü də bilə-bilə şəhid oldu.
“İsmayıl xan Ziyadxanovun həyat yoldaşı Sənubər xanım Xurşidbanu Natəvanın doğma nəvəsidir”
– Nənəm də ziyalı bir insan idi. Şeir yazırdı, kitab oxuyurdu. Həmişə deyirdi ki, “İsmayıl xanı gəlib apardılar”. İsmayıl xanın portreti də ömürboyu onun otağında qaldı. Bir məqamı da qeyd etmək istəyirəm. O vaxt nənəmə deyiblər ki, “İsmayıl xandan sonra sizi də həbs edəcəklər. Ona görə uşaqları da götürüb qaçın”. Atam, bibim, nənəm Lənkəranın bir kəndinə qaçıblar. Orada da vəziyyət gərgin imiş. “Xan” soyadını danışmaq çox təhlükəli idi. Həmin vaxt nənəm deyib ki, “xan”ı müvəqqəti götürək, soyadımız “Ziyadlı” olsun. Amma indi mənim övladlarım, oğlum da “Ziyadxanov” soyadını daşıyırlar. Hətta mən babamın adını öz oğluma da qoydum: İsmayıl Ziyadxanov. Bizdən hər şeyi alıblar, bir dənə “xan” rütbəsini ala bilməyiblər.
– Şanlı Azərbaycan Ordusunun Qarabağı, Şuşanı düşmən işğalından azad etdikləri günləri necə xatırlayırsınız?
– Bizim ailə Şuşa ilə 3 tərəfli bağlıdır. Həm Xurşidbanu Natəvan, həm Abbas Mirzənin oğlu Bəhmən Mirzə, həm də ana babam tərəfindən Şuşaya bağlıyıq. Ulu babam Bəhmən Mirzənin Şuşada sarayı da olub, ermənilər yandırıblar. Mən Şuşada olmuşam. Orada olan zaman böyük qürur hissi yaşadım. Azərbaycan Ordusu ilə fəxr edirəm.
Hafiz Əhmədov
HafizTimes.com